Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Milli Məclisin deputatı Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib.

Metbuat.az xəbər verir ki, Asif Yunis oğlu Əsgərov 1966-cı il noyabrın 23-də Naxçıvan şəhərində anadan olub. Bu gün onun 60 yaşı tamam olur.

Asif Əsgərov 1989-cu ildə S. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Dövlət İdarəçilik Akademiyasını bitirib. İxtisası müəllim-məşqçi və dövlət və bələdiyyə idarəetməsidir.

O, 2000–2006-cı illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm nazirinin müavini vəzifəsində çalışıb.

Asif Əsgərov 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 2009–2015-ci illərdə Səbail Rayon İcra Hakimiyyətinə rəhbərlik edib.

2015-ci ildə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Asif Əsgərov bu vəzifədə 2024-cü ilədək çalışıb.

O, 2024-cü il sentyabrın 23-də keçirilən parlament seçkilərində VII çağırış Milli Məclisin deputatı seçilib. Asif Əsgərov 112 saylı Zaqatala seçki dairəsini təmsil edir.

Asif Əsgərov pedaqoji elmlər namizədidir. 2008-ci ildə elmi dərəcə alıb, 2013-cü ildə dosent, 2015-ci ildə professor elmi adına layiq görülüb.

Ailəlidir, iki övladı var.