Azərbaycanın 2017-ci ildə qazandığı uğurlar - Millət vəkilləri danışdı

2017-ci ilin bitməsinə 2 gün qalıb. Bu il ərzində Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib, ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edən layihələrə imza atıb. Bu ili Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə “İslam Həmrəyliyi” ili elan edib. Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilib, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb.

İl ərzində hansı işlər görülüb, Azərbaycan hansı uğurlar qazanıb, hansı nailiyyətlərə imza atıb – bütün bunları millət vəkillərimiz Metbuat.az-a şərh edib.

Millət vəkili Ziyad Səmədzadə: 2017-ci ildə bütövlükdə dünya iqtisadiyyatı ağır sarsıntılar altında inkişaf edib. Siyasi gərginliklər, dünyanın ayrı-ayrı regionlarında baş verən konfliktlər bütövlükdə dünya iqtisadiyyatına da öz təsirini göstərir. Ölkəmiz Qərbin mərkəzidir, strateji məkanında yerləşir. Azərbaycan dövlətinin apardığı düşünülmüş iqtisadi siyasət, qlobal risklərin nəzərə alınması ölkənin daxilində ictimai-siyasi sabitliyin qorunması və s. bütün bu amillər iqtisadiyyatımızı qlobal risklərdən qorumağa imkan verdi. Hər il dünyanın bütün ölkələrində ilin yekunları qiymətləndirilir. Birmənalı şəkildə deyə bilərəm ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu olub. Ona görə ki, bu il Azərbaycan iqtisadiyyatı özünün gələcək inkişafı üçün bazasını xeyli möhkəmləndirib. İqtisadiyyatın inkişafına istər daxili, istər xarici missiyaçıların sayını xeyli artırıb. Azərbaycan dövləti irimiqyaslı layihələrdə inkişafını uğurla davam etdirir. Əməkdaşlıq etdiyimiz ölkələr qarşısında heç bir problemimiz yoxdur. Dünyanın ən yüksək reytinq agentlikləri Azərbaycanda iqtisadiyyatın rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirib. Biz artıq bütün ölkələr içərisində bu göstəriciyə görə 35-ci yerdəyik. Başlıca cəhətlərdən biri ondan ibarətdir ki, bu dövrdə Azərbaycan irimiqyaslı dünyəvi layihələrə imza atıb. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yoludur. Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində bu layihə baş tutdu. Bu layihə Azərbaycana çox böyük dividentlər gətirəcək. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıracaq, çünki burada əsas oyunçu ölkəmizdir. Azərbaycan bu layihənin işlənməsi üçün var qüvvəsi ilə çalışdı və Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu yolun istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi də beynəlxalq aləmdə nüfuzunu artırır. Eyni zamanda, dəmir yolu, hava, avtomobil, dəniz nəqliyyatının sistemli şəkildə bir-biri ilə əlaqəli inkişafı Azərbaycan iqtisadiyyatında nəqliyyat amilinin rolunu artırır. Cənab prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında bildirib ki, bu layihə uzun müddət Azərbaycan dövlətinin, xalqının inkişafına xidmət edəcək. Bu layihə Azərbaycan-Türkiyə, Azərbaycan-İran, Azərbaycan-Rusiya, Şərq ölkələri ilə əlaqələrimizin yeni şəraitdə daha da təkmilləşməsi üçün əsas yaradır.

Digər tərəfdən, Azərbaycan dünyanın neft şirkətləri ilə iri müqavilələr bağlayıb və həmin layihələr müvəffəqiyyətlə həyata keçirilir. Bu il də yeni “Əsrin müqaviləsi” bağlandı. Bu müqavilənin reallaşması onu göstərir ki, Azərbaycanın neft strategiyası düzdür. Azərbaycanın energetika sahəsində atdığı addımlar, həyata keçirdiyi layihələr bu sferanın da inkişafını təmin edəcək. Artıq müəyyən olundu ki, “Şahdəniz” yatağının istifadə olunması Azərbaycana neçə-neçə milyardlarla dollar pul gətirəcək. Çünki bu, eyni zamanda sübut etdi ki, Azərbaycanda iqtisadi münbit şərait var. Tarixən kapital o yerə axıb ki, orda mənfəət, sabitlik, qanunvericilik var. Azərbaycan dünyadakı neft şirkətləri ilə bu qədər işləyib, amma heç vaxt qəbul olunmuş qanunlarda dəyişiklik edilməyib. Sahibkarlar investorlara əmindilər, bu da Azərbaycanın ən böyük nailiyyətlərindən biridir. 2017-ci ildə Azərbaycanın ən böyük uğurlarından biri ölkədə qeyri-neft sektorlarının inkişafıdır. Sənaye parklarının, sənaye məhəllələrinin yaradılması, ənənəvi kənd təsərrüfat sahələrinin yaradılması, inkişafı, kənddə qaynar həyatın bərpası, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi kredit götürmüş sahibkarlara işlərini qurmaq üçün dəstəyin verilməsi və s. bunlar ölkədə təbii ki, münbit şərait yaradıb.

