“Ermənistan çalışır ki, aprelə kimi heç bir sənəd imzalanmasın” - Mübariz Əhmədoğlu

Xəbər verdiyimiz kimi, ötən gün Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər təşkil olunub.

Metbuat.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan həmsədri Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər.Sonra ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, görüşün hansı nəticə yaradacağını yəqin ki, bu gün axşam biləcəyik: “Çünki ATƏT-in Minsk Qrupunda son illərdə belə vərdiş formalaşıb ki, həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları hər il Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyənat yayırlar. Cəmi bir dəfə, ATƏT-ə Qazaxıstan rəhbərlik edəndə beştərəfli bəyənat olub. Yəni bu bəyənatda həm üç ölkənin nümayəndələrinin başçıları, həm də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin imzası olub. Qalan bütün bəyənatlar üçtərəfli olub. Çünki Ermənistan razılıq verməyib. Indi də hazırda hiss olunur ki, Ermənistan bu cür danışıqlara riayət edir, ən azı fikir verirsizsə, XİN rəhbəri Edvard Nalbandyan bu dəfə görüşü yubatmadı. Belə günlərdə o, adətən çalışırdı ki, tədbirin axırıncı günü görüşüb, qaçsın. Ötən il Hamburqda da elə oldu, hətta heç orada görüşmədilər də. Axırda yemək stolunun arxasında görüşdülər və Ermənistanın Xarici İşlər Nazirliyi bunu rəsmi görüş kimi təqdim elədi. Təbii ki, budəfəki görüş göstərir ki, ATƏT-in həmsədrləri Ermənistanın mövqeyinə təsir edə bilirlər. Amma Ermənistan da çalışır ki, 2018-ci ilin aprelinə kimi heç bir sənəd imzalanmasın. Ondan sonra bilirsiz ki, hökumətdə ara qarışacaq, yəni Ermənistanda birinci şəxsin kim olduğu bəlli olmayacaq. Bu yolla Ermənistan belə variant seçib ki, Dağlıq Qarabağ tənzimlənməsinə razılıq verməsin. Ona görə də düşünürəm ki, həmsədrlərin yanvarda xarici işlər nazirlərinin görüşünə razılıq verməsi, müəyyən mənada həmsədrlərin yenidən Ermənistanın mövqeyini nəzərə alması kimi başa düşülməlidir. Çünki həmsədrlər indiki halda prezidentlərin görüşünün vaxtını elan etməli idilər. Mən əsas iki variant görürəm. Birincisi, ola bilər hadisələr dinc tənzimlənmə variantından çıxsın, yəni Serj Sarkisyanın, ümumilikdə Ermənistanın hərbi aktivliyi, ATƏT-in Minsk qrupuna hörmətsizliyi göz qabağındadır. ATƏT-in Minsk Qrupunun görüşündən iki gün əvvəl Serj Sarkisyan işğal altındakı Dağlıq Qarabağda hərbçilərlə görüşdü, hərbi təlim keçirdi. Bir ssenari, bir variant budur ki, hərbi proseslər yanvar ayına qədər arta bilər. İkinci variantım isə odur ki, Rusiya başa düşəcək ki, Ermənistan görüşü yubadır. Ona görə ola bilər ki, Rusiya tərəfi prezidentlərin görüşü ilə bağlı yaxın vaxtlarda təşəbbüs göstərsin”.

Qeyd edək ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüşlə bağlı açıqlamasında bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflərlə bağlı intensiv və konkret müzakirələr aparılıb: “İntensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub”.

Onun sözlərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçdiyini bildirib.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu, qarşıdurmaya gətirib çıxara bilər” - Politoloqdan açıqlama

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI