Əsgərimiz şəhid oldu, cavab sarsıdıcı ola bilər - Polkovnikdən açıqlama

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, müharibə qurtarmayıb və hələ də müharibə şəraitində olan ölkəyik:

“Əli silahlı ordumuz, əsgərlərimiz, bölmələrimiz təmas xəttində torpaqlarımızı, orada olan yaşayış məntəqələrini qoruyurlar və düşmənin hər an ola biləcək təxribatının qarşısını alırlar. Düşmən tərəfin təxribatları da demək olar ki, heç dayanmır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri həmişə döyüş vəziyyətindədir, düşməni izləyirlər və düşmənin hər hansı bir təxribatı ilə bağlı qabaqlayıcı tədbirlər görərək, bunun qarşısını alırlar”.

Gündəlik atəşkəs 150 dəfədən çox pozulur

Ş.Ramaldanov əlavə edib ki, gündəlik təmas xəttindəki atəşkəsin təxminən 150 dəfədən çox pozulması onu göstərir ki, cəbhə xəttində gərginlik var və sadəcə o gərginliyi cəbhə bölgəsində, əli silahlı əsgərlər hiss edir: “Onların o qəhrəmanlığı, vəzifə borclarını yerinə yetirməsi nəticəsində respublika daxilində dinc əhali gərginliyi hiss etmir. Əlbəttə, öz vəzifə borclarını yerinə yetirərkən itkisiz də olmur. Çünki respublikanın yarıdan çox sərhədləri düşmənlə bilavasitə təmasdadır və daima oradakı əsgərlərimiz hər an təxribata can atan düşmənin qarşısını almaqla məşğuldur. Belə bir vəziyyətdə, təəssüflər olsun ki, itkimiz də olur. Müdafiə Nazirliyinin, hərbi hissələrin rəhbərliyi itkilərin minimuma endirilməsi üçün daima çalışır. Çünki gündəlik 150 dəfədən çox atəşkəs pozulur, atəşkəs pozulan yerdə itki də ola bilir. Ancaq əvvəlki illərə baxsaq, aprel hadisələrini nəzərə almasaq, təmas xəttində döyüş şəraiti aparan əsgərlərimiz arasında itkilərimizin ilbəil azaldığı müşahidə olunur. Bu cür təxribatlar da işğalçı qüvvələrin işğal olunmuş ərazilərimizdən çıxarılana və ərazi bütövlüyümüz bərpa olunana qədər davam edəcək. Təkcə o zaman bu cür təxribatlar olmayacaq. Hər halda bilirsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri istər daxildə, istərsə də təmas xəttində daima döyüş hazırlığı ilə məşğuldur. Yəni, alınan silah-sursatın öyrənilməsi, idarə olunması ilə məşğuldular. Azərbaycan ordusunda tam professionallaşma gedir. Amma itkilərin bundan sonra da olması təbiidir. Ona görə ki, düşmən daima təxribat törətməyə can atır, bizim ordumuz da daima onların təxribatının qarşısını alır”.

Hərbi ekspert Ramil Məmmədli isə Metbuat.az-a açıqlamasında bildirib ki, əslində cəbhədə gərginlik heç zaman azalmayıb, hər zaman var: “Ermənistan prezidenti Serj Sarkisyanın bu günlərdə separatçı rejimin rəhbərləri ilə görüşü və hərbi səhra geyimində həmin ərazidə olması əslində, erməni hərbi birləşmələrinin həvəsləndirilməsi, onların dəstəklənməsi anlamına gəlir. Bu səfər münaqişənin həlli ilə bağlı danışıqlarda həm həmsədrlərin fəaliyyətinə kölgə salmaq, həm də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun münaqişənin həlli ilə bağlı müsbət yeniliklərin olmasına kölgə salmaq mənası daşıyır. Serj Sarkisyan işğal altındakı Dağlıq Qarabağa sonuncu səfərində orada yerləşən hərbi birləşmələrdə Azərbaycana qarşı növbəti aqressiyanın təməlini qoymuş oldu. Azərbaycanın ərazilərinin geri qaytarılmağı ilə bağlı danışıqlara kölgə saldı və bunu, təxribat kimi dəyərləndirmək lazımdır”.

Münaqişənin həlli ilə bağlı danışıqlar intensivləşəndə, təxribatlar da artır


Ramil Məmmədlinin sözlərinə görə, Ermənistanın münaqişənin həlli ilə bağlı danışıqlar prosesi artan zaman hər zaman belə təxribatçı addımları olur: “Bu da münaqişənin həllindən yayınmaq məqsədi daşıyır. Azərbaycan əsgərinin şəhid olması çox üzücü xəbərdir və Ermənistan ordusunun işğal etdiyi ərazilərdə növbəti təxribatıdır. Əlbəttə, Azərbaycan Silahlı Qüvvələri ermənilərin növbəti təxribatını cavabsız qoymayacaq, lakin buna baxmayaraq, Ermənistan növbəti dəfə münaqişənin həllində kompromis yolunu tutmaq niyyətində deyil və yalnız masa arxasında söz verir, prosesdən yayınır.

Azərbaycan əsgərinin şəhid olmasının cəbhədə gərginliyin artıb-artmaması məsələsinə gəldikdə, bir daha qeyd edirəm, cəbhə xəttində, qoşunların təmas xəttində gərginlik heç zaman azalmayıb. Bu da bir daha onu göstərdi ki, Ermənistan hərbi birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarını sülh yolu ilə qaytarmaq fikrində deyil, bütün bu danışıqlar yalnız və yalnız işğal faktının müddətini uzatmaq məqsədi daşıyır”.

Günay Elşadqızı / METBUAT.AZ

“Avropa Məhkəməsi ermənilərin işğalçı olduğunu təsdiq etdi” - Elman Məmmədov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI