Tarixə ekskursiya
1920-ci il oktyabrın 23-də "Azərbaycan yoxsulluğu" qəzetində Xalq Maarif Şurası və "Azərnəşr"in qərarı ilə Dövlət Müstəqil Satira-Təbliğ Teatının fəaliyyətə başlaması haqqında məlumat dərc edilmişdi. Dekabrın 20-də isə teatrın təntənəli açılışı keçirildi.
Teatr Tiflisdə fəaliyyət göstərən, sonradan isə dağılmış N.F. Baliyevin "Yarasa" teatr truppasının və inqilab komitəsinin qərarı ilə ləğv edilmiş "Momus" teatrının kollektivinin bir hissəsi əsasında formalaşdırılmışdı. Bədii rəhbər və baş rejissoru V.Şveyser, inzibatçısı P.Oreşkov, ədəbi hissə müdiri N.Qorodetskaya, rəssamı B.Voronov idi. Sonralar teatra V.Q.Saxnovskiy də rəhbərlik edib. Həmin teatr 1923-cü ilədək mövcud olub.
Bakı şəhər İcraiyyə Komitəsinin 1923-cü il 29 aprel tarixli qərarına əsasən Dövlət Müstəqil Satira-Təbliğ Teatrının adı dəyişdirilərək Bakı İşçi Teatrı adlandırılır. Yarım ildən sonra oktyabrın 25-də teatrda S.Mininin "Qorod v koltse" pyesinin premyerası baş tutur. Yeni truppanın tərkibinə Moskva, Odessa, İrkutskdan gəlmiş aktyorlar daxil idilər. Teatrın repertuarı əsasən sosialist inqilabı ruhunda yazılmış pyeslərdən və əcnəbi dramaturgiyadan ibarət idi.
1924-cü ildə Bakı İşçi Teatrının nəzdində Praktiki Məşğələlər Studiyası açılır. 1926-cı ildən bu studiyaya "Meyerxold məktəbi"nin nümayəndələri olan rejissorlar V. Fyodorovla S. Mayorov və aktyor M. Jarov rəhbərlik etməyə başlayırlar. Yaradıcı heyət isə Faina Ranevskaya, V. Kuznetsov kimi aktyorlar, S. Jefimenko və İ. Şletenov kimi rəssamlarla zənginləşir. 20-ci illərdə Bakı İşçi Teatrında Faina Ranevskaya, İrmiç, Şarloxov, Myakişev kimi peşəkarlar çalışıblar.
1937-ci ildə teatr Qırmızı Əmək Bayrağı Ordenli teatrlar sırasına keçir, truppa üçün Cənubi Qafqaz və Zaqafqaziya şəhərlərinə, sonralar isə keçmiş Sovet İttifaqının şəhərlərinə qastrollar dövrü başlayır. 30-40-cı illər kimi çox mürəkkəb və çətin dövrdə teatrın truppası Vera Şirye kimi sənətkarlar başda olmaqla mütəmadi olaraq döyüşçülər üçün proqramlar hazırlayıb cəbhəyə yollanırmış.
1956-cı ildən teatr xalq şairi Səməd Vurğunun adını daşıyır. 1960-80-ci illərdə Rus Dram Teatrının səhnəsində G. Güləhmədova-Martınova, C. Səlimova, İ. Xasin, E. Saxarov, E. Behbudov, E. Əliyev, R. İbrahimbəyov kimi rejissorların quruluş verdiyi əsərlər səhnəyə çıxarılır.
Bu gün teatrın tamaşalarında Mədəniyyət və İncəsənət Universitetinin, Xoreoqrafiya Məktəbinin və teatrın Dram Studiyasının məzunlarını, eləcə də Bakıdakı digər teatrların aktyorlarını görmək olar.
1920-ci illərin axırından 1960-cı illərədək teatrda qoyulmuş "Lyubov Yarovaya", "Nikbin faciə", "Hamam", "Üç bacı", "Qağayı", "Maskarad", "Ağıldan bəla", "Sevil", "Od gəlini", "Vaqif", "Fərhad və Şirin" səhnə əsərləri yaddaşlarda və teatr tarixində xüsusi yer tutan tamaşalardandı.
1937-ci ildən Rus Dram Teatrı adıyla fəaliyyət göstərən bu sənət məbədinin keçdiyi yola və bu gününə baş rejissor Aleksandr Şarovski ilə birlikdə nəzər saldıq.
