“İtaliya Azərbaycan məhsullarının ixracında dünya ölkələri arasında ilk yeri tutur” - ŞƏRHLƏR

Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürüdür. Ölkəmiz bir çox xarici dövlətlərlə ikitərəfli, üçtərəfli, çoxtərəfli formatlarla əlaqələr qurub. Azərbaycanın yüksək səviyyədə münasibət qurduğu dövlətlərdən biri də “qoca qitə” Avropanın cənubundakı İtaliyadır. İtaliya-Azərbaycan arasındakı mövcud əlaqələr 25 ildir davam edir. Son zamanlar isə İtaliyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinin daha çox şahidi oluruq.

2018-ci ilin yanvarın 1-dən ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano bildirib ki, İtaliya ATƏT-ə sədrlik etdiyi müddətdə təşkilatın dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də səylər davam etdiriləcək. A.Alfano qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində üç həmsədr ölkə ilə birgə səylərimizi davam etdirəcəyik.

Son günlər isə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Wall Street International” jurnalının italyan dilindəki buraxılışında müsahibəsi dərc olunub. “Qara qızıl və insan kapitalı” adı ilə dərc olunmuş müsahibədə səfir jurnalist Romolo Martelloninin Azərbaycan-İtaliya münasibətləri və ölkəmizin inkişaf strategiyası, o cümlədən xarici siyasət istiqamətləri, enerji təhlükəsizliyinin təminində, nəqliyyat dəhlizlərinin, mədəniyyətlərarası dialoqun inkişafında rolu, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı kimi mövzularda suallarını cavablandırıb. Müsahibədə 2017-ci ildə Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd olunduğunu, ötən illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdiyini, strateji tərəfdaşlığa nail olunduğunu vurğulanıb.

Millət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vahid Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, İtaliya ilə Azərbaycan arasında münasibətlər müstəqillik dövründən bu yana həmişə yüksək səviyyədə olub: “İtaliya Azərbaycan məhsullarının ixracında dünya ölkələri arasında birinci yeri tutur, yəni əsas ixrac partnyorumuz İtaliyadır. Bütün neftimiz, qazımız və s. İtaliya vasitəsilə Avropa dövlətlərinə göndərilir. Bu səbəbdən də İtaliya ilə münasibətlərimiz çox yüksək səviyyədədir. İqtisadi cəhətdən əlaqələr geniş olanda, siyasi cəhətdən də heç vaxt ciddi problemlər olmur. İtaliya dövləti beynəlxalq təşkilatlarda istər Qarabağ məsələsində, istərsə də başqa məsələlərdə Azərbaycanı hər zaman müdafiə edib. Bu səbəbdən də İtaliyada Azərbaycanla bağlı belə məqalələr gözləniləndir. Belə hesab edirəm ki, İtaliya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə də gedəcək. Yəni İtaliya hər zaman beynəlxalq təşkilatlarda Azərbaycanı müdafiə edəcək”.

Millət vəkili Zahid Oruc isə bildirib ki, İtaliya Minsk qrupunun üzvlərindən biridir, lakin həmsədrlik sistemində iştirak eləmir: “Bu il Qarabağla bağlı məsələdə mümkündür ki, ATƏT formatında müəyyən fəallıq özünü göstərsin. İtaliya ilə Azərbaycan arasında münasibətlər ötən dövr ərzində normal inkişaf edib. İstər hökumətlər arasında müəyyən əlaqələr, əməkdaşlıq sazişləri, ticarət dövriyyəsinin yaxşı səviyyəyə gəlib çatması, həmçinin parlament diplomatiyaları müstəvisində əlaqələr arzuolunan səviyyədə olub. Qeyd edim ki, İtaliya ilə ölkəmiz arasındakı ticarət dövriyyəsi ilk üçlüyə daxildir. Düşünürəm ki, bizim üçün ən önəmli məsələ Xarici İşlər Nazirliyi və hökumətin əsas təmsilçiləri ilə ənənəvi xəttimizi qoruyub saxlamaq və əlaqələrimizi dərinləşdirməkdir”.

Qeyd edək ki, İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. 8 may 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib. Ölkələrimiz arasında bir neçə dəfə yüksək səviyyəli səfərlər baş tutub. Azərbaycan ilə İtaliya arasında bu günədək 30 sənəd imzalanıb.

Günay Elşadqızı / METBUAT.AZ

Bu layihələrin 2018-ci ildə reallaşacağı gözlənilir - Millət vəkilləri danışdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı