Azərbaycanda müəyyən hallarda uşağın ananın himayəsindən alınaraq ataya verilməsi və ananın aliment ödəməsi mümkündür. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar olmalı və həmin hallar məhkəmədə sübut edilməlidir.

Metbuat.az xəbər verir ki, hüquqşünas Tağı Hüseynov “Yeni Sabah”a açıqlamasında bu məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsində valideynlik hüquqlarından məhrumetmənin əsasları müəyyən edilib. Həmin əsaslar mövcud olduqda məhkəmə uşağın ananın himayəsindən alınaraq ataya verilməsi barədə qərar qəbul edə bilər.

Hüquqşünas bildirib ki, valideynin xroniki narkomaniya və ya alkoqolizm xəstəliyindən əziyyət çəkməsi, uşağa qarşı zorakılıq göstərməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və üzərinə düşən vəzifələri yerinə yetirməməsi belə qərar üçün əsas yarada bilər.

Bundan başqa, üzrlü səbəb olmadan uşağın doğum evindən götürülməsindən imtina edilməsi və aliment ödəməkdən qəsdən boyun qaçırılması da valideynlik hüquqlarından məhrumetmə üçün qanunda nəzərdə tutulan hallardandır.

Tağı Hüseynovun sözlərinə görə, bu cür işlərə baxılarkən məhkəmədə müvafiq halların sübut edilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda uşağın yaşı və fikrinin öyrənilməsi də nəzərə alınan məsələlərdəndir.

O qeyd edib ki, praktikada uşağın yeddi yaşına çatmasından sonra onun hansı valideynlə yaşamaq istədiyinin müəyyənləşdirilməsi məsələsi aktuallaşır. Bununla belə, uşağın fikri yeganə meyar deyil. Məhkəmə qərar qəbul edərkən qanuni əsasları, təqdim olunan sübutları və uşağın mənafeyini qiymətləndirir.

Hüquqşünas vurğulayıb ki, uşaq atanın himayəsinə verildikdə ananın da aliment ödəmək öhdəliyi yarana bilər. Bu halda ata məhkəməyə müraciət edərək uşağın saxlanılması üçün anadan aliment tutulmasını tələb edə bilər.

“Valideynlərin hüquq və vəzifələri bərabərdir. Kişilərə şamil olunan hüquqi vəzifələr qadınlara da aiddir. Necə ki, ata uşağın saxlanılması üçün aliment ödəməlidir, eyni qaydada uşaq ananın deyil, atanın himayəsində olduqda ana da aliment ödəməlidir”, – deyə Tağı Hüseynov bildirib.