“Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin hazırladığı “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” ümumi istifadə üçün nəzərdə tutulub. Bu sözlüyə əvvəlki orfoqrafiya lüğətindəki 20 minə qədər qurama söz daxil edilməyib”.

Bu sözləri Publika.az-a açıqlamasında Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparat rəhbəri, yazıçı-tərcüməçi Yaşar Əliyev deyib.

Y.Əliyev bildirib ki, həmçinin sonuncu orfoqrafiya lüğətində 10 mindən artıq işlənməyən ərəb, fars və digər əcnəbi dillərdən alınmış və istifadə olunmayan söz yer almışdı ki, bu lüğətə daxil edilməyib:

Картинки по запросу yaşar Əliyev tərcümə mərkəzi

“Qeyd edim ki, 1929-cu ildən bu vaxtacan Azərbaycanda 6 orfoqrafiya lüğəti nəşr olunub. Nə qədər acı olsa da, mətbuat və bu sahənin mütəxəssisləri həmin lüğətlərin istifadəyə yararsızlığı barədə məsələ qaldırmayıblar. Yalnız Tərcümə Mərkəzinin bu işə başlamasından sonra məsələ aktuallaşdı. Sonuncu lüğətə gəlincə, burada sadalananlarla yanaşı mindən artıq yazılışı səhv olan, mindən artıq iki-üç variantda verilən sözlər var idi. İndiyədək çap olunmuş orfoqrafiya lüğətləri üzərində uzunmüddətli araşdırma aparıb artıq, lüzumsuz, yararsız sözləri təsnifatlaşdırdıq. Həmçinin bura əvvəlki lüğətlərdə yer almamış mindən artıq aydın, uca, qamçı, və s. kimi işlək sözlər, həmçinin piar, multikulturalizm və s. kimi terminlər daxil etdik. Lüğətdə yekun olaraq 45 min söz yer alıb”.

Y.Əliyev yeni orfoqrafiya qaydaları təsdiqlənəndən sonra Tərcümə Mərkəzinin hazırladığı lüğətdən istifadə ilə bağlı da sualı cavablandırıb:

“Lüğəti hansı prinsiplər əsasında hazırladığımızı kitabda qeyd etmişik. Yeni qəbul ediləcək qaydalar barədə isə qaydalar təsdiq ediləndən sonra fikir səsləndirə bilərik. Bu lüğət əməkdaşlarımızın iki illik gərgin əməyinin bəhrəsidir”.

Bəzi coğrafi adların sözlükdə yanlış göstərilməsi ilə bağlı iddialara gəldikdə, Y.Əliyev bununla razılaşmadığını deyib:

“Monteneqronun Çernoqoriya kimi göstərilməsinə irad bildirirlər. Əslində, oranın əhalisi ölkəni Çernoqoriya adlandırır. Deməli, hər iki variantı məqbul hesab edə bilərik”.

Gülxar