Türkiyə tarixində ilk – Müxalifətin prezidenti dəstəkləməsinin səbəbi nədir?

Xəbər verdiyimiz kimi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 2019-cu ildə keçiriləcək prezident seçkilərində öz namizədini irəli sürməyəcək. Partiya sədri Dövlət Bahçeli bildirib ki, MHP prezident seçkilərində hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.

Hakim Ədalət və İnkişaf Partiyasının toplantısı zamanı çıxış edən Rəcəb Tayyib Ərdoğan müxalifət liderinin ittifaq çağırışdan məmnun qaldığını və prezident seçkiləri ilə bağlı məsələləri müzakirə etmək üçün Dövlət Bahçelini görüşə dəvət etdiyini bildirib: “Bahçeli ilə bir araya gəlib ölkəmizin dərdləri barədə danışacıyıq. Ona indidən bəyan etdiyi dəstək qərarına görə təşəkkürümü bildirirəm”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, Türkiyədə millətçilər hər zaman dövlət mənafeyi məsələlərində çox prinsipial xətt yürüdürlər: “Bu səbəbdən müxalif partiya qismində həqiqətən də belə bir mövqe tutmaq və hazırki hakim partiya ilə əməkdaşlıq formatında əsas iddiaçılardan biri kimi öz mövqelərini geriyə qoymaq, iqtidara əl uzatmaq, onların gələcək kursunda fəal iştirak edəcəyini bildirmək bir qədər qeyri-adi hadisədir. Məhz bu səbəbdən də Türkiyə içərisində sözügedən yanaşmada bir-birindən fərqli milyonlarla mövqeləri, şərhləri, baxışları izləyə bilərsiniz. Lakin Dövlət Bahçeli kifayət qədər təcrübəli, oturuşmuş və öz ölkəsinin daxilində və xaricində baş verən hadisələri təhlil etmək qabiliyyətinə malik olan bir şəxsiyyətdir. Milliyyətçi Hərəkat Partiyasının belə mövqe seçməyinin də özünəməxsus əsasları var. Keçirilən partiyalı toplantılarda bununla bağlı izahlar son həftələrdə verilib. Bildiyiniz kimi, Ərdoğan da ona görə Bahçeliyə öz təşəkkürünü ifadə edib”.

Millət vəkilinin sözlərinə görə, söhbət birinci növbədə ondan gedir ki, Türkiyənin daxili işlər naziri bəyan edib ki, 50 minə qədər Fətullahçı həbs edilib və hansısa məsuliyyət yaradan digər işlərə görə məhkəməyə, polis orqanlarına çağırılanlardan qat-qat artıq olub, bu o deməkdir ki, Türkiyə içərisində on illər ərzində bu sistemi sümürən, Qərbin aləti olan şəbəkə kimi fəaliyyətini artıran qüvvələr hakimiyyətin qollarını sarıyıblar: “İstənilən halda bununla ölkəni içəridən dağıtmaq, parçalamaq gücü səviyyəsinə gətiriliblər. Belə olan təqdirdə, sırf müxalif olan partiya qaydasında fəaliyyət apararaq demokratik prinsiplərin bərqərar olduğu Avropa ölkələrindəki kimi davranışlar sərgiləmək, burada prinsiplərini yeritmək çox ağır nəticələrlə bitə bilər. Yəni demək istədiyim budur ki, Türkiyədə həqiqətən də qeyd etdiyim formada ziddiyyətlər az qala vətəndaş qarşıdurmasına, toqquşmalarına və silahlı müharibələrə səbəb ola bilər. Bu, 1980-ci illərdə olan dövlət çevrilişi cəhdlərindən daha fərqli bir hadisədir. Türkiyə içərisindən heç zaman bu qədər qütbləşməyə məruz qalmayıb. Bu, sıravi insanlara da öz təsirini göstərir, yəni yalnız elitar qolda, dövlətin rəhbərliyi sistemindəki çəkişmələr deyil.

Doğrudur, Ərdoğan özü bəyan edir ki, bir zamanlar Fətullah Gülənlə vahid bir harmoniya, şəbəkədə hakimiyyətə gəliblər, bunu qətiyyən danmırlar. Ancaq hər bir halda məlum dövlət çevrilişi cəhdi halında da özünü göstərdiyi kimi o vəziyyətə gəlib çatıbsa ki, Türkiyə Fətullahçı bir rejimin əli ilə Qərbin tamamilə işğalına məruz qala bilər. Belə olan halda, sən artıq müxalif mövqeyini kəmara qoymağı bacarmalısan. Düşünürəm ki, Dövlət Bahçeli də belə bir üstün mövqe ortaya qoyur, bu əslində daha artıq şəkildə milli yanaşmadır, vətənpərvər mövqedir. Hətta Ərdoğana münasibətdə çox fərqli davranış seçə bilərsən və orda haqlı olarsan, bundan söhbət getmir. Lakin mühüm siyasi böhran şəraitində sən partiyanın lideri kimi yalnız məhəlli qovğalar, firqə davaları aparmalı deyilsən, strateji düşünməyi bacarmalısan. Elə bir platforma sərgiləməlisən ki, cəmiyyətdəki vuruşmaları artırmasın, əksinə birlik yaratsın, həmrəylik doğursun, Türkiyə dövlətinin xilasını, onun möhkəmliyini, gücləndirmiş olsun. Düşünürəm ki, buna görə də MHP-nin mövqeyi təqdirəlayiqdir”.

Politoloq Elçin Mirzəbəyli də qeyd edib ki, MHP-nin bu addımı ilk növbədə Türkiyə ətrafında baş verən proseslərlə bağlıdır: “Türkiyə hazırda çətin dövrünü yaşayır. Bütün regionda baş verən hadisələr qardaş ölkəni kifayət qədər ciddi çağırışlar qarşısında qoyub. Türkiyənin ənənəvi müttəfiqləri bu ölkəyə münasibətdə ədalətli mövqe nümayiş etdirmirlər və müttəfiqlikdən irəli gələn missiyalarını yerinə yetirmirlər. Digər tərəfdən Türkiyə kifayət qədər güclü dövlətdir, böyük, tarixi dövlətçilik ənənələri var və təbii ki, regionda söz sahibi olmaq, qlobal proseslərdə aktiv şəkildə iştirak eləmək Türkiyənin də haqqıdır. Lakin uzun illərdir ki, Türkiyəni ənənəvi müttəfiqlərinin yer aldığı Avropa İttifaqına buraxmırlar və regionda siyasi, iqtisadi, hərbi baxımdan daha qlobal bir gücə çevrilməsinə qısqanclıqla yanaşırlar. Belə olduğu təqdirdə yeganə çıxış yolu da türk millətinin iradəsinə söykənməkdən ibarətdir. Bu da həm Türkiyənin indiki hakimiyyətinin siyasətidir, həm də təbii ki, Milliyətçi Hərəkat Partiyası da türk milli dəyərlərini qoruyan və bu strategiya üzərində formalaşan bir təşkilat kimi Türkiyə ətrafında baş verən hadisələri yaxşı başa düşür. İndiki şəraitdə əslində bu dəstək Ərdoğandan daha çox, Türkiyənin bütövlüyünə, birliyinə və qüdrətli bir dövlətə çevrilməsinə verilən dəstəkdir. Fikrimcə, məsələyə bu konteksdən yanaşmaq lazımdır.


Politoloq Rufiz Qonaqov da bildirib ki, Türkiyənin dövlətçiliyinə artıq son zamanlar böyük təhdidlər olur: “2016-cı ildə də buna şahid olduq, iyulun 15-də Türkiyədə hərbi dövlət çevirilişinə cəhd oldu. Bundan əvvəl də Türkiyənin dünyadakı nüfuzunun artması, mövqelərinin güclənməsi, müsəlman aləmində artıq lider ölkəyə çevrilməsi, eyni zamanda bölgədəki bütün hadisə və proseslərə nüfuz etməsi, nəinki bölgədə, eyni zamanda bütün dünyada baş verən mühüm hadisələrdə rolunun artması və NATO üzvü kimi böyük orduya malik olması müəyyən Qərb və Türkiyəni istəməyən dairələri narahat edir. Bunun üçün də Türkiyənin daxilində müxtəlif cərəyanlar, şəbəkələr yaradaraq Türkiyə dövlətini daxildən parçalamaq, zəiflətmək, dünyadakı iqtisadi inkişafına mane olmaq cəhdləri davam etməkdədir. Sözsüz ki, bu günlərdə də Türkiyədə nəyin bahasına olursa-olsun qarşıdakı seçkilərdə Rəcəb Tayyib Ərdoğanın liderliyinin qarşısını almaq, prezidentliyə namizədlik verərkən ona qarşı hər hansı namizədin ortaya çıxarılması, ümumiyyətlə bu prosesə qədər Türkiyə daxilində müəyyən qarşıdurmaların yaradılması əlbəttə ki, gözlənilən məsələlərdir. Çünki Türkiyə 15 iyul hadisələrindən çox böyük cəsarətlə, mərdliklə, xalqın öz prezidenti ilə birliyi sayəsində çıxdı. Sözsüz ki, MHP lideri Dövlət Bahçeli də bu proseslərdə dövlətçiliyin, xalqın yanında oldu. R.T.Ərdoğanın məhz yalnız o zaman xalqına üz tutması, müraciət etməsindən sonra Türkiyə xalqı ayağa qalxdı, nəyin baş verdiyini dərk etdi və baxmayaraq ki, hərbi dövlət çevrilişinə cəhd oldu, tarixdə ilk dəfə xalq öz prezidenti ilə bunun qarşısını ala bildi. Əlbəttə ki, MHP lideri bütün bunları görür, Türkiyədəki prosesləri dərindən dərk edir”.

Politoloqun sözlərinə görə, Dövlət Bahçelinin bu bəyənatı, addımı alqışa layiqdir: “Çünki Rəcəb Tayyib Ərdoğanın liderliyi, prezidentliyi ilə Türkiyə dünyada böyük söz sahibinə çevrildi, böyük iqtisadi göstəricilərə malik oldu, dünyada heç vaxt nail olunmayan qədər nüfuzu və rolu artdı. Əlbəttə ki, MHP lideri də baxmayaraq ki, müxalifət partiyasıdır, hakimiyyətə, iqtidara müxalifdir, ancaq öz xalqına qarşı müxalif deyil. O, hansısa müxalifətçilik funksiyalarını yerinə yetirərək, eyni zamanda öz xalqı ilə birlikdə xalqının dəstək verdiyi prezidentlə dövlətçiliyini qorumaqla birlikdə olduğunu nümayiş etdirir bu addımı ilə. Bu əlbəttə ki, alqışa layiq hərəkətdir, düşünürəm ki, indiki şəraitdə Türkiyənin bütün sağlam qüvvələri, sağlam qüvvələri məhz bu cür addım atmalıdır. Çünki bu, həssas anlardır. Türkiyə dövləti üçün hər hansı bir təhdidin və çətinliyin yaranmasına imkan vermək olmaz”.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək. Prezident və parlament seçkilərinin bir gündə keçiriləcəyi gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ

“Pilotlarımızın uçuş saatları postsovet məkanında birincilər sırasındadır” - Polkovnik


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI