“Ehtiyacı olan insanlar” Təşkilatı

“Ehtiyacı olan insanlar” Təşkilatı
People in Need
https://www.peopleinneed.net/

Təşkilatın missiyası, fəaliyyət istiqamətləri

“People in Need” Təşkilatının (NİD) yaradılması ideya olaraq 1992-ci ildə meydana çıxıb. İdeya müəllifləri Çexiyada “məxməri inqilab” fəalı Szymon Panek və Postsovet məkanındakı münaqişə zonalarında müxbir kimi fəaliyyət göstərmiş Jaromir Stetina olublar. İlk dövrlərdə Çexiya dövlət televiziyasının nəzdində “Ehtiyacı olan insanlar Proqramı” (Nadace Člověk v tísni při České televizi) kimi fəaliyyət göstərib. 1999-cu ildə iki Çexiya QHT-si- “Nadace Lidových novin” və “Lidové noviny Fond”unun bu proqram nəzdində birləşməsi ilə “People in Need”in indiki forması yaranıb.

Çexiyada qeyri-kommersiya təşkilatı, QHT kimi qeydiyata düşüb, mərkəzi ofisini paytaxt Praqa şəhərində qurub. Direktoru Şimon Panekdir. PIN hazırda təkcə Çexiyanın deyil, ümumilkdə Mərkəzi və Şərqi Avropanın ən böyük QHT-lərindən biridir.

PİN 2002-ci ildə Çexiyadakı daşqınlar zamanı yardım kampaniyaları təşkil edib, insanlaın köməyinə çataraq məşhurlaşıb. 2004-cü ildə isə beynəlxalq arenaya çıxıb. Hind okeanında baş verən zəlzələ/sunami, 2010-cu ildə Haitidə dağıntılara səbəb olan yeraltı təkanlar zamanı böyük humanitar kampaniyalar həyata keçirib, insanlara dəstəyini göstərib. Bununla da özünü humanitar, sosial yardım təminatçısı və həm də insan hüquqlarının müdafiəçisi kimi təsdiqləyib.

Strukturu və əməkdaşlıq meyarları

PiN dünyanın 50-dən çox ölkəsində humanitar aksiyalar həyata keçirib. Hal-hazırda 20-yə yaxın ölkədə fəaliyyət göstərir. Böhran bölgələrinə beynəlxalq səviyyəli humanitar yardımlar çatdırır. Problemli bölgələr üçün uzunmüddətli inkişaf layihələri, təhsil və insan hüquqları proqramları hazırlayıb, həyata keçirir.

PİN-I digər beynəlxalq statuslu təşkilatlardan fərqləndirən əsas spesifik xüsusiyyəti də budur. O, bir tərəfdən dünya ölkələrində adi qaydada insan haqlarının monitorinqini keçirir. Söz, ifadə, vicdan azadlığı üzə pozuntuları qeydə alır. Etiraz olaraq bəyanatlar verir, kampaniyalar keçirir. Digər tərəfdən isə problemlərlə üzləşən, ehtiyac içində olan icmalara və bölgələrə praktiki maddi yardımlar təşkil edir.

PIN Afrika və Asiya dövlətlərində əsas insan ehtiyaclarını, xüsusən, təhsili təmin edən inkişaf layihələrini həyata keçirib. Belarus, Kuba, Moldova və ya Ukrayna kimi ölkələrdə isə demokratik və liberal hüquqları müdafiə edən müxalifət qüvvələrini dəstəkləyib. Çexiyada qapalı icma sayılan yerli qaraçıların-roman xalqı təmsilçilərinin ümumi cəmiyyətə inteqrasiyası yönündə proqramlar icra edib.

2007-ci ildə PIN Əfqanıstanda suvarma və təhsil layihələrini icra edib. 2004-cü ildə Şri-Lankada, 2005-ci ildə Pakistanın Kəşmir bölümündə yaşanmış zəlzələ dağıntılarından sonra bu ərazilərdə yenidənqurma layihələrini reallaşdırıb. Anqola və Efiopiyada, Namibiyada məktəb tikintiləri layihələrini həyata keçirib.

PİN şəxslərə yönəlik aksiyalar da rellaşdırır. 2008-ci ildəKonqoda zorlama və cinsi zorakılıq qurbanlarına dəstək adı altında iki missiya həyata keçirib. Beynəlxalq insan haqları müdafiəçisi təşkilatı kimi çıxış edib.

