METBUAT.AZ

Siyasət

“Bu, siyasi kursunu ABŞ-la tənzimləyən dövlət başçıları üçün hesablanan mesajdır”

30 Noyabr 2017 10:29

Xəbər verdiyimiz kimi, Şimali Koreya növbəti ballistik raket sınağını həyata keçirib.

Şimali Koreyanın açıqlamasında bildirilib ki, bütün ABŞ-ı vura biləcək “Hwasong-15” qitələrarası ballistik raketi uğurla sınaqdan keçirilib. Raket 4447 km hündürlüyə çatıb və 950 km uçduqdan sonra Yapon dənizinə düşüb. Məlumatda bildirilir ki, 53 dəqiqə havada uçan raket sınağının keçirilməsi əmrini prezident Kim Çen In şəxsən özü verib.

ABŞ prezidenti Donald Tramp bu səbəbdən Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni sanksiyaları elan edib: “Mən indi Çin Xalq Respublikasının sədri Si Cinpinlə Şimali Koreyanın fitnəkar hərəkətləri barədə danışdım. Koreya Xalq Demokratik Respublikasına qarşı əlavə genişmiqyaslı sanksiyalar artıq bu gün qəbul ediləcək. Vəziyyət nəzarət altında olacaq!”.

Bununla da ABŞ-la Şimali Koreya arasındakı gərginlik daha da artıb. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Adgözəl Məmmədovun sözlərinə görə, əslində bu, düşünülmüş siyasi düsturun gedişi idi:

“Çünki bu günə qədər, xüsusən də Donald Tramp hakimiyyətə gəldikdən sonra, Şimali Koreya və onun siyasi rəhbərliyi bütün çıxışlarında həmişə hədələyib. Onları yerində oturdacağını və Şimali Koreya rəhbərlərini bu əməllərinə görə cəzalandıracağını, hətta bəzən daha da dərinə gedərək ora hücum ediləcəyi xəbərdarlığını verib. Amma bu, elə bəyənatlar səviyyəsində də qalıb.

Güman edirəm ki, bu addımlar Amerika nüfuzunun düşməsi, dünya çərçivəsində endirilməsi üçün olan gedişlərdir. Çünki faktiki olaraq, Amerika Birləşmiş Ştatları Şimali Koreya kimi heç də qlobal gücü olmayan bölgəsəl dövlətin əlində aciz qalıb. Öz siyasi kursunu, saatlarını Amerika ilə tənzimləyən müəyyən dövlət başçıları üçün hesablanmış, düşünülmüş mesajlardır”.

Politoloq bildirib ki, ölkələr arasında müharibə ehtimalı yoxdur, Amerika Birləşmiş Ştatları bəyənatlar səviyyəsində qalır: “Burada bir məsələ də üzə çıxdı ki, ABŞ-ın hərbi hücumlardan müdafiə qurğuları heç də deyildiyi qədər inkişaf etməyib. Çünki raket qalxandan bir müddət sonra bunu hava hücumlar müdafiə sistemi, radarlar tuta bilib. Yeni raket növləri var ki, radarlara düşmür, Şimali Koreya artıq bunu əldə edib.

Bu həm də gələcəkdə Amerika silahlarına olan sifarişləri azaldar. ABŞ silahları dünya bazarında rəqabəti aşağı salar. Onun nisbətində rusların analoqu olmayan “İskəndər-400” raketi var. Və artıq “İskəndər-400” radar sistemindən ötülürən siqnalla raket hədəfə çatmadan onu məhv edir. Bu eyni zamanda, rus hərbi sənayesinin qələbəsi idi. Bu raketi nümayiş etdirməklə rus raket silahının dünyada onların sifarişlərinə marağın artmasına səbəb olacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

FOTOLAR az öncə gəldi, Kim əmri belə imzaladı... - Tramp hədələdi


metbuat.az.