11 Dekabr 2017 15:02
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
Metbuat.az-ın məlumatna görə, Türkiyə Prezidenti dövlətimizin başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.
Dövlət başçıları ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.
Eyni zamanda, dövlət başçıları Türkiyə və Azərbaycanın İslam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər. Prezident İlham Əliyev Türkiyə Prezidentinin növbəti dəfə İslam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyevin İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvətini Metbuat.az-a şərh edən politoloq Mübariz Əhmədoğlu bildirib ki, bu, Azərbaycan prezidentinin istər regionda, istərsə də İslam dünyasında seçilən lider olmasına işarədir: “Azərbaycan İslam dünyası ilə son vaxtlar daha da xüsusi iş aparır. Bilirsiz ki, sadəcə müsəlman müsəlman deməklə iş bitmir. Bütün müsəlman dövlətlərində güclü erməni icmaları var tarixdən. Erməni icmaları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əyri rəy formalaşdıra bilirlər. Ona görə də müsəlman dövlətlərinin, xüsusilə ərəb dövlətlərinin bəziləri ya Azərbaycanı tanımır, ya hər hansı bir səbəbdən ölkəmizin adı gələndə ağız büzür. Ya da ermənilərin sözü ilə Azərbaycana tam neqativ münasibət göstərirlər. Ona görə ölkə prezidenti əvvəlcə Azərbaycanın multikulturalizmini, tolerantlığını ortalığa qoydu. Bu adla İslam dünyası Avropa, Qərb dünyası arasında körpü rolu oynadı.
Daha sonra ölkə prezidenti strategiyasında müəyyən qədər yenilik edərək sırf müsəlman dövlətinə yönəlmiş bəyənatlara, tezislərə yer verir. Yəni fikir vermisizsə, Türkiyənin dəvəti ilə T-8 formatında, ondan əvvəl də Astanada İslam Əməkdaşlıq Təşkilatının texnologiyaya həsr olunan zirvəsində ölkə prezidenti müsəlman, İslam dünyasına xüsusi mesajlar verib. Bunlar istər-istəməz müsəlman dövlətləri tərəfindən qəbul olunub. Həm də cənab Ərdoğan da başa düşür ki, onun dəvəti ilə Azərbaycan prezidenti həmin fövqəladə, növbədənkənar iclasda iştirak eləsə, bu, Türkiyənin əlavə gücünün nümayişidi. Türkiyə onsuz da müsəlman dünyasında təsiri gücü olan dövlətdir. Amma yanında Azərbaycan da olanda təsir daha güclənir, daha xüsusiləşir. Əslində, Türkiyə və Azərbaycan dövlətlərinin birliyi bir yana, həm də elə bu iki dövlətin bir yerdə olması təriqət fərqinə görə, İslam Həmrəyliyinin çox gözəl nümunəsidir. Türkiyə və Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, təriqət fərqi dövlətləri bir-birinə yaxınlaşdıra bilər, nəinki uzaqlaşdırmaq.
O anlamda, İslam dünyasının indiki çətin dövründə Qüdsün ABŞ tərəfindən paytaxt elan edildiyi dövrdə, Türkiyə prezidentinin belə addım nümayiş etdirməsi də xüsusi diqqət çəkir. Düşünürəm ki, Azərbaycan prezidenti bu iclasda iştirak edəcək, yenə əvvəlki qaydada bəyənatlarını, tezislərini səsləndirəcək. Bütün bunlar, ümumilikdə Azərbaycanın xeyrinə olacaq. Azərbaycanı gözü götürməyən müsəlman dövlətinə bizim təbliğatımız çatmaya bilər, çünki bizim təbliğatı qəbul etmək istəmirlər. Düşünürlər ki, Azərbaycanın Dağlıq Qarabağ problemi ola-ola necə inkişaf edə bilir? Digər müsəlman dövlətləri, ərəb, qeyri-ərəb dövlətləri hamısı Azərbaycanı başa düşür və Azərbaycanın yanındadır. Təsəvvür edin, Azərbaycan prezidenti İslamla bağlı tezisləri ortaya qoyduqca, yəni İslam dünyası ilə apardığı işi aktuallaşdırdıqca, müsəlman dövlətləri, məsələn, Pakistan, Sinqapur və s. nə qədər Azərbaycana yaxın gəlir. Ona görə də bu konfransda iştirakla Azərbaycanın İslam dünyası ilə iş aparmaq baxımından daha ciddi uğurlar qazanacağını gözləyirəm”.
Günay Elşadqızı / METBUAT.AZ
“Xəzəryanı dövlətlərin ortaq məxrəcə gəlməsi mümkün olub” - Elman Nəsirov