ABŞ-nin müdafiə naziri Pit Heqseth onu səssizliyə çağıran əsgəri mükafatlandırıb.

Metbuat.az xəbər verir ki, hadisə Arlinqton Milli Məzarlığında Veteranlar Günü münasibətilə keçirilən mərasimdən sonra baş verib. Məlumata görə, mərasimdən sonra Naməlum Əsgər Memorialında foto çəkdirən Heqseth və yanındakılar yüksək səslə gülüb. Həmin vaxt növbətçi əsgər, Tomas İqlesias protokol qaydalarını xatırladaraq onları səssiz olmağa çağırıb. Heqseth daha sonra sosial şəbəkə hesabında əsgərə medal təqdim etdiyi anların fotolarını paylaşıb. O, İqlesiasa “Birgə Xidmətə görə Təqdir Medalı” verib. Pentaqonun açıqlamasında nazirin memorialın mühafizəsinə cavabdeh olan hərbi birliyin üzvləri ilə görüşdüyü və əsgəri xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə mükafatlandırdığı bildirilib. Bu medal, əsasən, birgə hərbi əməliyyatlarda fərqlənən şəxsi heyətə verilir və nazir tərəfindən şəxsən təqdim edilməsi nadir hallarda baş verir.

Qeyd edək ki, Naməlum Əsgər Memorialı ABŞ-ın ən müqəddəs hərbi abidələrindən biri hesab olunur. Burada Birinci və İkinci Dünya müharibələrində, Koreya və Vyetnam müharibələrində həlak olmuş, kimliyi müəyyən edilməyən hərbçilərin xatirəsi yad edilir.