Yer kürəsinin orbitində 2026 QQ8 adlı kiçik asteroid aşkarlanıb. Alimlər onun planetimizin cazibə qüvvəsi tərəfindən müvəqqəti olaraq tutulduğunu və bir müddət ikinci təbii peyk kimi hərəkət etdiyini təsdiqləyiblər.

Metbuat.az xəbər verir ki, Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planetlər Mərkəzinin məlumatına əsasən, asteroid 2026-cı ilin avqustunda macar astronomu Krisztián Sárneczky tərəfindən müşahidə edilib. Oktyabrın 29-da aparılan əlavə hesablamalar nəticəsində onun Yer kürəsinin cazibə qüvvəsi ilə müvəqqəti bağlı olduğu təsdiqlənib.

2026 QQ8-in diametrinin təxminən 1-2 metr olduğu ehtimal edilir. Asteroidin Yer ətrafında qalması daimi xarakter daşımır. Hesablamalara görə, o, 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində planetimizin cazibə təsirindən çıxaraq yenidən Günəş ətrafındakı orbitində hərəkətini davam etdirəcək.

Maraqlıdır ki, bu kosmik obyekt Yerə yaxınlaşsa da, Ay qədər yaxın məsafədə deyil. Asteroidin planetimizə ən yaxın məsafəsinin təxminən 568 min kilometr olacağı hesablanıb.

Alimlər bildirirlər ki, 2026 QQ8 Yer üçün təhlükə yaratmır. Hətta onun planetimizə düşməsi ehtimalı yaransa belə, kiçik ölçüsünə görə atmosferə daxil olarkən böyük ehtimalla yanaraq parçalanacaq.

Asteroid adi gözlə və həvəskar teleskoplarla müşahidə edilə biləcək qədər parlaq deyil. Buna görə də onun hərəkətini yalnız xüsusi astronomik avadanlıqlar vasitəsilə izləmək mümkündür.

Qeyd edək ki, müvəqqəti peyklər Yer kürəsinin cazibə qüvvəsi tərəfindən müəyyən müddətə tutulan kiçik kosmik cisimlərdir. Onlar daimi peyklərdən fərqli olaraq, bir müddət sonra planetimizin orbitini tərk edirlər.