Bu layihələrin 2018-ci ildə reallaşacağı gözlənilir - Millət vəkilləri danışdı

Artıq 2018-ci il ilin ilk günlərini yaşayırıq və bu il ötən il olduğu kimi ölkəmizdə böyük layihələrin həyata keçirilməsi gözlənilir. Bu layihələrin bəzilərinin təməli 2017-ci və ondan da əvvəlki illərdə qoyulub. Ümumilikdə ölkəmizdə hansı layihələrin həyata keçirilməsi gözlənilir, bunu Metbuat.az-da millət vəkillərimizlə müzakirə etmişik.

Millət vəkili Aydın Hüseynov deyir ki, ən böyük qlobal layihələrdən olan TANAP, TAP layihəsinin bu il reallaşacağı gözlənilir: “Bu bizim iqtisadiyyatımızda çox mühüm rol oynayacaq. Ən başlıcası bu, Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı, ölkəmizin siyasi nüfuzunu da şərtləndirən və səciyyələndirən ən böyük layihələrdən biridir. Bu Avropanın enerji təchizatı ilə bağlıdır və önəmli məsələdir. Bildiyiniz kimi, digər layihələrimizlə bağlı müqavilələr imzalanıb 2050-ci ilə qədər. Azəri-Çıraq-Günəşli layihəsindəki işlər davam etdiriləcək. Burda da bildiyiniz kimi, 40 milyarddan çox vəsait nəzərdə tutulur ki, bu da iqtisadiyyatımızda öz sözünü deyəcək məbləğdir. Digər layihəmiz Bakı-Tbilisi-Qars dəmir yolu artıq açılıb. Bildiyiniz kimi, bu dəmir yolunun birinci bazası hazırdır, ikinci bazanın işə düşməsi üçün bu il işlər intensivləşəcək. Kənd təsərrüfatı, turizm sahələrində də layihələr nəzərdə tutulub. Strateji Yol Xəritəsində 2018-ci il üçün nəzərdə tutulan, proqnozlaşdırılan layihələrin bu il reallaşacağı çox önəmlidir. Digər tərəfdən, düşünürəm ki, 2018-ci il üçün büdcəmizlə bağlı nəzərdə tutulan proqnozlar da yerinə yetiriləcək. Burda isə sosial və investisiya xərclərinə demək olar ki, önəmli məbləğ nəzərdə tutulub. Bu da iqtisadiyyatımıza böyük təsirini göstərəcək”.

Millət vəkilinin sözlərinə görə, TANAP və TAP layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, bu layihələr Avropanın enerji təhlükəsizliyində və konkret olaraq mavi yanacaqla əlaqəlidir: “Ən böyük üstünlüyü ondan ibarətdir ki, artıq Qazaxıstan və Orta Asiya, eləcə də İran bu layihə vasitəsilə öz resurslarını Avropaya çıxarmaq imkanı əldə edəcək: “Yəni TANAP və TAP layihəsi təkcə Azərbaycan qazını yox, eləcə də dediyim kimi Orta Asiya və Yaxın Şərq ölkələrinin, qonşu ölkələrin də mavi yanacağının Avropaya daşınması üçün ən əlverişli marşrutdur. Bu marşrutun əhəmiyyəti həm də ondan ibarətdir ki, qeyd etdiyim kimi, Avropa ilə bizim inteqrasiyamızı gücləndirəcək və siyasi cəhətdən Azərbaycanın təsir gücü artacaq”.

Millət vəkili Rüfət Quliyev deyir ki, 2018-ci ilin iqtisadi artımı 1,5% proqnozlaşdırılsa da, inanıram ki, bu, hətta 2%-ə yaxın olacaq, bunun artıq təməl daşı qoyulub: “Həyata keçiriləcək layihələrə gəldikdə isə, bizim üçün əsas logistik və nəqliyyat layihələridir. Bu layihələrlə bağlı inkişaf var. Ötən il açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafı da bu il ola bilər. Başqa ölkələr də buna qoşulmaq istəyir, o cümlədən Asiya ölkələri. Bu dəmir yolu Asiya ilə Avropanı birləşdirir. Daha sonra, Şimal-Cənub transkontinental, transqitəli layihə də var. Bu layihənin də 2018-ci ildə kifayət qədər inkişafı olacaq. Bəzi ölkələr də bu layihəyə qoşulmaq istəyirlər. TANAP və TAP layihələrində də böyük işlər görüləcək. Burada ən vacib onu qeyd eləmək lazımdır ki, Azərbaycan regionda bəlkə də birinci ölkədir ki, qarşısına məqsəd qoyur, iqtisadi proqram, plan qoyur və o plana nail olur. Bunun üçün maliyyə dəstəyi yaradılır və bütün işlər görülür. Düşünürəm ki, 2018-ci il 2017-ci ildən daha uğurlu olacaq. Bunu hətta ilin sonunda seçicilərlə görüşəndə onlar da deyirdi, bu çox mühüm addımdır. Çünki hamıya məlumdur ki, 2 il Azərbaycan üçün iqtisadi cəhətdən müəyyən qədər problemli oldu. Yaranan bu problemlər Azərbaycanın daxili iqtisadiyyatındakı problem olmadı. Dünya iqtisadiyyatının, o cümlədən bizim iqtisadi partnyorlarımız olan ölkələrdə yaranan problemlər idi. Ən böyük problem də neftin və qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi idi. Amma 2017-ci ildə artıq bütün bu problemlər həll olundu. Bu da cənab prezidentin siyasətinin nəticəsində oldu. Dediyim kimi, 2017-ci il zəmin yaratdı ki, biz 2018-ci ildə daha çox iqtisadi qazanc əldə edək”.

Rüfət Quliyevin sözlərinə görə, 2018-ci il Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində də kifayət qədər böyük uğurların olacağı gözlənilir: “Avropa ölkələri Azərbaycana daha çox inamla baxırlar. Ona görə ki, Azərbaycan bəlkə də yeganə ölkədir ki, siyasi şərtlər qoymadan bütün iqtisadi kontraktların hamısını həyata keçiririk. Yəni iqtisadi layihələri siyasi məsələlərə qatmırıq. Bildiyiniz kimi, qonşu dövlətlərin, Rusiyanın problemləri var, istər Amerika ilə, istər Qərb dövlətləri ilə. Belə bir məqamda Avropa üçün Azərbaycanın bu cür inkişafı və verdiyi iqtisadi proqnozları, vədləri həyata keçirməsi onlar üçün çox vacibdir. Onlara çox sərf edir ki, enerji cəhətdən iqtisadi münasibətlərdə inkişaf olsun. Bu inkişaf üçün də zamin var, onlar da bunu görür. Bu da ilk növbədə siyasi stabillik nəticəsindədir. Dediyim kimi, cənab prezidentin səyi nəticəsində iqtisadiyyatımız stabilləşib. Beynəlxalq maliyyə qurumları da bəyan edirlər ki, Azərbaycanda 2018-ci ildə ümumi daxili məhsulun artımı proqnozlaşdırılır. Bəzi beynəlxalq maliyyə qurumları 1% artım hesablayır, bəziləri 1,5%, bəziləri 2%. Bizim düşmənlərimiz, Azərbaycanı istəməyənlər gözləyirdi ki, ölkəmizin iqtisadiyyatında çökmə ola bilər. Amma bizim əsaslı, dayanıqlı iqtisadiyyatımız qurulub. 2017-ci ildə kiçik və orta biznesin inkişafı üçün kifayət qədər iqtisadi islahatlar oldu. Bizim böyük, transmilli şirkətlərimiz də Cənubi Koreya, Yaponiya modeli ilə inkişaf edirlər. Şirkətlərimizi bir çox Asiya və Avropa ölkələrində tanıyırlar”.

Millət vəkili Azər Badamov isə deyir ki, 2018-ci ildə ölkə miqyasında beynəlxalq miqyasda böyük layihələr həyata keçiriləcək: “Bu layihələrin keçirilməsi üçün əsas 2017-ci və ondan əvvəlki illərdə yaradılıb. Böyük qlobal layihələr həyata keçirilir. Belə qlobal layihələrdən biri də Cənub-Qaz dəhlizidir ki, o da başa çatmaq üzrədir. Bu, məhz Azərbaycanın təşəbbüsü ilə yaradılan layihədir. Bu layihəyə qoşulan bütün beynəlxalq şirkətlərin hamısı böyük gəlir götürəcək. Dediyim kimi, artıq layihənin tamamlanma işləri gedir. “Şahdəniz” layihəsində də işlərin 98%-i görülüb, TANAP və TAP layihəsi də yekunlaşmaq üzrədir. Düşünürəm ki, 2018-ci ildə Azərbaycan qazının Avropaya nəql edilməsi prosesinə də başlanılacaq. “Şahdəniz” layihəsi Azərbaycana böyük gəlir gətirəcək. Bununla həm də Avropanın yeni enerji mənbəyi ortaya çıxır. Azərbaycan Avropada alternativ enerji təminatçısı olacaq. Ölkənin daxilində də böyük layihələr həyata keçirilir. Məsələn, Sumqayıt Polimer Zavodunun, Karbonat Zavodunun istifadəyə verilməsi gözlənilir. Bunlar da böyük layihələrdir.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı 2017-ci ildə olub, bu il isə Bakıdan Astaraya, Astaradan İran vasitəsilə Asiyaya dəmir yolunun açılması ərəfəsindəyik. Bakı-Rəşt dəmir yolunun da tikintisi aparılacaq. Ümumiyyətlə götürəndə həm ölkə daxili, həm də beynəlxalq əhəmiyyətli layihələr var ki, onların əksəriyyəti 2018-ci ildə reallaşacaq. Bu da Azərbaycan büdcəsinə böyük gəlirlər gətirəcək. Bununla yanaşı, böyük qlobal layihələrin icrası Azərbaycanda sabitliyin təminatçısı olacaq. Həm “Əsrin müqaviləsi”, həm Cənub-Qaz dəhlizi, həm də beynəlxalq tranzit imkanlarımızdan istifadə təbii ki, Azərbaycanın gələcək təhlükəsizliyi üçün təminat yaradacaq”.

Millət vəkili deyir ki, bu il həm də ölkəmizdə prezident seçkiləri olacaq: “Ölkə vətəndaşları düşünürəm ki, yekdilliklə prezident İlham Əliyevə səs verəcək və biz bu münasibətlə bir-birimizi təbrik edəcəyik. Çünki Azərbaycanın reallıqlarını həm dünyada tanıtdıran, həm ölkəmizi inkişaf etdirən və hamımzın fəxr etdiyi Azərbaycan məhz cənab prezidentin sayəsində olub. Düşünürəm ki, ölkə əhalisi yekdilliklə cənab prezidentə səs verəcək və 2018-ci il daha bir uğurla tarixə düşəcək”.

Günay Elşadqızı / METBUAT.AZ

Azərbaycanın 2017-ci ildə qazandığı uğurlar - Millət vəkilləri danışdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı