ABŞ və Şimali Koreya: Dünyanı hansı fəlakət gözləyir?

ABŞ prezidenti Donald Tramp BMT kürsüsündən, “Məcbur qalsaq, Şimali Koreyanı yox etməkdən başqa variantımız qalmayacaq” deyib.

Şimali Koreya rəhbərliyi də buna cavabsız qalmayaraq, “Ən güclü nüvə silahına malik dövlət olaraq yüksələn Şimali Koreya bənzərsiz çətinliklər və cəhdlərə baxmayaraq, sanksiyalardan, təzyiqdən və döyüşdən qorxmur. ABŞ müharibəni seçərsə, güclü nüvə zərbəsi nəticəsində xarabalıqla qarşılaşacaq” deyə təhdid edib.

Bəs, ABŞ və Şimali Koreyanın bu açıqlaması nə qədər real görünür? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyevin sözlərinə görə, bu təhdidlər ümumi söhbətlərdən o tərəfə keçməyəcək:


“Amerika Birləşmiş Ştatları (ABŞ) hətta sessiyadan öncə də belə bir anonsla çıxış etmişdi ki, əgər onun müttəfiqləri olan Cənubi Koreya və Yaponiyaya qarşı, eyni zamanda, Quam adalarında olan bazasına qarşı hər hansı bir raket atılsa və yaxud təcavüz olsa, ciddi cavab veriləcək.

Şimali Koreyanı bir vasitə kimi istifadə edən bəzi qüvvələr, o cümlədən Rusiya regiona nəzarət edə biləcək nüvə dövlətini yaratmağa nail olmaq istəyir. Əsas məsələ Rusiya-ABŞ qarşıdurmasından gedir. Belə müharibə nə Cənubi Koreyaya, nə Yaponiyaya, nə də o ərazidə yerləşən heç bir dövlətə lazım deyil. Eyni zamanda, Çin məsələsi də önəmlidir. Çünki Çinlə Şimali Koreyanın müvafiq əlaqələri var. Çin regional bir oyunçu kimi öz marağını göstərməlidir. Bütün bu proseslərə baxanda düşünürəm ki, məsələnin sonu danışıqlar masasında yekunlaşa bilər. Lakin Donald Trampın, həm də Kim Çen Inın verdiyi bu bəyənatlar heç də vəziyyətin sabitləşməsinə apara bilməz. Ən optimal variant danışıqlar masasına gəlmək və Şimali Koreyanı dəstəkləyən dövlətlərin məhz ona qarşı təsirindən ibarətdir. Bildiyiniz kimi, sanksiyalar tətbiq ediləndə artıq Şimali Koreya bütün dünyaya mesaj göndərdi ki, bu, antihumanist addımdır. Şimali Koreyanın bu gün çalışdığı odur ki, məhz müttəfiqləri hesabına ABŞ-ı vura biləcək raketlər istehsal etsinlər və nüvə silahları olan dövlətlərin sırasına daxil olsunlar. ABŞ isə buna heç cür imkan verməyəcək”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı