Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi - İFEX

Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi
International Freedom of Expression eXchange
www.ifex.org

Təşkilatın missiyası, fəaliyyət istiqamətləri

Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX) 1992-ci ildə Kanadanın Montreal şəhərində yaradılıb. Təsis toplantısında müxtəlif ölkələri təmsil edən və ifadə azadlığının qorunması sahəsində ixtisaslaşmış 12 qeyri-hökumət təşkilatı iştirak edib. İndi isə dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən 100-dən çox təşkilat IFEX şəbəkəsində birləşir. Bu şəbəkə vasitəsilə informasiya mübadiləsi edirlər. Onlar hamısı əsas insan hüququ kimi ifadə azadlığını müdafiə etmək və təşviq etmək üçün ortaq öhdəliklərlə bağlıdırlar.

İfadə azadlığını insan hüquqlarının əsas atributu kimi dəyərləndirib müdafiə edən İFEX ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, məşhurlaşıb. İnkişaf etdikcə, missiya və funksiyasını da yeniləyib. Ayrı-ayrı təşkilatların informasiyalarını yayan şəbəkə statusu ilə yanaşı, həm də yeni ideyaların müəllifi kimi çıxış edib. IFEX lobbiçiliyi nəticəsində BMT Baş Assambleyası 2013-cü ildə 2 noyabr tarixini Beynəlxalq “Jurnalistlərə Qarşı Cinayətlərə və Cəzasızlığa Son” Günü kimi tanıyıb. IFEX indi ifadə azadlığına qarşı cinayətlərdə təqsirli olan şəxslərin cazalandırılması üçün fəaliyyət göstərən “Cəzasızlığa Qarşı Gün” kampaniyasını əlaqələndirir. “Cəzasızlığa Qarşı Gün” kampaniyasının şüarında qeyd edilir ki, “Hər gün dünyanın müxtəlif guşələrində sadə vətəndaşlar, jurnalistlər, sənətçilər, fəallar fikirlərini ifadə etdikləri üçün təqiblərə, işgəncələrə məruz qalır, öldürülürlər. Bu halların əksəriyyətində heç kim cəzalandırılmır. Biz belə durumu dəyişdirmək üçün çalışırıq”.

İFEX-in formalaşmasında dəstəkçi qismində “Ford Fondu” və UNESCO aktiv iştirak ediblər. İndi Şəbəkənin fəaliyyəti çox geniş olduğundan onu bir neçə fond maliyyələşdirir. “Ford Fondu” ilə yanaşı Nyu-Yorkdakı Joyce Mertz-Gilmore Fondu və başqa fondlar İFEX-in maliyyəçiləri sırasında yer tuturlar.

Strukturu və əməkdaşlıq meyarları

Adından göründüyü kimi, İFEX şəbəkə statuslu qurumdur. İfadə azadlığını qoruyan təşkilatların informasiya mübadiləsi platforması kimi çıxış edir. Şəbəkənin əsas işi söz və ifadə azadlığı sahəsində ixtisaslaşmış təşkilatların informasiya yayımı işini koordinasiya etməkdən, bir-birinin işini təkrarlamamasına yardım göstərməkdən ibarətdir.

Şəbəkənin qurulması üçün keçirilən ilk görüşüKanada Jurnalistləri Müdafiə Komitəsi (indiki İfadə Azadlığı üçün Kanada Jurnalistləri) Montreal şəhərində təşkil edib. Hazırda Şəbəkənin mərkəzi ofisi Kanadanın paytaxtı Toronto şəhərində yerləşir.

IFEX-in hökumətlərarası məkanlarda işləmək statusu qazanmaq üçün Amerika Dövlətləri Təşkilatında (OAS) qeydiyyatdan keçib. Avropa Şurasının Media və İnformasiya Cəmiyyəti üzrə Rəhbər Komitəsində (CDMSI) müşahidəçi statusu əldə edib. Bu məkanlara çıxışın olması o deməkdir ki, IFEX üzvlərinin işi mühüm siyasət formalaşdıran orqanlara çata və onlara təsir edə bilər.

İFEX hazırda dünyanın 94 ölkəsində 100-dən artıq təşkilatı əhatə edir. Şəbəkənin idarəçiliyini 13 nəfərdən ibarət İdarə Heyəti (üzv təşkilatlar arasından seçilir) həyata keçirir. Gündəlik işin həyata keçirilməsinə İcraçı Direktor və onun aparatı cavabdehdir. (İcraçı direktor da üzv təşkilatlar arasından təyin olunur.Əksər vaxtlarda İcraçı Direktor postunu Nyu-York Jurnalistləri Müdafiə Komitəsi (CPJ) əldə saxlayır.Bu baxımdan İFEX daha çox ABŞ-ın təsirində olan bir təşkilat kimi tanınır.

İFEX-in Azərbaycandan üzvləri Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) olub. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) 1999-2017-cı illərdə İFEX-də təmsil olunub. 2017-ci ildə Şəbəkəni tərk edib.

Üzv təşkilatlar hər biri maliyyə dövriyyələrinə uyğun olaraq İFEX-ə üzvlük haqqı keçirirlər.

Metodologiyası və fəaliyyət mexanizmləri

İFEX informasiya mübadiləsi təşkilatıdır, mediada baş verən proseslər, hadisələr və faktlar barədəən operativ xəbərlər məhz bu təşkilat vasitəsilə yayılır. Mexanizm təqribən belədir: İFEX-ə üzv olan təşkilat öz ölkəsində media ilə bağlı prosesləri daimi nəzarətdə saxlamalı, baş verən hadisələr barədə yığcam, operativ informasiyanı dərhal İFEX-ə ötürməlidir. Göndərilən informasiya İFEX-də standart qəlibə uyğunlaşdırılır və təşkilatın saytında yerləşdirilir. Qaydaya görə, İFEX mərkəzi ofisinə daxil olan informasiya ən qısa müddət ərzində təşkilatın saytında yerləşdirilməklə yanaşı, həm də bülleten halına salınır və bütün dünya ölkələrində mövcud olan üzv təşkilatların elektron poçtlarına göndərilir. Üzv təşkilatın vəzifəsidir ki, aldığı informasiyanı öz ölkəsində yaysın. Bu variantda, dünyanın istənilən ölkəsində media ilə bağlı baş vermiş istənilən hadisə barədə xəbər, 1-2 saat ərzində dünyanın bütün ölkələrində və bütün insan hüquq müdafiə təşkilatları arasında yayılmış olur. Bu baxımdan, bütün aparıcı insan hüquq müdafiə təşkilatları İFEX-in üzvü, ya da abunəçisidirlər.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı