Türkiyənin “Qalatasaray” klubu qış transfer pəncərəsində heyətində ciddi dəyişiklik etməyə hazırlaşır. İstanbul təmsilçisinin gözləntiləri doğrultmayan Leroy Sane ilə yollarını ayıracağı və onun yerinə tanış simanı transfer edəcəyi bildirilir.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “sarı-qırmızılar” almaniyalı futbolçunun çıxışından razı deyil. Klub rəhbərliyinin mümkün ayrılıq variantını nəzərdən keçirdiyi və artıq alternativlər üzərində işlədiyi qeyd olunur.
İddialara əsasən, Sane karyerasını ABŞ çempionatında davam etdirə bilər. Onun komandadan ayrılması “Qalatasaray”ı futbolçuya ödənilən təxminən 12 milyon avroluq maliyyə yükündən də azad edəcək.
Məlumata görə, Leroy Sanenin meneceri bir müddət əvvəl İstanbulda klub rəhbərliyi ilə görüşüb. Görüş zamanı futbolçunun müntəzəm oyun şansı əldə edə bilməməsi məsələsi müzakirə olunub.
Menecerin rəhbərliyə “Sane müntəzəm forma şansı qazanmır. Oynamayacaqsa, onu aparım” dediyi iddia edilir.
Klub rəsmilərinin isə qərarın baş məşqçi Okan Buruka aid olduğunu bildirdiyi vurğulanır.
Sane ilə yolların ayrılacağı təqdirdə onun yerinə gətirilməsi planlaşdırılan əsas namizədlərdən biri Noa Langdır.
Ötən mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edən niderlandlı futbolçunun yenidən İstanbul klubuna qayıtması gündəmə gəlib. Bildirilir ki, Lang yay transfer pəncərəsinin son günlərinədək “Qalatasaray”dan xəbər gözləyib.
Klub rəhbərliyinin qış transfer dövründə 27 yaşlı futbolçunun transferi üçün hərəkətə keçə biləcəyi qeyd olunur.