Kanadada yaşayan bir qadının ikinci əl mağazasından cəmi 25 dollara (təxminən 42 AZN) aldığı divan ona böyük sərvət qazandırıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, qadın sözügedən divanı "bir bazarı"ndan aldıqdan sonra təxminən 4 il istifadə edib. Bir gün telefonu divanın yastıqlarının arasına düşüb. Telefonu götürmək üçün əlini yastıqların arasına salan qadın orada gizlədilmiş saatla qarşılaşıb.
İlk baxışdan adi əşya təsiri bağışlayan saatın əslində kolleksiyaçılar üçün olduqca dəyərli olduğu məlum olub. Aparılan araşdırmalar nəticəsində onun nadir Rolex Paul Newman Daytona modelinin 6241 referans nömrəli versiyası olduğu müəyyənləşib.
Təxminən 4 il divanın içərisində qalan saat bu yaxınlarda keçirilən hərracda 191 min dollara satılıb. Beləliklə, qadın cəmi 25 dollara aldığı köhnə divan sayəsində 191 min dollar qazanıb.