Təbii ki, burada ilin yekunundan danışarkən sosial məsələləri də qeyd etmək lazımdır. Onu da deyə bilərəm ki, heç bir sosial layihə saxlanılmadı, bütün sosial layihələr gücləndi. Bu ilin vacib məsələlərdən biri ondan ibarətdir ki, regionlarımızda irimiqyaslı tədbirlər keçirildi, istər xarici, istərdə də daxili siyasətdə iqtisadi proseslərin dövlət tərəfindən tənzimlənməsi Azərbaycan iqtisadiyyatı üçün geniş imkanlar açır. Bütövlükdə yekunlaşdırsaq, onu deyə bilərəm ki, 2017-ci il 2018-ci il üçün geniş imkanlar yaradıb. Xalqımız gələn il Azərbaycan Xalq Cümhurriyətinin yaradılmasının 100 illiyini qeyd edəcək. Bu münasibətlə xalqımızı təbrik edirəm. Əminəm ki, 2018-ci ilin uğurları bu ilkindən də böyük olacaq.

Millət vəkili Elman Məmmədov: 2017-ci ildə bütün sahələrdə uğurlarımız çox oldu, siyasətdə, diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə, idmanda və s. Beynəlxalq təşkilatlardakı fəaliyyətimizdə də uğurlarımız oldu. Son dövrlərdə Avropa İttifaqının qəbul elədiyi sənədlər uğurlu oldu, məsələn, ərazi bötüvlüyümüzlə bağlı. İqtisadi inkişafımız, büdcə gəlirlərinin artımı, sosial sahədə görülən işlər, əhalinin sosial rifahının yaxşılaşdırılması, qaçqınların və məcburi köçkünlərin təminatı ilə bağlı görülən işlər, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Bakı və Sumqayıt ətrafında nə qədər binalar tikilib məcburi köçkünlərin istifadəsinə verildi, Tərtər ərazisində böyük bir qəsəbə istifadəyə verildi, xarici siyasətimizdə gözəçarpan irəliləyişlərimiz oldu. Cənab prezidentin apardığı xarici və daxili siyasətin nəticəsi oldu ki, Azərbaycan 2017-ci ildə həm daxili stabilliyini qoruyub saxlaya bildi, həm xarici siyasətində, diplomatiya sahəsində uğurlar əldə olundu. Hüquqi müstəvidə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müəyyən sənədlərin qəbul olunmasına nail olduq. İqtisadiyyatımızın bütün istiqamətlərdə şaxələndirilməsi, büdcəmizin neft-qaz gəlirlərindən asılılığı xeyli dərəcədə azaldıldı, yoxsulluğun səviyyəsi xeyli dərəcədə aşağı düşdü. Bunlar hamısı 2017-ci ildən bizə qalan xoş təəssüratlardır.

Ancaq bir məsələni xüsusilə qeyd eləmək istəyirəm. 2017-ci ildə torpaqlarımızın işğaldan azad olunması istiqamətində görülən işlərdə düşmənin qeyri-konstruktiv mövqe tutması nəticəsində, beynəlxalq qurumların onlara qarşı mövqesiz, ədalətsiz, prinsipsizliyi nəticəsində irəliləyiş əldə edə bilməmişik. Bu da bizi təəssüfləndirir. Çünki cənab prezidentin də dediyi kimi, bizim qarşımızda duran bir nömrəli məsələ Dağlıq Qarabağ məsələsinin həll olunması, ərazi bütövlüyümüzün təmin olunmasıdır. Bu istiqamətdə 2017-ci ildə uğur əldə edə bilmədik. Yəni, bütün danışıqlar, görüşlər nəticəsiz oldu. Ümid edək ki, 2018-ci il bizə bu istiqamətdə müəyyən qədər sevinc gətirəcək.

