İkinci əl avtomobil almaq yeni avtomobil almaqdan daha çox diqqət tələb edir. Xarici görünüşü yaxşı olan maşında ciddi problemlər ola bilər.

Metbuat.az xəbər verir ki, bu amili nəzərə alan mütəxəssislər işlənmiş avtomobil almadan əvvəl bir neçə vacib detalı yoxlamaq lazım gəldiyini bildirirlər.

Mühərrikin vəziyyəti

İlk növbədə mühərrikə diqqət yetirmək lazımdır. Mühərrik işləyərkən qeyri-adi səs gəlirsə, bu, problemə işarə ola bilər. Avtomobilin egzozundan çıxan tüstünün rənginə də baxmaq vacibdir. Həddindən artıq tüstü mühərrikdə nasazlıq olduğunu göstərir. Yağ sızmasının olub-olmaması da yoxlanmalıdır.

Kuzov və qəza izləri

Avtomobilin kuzovu onun keçmişi barədə çox şey deyir. Müxtəlif hissələr arasında rəng fərqi varsa, həmin detalın sonradan rənglənməsi mümkündür. Qapıların, kapotun və baqajın aralıqlarının eyni olub-olmamasına da baxmaq lazımdır. Ciddi qəza keçirmiş avtomobil sonradan əlavə xərcin çəkilməsinə səbəbə olur.

Yürüş göstəricisi

Avtomobilin kilometrajına kor-koranə inanmaq olmaz. Bəzi hallarda yürüş göstəricisi dəyişdirilir. Sükanın, sürət qutusunun və oturacaqların aşınması avtomobilin real istifadə müddəti barədə fikir formalaşdırır. Mümkündürsə, avtomobilin texniki tarixçəsi də araşdırılmalıdır.

Sürətlər qutusu

Avtomobili sınaqdan keçirmək vacibdir. Sürət dəyişərkən güclü zərbə, gecikmə və ya qəribə səs hiss olunursa, sürətlər qutusunda problem olduğunu düşünə bilərik. Belə nasazlığın təmiri isə kifayət qədər baha başa gəlir.

VIN kodu və sənədlər

Avtomobilin VIN kodu sənədlərdəki məlumatlarla uyğun olmalıdır. Bu kod vasitəsilə maşının əvvəlki qeydiyyatı, qəza tarixçəsi və digər məlumatları barədə araşdırma aparmaq mümkündür. Sənədlərdə uyğunsuzluq varsa, avtomobili almağa tələsmək lazım deyil.

Mütəxəssislər ikinci əl avtomobil alarkən yalnız görünüşə və qiymətə diqqət etməməyi tövsiyə edirlər. Avtomobili almadan əvvəl onu ustaya göstərmək sonradan yarana biləcək böyük xərclərin qarşısını almağa kömək edir.