25 ildir həll olunmayan münaqişə - Məsələnin həllinə mane olan nədir?

Dağlıq Qarabağ münaqişəsinin başlamağından, torpaqlarımızın azad olunmasından artıq 25 ilə yaxın vaxt ötür. Azərbaycan məsələnin sülh yolu ilə həllinin tərəfdarı olsa da, lakin Ermənistan uzun illərdir ki, danışıqlar prosesini uzadır.

2016-cı ilin aprelində 4 günlük müharibə nəticəsində Azərbaycan ordusu işğalda olan ərazilərimizin bir hissəsini azad edib. Daha sonra yenidən atəşkəs elan edilib və danışıqlar prosesi davam edib, ancaq təəssüf ki, nəticə əldə edilməyib. Münaqişənin həlli niyə bu qədər uzanır, məsələni həll etməyə qoymayan amillər nələrdir, bunları politoloqlarla müzakirə etmişik.

Politoloq Mübariz Əhmədoğlu Metbuat.az-a açıqlamasında hadisənin tarixini izah edərək bildirib ki, bu geosiyasi məsələdir: “Dağlıq Qarabağ məsələsi dünyanın ən ciddi geosiyasi qarşıdurmasının həllinə yönəlmiş bir məsələ idi. Bizim ictimaiyyətdə Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə bağlı kökündən səhv təsəvvür var. Hamı elə düşünür ki, Dağlıq Qarabağ münaqişəsini Rusiya başlayıb, ancaq bu yanlış söhbətdir. Əslində Dağlıq Qarabağ məsələsi Amerikadakı ermənilər vasitəsilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Reyqan və digərlərinin hazırladığı plan əsasında başladılar ki, SSRİ-ni dağıtsınlar. SSRİ o zaman həm çoxmillətli dövlət idi, həm də iqtisadiyyatda geriləmə var idi. Mixail Qorbaçovun müşaviri, milliyətcə erməni Arkadeviç Aqambeçyan SSRİ-nin iki ağrılı problemini, həm iqtisadi geriliyin, həm də milli məsələdə olan problemi birləşdirib və nəticədə Dağlıq Qarabağ məsələsi yaranıb. Təsəvvür edin, Aqambeçyan belə təqdim edib ki, SSRİ boyda dövlətin iqtisadi probleminin həll eləməkdən ötrü guya Dağlıq Qarabağı Azərbaycan SSRİ-dən alıb, Ermənistan SSRİ-nin tərkibinə qatmaq lazımdır. Ermənilər o qədər öndə idilər ki, adi cəfəng sözün də qəbul edirdilər. Çünki arxalarında Amerika durmuşdu. Bir məsələ də var ki, Moskvada da ermənilər çox aktiv idi. Onlar rusları aldadıb, həm özlərinin, həm də Amerikanın planına tərəf çəkmişdi. Bu izahı ona görə verdim ki, biləsiz, Dağlıq Qarabağ problemi yeganə problemdir ki, bunun kökündə geosiyasət dayanır.

Geosiyasət dayandığı üçün hesab edin ki, hamısı ermənilərə vəd veriblər. ABŞ ermənilərə vəd verib ki, nə edirsiniz edin, axıra qədər arxanızda dayanacıyıq, Avropa İttifaqının 1987-ci ildən bu yana iki qətnaməsi var, həm Qarabağda başlanılan ermənilərin separatçı hərəkatına milli azadlıq hərəkatı adı verərək dəstəklədilər, həm də Türkiyəyə qarşı “erməni soyqırımı”nı tanımaqla bağlı müəyyən addımlar atdılar. Fransa ermənilərə hər cür vəd verdi, Böyük Britaniya da, Avropanın digər dövlətləri də vədlər verdi. Bircə, bildiyim qədərilə Almaniya vəd verməyib. O cümlədən Amerikanın Rusiyada ələ aldığı adamlar da Rusiya hökuməti adından ermənilərə vəd verdilər. İndi vəziyyət elədir ki, nə Amerika, nə Rusiya, nə də Avropa ermənilərdən tələb edə bilir ki, sən hüququ pozmusan. Ona görə tələb edə bilmirlər ki, Ermənistanın əlində ABŞ-ın, Fransanın, Avropa İttifaqının, Rusiyanın rəsmi sənədi var. Onlar Ermənistandan artıq-əskik söz tələb edəndə ermənilər deyirlər “açıb ortalığa tökəcəm ki, sən mənə demisən ki, get Azərbaycanın başına bu oyunu aç”. Bu, geosiyasi münaqişə olduğu üçün həmin böyük dövlətlərin dilləri gödəkdir, ermənilərə heç bir söz deyə bilmirlər. Müharibənin başlanmasının və həll olunmamasının ən əsas səbəbi budur. Təbii ki, bizim özümüzün daxilimizdə baş verənlər də müəyyən qədər rol oynayıb. Doğrudan da Dağlıq Qarabağ söhbəti gedəndə hökmən Azərbaycanın daxilində bir şey baş verib. Ya Amerikanın, ya Böyük Britaniyanın, ya Rusiyanın rolu ilə. Ancaq Heydər Əliyev gələndən sonra ölkədə hərbi müxalifətçi ilə siyasi müxalifətçi ayrılanda onda artıq daxildə baş verənlər proqnozlaşdırılan, idarə edilən istiqamətdə getdi. Eləcə də münaqişənin bu vaxta qədər uzanmasının ən vacib səbəblərindən biri ən yaxın hesab etdiyimiz qonşu dövlətlərdədi. Türkiyənin o dövrdəki prezidenti Turqut Özal ölkələrimiz arasında təriqət fərqini ortaya atmışdı. Amma əgər Turqut Özal Dağlıq Qarabağ məsələsinin təzə başlandığı dövrdə NATO-ya, Amerikaya bir kəlmə sərt tələb kimi qoysaydı, bəlkə də məsələ çoxdan həll olunmuşdu.

İran isə ümumiyyətlə Azərbaycanın müstəqilliyini tanımaq istəmirdi. Dəqiq təsdiq olunmuş məlumatlara görə, o zaman İranın xarici işlər naziri olan Əli Əkbər Vilayəti 4 il gedib Moskvada oturub ki, Rusiya Azərbaycanın müstəqilliyini tanımasın. SSRİ dağılanda BMT belə bir qayda qoydu ki, Rusiya hansı SSRİ ölkəsinin müstəqilliyini tanıyacaqsa, dərhal da BMT onun müstəqilliyini tanıyacaq. Doğrudan da bu sxem üzrə getdi. Məlumat da var idi ki, o zaman Moskvanın Gürcüstandan xoşu gəlmirdi deyə müstəqilliyini tanımadı, ona görə BMT də uzun müddət Gürcüstanın müstəqilliyini tanımadı. Amma Azərbaycan və digər dövlətlərin müstəqilliyini Rusiya dərhal tanıdı, ona görə BMT də tanıdı. 1992-ci ilin fevral-mart aylarında Gürcüstanı çıxmaq şərtilə bütün dövlətlərin müstəqilliyi tanınıb. Yəni həmin ərəfədə Əli Əkbər Vilayəti gedib 4 gün gedib Moskvada oturub ki, Moskva Azərbaycanın müstəqilliyini tanımasa, demək BMT də tanımayacaq. İranın Ermənistana olan yardımı, təxminən ABŞ-ın yardımı ilə eynidi. Müstəqillik illərində Amerika Ermənistana 2 milyard dollardan bir az artıq yardım edib, təxminən 2 milyard dollar da İran yardım göndərib. Bu parametrlər imkan vermirdi ki, Dağlıq Qarabağ problemi həll edilsin. Indi isə artıq 2017-ci il bitir, 2018-ci il gəlir”.

Politoloqun sözlərinə görə, bir neçə gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Apa-ya müsahibəsində çox maraqlı bir fikir deyib ki, Tərtərdə salınan 1170 ailəlik şəhərcik Tərtərin deyil, Ağdərənin işğaldan azad olunmuş torpağında salınıb: “Buna özünə tərif deyirsiz, ya yox, amma deyim ki, Ağdərədə tikintini aktuallaşdıran mən olmuşam. Həm əvvəlki materiallarımda, həm də 2017-ci ilin yanvarın 23-də mətbuatda çap olundu ki, Ağdərədə tikinti aktuallaşdırılmalıdır. Yəni Ağdərə Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindədir. Azərbaycan prezidentinin apardığı siyasət o qədər qüvvətlidir ki, artıq ölkəmiz heç nədən çəkinmədən Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində şəhərcik salır. İnanıram ki, yaxın vaxtlarda özümüz öz gücümüzə Dağlıq Qarabağ məsələsini həll edəcəyik”.

Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan torpaqlarının işğal altında qalmasının bir sıra səbəbləri var: “Əvvəla məlumdur ki, münaqişənin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Həmsədrlərin münaqişənin həll olunması üçün BMT qətnamələrindən irəli gələn müvafiq addımları atmırlar, ikili standartlar bu günədək davam etməkdədir. Münaqişənin həlli üçün mövcud beynəlxalq hüquq normalarına uyğun olaraq Minsk qrupunun həmsədrləri Ermənistanı işğaldan çəkindirmək üçün sanksiyalar tətbiq etməlidilər. Lakin bu sanksiyaların tətbiqi istiqamətində bu günə qədər hər hansı mövqe sərginlənməyib. Baxmayaraq ki, adekvat situasiyalarda biz ABŞ-ın da, digər həmsədr ölkələrin də müvafiq sanksiyaları tətbiq etməsinin şahidi olmuşuq. Digər fakt şübhəsiz ki, Rusiya amilidir. Rusiya həmsədr dövlətdir, eyni zamanda Ermənistanın hərbi-siyasi mütəffiqidir. Rusiya faktoru münaqişənin ədalətli şəkildə həllinə imkan yaratmır. Rusiya regiondakı geosiyasi maraqlarını qorumaq üçün Ermənistan faktorundan hələ də istifadə edir. Münaqişələr yolu ilə özünün Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışır. Əsas amillər bundan ibarətdir”.

E.Mirzəbəyli bildirib ki, məsələnin müharibə yolu ilə həllinə gəldikdə isə şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarını işğaldan azad etmək iqtidarındadır: “Lakin münaqişənin yenidən alovlanması və hərbi əməliyyatların başlanması təbii, bir sıra məqamlara səbəb ola bilər ki, Azərbaycan bu istiqamətlərdə bütün ata biləcəyi addımları ümumi səpkidə hesablayır. Qənaətimə görə, yaxın dövr ərzində münaqişənin həlli istiqamətində və beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT-in Minsk Qrupunun həmsədrləri götürdükləri öhdəlikləri yerinə yetirməlidilər. Təbii ki, Azərbaycan BMT qətnamələrindən irəli gələrək, həm də BMT nizamnaməsinin 53-cü müddəasına uyğun olaraq öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayacaq”.

Politoloq Arzu Nağıyevin sözlərinə görə, münaqişənin niyə hələ də həll olunmaması sualını ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrlərindən, eyni zamanda Ermənistanın havadarlarından, ümumiyyətlə dünyada sülh prosesinə nəzarət edən Birləşmiş Millətlər Təşkilatından soruşmaq lazımdır: “Bunu ikili standartlar nümayiş etdirən, eyni zamanda lazım olanda hər bir millətin öz müqəddəratını həll etmək prinsiplərini ortaya qoyan, suverenliyi saymayan, işğalçı ordunun Azərbaycanın suveren torpaqlarını zəbt etməsinə göz yuman böyük qurumlardan soruşmaq lazımdır. Yəni məhz bunların biganəliyi, ikili standartlar, eyni zamanda BMT öz qətnamələrinin icrasının olmaması və yaxud lazım olanda hər hansı qərarlar bir günə qəbul edilsə də, 24-25 il ərzində hər hansı bir qərarın işlənmə mexanizmini hazırlamaması belə bir vəziyyətə gətirib çıxardı. Dünyada baş verən proseslərə nəzarət edən super güclərin qaçqın və məcburi köçkün məsələlərinə lazımi diqqət ayırmaması buna səbəb oldu”.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli 3 etapdan keçir: “Birincisi, məhz diplomatik yolla, ikincisi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin götürdüyü missiya, üçüncü məsələ də təbii ki, hərbi yoldur. Hərbi yola qalsa, Azərbaycan öz bütövlüyünü bərpa etmək istiqamətində çoxdan addımlar atmışdı, bunu 2016-cı ildə də göstərdi. Eyni zamanda diplomatik kanalda da problemlərin olduğu məlum məsələdir. Super güclərin bu məsələyə öz prizmasından baxması belə bir məsələni həll etməyə imkan vermir. Bunların hamısının günahını Ermənistanda və ya Azərbaycanda görmək düzgün olmazdı. Təbii ki, Ermənistan işğalçı dövlətdir, eyni zamanda onun hakimiyyətində oturan erməni separatçılarına müstəqillik sözü verən adamlardı. İndi də cinayətkar qurumlar öz hakimiyyətlərini saxlamaq üçün bu prinsipdən istifadə edirlər.

Digər məsələ ondan ibarətdir ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli Serj Sarkisyan və onun komandasının məhvi deməkdir. Məhz bununla da ictimaiyyətdə onlar müxtəlif gedişlər edirlər. Bir digər məsələ də budur ki, onların havadarları olan Rusiya kimi dövlət var. Digər dövlətlər də var ki, sönməz ocaqları saxlayaraq, müəyyən addımlar atmaq üçün bundan bir vasitə kimi istifadə edirlər. Bütün bu prinsiplərə baxanda görürsünüz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli buna görə uzanır. Bütün prinsiplərə razıyıq, təbii ki, başda ərazi bütövlüyümüz bərpa olmaqla. BMT-nin bütün qətnamələrində Azərbaycanın suverenliyi tanınır. Təsəvvür edin ki, bu gün işğalçı ordu Azərbaycan ərazilərini tərk etmir. Bizim əsas prinsipimiz budur, ondan sonra substantiv danışıqlara getmək əsas qayelərdir”.

Politoloqun sözlərinə görə, ermənilər SSRİ-i bölünəndə hər bir millətin öz müqəddəratını həll etmək prinsipindən bir qədər istifadə ediblər və Ermənistan dövləti yaradıblar: “Onlar da gözəl başa düşür ki, Azərbaycan heç vaxt imkan verməz ki, öz ərazilərində ikinci erməni dövləti yaransın. Bu da münaqişə uzandıqca həm super güclər, həm digər qurumlarda özləri üçün müsbət istiqamətdə istifadə edirlər. Lakin onlar bunu unudurlar ki, bütün böyük layihələri həyata keçirmək üçün Azərbaycanın hər cür imkanı var. Ermənilər təcrid olunmuş vəziyyətdə qalacaqlar. Digər iqtisadi qurumlar onlarla heç bir əlaqə saxlamayacaq, çünki əsas mühüm məsələ regionda stabillik və təhlükəsizlik məsələsidir. Məhz buna görə də düşünürəm ki, bu münaqişə uzanır. Münaqişənin də hərbi yolla həlli mümkündür, lakin biz yenə də sülh tərəfdarıyıq. Məlum məsələdir ki, ən mühüm hərbi əməliyyatdansa, sülhdə iştirak etmək daha mühüm məsələdir. Sadəcə olaraq, təzyiqlər vasitəsilə Ermənistan danışıqlar masasına əyləşməli və dərhal sürətli şəkildə Azərbaycanın ərazilərini tərk etməlidir”.

Politoloq Rufiz Qonaqov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çox uzun sürən münaqişələrdən biri sayılır: “Sözsüz ki, bu münaqişənin həlli ilə bağlı sülh prosesi təyin olunub ki, bu da ATƏT-in Minsk qrupudur. Münaqişənin sülh, danışıqlar prosesi çərçivəsində həlli bu quruma tapşırılıb. Ancaq çox təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələr, Rusiya, Amerika və Fransanın bu məsələdə qətiyyətli mövqeyi olmadığına görə, eyni zamanda bu münaqişə ilə bağlı işğalçı öz adı ilə çağırılmadığı üçün, BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə yerinə yetirilmədiyi üçün bu münaqişə hələ də öz həllini tapmayıb. Bilirsiniz ki, söhbət Azərbaycan və Ermənistan müharibəsinə qalarsa, ölkəmiz ən qısa zamanda öz torpağını işğaldan azad etmək iqtidarındadır. Azərbaycanın kifayət qədər güclü ordusu var və bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan dünyada artıq iqtisadi cəhətdən inkişaf etməkdə olan bir ölkədir. Ermənistan isə vassal, özünün heç bir mövqeyi olmayan, müstəqil siyasət aparmayan, asılı bir ölkədir. Ermənistan Azərbaycanla heç müqayisə belə oluna bilməz. Bu baxımdan qeyd etmək istəyirəm ki, əgər imkan versələr ki, bu məsələni özümüz həll edək, istər sülh prosesi çərçivəsində, istərsə də müharibə nəticəsində. Yadınızdadırsa, ötən ilin aprel ayında 4 günlük müharibə nəticəsində Azərbaycanın böyük bir ərazisi işğaldan azad edildi. Azərbaycan bir ayın ərzində nəinki Qarabağı, hətta hazırda Ermənistanın ərazisində olan keçmiş torpaqlarını da işğaldan azad edə bilər. Bu baxımdan Azərbaycan da onun tərəfindədir ki, məsələ sülh, danışıqlar prosesi çərçivəsində həll edilsin. Lakin əfsuslar olsun ki, bu baş vermədi”.

Politoloqun sözlərinə görə, münaqişənin uzanmasının əsas səbəblərindən biri də ikili standartlardır: “O ikili standartlar ki, beynəlxalq hüquq, beynəlxalq sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bütün dünya ölkələri tanıyır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və ərazisidir, lakin bu gün Ermənistan yerinə oturdulmur, işğalçı kimi tanınmır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili oyunlarının nəticəsidir ki, bu gün münaqişənin həllinə imkan verilmir və münaqişənin həllində rol oynamaq əvəzinə, sanki uzanmasında daha çox maraqlı görünürlər. Ötən ilin aprel ayında Azərbaycan əməliyyatları davam etdirmək əzmində idi. Çünki Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə qarşı aparılan təxribatlarından sonra Azərbaycan öz ərazilərini cavab atəşi ilə geri almaq barədə qərar qəbul etdi və Ali Baş Komandan tərəfindən əmr verildi. Azərbaycan ordusu Xankəndinə qədər gedib bayrağımızı dalğalandırana qədər müharibəni aparmaq niyyətində idi. Amma Ermənistanın Rusiya prezidentinə yalvarışları və bu məsələdə danışıqlar istəməsi nəticəsində Azərbaycan atəşkəs rejimi elan etdi və bundan sonra yenidən danışıqlar başladı. Çox təəssüflər olsun ki, bu danışıqların nəticəsi yoxdur, amma Azərbaycan prezidentinin qətiyyətli mövqeyi ortadadır. Cənab prezident İlham Əliyev qeyd edir ki, əgər münaqişə bu formada imitasiya nəticəsində uzanacaqsa, nəticəli danışıqlar olmayacaqsa, Ermənistan yenə də öz adı ilə çağırılmayacaqsa və onlara başa salınmayacaqsa ki, Azərbaycan torpaqlarından çıxıb getməlidir, onda yenidən ölkəmiz beynəlxalq hüquq normalarından istifadə etməklə, ərazi bötüvlüyünü təmin edəcək. Mənə belə gəlir ki, bu məsələ çox uzana bilməz və biz ən yaxın zamanda Azərbaycanın öz ərazilərini azad etməyinin şahidi ola bilərik. Sözsüz ki, Azərbaycan sülh danışıqlarına sadiqdir, amma bu, yenə də nəticəsiz olarsa, aprel hadisələri bu dəfə daha 4 günlük olmayacaq. Qeyd etdiyim kimi, bayrağımız bütün işğal olunmuş rayonlarımızda dalğalanana qədər Azərbaycan bu məsələdə geri çəkilməyəcək. Məsələnin mahiyyəti bundan ibarətdir ki, bunu beynəlxalq təşkilatlarda, ATƏT-in Minsk qrupunda başa düşsün. Hər halda bu yaxın zamanda məlum olacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

Əsgərimiz şəhid oldu, cavab sarsıdıcı ola bilər - Polkovnikdən açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI