“Xəzəryanı dövlətlərin ortaq məxrəcə gəlməsi mümkün olub” - Elman Nəsirov

Xəbər verdiyimiz kimi, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın bütün məsələləri ilə bağlı razılıq əldə edilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən 7-ci müşavirəsinin yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Nazir deyib: “Konvensiyanın mətni demək olar ki, hazırdır. Konvensiya Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçiriləcək Sammitinə təqdim olunacaq”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, nəhayət ki, 21 ildən sonra Xəzərin hüququ statusunun təmin edilməsi ilə bağlı yekun Konvensiyanın imzalanması üçün artıq bütün razılaşmaların əldə olunması haqqında məlumat var: “Rusiyanın XİN rəhbəri Sergey Lavrov belə bir məlumatı ilk olaraq Moskvada, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin toplantısının nəticəsi olaraq bəyan etdi. Məlum oldu ki, Xəzəryanı ölkələrin dövlət başçılarının 2014-cü ildə keçirilən Həştərxan sammitində bir çox məsələlər üzrə razılaşma əldə edilmişdi. Təxminən 80-90% məsələnin öz həllini tapdığı haqqında fikirlər var idi. Lakin ən fundamental, həlledici məsələlərlə bağlı ortaq məxrəcə gəlmək mümkün deyildi. Xüsusilə də burada İranın və Türkmənistanın mövqeyi fərqli idi.

Türkmənistanın Kəpəz yatağında iddiaları var idi, İran isə kondominium prinsipi üzərində dayanırdı ki, Xəzər beş Xəzəryanı ölkə arasında 20% payla bərabər bölünməlidir. Beləliklə, orta xətt prinsipi işləmirdi. Nəticədə yekun Konvensiyanın imzalanması mümkün olmurdu. Lakin bu dəfə isə Moskvada keçirilən xarici işlər nazirlərinin görüşündə nəhayət ki, Xəzərin səthində 15 millik milli zonalar yekun olaraq dəqiqləşdirildi və razılaşdırıldı. Eyni zamanda, 10 millik də balıqçılıq zonaları müəyyən edildi. Yəni hər bir Xəzəryanı ölkənin, 25 millik milli zonaları yaranmış olur. 25 mildən kənarda qalan zona isə ortaq zonadır. Beş Xəzəryanı dövlət 25 mildən kənardakı ortaq zonadan bərabər istifadə etmək hüququna malikdilər. Hər bir milli zonada da xüsusi milli rejimlər tətbiq edilir. Beləliklə də, ən mürəkkəb məsələlərdən biri həllini tapmış oldu.

Eyni zamanda, burada Xəzərin bioloji resursları, hidrometeoroloji məsələlər və fövqəladə halların aradan qaldırılması ilə bağlı da razılaşmaların əldə edildiyi bəllidir. Xəzərin sülh, dostluq, əməkdaşlıq dənizinə çevrilməsi ilə bağlı məsələdə yaranmış bir problem hər zaman mürəkkəb problem olaraq qalırdı. Bu da Xəzər akvatoriyasına 3-cü dövlətlərin hərbi gəmilərinin daxil olmasına icazə verilməməsi ilə bağlı məsələ idi. Budəfəki danışıqlar gedişatında bu məsələdə də ortaq mövqe hasil oldu. Bu məsələdə də beş Xəzəryanı dövlətin xarici işlər nazirləri bu qənaətə gəliblər ki, heç bir üçüncü dövlətin hərbi gəmiləri Xəzər akvatoriyasına daxil ola bilməz. Bu da çox mühüm razılaşmalardan biri idi və ilk növbədə, Xəzər dənizində hərbçisizləşdirmə məsələrinə xidmət edir. Azərbaycan dövlətinin bu məsələdə mövqeyi odur ki, Xəzər, sülh, əmin-amanlıq, sabitlik dənizi olsun və akvatoriyasından regiona yalnız sülh və təhlükəsizlik ixrac olunsun.

Azərbaycanın bu məsələlərdə mövqeyi həm də ondan ibarətdir ki, bəli, ölkələrin hərbi donanmaları var, amma burada da silahlanma məsələlərində bərabərliyə əməl etmək lazımdır. Bütövlükdə hesab edirəm ki, bu, çox mühüm hadisədir. Çünki 2014-cü ildə Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində qərara alınmışdı ki, 2016-cı ildə Astanada prezidentlər səviyyəsində Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya imzalansın. Lakin 2016-cı ildə bu baş tutmadı, 2017-ci il də artıq yekunlaşır və yalnız Moskva razılaşmasına görə, 2018-ci ilin birinci yarısında nəhayət ki, beş Xəzəryanı dövlətin rəhbərlərinin Astanada keçirilən zirvə görüşündə Xəzərin hüquqi statusu ilə bağlı çoxdan gözlənilən Konvensiyanın imzalanması mümkün ola bilər.

Dediyim kimi, bununla bağlı heç bir ziddiyətin olmadığı haqqında mövqe bəllidir. Qalır texniki məsələlər, yəni yekun Konvensiyanın beş Xəzəryanı dövlətin hər birinin milli dilinə tərcümə edilməsi, eyni zamanda, hər bir Xəzəryanı dövlətin ali rəhbəri tərəfindən təsdiqlənməsi kimi məsələr gündəlikdə qalır. Çox mühüm, tarixi hadisədir ki, nəhayət ki, 21 ildən sonra mürəkkəb məsələdə beş Xəzəryanı dövlətin ortaq məxrəcə gəlməsi mümkün olub. Bu hadisə və Astanada imzalanacaq yekun Konvensiya, Xəzərin doğrudan da sülh və təhlükəsizlik akvatoriyasına çevrilməsi üçün çox mühüm addım olacaq.

Hesab edirəm ki, bu, həm də Xəzəryanı ölkələrin region üçün çox ciddi təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində də daha fəal dəstək verməsini şərtləndirə bilər. Çünki əgər bu münaqişə həllini tapmırsa, demək, Cənubi Qafqaz təhlükə ocağı olaraq qalır. Cənubi Qafqaz və Xəzər regionu bir-birinə bitişik regionlardır. Demək, Xəzər regionu üçün bu, təhlükə mənbəyidir. Xəzər regionu isə Qara dəniz regionu ilə vahid hövzəni təşkil edir və belə olan təqdirdə, bu, təkcə Xəzər deyil, həm də Qara dəniz bölgəsi üçün də təhlükə mənbəyidir. Hesab edirəm ki, bu məntiqdən çıxış edərək, beş Xəzəryanı dövlətin rəhbərlərinin Konvensiyanın imzalanmasından sonra yaranmış yeni şəraitdə münaqişənin həlli ilə bağlı prosesdə daha real və daha obyektiv mövqedə dayanacağını proqnozlaşdırmaq mümkündür”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistan çalışır ki, aprelə kimi heç bir sənəd imzalanmasın” - Mübariz Əhmədoğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı