“Bu, qarşıdurmaya gətirib çıxara bilər” - Politoloqdan açıqlama

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp ötən gün Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanıyıb.

Metbuat.az-ın məlumatına görə, bundan əlavə "Ağ ev" rəhbəri ölkənin Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi üçün təlimat verdiyini bəyan edib. O, bu addımın İsrail-Fələstin sülh danışıqlarına təkan verəcəyini bildirib. Tramp İsrailə məxsus bir çox dövlət orqanının Qüdsdə yerləşdiyinə diqqət çəkərək, bu şəhərin önəminə toxunub.

ABŞ liderinin bu açıqlaması istər Qərb, istərsə də müsəlman dünyasında etirazla qarşılanıb və bu qərarın Yaxın Şərqdəki gərginliyi daha da artıracağı qeyd edilib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyevin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi qərar gözlənildiyi kimi, istər Qərb dünyasında, istərsə də ərəb dünyasında birmənalı şəkildə qarşılanmayacaq: “Çünki bir tərəfdən Yerusəlim, bir tərəfdən Qüds adlandırılan bu şəhər həm Fələstinin, həm də İsrailin marağında olan, hətta paytaxt kimi də tanınsa, hər iki dövlətin paytaxtı olmalıdır. Müsəlman dünyasında bura müqəddəs şəhər adlandırılır. Çünki bu müqəddəs bir məsələdir, həmişə də bura müharibə, münaqişə olan ərazidir. Cənab Trampın bu addımı ola bilsin ki, ərəb dünyası üçün, Yaxın Şərq layihəsinin davamı kimi bölgü istiqamətində olan addımdır, siyasi məqsəd daşıyır. Həm də Tramp öz seçicilərinə məhz seçki öncəsi platformasında İsrailə qarşı münasibətdə daha müsbət istiqamətdə addım atacağı sözünü vermişdi. Hətta bu da verdiyi sözlərdən biridir”.

Arzu Nağıyev bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı müəyyən bəyənat yayıb, bundan başqa, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb: “Yəni bu, heç də ABŞ-ın sülhməramlı addımlarından sayılmır, bu, bir daha müsəlman dünyasında, ərəb dünyasında qarşıdurmaya gətirib çıxara biləcək məsələlərdən biridir. Tək ambisiyalara uymaqla, kimisə kimdənsə üstün tutmaqla bu məsələlər alınan deyil. Çünki xarici siyasətin, diplomatiyanın öz addımları, məqsəd və məramları olmalıdır. Həm də bu səbəb və məqsəddən doğan məsələlərdir. Nə səbəbə cənab Tramp bu addımı atır və əsas məqsəd nədən ibarətdir? Bu da qeyd etdiyimiz kimi, o, ərəb dünyasında məhz İsrailin mühüm rol oynamasını gündəmə gətirir. Təbii ki, məqsəd budur. Əsas səbəb də budur ki, o, öz seçki öncəsi platformasında bu məsələləri sona çatdıracağı ilə bağlı sözlər vermişdi”.

Qeyd edək ki, rəsmi Bakı da ABŞ prezidentinin Qüds qərarı ilə bağlı açıqlama yayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında deyib: “Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan, şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır. Biz, cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”.

Günay Elşadqızı / METBUAT.AZ

Trampın Qüds qərarı ilə bağlı - XİN-dən açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı