“Binance” şirkəti milyonlarla iPhone istifadəçisinə təhlükəsizlik xəbərdarlığı edib.

Metbuat.az xəbər verir ki, şirkət “Apple”ın bəzi iOS versiyalarında boşluq aşkarlandığını bildirib. İstifadəçilərə “App Store”dan kənar mənbələrdən yüklənən tətbiqləri silmək və telefonlarını yeniləmək tövsiyə olunub. “Worse_query” adlandırılan boşluq iOS 26 və iOS 27 sistemlərində müəyyən edilib. Məlumata görə, bu problem zərərli proqramların telefondakı şəxsi mesajlara, fotolara, sənədlərə və şifrələrə giriş əldə etməsinə imkan verə bilər. “Binance” təhlükəsizlik probleminin iOS 26.7.1, iOS 27.0.1 və iOS 27.2 versiyalarında aşkarlandığını açıqlayıb. Bu zəiflik kriptovalyuta sahibləri üçün də təhlükə yaradır. Kibercinayətkarlar rəqəmsal pul kisələrinin bərpa ifadələrini və təhlükəsizlik açarlarını ələ keçirərək istifadəçilərin aktivlərini oğurlaya bilərlər.

İstifadəçilərə cihazlarını ən son versiyaya yeniləmək və App Store-dan kənar tətbiqləri silmək məsləhət görülüb. “Apple” məsələ ilə bağlı hələlik açıqlama verməyib.