PİN fəaliyyət göstərdiyi ölkələrdə özünün ofislərini qurur. Hazırda təşkilatın Humanitar Yardım və İnkişaf Departamentinin fəaliyyət göstərdiyi 22 ölkədən 15-ə qədər daimi nümayəndəlikləri mövcuddur. Layihələr üzrə illik dövriyyəsi bir neçə milyon avro məbləğində dəyərləndirilir. Ölkələrdə, bölgələrdə yardım göstərdiyi imkansız insanların sayı yüz min nəfərlərlə ölçülür.

PIN Avropanın humanitar yardım və inkişaf layihələri üzrə ixtisaslaşmış yeddi qeyri-hökumət təşkilatının şəbəkəsi olan “Alliance-2015”in üzvüdür. Alyans olaraq əməkdaşlıq edib güclərini birləşdirdikləri üçün PiN və həmkarlarının Avropada siyasətçilərə, həmçinin, ictimai rəyə təsir göstərmək imkanları yaranıb. Onlar ictimai rəyə və siyasi qərarlara təsir göstərmək üçün kampaniyalar keçirirlər.

Fəaliyyətində siyasi və iqtisadi tendensiyalılıq

Maliyyə donorları qismində “Çex İnkişaf Əməkdaşlıq Fondu” (ForRS), Avropa İttifaqının Monitorinq Mərkəzi (EUMC), Eurostep, CONCORD və VOICE çıxış edirlər. Çexiya hökuməti və Avropa Komissiyasının Humanitar Yardım Departamenti də PİN layihələrinin sponsorları sırasındadırlar.

Politoloq Yeganə Hacıyeva deyir ki, adətən insan haqqları təşkilatları maliyyənin cəlbi üçün konkret bir strategiya ilə işləyirlər. PiN-in isə belə bir strategiyası yoxdur. Təşkilat maliyyənin istənilən ünvandan gəlməsini məqbul sayır. PiN maliyyə qaynağı qismində institutsional donarlarla yanaşı şəbəkə-platformalarına, fərdi donorlara, fond və biznes şirkətlərinə müraciət edir. Belə pərəkanda maliyyə siyasəti PiN-i maliyyə verilən istənilən mövzu üzərində sifarişli aktivlər həyata keçirən bir təşkilata çevirir.

Sifarişli layihələr bəzən PiN-i humanitar aksiyalar icra edən, yaxud, insan haqlarının müdafiəçisi olan təşkilat çərçivəsindən kənara çıxarır. PiN-in donorlari olan BMT, Avropa Birliyi, Avropa Kommisiyası, USAİD, Böyük Britaniya, Kanada xarici siyasət offisləri ilə yanaşı, dünyanı bölüşmək uğrunda mübarizə aparan ölkələrdə siyasi mərkəzlərə bağlı olan institutlar da bu sırada yer tutur. NDİ, NED, “Açıq cəmiyyət institutu-Yardım Fondu” ( Soros Fondu ) və digərləri PİN-in maliyyəçiləri və sifarişçiləri arasında yer tuturlar. Belə siyasət PiN-i dünyadakı məşhur siyasi və biznes dairələrinin təsir dairəsinə salır, insan haqqları mövzusu üzərində manipulyasiyalar etməsinə yol açır.

I Qarabağ müharibəsi zamanı Çexiya dövlət televiziyasının hərbi müxbiri kimi Xankəndinə gəlmiş Jaromir Stetinanın az sonra hərbi qruplaşmaların üzvü olan ermənilər üçün “humanitar yardım” kampaniyaları keçirdiyi üzə çıxıb. Müharibənin ilk günlərindən Qarabağda peyda olan Jaromir Stetina Ermənistan və İran ərazisindən keçməklə humanitar yardım adı altında Avropadan Qarabağa şübhəli yüklərin daşınmasında təşkilatçı kimi iştirak edib. PİN həmin illərdə Xankəndində humanitar aksiya adı altında terorçular üçün tibbi yardım xidməti göstərən təşkilat kimi tarixə düşüb. Humanitar fəaliyyətin əsas prinsiplərinin pozulması ilə fəaliyyət göstərən bu təşkilat qondarma hərbi rejimin ələ keçirdiyi Azərbaycanlı əsirlərə tibbi xidmət göstərilməsindən imtina etmişdi. Təşkilatın həmtəsisçisi olan Jaromir Stetina qondarma "Arsax" rejiminə göstəriyi xidmətə görə 2019-cu ildə Xankəndində "Arsaxın dostu" adlı mükafat alıb.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı