Avstraliyada Misirdən idxal edilən donmuş nar yedikdən sonra sarılığa (Hepatit A) tutulan qadın vəfat edib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin səlahiyyətliləri, 64 yaşlı adı açıqlanmayan qadının nadir görülən ölümünün ardından soyuducunun buzluq hissəsində saxlanılan meyvələri yeməməyə çağırıb.
Cənubi Avstraliyada donmuş nar dənələrini yeyən 20 nəfər özlərini pis hiss etsə də, hazırda səhhətlərinin yaxşı olduğu bildirilir. Məlumata görə, “Creative Gourmet” şirkəti tərəfindən ölkə daxilində indiyə qədər 2 min paket məhsul satılıb.
Xatırladaq ki, Hepatit A virusu əsasən qara ciyərə zərər verir. Xəstəliyin əlamətləri 15-50 gün arasında ortaya çıxır. Xəstələrdə mədə bulanması, yüksək hərarət və dəridə saralma görülür.
Qeyd edək ki, ötən il də donmuş böyürtkəndən yayılan sarılıq nəticəsində eyni şirkətin bəzi məhsulları mağazalardan yığışdırılmışdı. Avstraliyada mart ayında tərkibində listeria bakteriyası olan yemişi yeyən 7 nəfər də həyatını itirmişdi.