Dosye:
Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakıda dünyaya gəlib. Məktəb illərində dram dərnəyinin üzvü olub. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun məzunudur. 1967-ci ildə M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilib. 1974-cü ildən taleyi Rus Dram Teatrı ilə bağlanıb. Teatrın daimi müəlliflərindən olan Rüstəm İbrahimbəyovun dörd pyesində baş rolları oynamaqla yanaşı, həm də rejissor assistenti kimi də özünü sınayaraq müstəqil təkmilləşmə ilə məşğul olub. Beləliklə, əvvəlcə teatrın quruluşçu rejissorlarından biri, 1993-cü ildə isə baş rejissor kimi fəaliyyətini davam etdirib. TXİ-də ittifaqın mərhum prezidenti Həsənağa Turabovun xatirəsinə həsr olunmuş tədbirlərin birində etiraf etdiyi kimi özünü təkmilləşdirmə yolunda ən güclü ruhlandırıcı təkanı məhz Turabovdan alıb...
Ən ciddi hobbisi futboldur. Hətta Azərbaycan yığma komandasının üzvü kimi Bakının "Dinamo" və "Lokomotiv" komandalarının tərkibində kifayət qədər ciddi futbolçu karyerası ilə də fərqlənir. Bakının "Spartak" komandasına qarşı 1966-cı ildə keçirilən oyunda aldığı ciddi zədədən sonra futbol meydançasına yalnız azarkeş kimi gəlir.
Rəhbərlik etdiyi teatrda qoyduğu çoxsaylı tamaşalardan savayı Odessa, Rostov teatrlarında da özünü quruluşçu rejissor kimi təsdiq edib. Bir neçə film və televiziya tamaşalarında müxtəlif rolları ilə də Azərbaycan tamaşaçısına yaxşı tanışdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.
Azərbaycan Teatr Xadimləri İttifaqının ""Qızıl Dərviş", "Bakılı" cəmiyyətinin "Humay" mükafatlarına, Rusiya Federasiyasının Dövlət mükafatı olan Puşkin medalına, "Rossotrudniçestvo" nümayəndəliyinin "Dostluq və əməkdaşlığa görə" Fəxri nişanına, Azərbaycan Respublikasının əməkdar və xalq artisti fəxri adlarına, "Şöhrət" və Şərəf" ordenlərinə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Aleksandr Şarovski:
- Rus Dram Teatrının tarixində yüksəlişlər də olub, böhranlar da, önəmli mərhələlər də, ötəri məqamlar da. Bütün mərhələlər, hər bir məqam teatrımızın bugünkü inkişaf mərhələsinə qədəm qoymasında çox vacib rol oynayıb. 1956-cı il isə teatrımız üçün fərqli bir önəm kəsb edir. Həmin ildə teatrda Səməd Vurğunun "Fərhad və Şirin" dramı qoyulurmuş. Müəllif özü məşqlərdə çox yaxından iştirak edirmiş. Bildiyimə görə, elə həmin prosesdə teatra onun adının verilməsi qərara alınıb. SSRİ dağılanda bir çox teatrlar adlarındakı müəyyən şəxlərin isimlərindən imtina etdilər. Amma biz Səməd Vurğunun adından imtina etməyi ağlımıza belə gətirmədik. Çünki hər şeydən əvvəl o, həqiqi mənada böyük şairdir. Səməd Vurğunun ailəsi ilə də həmişə çox yaxşı münasibətlərimiz olub. Böyük oğlu mərhum Yusif Səmədoğlunun "Qətl günü" romanı teatrımızda tamaşaya qoyulub, mən də o tamaşada iştirak edirdim. Qızı, rəhmətlik Aybəniz xanım da bizimlə həmişə sıx münasibət saxlayırdı.
- Baş rejissor təyin olunduğunuz dövrdə teatrın inkişaf mərhələsini necə qiymətləndirirsiniz?
- Siyasi-iqtisadi quruluş dəyişdiyindən o dövr bütün keçmiş sosialist ölkələri üçün çətin dövr idi. Bir çox ölkələrin rusdilli teatrları adlarındakı "rus" sözünü silmişdilər, baxmayaraq ki, tamaşaları rus dilində oynayırdılar.
Mən baş rejissor təyin olunan vaxtlar hər sahədə olduğu kimi teatrlar üçün də mürəkkəb vaxtlar idi, zalın yarısı boş olurdu. Düşündük ki, birinci növbədə kiçikyaşlı tamaşaçılardan başlamaq, onlarda teatr aləminə maraq oyatmaq lazımdır. "Kapustniklər", apofigey tərzində tamaşalar hazırlayıb təqdim etməklə bu məsələ yavaş-yavaş yoluna qoyuldu. İndi biz təbii ki, daha belə tamaşalar hazırlamırıq. Amma başqa ölkələrdən rejissorlar, rəssamlar, başqa mütəxəssislər dəvət etməklə həm öz şirəmizdə bişməkdən sığortalanırıq, həm də tamaşaçılarımızın marağının azalmamasını təmin edirik.
Mədəniyyət və Turizm Nazirliyinin siyasətinin sayəsində qastrollarımızın sayı artmaqdan əlavə, arealı da genişlənib. Teatr repertuar və tamaşaçı deməkdi. Biz bu məsələni həmişə diqqətdə saxlayırıq.
Bir də daha bir vacib məqam kiçikyaşlı tamaşaçılarımızdır. Repertuarın müəyyən hissəsi mütləq onlar üçün nəzərdə tutulur. Seçdiyimiz əsərləri isə həmişə dünya və Azərbaycan klassikası, bir də əlbəttə ki, müasir əsərlər təşkil edir. Tamaşalarımız, qastrol səfərlərimiz siz mətbuat nümayəndələri tərəfindən mütəmadi və əhatəli işıqlandırıldığına görə qeyri-təvazökarlıq edib fəaliyyətimiz vasitəsilə Azərbaycanın tarixini, mədəniyyətini ən doğru şəkildə dünyaya tanıtmağımızdan bir daha bəhs etmək istəməzdim, çünki bu bizim vətəndaşlıq borcumuzdur...
- Azərbaycanın teatr məkanında Rus Dram Teatrı hansı yeri və mövqeni tutur?
- Bizim teatrı Azərbaycanın teatr məkanından ayrı nəzərdən keçirmək olmaz. Ən azı məkan eyniliyinə görə. Bundan başqa, truppanın gəlmə aktyorlardan ibarət olmasına hələ ötən əsrin 40-cı illərində son qoyulub, teatrımızda son dərəcə görkəmli aktyor nəsilləri formalaşıb. Onlarla fəxr etməmək mümkün deyil.
- Daha yaşlı nəslin nümayəndələri söz düşəndə qeyd edirlər ki, Rus Dram Teatrının indiki tamaşaları əvvəlkilərdən çox fərqlidi, özü də bu fərq yaxşı tərəfə deyil. Necə şərh edərsiz bu münasibəti?
- Əlbəttə, bir neçə on il bundan əvvəl qoyulan tamaşalar daha ağır templi idi, səhnədə ağır-ağır danışmaq ədası dəbdə idi. Müasir tamaşaçının dünyanı və onun içində teatrı qavrama bucağı klip çərçivəsində formalaşıb. Bəllidir ki, insan dünyanı 16 yaşına qədər qavrayır, sonra onda hər təzahürə qarşı müəyyən dərəcədə etiraz, hətta inkar başlayır. Çox az adam tapılır ki, yeniliyin müsbət cəhətlərini etiraf etsin. Teatrımızın köhnə tamaşaçılarının fikrinə gəlincə isə, onları dinləmək borcumuzdur.
- Tamaşa və səhnə əsəri... Sizin teatrın nümunəsində səhnə sənətinin bu iki ifadə forması arasındakı sərhəd harada başlayır?
- Teatrda yalnız səhnə əsərləri olur. Əsasən dramaturqların pyesləri əsasında qoyulmuş səhnə əsərləri. Bizim teatrda da həmçinin.
- Mənim şəxsi subyektiv fikrimcə Rus Dram Teatrının ən qabarıq cəhətləri birinci növbədə ictimaiyyətlə sıx əlaqə quraraq tamaşaçı cəlb etmək bacarığı, bir də kiçikyaşlı tamaşaçılara münasibətdə dəqiq və düzgün taktikaya sadiqliyinizdir. Əlavəniz varmı bu analizə?
- Belə diqqətli olduğunuza görə təşəkkür edirəm. Mən bura mətbuatla sıx əlaqə qurmağımızı da əlavə edərdim... Sənət adamlarından soruşanda ki, nəyə xidmət edirsiniz, deyirlər, yüksək sənət meyarlarına. Şübhəsiz, son nəticədə bu, belədir. Amma hər bir sənət adamının məqsədlərindən biri şöhrətdir, tanınmaq istəyidir. Bunda heç bir qəbahət yoxdur - biz çalışırıqsa, istəyirik ki, fəaliyyətimizdən daha çox insanın xəbəri olsun...
Samirə Behbudqızı
Milli.Az