Millət vəkili Fəzail İbrahimli: Bu il ölkəmiz bir çox uğurlara imza atıb. Uzun illərdir davam edən sabitlik bu il özünü ən yüksək səviyyədə göstərib. Ölkənin varı-dövləti, qəniməti kimi ən çox qəbul elədiyi və bununla da qürur duyduğu, müstəqilliyin ən böyük göstəricisi olan siyasi sabitlikdir. Dünyanın bir çox yerində baş verən dağıdıcı meyarları, beynəlxaq aləmdə demokratiyanı dərs kimi keçən dövlətlərdəki problemləri, Yaxın Şərqdə baş verən hadisələri gördükcə siyasi sabitliyin qədrini-qiymətini daha yaxşı bilirik. Bakı-Tbilisi-Qars dəmir yolunun açılması mən deyərdim ki, vaxtilə Avrasiyada mövcud olan, qurulmuş türk xəttinin bərpasıdır. Son illər türk dünyası pərən-pərən düşüb, dövlətlər arasında böyük sədlər meydana gəlib. Bakı-Tbilisi-Qars dəmir yolu həmin türk xəttinin bərpasına xidmət edən çox ciddi addımlardan biridir, mən hələ bunun iqtisadi, mənəvi tərəflərini demirəm. Qırılmış xəttin bərpası Azərbaycanın ən böyük uğurlarından biridir.

Azərbaycan regionun qüdrətli dövləti olmağa davam edir. Artıq dünya dövlətlərinin siyahısında enerji daşıyıcısı kimi tanınır. Regionda hər hansı bir addım atılırsa, təbii ki, bura Azərbaycan da daxil olur. Dövlətlərlə münasibətdə daha ciddi addımlar atılır, münasibətlər qaydaya düşür. Dağlıq Qarabağ məsələsində ciddi uğurlar əldə etməsək də, Avropa İttifaqının daima Azərbaycana qarşı qərəzli mövqeyindən fərqli olaraq, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsini də uğur hesab etmək olar. Azərbaycanın üzərinə götürdüyü uzunmüddətli siyasi kurs davam edir, ölkəmiz günü-gündən inkişaf edir, istər siyasi, istərsə də digər sahələrdə kifayət qədər uğurlarımız var. Allah bunu bizə çox görməsin. Qarşıdan gələn bayram münasibətilə hər bir azərbaycanlını ürəkdən təbrik edirəm.

Millət vəkili Musa Qasımlı: Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 2017-ci ildə dövlətimizin daxili və xarici siyasətinin faydalı olduğu qənaətindəyəm. Dövlətimizin beynəlxalq mövqeləri güclənib, nüfuzu artıb. XXI əsrin neft kontraktı imzalanıb, Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. Ölkəmiz bir sıra beynəlxalq toplantıların keçirildiyi məkana çevrilib. “İslam Həmrəyliyi” ili çərçivəsində xeyli işlər görülüb və s. Hesab edirəm ki, prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət davam etdirilməlidir.

Millət vəkili Rəfael Cəbrayılov: Azərbaycanın dövlət olaraq siyasi uğurlarından bəhs edəndə ilk növbədə gözümüzün qabağına Dağlıq Qarabağ probleminin həlli gəlir. Bu ümumiyyətlə birbaşa bizim xalqın vətənpərvər keyfiyyətlərilə bağlıdır. Baxmayaraq ki, Dağlıq Qarabağla bağlı məsələ öz həllini tapmayıb, amma bu istiqamətdə də müəyyən irəliləyişlər olub. Azərbaycanın beynəlxalq aləmdə uğurlarından danışsaq, ilk növbədə 2017-ci ildə mövqelərimizin daha da möhkəmlənməsini vurğulaya bilərik. İstər bütün regionda, istərsə də beynəlxalq miqyasda Azərbaycanın mövqeləri daha da möhkəmlənib. Elə götürək İstanbulda İslam ölkələrinin Zirvə toplantısını. Azərbaycan bir daha sübut elədi ki, o, dünyəvi dövlət olmaqla yanaşı, eyni zamanda, İslam prinsiplərinə sadiqdir və müsəlman ölkələrinin vahid ailəsinin, onların vahid mövqeyinin formalaşmasında maraqlıdır. Eyni zamanda, beynəlxalq konfliktlərin beynəlxalq hüquq normaları ilə mənəvi, insani dəyərlər çərçivəsində həllinin tərəfdarıdır. Bundan başqa, Azərbaycanın həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə xarici siyasətin uğurları kimi qeyd edə bilərik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı çox böyük bir hadisə idi ki, bu da 2017-ci ilə təsadüf elədi. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında çox mühüm bir addım idi. Azərbaycanın 2017-ci ildə məruz qaldığı ikili standartlar baxımından haqsızlıqlar olub. Elə götürək Azərbaycanın bu il Avropa Şurası ilə münasibətlərinin kəskinləşməsi məsələsi. İkili standartların çox bariz nümunəsinə rast gəldik. Amma buna baxmayaraq, Azərbaycan öz mövqeyindən geri çəkilmədi. Ölkə başçımız başda olmaqla nümayəndə heyətimiz vurğuladı ki, biz islahatları, Azərbaycanın demokratik inkişaf yolunda irəliləyişini xarici qüvvələrin, dövlətlərin gözünə görüntü kimi göstərmək üçün etmirik. Bu, Azərbaycan dövlətinin mahiyyətindən, siyasətindən, xalqın özünün istəklərindən irəli gələn bir məsələdir və ölkəmiz bu yoldan geri dönməyəcək.

