“Pilotlarımızın uçuş saatları postsovet məkanında birincilər sırasındadır” - Polkovnik

Xəbər verdiyimiz kimi, “Flight International” jurnalı dünya ölkələrinin hərbi hava qüvvələrinin 2018-ci ilə dair hesabatını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, hesabatda vurğulanıb ki, Azərbaycanın Hərbi Hava Qüvvələri Ermənistandan üstündür. Qeyd olunub ki, Azərbaycanın “MiQ -21”, “MiQ-29” və “SU-25” tipli qırıcı təyyarələri say baxımdan Ermənistanın sahibi olduğu təyyarələrdən qat-qat çoxdur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri ancaq Hərbi Hava Qüvvələrində (HHQ) yox, digər istiqamətdə də qoşun qüvvələrilə öz üstünlüyünü təmin edib: “O ki, qaldı Hərbi Hava Qüvvələri deyə bilərəm ki, bizim HHQ böyük inkişaf yolu keçib. Birinci növbədə, prezident İlham Əliyevin qayğısı nəticəsində Hərbi Hava Qüvvələrimiz bu gün ən müasir uçuş aparatları ilə təmin olunub. O uçuş aparatları ki, bu gün dünyadakı ən müasir uçuş aparatlarına bərabərdir. Bunlar “Su-25”-lər, “Miq-29”-lar, helikopterlərdə “Mi-17”-lər, “Mi-35M”-lər, “Mi-24”-lər və s-dir. Yəni bu aparatların müasirliyinə heç bir şübhə yoxdur. Bundan əlavə, uçuş aparatları özlərini son zamanlar gedən lokal müharibələrdə də göstərib”.

Polkovnikin sözlərinə görə, bu gün Azərbaycan Hərbi Hava Qüvvələri həm say, həm də keyfiyyət cəhətdən düşmənin Hərbi Hava Qüvvələrindən üstündür və güclüdür: “Azərbaycan HHQ təyyarə baxımından 3-4 dəfə, helikopter baxımından 4-5 dəfə düşməndən üstündür. Hərbi Hava Qüvvələrimizin kadr potensialı da bu gün inkişaf yolu keçib. Bildiyiniz kimi, biz artıq pilotlarımızı öz ali məktəblərimizdə hazırlayırıq. Həmin hərbi pilotlarımız bu gün beynəlxalq uçuşlarda NATO üzvü olan Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə birgə təlimlər keçirlər. Demək olar ki, bu ənənə halını alıb və qardaş Türkiyənin pilotları Azərbaycan pilotları ilə həmin təlimlərə uyğun tapşırıqları yerinə yetirirlər, özü də ancaq Türkiyədə yox. Bilirsiz ki, Türkiyə hərbi pilotları da Azərbaycana gələrək təlimlərdə iştirak edirlər. Yəni demək istədiyim budur ki, NATO-nun ən favoriti olan Türkiyə Silahlı Qüvvələrinin pilotları ilə fəaliyyətdə olmaq Azərbaycan pilotlarının da inkişafından xəbər verir”.


Şair Ramaldanov bildirib ki, statistik məlumatlara görə, bu gün Azərbaycan pilotlarının uçuş saatları demək olar, postsovet məkanında birincilər sırasındadır: “Bilirsiz ki, pilotların praktikaları çox vaxt uçuş saatları ilə ölçülür. Uçuş saatlarına uyğun statistik məlumatlara görə, postsovet məkanında Azərbaycan 3-4-cü sırada yer tutur. Bu onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin inkişafı ilə bağlı lazım olan tədbirləri görürlər. Təyyarə parkının təkmilləşdirilməsi ilə, o cümlədən birinci növbədə o təyyarələri idarə edən pilotların profesionallığı artır. Qarabağ bölgəsi də dağlıq, meşəlik ərazidir və gələcəkdə irəliləyəcək, işğaldan azad edəcək Silahlı Qüvvələrin Quru Qoşunları Qüvvələrinin havadan dəstəkləməyin vacibliyini bilirik.

Azərbaycan Hərbi Hava Qüvvələri I Qarabağ müharibəsində iştirak edərək şəxsən ümumilli lider Heydər Əliyevin tapşırığı ilə düşmənin ehtiyatlarına havadan zərbə endirməklə onları zəiflədib və orada hücum əməliyyatından çəkindirib. Nəinki çəkindirib, hətta düşmən 1 gün ərzində 500 nəfərdən çox itki verərək, “Bişkek protokolu”na imza atmağa məcbur olublar. Yəni Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının çoxları I Qarabağ müharibəsində təcrübə qazanıb və döyüş şəraitində iştirak ediblər. Yəni demək istədiyim odur ki, indi pilotlarımızı hazırlayanlar böyük təcrübə keçmiş pilotlardır. Hansısa beynəlxalq qurumun Azərbaycan Hərbi Hava Qüvvələrinə üstünlük verməyi təbii bir haldır. Bilirsiz ki, Silahlı Qüvvələrin keçirdiyi bütün təlimlərdə Hərbi Hava Qüvvələrinin bilavasitə iştirakını və havadan zərbələrini görə bilirik, bu haqda video materiallar da var. Ona görə də Azərbaycan Hava Qüvvələri bizim qürur mənbəyimizdir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycan da Dağlıq Qarabağ məsələsində bu təcrübədən istifadə edə bilər” – Politoloqdan açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı