METBUAT.AZ

Siyasət

İraq hökuməti Bərzaninin şərtlərini qəbul edəcək?

21 Sentyabr 2017 14:40

İndi bütün dünyanın diqqəti İraq Kürdüstanının keçirmək istədiyi referendumdadır. Dəfələrlə bəyənat verilsə də, kürdlər öz qərarlarında israrlıdır. Ötən gün isə İraq Kürdüstanının lideri Məsud Bərzani referendumdan imtina etmək şərtlərini açıqladı. Şərtləri budur: “Bağdad hökuməti Şimali İraqın müstəqilliyi ilə bağlı danışıqlara açıq olduğunu rəsmən bəyan etsin; Şimali İraqın müstəqilliyi ilə bağlı danışıqlarda beynəlxalq vasitəçilər zəmanətçi olsun; - Danışıqlar yolu ilə müstəqillik üçün də dəqiq tarix verilsin”.

Maraqlıdır İraq rəhbərliyi bu şərtləri qəbul edə bilərmi? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu deyir ki, kürd əhalisi elə regionda yerləşiblər ki, hansı dövlətin ərazisində müstəqil dövlət yaratmaq istəsələr, bu istər-istəməz ağrılı proses olacaq:


“20 milyona yaxın türk kompakt regionda yaşayır. Onlar da istəyirlər ki, müstəqil dövlətləri olsun. İndi İraq hədsiz zəifdir, Səddam Hüseyn devriləndən bu yana İraq indi-indi ayaq üstə durmağa başlayıb. Kürdlər elə regionda yaşayırlar ki, ya İraq, ya İran, ya Türkiyə, ya da Suriyada özlərinə dövlət yarada bilərlər. İraqı ona görə seçiblər ki, bu ölkə zəifdir. Böyük əksəriyyət kürd referendumunun mahiyyətini bilmir. Əslində İraq Kürdüstanının yaranması Türkiyə ilə ABŞ-ın birgə planıdır. ABŞ Türkiyəyə bildirmişdi ki, İraq ərazisində kürd dövləti yaradaq və sən də ölkəndəki narahat kürdləri keçir o əraziyə. Türkiyə də razılaşdı, ancaq sonra bu alınmadı. İraqdakı kürdlər də bu məsələdən xəbərdar idi. Bundan sonra, onlarda müstəqillik istəyi yarandı. Qaldı ki, kürd dövlətinin yaranmağına, düşünürəm ki, bu halda elə böyük dəyişiklik olmayacaq. İndiki dövrdə ən arzu olunanı budur ki, kürdlər referendumda müstəqilliklə bağlı qanunu qəbul etsələr, İraq ərazisində konfederativ dövlət olsunlar. Həm müstəqil iqtisadiyyata, müəyyən müstəqil xarici siyasətə malik olarlar, eyni zamanda İraqın da ərazi bütövlüyü pozulmaz. Çünki həm ABŞ, həm Rusiya, həm də Avropa regiondakı dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Düşünürlər ki, əgər hansısa dövlətin ərazi bütövlüyü pozulsa, sabah başqa dövlətlərin də ərazi bütövlüyü pozula bilər”.

Politoloqun fikrincə, Məsud Bərzaninin referendumdan imtina üçün şərtlər açıqlamasına gəldikdə İraq hökuməti buna getməyəcək: “Hazırda İraq kürdləri müstəqillikdən başqa heç nəyə razı deyil. Bir neçə gün sonra da referendum keçiriləcək. Amma referendum keçirmək, hələ müstəqil dövlət olmaq demək deyil. Qəbul olunsa əgər, sonra bunun layihəsini, əsaslarını BMT-yə vermək, BMT-nin qəbul etməsi və s. bunlar zaman alacaq. BMT üçün də ən ciddi söz İraqın sözü olacaq, çünki müvafiq qətnamələri var. Kürdlər hökmən İraqla danışığa gedəcəklər, bu səbəbdən də ən yaxşısı budur ki, İraqın ərazisində konfederasiya kimi qalsın. Fikrimcə, Bərzaninin o bəyənatı verməkdə də əsas məqsədi elə bu cür danışıqlara yol açmaqdır. Bildirmək istəyirlər ki, İraqla müstəqilliklə bağlı danışıqlara getməyə hazırdılar.

Günay Elşadqızı \ METBUAT.AZ

ABŞ və Şimali Koreya: Dünyanı hansı fəlakət gözləyir? - OXUMAQ ÜÇÜN TIKLA


metbuat.az.