Azərbaycan prezidentinin BMT Təhlükəsizlik Şurasının sessiyasında çıxışı çox böyük beynəlxalq hadisə idi. Azərbaycan BMT-nin bir nömrəli beynəlxalq orqan olaraq artıq köhnəldiyini, struktur islahatlarına ehtiyac olduğunun zərurətini çox kəskin şəkildə ortaya qoyan bir dövlət kimi çıxış elədi. Bildiyiniz kimi, orada ən kəskin çıxış Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın oldu. Yəni BMT-nin təcili olaraq struktur islahatlarına məruz qalmasının zəruriliyini vurğuladılar. Bu, vacib bir məsələdir, çünki BMT Təhlükəsizlik Şurasının çərçivəsində beynəlxalq konfliktlər, beynəlxalq münaqişə ocaqları, beynəlxalq toqquşmalar həll edilməlidir. Baxmayaraq ki, heç də ədalətli mövqe tutmurlar. Düşünürəm ki, 2017-ci il Azərbaycan üçün uğurlu il olub. Amma bununla yanaşı, ölkə daxilində bütün dünyada olan iqtisadi böhran sözsüz ki, dünyanın bir parçası olan Azərbaycana da təsir edir. Azərbaycan bu istiqamətdə əlindən gələni edir. Mən heç də iddia etmək istəmirəm ki, görülən tədbirlər böhranın əsaslı şəkildə aradan qaldırılmasına xidmət edib. Amma bu istiqamətdə işlər aparılır və artıq ilkin nəticələr də əldə olunub. Bildiyiniz kimi, Strateji Yol Xəritələrinin də artıq ilkin nəticələri ortadadır. Düşünürəm ki, Azərbaycan üçün təkcə Dağlıq Qarabağ məsələsinin həllindən başqa, bir dövlət olaraq beynəlxalq aləmdə mövqeyinə nəzər yetirsək, bu il Azərbaycan üçün uğurlu olub. İnanıram ki, növbəti il daha da yaxşı olacaq. İstər beynəlxalq, istərsə də ölkədaxili münasibətlər, istər dövlət büdcəsinin konkret xərcləri baxımından Azərbaycan üçün uğurlu olacaq. Zaman istər Qarabağ problemi ilə bağlı məsələ olsun, istər İslam dünyasının, istər tərəqqipərvər bəşəriyyətin, istərsə də xeyrin şər üzərində qələbəsi baxımından Azərbaycanın xeyrinə işləyir.

Millət vəkili Aydın Hüseynov: İlbəil Azərbaycanın siyasi və iqtisadi uğurları daha da artır. Bu da cənab prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsindədir. Ən böyük uğurlarımız ondan ibarət idi ki, Azərbaycan “İslam Həmrəyliyi” ilində İslam dəyərlərinin daha bir formasını ortaya qoydu. Azərbaycan tolerant bir ölkə olduğunu və İslam dəyərlərinə qiymət verdiyini, dini dözümlülüyün nümunəsi olduğunu ortaya qoydu. Digər tərəfdən, ölkəmizin böyük siyasi nüfuzundan əlavə, iqtisadi uğurları da az olmadı. Əgər 2016-cı il islahatlar ili kimi səciyyələndirilirdisə, 2017-ci il həyata keçirilən iqtisadi islahatların nəticəsi kimi səciyyələndirilir. Manatımızın möhkəmlənməsi prosesi getdi, Azərbaycanın qarşısına qoyduğu ən böyük islahatlardan biri ixrac yönümlü rəqabətli məhsulların istehsal olunması idi. Bu yöndə də çox böyük işlər görüldü. Təsadüfi deyil ki, valyuta ehtiyatlarımız 4 milyarddan çox artıb.

Digər tərəfdən, “Əsrin müqaviləsi” ilə bağlı 2050-ci ilə qədər davam edəcək yeni müqavilə imzalandı. Bu da Azərbaycanın etibarlı tərəfdaş olduğunun və üzərinə götürdüyü öhdəliklərin yüksək səviyyədə yerinə yetirməsinin nəticəsi idi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı isə ümumiyyətlə təkcə Azərbaycan və region üçün yox, mübaliğəsiz olaraq, Avropa və Asiya üçün çox önəmli bir layihədir. Bu da Azərbaycan prezidentinin siyasi kursunun təntənəsi idi. Bizim bütün bu uğurlarımız beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının hesabatlarında da əksini tapdı. Ötən il biz Davos İqtisadi Formunun hesabatında 37-ci sırada idiksə, bu il 35-ci sırada yer tutaraq, iki pillə irəliləyib. Eyni zamanda, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun hesabatlarında Azərbaycan islahatlı, eyni zamanda rəqabət qabiliyyətli ölkə kimi səciyyələndirilib. Ölkəmizə çoxlu miqdarda investisiya qoyuluşu ilə bağlı proseslər həyata keçirildi. Qanunvericilik bazasının iqtisadi sektoru əhatə edən yeni qanunlar qəbul olundu. Bu kimi hadisələrlə ölkəmiz uğurlara imza atıb.

Millət vəkili Fazil Mustafa: “İslam Həmrəyliyi” ilində Azərbaycan kifayət qədər ciddi işlər gördü. İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən tutmuş müxtəlif konfransların, təbliğat tədbirlərinin keçirilməsi müsbət bir haldır. Azərbaycan həm də bu istiqamətdə digər ölkələrin Qüds və digər mühüm məsələlərlə bağlı iştirak elədiyi tədbirlərdə aktiv rol aldı. Hesab edirəm ki, bu məsələlərdə Azərbaycanın mövqeyi çox aydındır. Həmrəyliyin irəliləməsi baxımından Azərbaycanın böyük töhfəsi olub. Müsəlman dünyasında mövqe qazanmaq çox çətindir, çünki parçalanmış durumdadır. Müsəlman dünyasının özünün prinsipləri də bəlli deyil. Amma bütövlükdə hansısa işğalçı, müsəlmanları qətlə yetirənlərlə kimsə dostluq edir, kimsə onlarla daha yaxın əlaqədədir. Bu kimi faktorların qarşısında həmrəyliyi artırmaq çox çətindir. Amma Azərbaycan öz mövqeyini gücləndirib. Öz prinsiplərinə sadiq ölkə kimi hamıya özünü nümunəvi ölkə kimi təqdim edib.

Millət vəkili Azər Badamov: 2017-ci ili artıq başa vurmaq üzrəyik. Başa vurduğumuz il siyasi, iqtisadi və beynəlxalq siyasətində böyük uğurlarla yadda qalıb. İlk olaraq siyasi müstəvi Azərbaycanda qorunub saxlanıb və ölkəmiz mühüm siyasi tədbirlərə ev sahibliyi edib. Dünya siyasətində həmrəyliyin, sülhün yaradılması istiqamətində öz töhfəsini verib. 2017-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri güclənib. Bu ili cənab prezident ölkəmizdə “İslam Həmrəyliyi” ili elan edib. Bu il Azərbaycanda İslam Həmrəyliyi oyunları keçirildi, ölkəmizə İslam ölkələrindən çoxlu sayda idmançılar gəldi. Bu təkcə idman yarışı deyildi, həm də siyasi tədbir idi. Islam dünyasını birləşdirmək kimi siyasi əhəmiyyət daşıyırdı, müsəlman ölkələrini birliyə dəvət edirdi. Ölkəmizin iqtisadi həyatında da uğurlu il olub. İqtisadi uğurların təməlində ölkəmizdə 2017-ci ilin əvvəlindən başlayan iqtisadi islahatlar dayanır. Bu il Azərbaycanın iqtisadi həyatında islahatlar ili kimi yadda qalıb. Yanvarın 1-dən iqtisadiyyatın əsas 11 sektorunu əhatə edən Strateji Yol Xəritələrinin həyata keçirilməsinə başlanılıb. Azərbaycan dinamizmini qoruyub saxlayaraq dinamik inkişafa doğru irəliləməyə başladı. 9 ayın iqtisadi göstəriciləri də bunu deməyə imkan verir. Yəni biz iqtisadi göstəricilərin statistikasına nəzər salsaq görərik ki, ölkəmiz 9 ayı 2,8% iqtisadi artımla yekunlaşdırıb. Ilin nəticələrində 4% artım gözlənilir. Sənaye istehsalında 1%, kənd təsərrüfatı sahəsində 2,6% artım olub və ilin sonuna qədər kənd təsərrüfatı sahəsinin 4% artımla yekunlaşacağını gözləyirik. Manatın məzənnəsi sabit qaldı, çoxlu sayda infrastruktur layihələri həyata keçirildi, regionlarda 40 kənd yolu layihəsi çərçivəsində yüzlərlə kəndi birləşdirən yollar çəkildi, su-kanalizasiya xidmətlərinin çəkilməsi istiqamətində regionlarda çoxlu sayda sosial layihələr icra olundu. Olimpiya Komplekslərinin tikilməsi, məktəblərin tikilməsi və s. elə bir sahə olmadı ki, orada dəyişiklik, yenilik olmasın.

Təbii ki, bütün bunlara diqqət yetirəndə görürük ki, 2017-ci il uğurlu il olub. Bu il Parlament həyatında da uğurlu il olub. Parlamentdə ölkə iqtisadiyyatına töhfələr verən yüzlərlə qanun layihəsi müzakirə olunaraq qəbul edilib. Məsələn, turizm haqqında qanun. Bilirsiniz ki, turizm ölkəmiz üçün prioritet sahədir. Bu sahənin müəyyən olunmuş normativlərlə, qanunlarla tənzimləməklə beynəlxalq qurum səviyyəsinə çıxarmaq üçün böyük imkanlar açan qanundur. Sahibkarlıq subyektlərində 2021-ci ilə qədər vergi yoxlamalarının dayandırılması ilə bağlı qanun imzalandı. Bu da sahibkarlarımız üçün yeni imkanlar yaradır. İnvestisiya təşviqi ilə bağlı qanunlar qəbul olunub. Bütün bu qanunlar təbii ki, ölkəmizdə sahibkarlığın inkişafına xidmət edəcək qanunlardır. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmışdı və bu illər ərzində Azərbaycan iqtisadiyyatının güclənməsinə, inkişafına xidmət edən müqavilə öz fəaliyyətini 2017-ci ildə başa vurub. Cənab prezidentin təşəbbüssü ilə bu müqavilə yenidən imzalandı və müddətinin 2050-ci ilə qədər birgə istifadəsi haqqında müqavilə təsdiq olundu. Bu, Azərbaycanın uğuru idi. Ən əsas da odur ki, yeni təsdiq olunmuş “Əsrin müqaviləsi” Azərbaycanın maraqlarına daha uyğun, daha yaxşı ifadə olunub. İlin uğurları ilə bağlı çox danışmaq olar. Elə bir sahə olmayıb ki, o sahədə uğurumuz olmasın. Ona görə də 2017-ci il bizim uğurlu ilimizdir. 2018-ci ilə də 2017-ci ilin uğurları ilə gedirik. Düşünürəm ki, 2018-ci ildə də böyük layihələrə imza atılacaq, böyük uğurlarımız olacaq. Həm siyasi arenada, həm də iqtisadi məkanımızda. Bilirsiz ki, 2018-ci il milyarddan çox maliyyə tutumlu layihələrin açılışı gözlənilir, regionlarımızda gələn il də sənayə zonalarının açılışı ola bilsin ki, həyata keçsin. Bütün bu görüləcək layihələr Azərbaycanın gələcək istiqasiyyatını təmin edəcək. Bir neçə gündən sonra Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il gəlir. Bu gözəl bayramlar münasibətilə sizin saytınız vasitəsilə xalqımızı təbrik edirəm, arzu edərdim ki, bütün soydaşlarımız harada olmağından asılı olmayaraq həmrəy olsunlar. Bizim bircə vətənimiz var, o da Azərbaycandır. Hamımız çalışmalıyıq ki, ölkəmiz inkişaf etsin, güclənsin. Ümid eliyək ki, 2018-ci il bu istiqamətdə bizə müəyyən qədər sevinc gətirəcək. Biz də çalışmalıyıq ki, bu istiqamətdə öz töhfələrimizi verək.

Günay Elşadqızı / METBUAT.AZ

25 ildir həll olunmayan münaqişə - Məsələnin həllinə mane olan nədir?


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı