Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (159-cu say) təqdim edir.

Şəbnəmin 208 manat borcu, Rəqsanənin nikah kağızları, sevgilisinin aktrisanı döyməyi və gecikmiş ziyarət - HƏFTƏBECƏR

Sənət adamlarının hər cür biabırçılığını görmüşdük, qalmışdı efirə borclu olduğu insanın zəng vurmağı. Səadət adlı qadın canlı yayımda müğənni Şəbnəm Tovuzludan 208 manat borcunu istəyib. Sənətçi də eləmə tənbəllik, deyib ki, sizə ayıb olsun, mən sizə 4-5 min manat xeyir vermişəm. Ardınca əlavə edib ki, gəlib pulunu da verəcəm, cavabını da. Bu da mədəni təhdid. Məntiqə baxın e. Təsəvvür edin ki, hansısa supermarketdən hər gün bazarlıq edirsiniz. Günlərin birində 200 manatlıq bazarlıq edib, pulunu vermədən aradan çıxmaq istəyəndə, sizdən soruşurlar ki, ayə, hara gedersən, ayə? Sən də cavab verirsən ki, sizdən hər gün bazarlıq edirəm, məgər indi 200 manatlıq mal "atmağa" ixtiyarım yoxdur?

Vasif Məhərrəmliyə efirdə xatırladıblar ki, hansısa tamaşaçını söymüsən. O da deyib ki, əcəb etmişəm. Bu xəbəri şərh etmirəm, hər kəs ürəyində, yaxud da şərhlərdə etik çərçivələri qorumaq şərtiylə şərh edər.

Rəqsanə də nikah kağızını sosial şəbəkədə paylaşıb. Deyib ki, o, vətəndaş nikahında yox, rəsmi nikahda yaşayır. Təklif edərdim ki, öncəki münasibətlərinin də rəsmi nikah fotolarını paylaşsın. Sizcə mümkündürmü?

Söhbətin bu yerində yadıma düşmüşkən, olmuş əhvalatı danışım. Hörmətli, izzətli oğlanlardan biri aktrisaya (hazırda yetərincə məşhurdur) vurulur, eşqini, sevgisini, məhəbbətini etiraf edir. Söhbət rəsmiyyətə çatanda oğlanın dost-tanışı başa salır ki, bu, sənlik adam deyil. Oğlan bərk qəzəblənir. Dostları başa salırlar ki, həmin ailə qurmaq istədiyin "qız" (aktrisa) pul qarşılığında başqa insanlarla münasibət qurur. Sevgi oğlanın gözünü necə tutursa, deyilənlərə inanmır. Nəysə, uzun çək-çevirdən sonra bu "işə baxan" bir qadına zəng vurub deyirlər ki, filan aktrisayla görüşmək istəyən var. Aktrisa qiyməti və vədəni deyir. Oğlan gəlib görür ki, "görüş yeri"ndə ailə qurmaq istədiyi aktrisadır. Uzun sözün qısası, aktrisanı eşşək sudan gələnə qədər döyür. İndi həmin aktrisa görüşlərə tərəf müqabilinin fotosunu görmədən getmir. Hə, harda qalmışdıq?

Keçək günün duzsuz xəbərinə. Telli Borçalı ona gələn evlilik təkliflərindən danışıb.

Ötən həftə xalq artisti Zərnigar Ağakişiyevanın Fəxri Xiyabanda dəfn edilməməsindən yazmışdım. Eşitdiyimə görə, "Azdrama"nın bəzi aktyorları Mədəniyyət və Turizm Nazirliyindəki səlahiyyətlilərdən xahiş ediblər ki, icazə verin, heç olmasa Zərnigar xanımın nəşini teatrın pilləkənlərindən yola salaq. Buna da razılıq verilməyib. Halbuki "Azdrama" tarixində əməkdar artistin teatrın səhnəsindən götürülməsi faktı var. Ancaq məsələnin başqa bir pis tərəfi odur ki, kollektiv Zərnigar xanım torpağa tapşırıldığı gün Qubaya getmək istəmədi, yaxud gedə bilmədi. Zəlzələdən, yaxud vəlvələdən 21 nəfərdən ibarət heyət bir neçə gün sonra sənətkarın ziyarətində oldu. Sizcə bu gecikmiş ziyarət ona lazım idimi?

Milli.Az