​Memorial Soyqırım Muzeyindən reportaj / FOTOLAR

Metbuat.az-da “X Paraqraf” layihəsində budəfəki reportajımız Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyindən oldu.

Bu muzey vasitəsilə həm vətəndaşlarımız, həm də əcnəbilər Azərbaycan xalqına qarşı törədilən soyqırımlar, deportasiyalar, terrorlar barədə ətraflı məlumat ala bilərlər.

Hərbi Prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev deyir: “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə, onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyi artıq 5 ildir ki, fəaliyyət göstərir. Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından və Prezident İlham Əliyevin 17 yanvar 2012-ci il tarixli “Xocalı soyqırımının 20-ci ildönümü haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Baş prokurorun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev sözügedən muzeyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Zakir Qaralovun qarşısında məsələ qaldırıb, cənab Baş prokurorun 19 iyun 2013-cü il tarixli müvafiq əmri və Hərbi prokurorun həmin əmrə əsasən verdiyi Sərəncamla İşçi Qrupu yaradılıb və muzey ərsəyə gətirilib. Bundan sonra, 24 fevral 2014-cü il tarixdədə muzeyin açılışı olub. Muzey özündə tarixi həqiqətləri əks etdirən rəsmi sənədləri və əşyaları cəmləşdirib.

Muzey, Tarix, Deportasiya-repressiya, Soyqırım və Terror adlı 4 bölmədən ibarət olmaqla, 320 kv.m sahəni əhatə edir. Muzeyi ziyarət edən şəxslər burada tarixi həqiqətlər - xalqımıza qarşı tarix boyu törədilmiş deportasiyalar, soyqırımlar, terrorlar, digər sülh və insanlıq əleyhinə cinayətlər barədə dolğun məlumatlar əldə edir, onlarda bu haqda zəngin biliklər olur. Bu da təbii ki, vətəndaşlarımızda, xüsusən də yeniyetmələrdə və gənclərdə vətənpərvərlik hisslərinin daha da dərindən aşılanmasına və onlarda milli ruhun yüksəlməsinə xidmət edir. Azərbaycan tarixini bilmək hər bir azərbaycanlının müqəddəs borcudur.”

Firad Əliyev deyir ki, muzeyi təkcə Azərbaycan vətəndaşları deyil, əcnəbilər də ziyarət edirlər: “Burada da məqsəd tarixi həqiqətləri - tarix boyunca Azərbaycan xalqına qarşı törədilmiş deportasiyalar, soyqırımlar, terrorlar, digər sülh və insanlıq əleyhinə cinayətlər barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Muzeyi ziyarət etmək istəyən şəxslərin ekskursiyası Hərbi Prokurorluğun müvafiq əməkdaşları tərəfindən həyata keçirilir. Firad Əliyev bildirib ki, yarandığı gündən hazıradək muzeyi 20 minə yaxın, o cümlədən ötən il 4 mindən artıq şəxs ziyarət edib. Firad Əliyev muzeyi ziyarətin ödənişsiz olduğunu xüsusi vurğulayaraq, hər kəsə tarixi həqiqətləri özündə əks etdirən məkanı ziyarət etməyi tövsiyə edib.

Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyi üzrə məsul icraçısı Fatma Heydərova Muzey barədə məlumat verərək bildirib ki, muzeyin girişində olan böyük foto Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı cənab Prezident İlham Əliyevin başçılığı ilə 100 min insanın Azadlıq meydanından “Ana harayı” abidəsinə kimi yürüyüşünü - ümumxalq tədbirini əks etdirir. Girişdə olan digər fotoda isə rəssam Stanislav Şatikovun “Xocalı fəryadı” adlı əsəri nümayiş olunur. Yalnız qadınların təsvir olunduğu foto köməksiz, silahsız insanların fəryadına həsr olunub, şəkildə görünən simalar da reallığı əks etdirir.

F.Heydərova deyir ki, Memorial Soyqırım Muzeyi 4 bölmədən ibarətdir - tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsi: “Tarix bölməsində 1813-cü il oktyabrın 12-də Rusiya imperiyası və Qacar İran dövləti arasında imzalanan, Azərbaycanın tarixi torpaqlarını Rusiya və İran arasında bölən Gülüstan müqaviləsinin, eyni zamanda 1828-ci il fevral ayının 10-da İranla Rusiya arasında bağlanmış Türkmənçay müqaviləsinin əlyazmaları saxlanılır”.


Bölmədə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi geyimdəki portreti də yer almışdır. Portretdə dövlət başçısının Azərbaycanın tarixi torpaqlarının bütövlüyü ilə bağlı dediyi dəyərli sözlər əks olunub. Tarix bölməsində, həmçinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü əməkdar incəsənət xadimi Rafael Hüseynovun sözlərindən ibarət fotostend, XX əsrin əvvəllərində Daşnaksütyun partiyası və digər erməni terror təşkilatlarının Azərbaycandakı dağıdıcı fəaliyyətlərini əks etdirən cinayət işləri və Azərbaycan ərazilərinin, o cümlədən də Zəngəzurun Sovet hakimiyyəti vaxtı Kremlin diqtəsilə Ermənistana verilməsi haqqında sənədlər nümayiş olunur:

“Bölmədə 1918-ci il martın 30-31-i, aprelin 1-də Şaumyanın rəhbərliyi ilə Bakıda və digər bölgələrdə törədilmiş soyqırımla bağlı məlumatlar da əksini tapıb. Mart soyqırımı zamanı təkcə Bakıda 12 minə yaxın azərbaycanlı həyatını itirib. Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra mart soyqırımı ilə bağlı Fövqəladə Təhqiqat Komissiyası yaradılıb, Komissiya Bakıda, Şamaxıda və İrəvan quberniyası ərazisində törədilmiş cinayətləri, vəhşilikləri araşdırıb. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olduğu üçün, Komissiyanın fəaliyyəti də dayandırılıb”.

Burada Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələrinin əlyazmaları, Həsən bəy Ağayevin Parlamentin rəhbəri olduğu dövrdəki əlyazması, parlament əməkdaşlarının ona verdiyi təşəkkürnamə də nümayiş olunur. O, 1920-ci il iyulun 19-da erməni muzdlu qatili tərəfindən Tiflisdə qətlə yetirilib.


Muzeyin bu bölməsində eyni zamanda Gəncənin general-qubernatoru olmuş Xudadat bəy Rəfibəyovun əlyazması, Qazax müəllimlər Seminariyasının qurucusu, İstiqlal Bəyənnaməsinə imza atmış şəxslərdən biri, yazıçı Firudin bəy Köçərlinin əlyazması və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli Xan Xoyskinin Baş nazir olaraq imzaladığı ilk sənədin əlyazması da yer alıb. Qeyd edək ki,erməni terrorçuları1920-cu il iyunun 19-daFətəli Xan Xoyskini qətlə yetiriblər.

Digər bölmə Muzeyin Repressiya və Deportasiya Bölməsidir: “Bildiyiniz kimi, azərbaycanlıların Ermənistandan deportasiyası 3 mərhələdə baş verib - 1905-20-ci illər, 1948-53 illər və 1988-92-ci illərdə. Burada isə SSRİ Nazirlər Sovetinin sədri Stalinin və Mircəfər Bağırovun bir yerdə imzaladığı 1947-48-ci illər azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar sənədlər və 1988-ci ildən 1992-ci ilə qədər olan deportasiya ilə bağlı açılmış cinayət işləri saxlanılır”.


Muzeyin bu bölməsində eyni zamanda 1930-cu illərdə Azərbaycanın ziyalı təbəqəsinə qarşı törədilən kütləvi repressiyalar barədə də məlumat və fotolar nümayiş olunur: “Bu bölmədə nümayiş olunan rəsm əsəri rəssam Oqtay Sadıqzadənin rəsm əsəridir, əsər “Qara yazı” adlanır. Azərbaycanın şair, yazıçı və ədiblərindən Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli represiyya qurbanı olublar. Həmin bu vitrinlərdə saxlanılan sənədlər isə Azərbaycanın yazıçı və şairlərinə, mədəniyyət xadimlərinə açılmış cinayət işlərindən sənədlərdir. 1937-ci ildə isə 16 Azərbaycan generalı qətlə yetirilib”.

Muzeyin terror bölməsində yer almış fotostenddə Bağanis Ayrım faciəsi öz əksini tapıb: “Bağanis Ayrım faciəsi 1990-cı ildə Qazax rayonun Bağanis Ayrım kəndinə erməni silahlıları tərəfindən törədilib. Onlar həmin hücum zamanı bir ailənin bütün üzvlərini, hətta körpə uşağı belə öldürüblər. Vitrində faciə ilə bağlı açılmış cinayət işindən olan şəkillər, yandırılmış evlər, insan meyitlərinin şəkilləri yer alıb”.

Terror bölməsində Xocalıda Azərbaycan vətəndaşlarına qarşı törədilmiş erməni cinayətlərini əks etdirən şəkillər və istintaq materialları da saxlanılır: “Burada erməni əsirliyində olan azərbaycanlılara qarşı törədilən vəhşiliklər öz əksini tapıb. Xocalı sakini olan 5 yaşlı qızın ekspertiza rəyindən də məlum olur ki, ermənilər 5 yaşlı qızın bədəninə yaxın məsafədən 17 ədəd güllə açıblar”.

Terror bölməsində eyni zamanda isə 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə Goranboy rayonunun dağlıq hissəsində yerləşən Ballıqaya kəndində törədilən erməni vəhşiliyi barədə də məlumat və foto yer alıb: “Həmin kənddə otlaq sahələrində qoyun sürülərini otaran Laçın rayonundan olan çobanlara və onların ailə üzvlərinə 10 nəfər erməni silahlısı basqın edərək 24 nəfəri xüsusi amansızlıqla öldürüblər, 9 nəfərə isə müxtəlif bədən xəsarətləri yetiriblər”.

Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyi üzrə kuratoru, ədliyyə mayoru Vüsal Əliyev isə bizə Muzeydə ən çox diqqət çəkən Xocalı maketi barədə məlumat verdi: “Bu bölmə elə soyqırım bölməsi adlanır. Gördüyünüz maket Xocalıya hücumu əks etdirən Azərbaycanda yeganə maketdir. Maketdə ermənilərin Xocalı rayonuna bir neçə istiqamətdən, əsasən 3 istiqamətdən, sonra isə 1 istiqamətdən hücumu əks etdirilib. Qarabağda yeganə hava limanı Xocalı aeraportu olduğundan, Xocalı ermənilər üçün xüsusi strateji əhəmiyyətə malik bir yer idi. Eyni zamanda əlverişli coğrafi mövqedə yerləşdiyinə görə, onlar məhz Xocalı rayonunu nəinki işğal ediblər, həm də orada özlərinin etnik təmizləmə siyasətini tam olaraq həyata keçiriblər”.

Maketdə Xocalıdan olan dinc əhalinin meşə vasitəsilə soyuq, qarlı havada 10 km yaxınlıqda yerləşən Ağdam rayonuna qaçmağa çalışmaları da əks olunub. Ancaq ermənilər bundan xəbər tutub və onların yollarını kəsərək kiçikdən böyüyə qədər bir çox insanı qətlə yetiriblər. Soyqırım zamanı uşaqların su çənlərinə doldurularaq yandırılması da maketdə öz əksini tapıb.

Soyqırım bölməsində olan rəsm əsəri isə rəssam Nazim Məmmədovun əsəridir və “Ruhların üsyanı” adlanır. Rəssam bu əsəri Xocalıda qətlə yetirilmiş günahsız insanların ruhuna ithaf edib. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Muzeydə ermənilər tərəfindən qradlardan raket mərmilərinin atılması nəticəsində həlak olan Rüstəmov Mikayıl Ənvər oğluna məxsus blaknot və fotoşəkil, o cümlədən ölüm haqqında şəhadətnamə də nümayiş olunur. Başqa bir vitrində isə Tərtər rayonunun Qapanlı kənd sakini, məktəbə gedərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan 12 yaşlı uşaqla bağlı məlumatlar yer alıb.

V.Əliyev deyir ki, Muzeydə Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş dinc əhalinin fotoşəkilləri, ölüm haqqında şəhadətnamələri və onlara məxsus əşyalar və sənədlər də öz əksini tapıb: “Vitrində gördüyünüz kimi Qasımov Muxtar Cahid oğlu həkimdir, hansı ki, həmin vaxt yaralıların köməyinə gedərkən ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetiriliblər. Bu da ona aid əşyalardır, o cümlədən də fotoşəkli və ölüm haqqında şəhadətnaməsi. Digər vitrində isə Qarabağ müharibəsi zamanı meydandan götürülmüş döyüş sursatları, hərbi ləvazimatlar, o cümlədən patron sandıqçası, əsgər termosudur.

Bu vitrində Ağdamda şəhid olmuş Baxşəliyev Elçin Müzəffər oğlu və onun şəhid oğlunun şəkli və onların çəkdikləri rəsm əsərləri, kitabçaları və ölüm haqqında şəhadətnamələri yer alıb. Digər vitrinlərdə də Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş dinc əhaliyə aid əşyalar, onlara aid fotoşəkillər və ölüm haqqında şəhadətnamələrdir. Fotostendlərdə isə erməni qəsbkarlarının hücumundan sonra Şuşa şəhərinin dağıdılmış, viranə qalmış görüntüləri əks olunub. Bəzi tarixi isə abidələr ümumiyyətlə məhv edilib:

“Erməni silahlı dəstələri 1991-ci ildə dekabrın 2-də Meşəli kəndinə hücum edərkən ilk növbədə Novruz Novruzovun ailəsinə hücum edirlər. Ev sahibi öz ailəsini qorumaq üçün ermənilərə müqavimət göstərdiyinə görə, ermənilər onun ailəsini gözünün qarşısında yandırıb. Buradakı hörük onun həyat yoldaşı Adilə Novruzovaya məxsusdur, qadının başından qopardılıb. Digər geyim əşyaları da həmin ailəyə məxsusdur. Bu da o ailənin çırağıdır ki, erməni qəsbkarları tərəfindən bu ailənin çırağı söndürülüb”.

Muzeydə yer alan digər fotostenddə vaxtilə 30 min sakinin yaşadığı və müharibə zamanı “ruhlar şəhəri”nə çevrilən Ağdamda ermənilərin yaratdıqları xarabalıqların şəkilləri də əks olunub. O zamanda Ağdamda həm də çoxlu sayda tarixi abidələrimiz ermənilər tərəfindən məhv edilib.

Vüsal Əliyev deyir ki, başqa bir vitrində Ağdamda yaradıcılıq fəaliyyəti ilə məşğul olan və qətlə yetirilmiş insanlara aid əşyalar və sənədlər yer alıb: “Onlar ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetiriliblər. Burada onların ölüm haqqında şəhadətnamələri, fotoları və onlara məxsus əşyaları, o cümlədən bilərzik və fincanları nümayiş olunur. Burada 3 uşağı ilə birgə Meşəli kəndində ermənilər tərəfindən qətlə yetirilən Pərvanə Quliyeva barədə də məlumatlar var. Ümumiyyətlə ermənilər Meşəli kəndinə hücum edərkən 25 nəfər dinc əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, bir çox evləri çapıb talayıb və azərbaycanlılara xüsusi işgəncə ediblər. Fotostendlərdə bir zamanlar Qarabağa yaraşıq verən abidələr də nümayiş olunur, hansı ki, sonradan ermənilər tərəfindən məhv edilib və azərbaycanlılara məxsusluğunu itirib”.

Vüsal Əliyev deyir ki, Memorial Soyqırım Muzeyini minlərlə gənc ziyarət edir: “Bunu təşkil etməkdə məqsəd ermənilər tərəfindən tarix boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımlar, o cümlədən də milli kimi məhv edilmə siyasəti barədə bütün gənclərin məlumatlanmasıdır. Qan yaddaşımıza həkk olunmuş Xocalı soyqırımı, o cümlədən də digər soyqırımlar barədə, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vəhşilik barədə bütün gənclərin məlumatlanması və bunu dünyaya çatdırması çox önəmlidir.

Qeyd edək ki, muzeyi ziyarət ödənişsizdir. İstənilən şəxs və ya şəxslər əvvəlcədən Hərbi Prokurorluğun əməkdaşları ilə vaxt təyin etməklə muzeyi ziyarətə gələ bilərlər.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı