12 Dekabr 2017 16:20
Xəbər verdiyimiz kimi, ötən həftə ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri şurasının 24-cü iclası keçirildi. İki günlük iclasda 52 üzv ölkə tədbirə qatılmışdı ki, onlarda 41-i xarici işlər nazirləri səviyyəsində təmsil olunurdu.
Təhlükəsizlik və münaqişəli zonalarla bağlı olan müzakirələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu, ancaq istədiyimiz qədər deyil. Yəni, yenilik olmadı.Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın münaqişənin bütün tərəflər üçün qəbul olunan həllinin tapılmasına dəstək göstərəcəyini vurğulayıb. O, münaqişənin həlli ilə bağlı prinsiplərin Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları tərəfindən elan olunduğunu diqqətə çatdırıb. ABŞ-ın dövlət katibi Reks Tillerson isə bəyan edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Minsk qrupunun səylərini dəstəkləyir: “Yalnız siyasi iradə ilə substantiv irəliləyişə nail olmaq mükündür. Bu baxımdan prosesləri sürətləndirmək barədə verilən qərarları alqışlayırıq”.
Tədbirə Azərbaycan, Ermənistan xarici işlər nazirləri də qatılmışdı. Yaranan şəraitdən istifadə edən ATƏT-in Minsk Qrupunun həmsədrləri XİN rəhbərlərinin görüşünü təşkil etdi. Ancaq yekun bəyənatda yenə hər zaman eşitdiyimiz sözlərdən istifadə olundu.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışında deyib: “Regiondakı bəzi qüvvələrin qəbulolunmaz və qeyri-davamlı status-kvo vəziyyətinin dəyişdirilməsinə yönəlmiş zəruri siyasi addımlar atmaqda maraqlı olmaması ciddi narahatlıq doğurmaqda davam edir. Rəsmi Yerevan Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki mənzərəsinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni addımlarını davam etdirməklə, hərbi işğalın möhkəmləndirilməsinə və “fait accompli” vəziyyətinin yaradılmasına istiqamətlənmiş məqsədyönlü siyasət apardığını nümayiş etdirir. Təmas xətti boyunca həyata keçirdiyi hərbi təxribatlar daxil olmaqla Ermənistanın işğal olunmuş ərazilərdə bu yaxınlarda keçirdiyi hərbi təlimlər və bu kimi digər addımları sülh səylərini pozur. ATƏT-in Minsk Qrupu və həmsədrlər tərəfindən bütün bunlarla bağlı hərtərəfli tədbirlər görülməlidir:
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü Elman Nəsirov bildirib ki, həmsədrlər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin tədbirdəki iştirakı imkanından maksimum yararlanmaq istədilər: “Onlar görəndə ki, hər iki ölkənin nazirləri toplantıda iştirak edir və bu, ATƏT-in toplantısıdır, münaqişənin həlli ilə ATƏT, onun Minsk qrupu məşğuldur, demək bu xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün yaxşı şansdır. Buna da nail oldular.
Bundan sonra isə Fransa istisna olmaqla ATƏT-in Misnk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri səviyyəsində bəyənat imzaladılar. Fransanı isə ATƏT-dəki nümayədə təmsil edirdi. Bəyənatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Reks Tillerson və Fransanın ATƏT-dəki nümayəndəsi imzaladı. Bəyənatın mətni ilə tanış olanda bu qənaətə gəlmək olur ki, prinsip etibarilə həmsədrlərin yeni təklifləri yoxdur, məsələyə yanaşmaları ənənəvidir və ən başlıcası qeyd edirlər ki, həmsədr ölkələr münaqişənin həlli ilə bağlı eyni mövqeyə malikdilər. Yəni belə çıxır ki, bu gün həmsədr ölkələr arasındakı ziddiyyətlər ucbatından fərqli mövqe də ola bilərdi. Rusiya, ABŞ və Fransanın kifayət qədər mürəkkəb münasibətləri var və bu səbəbdən fərqli yanaşma da ola bilərmiş, lakin bu baş verməyib. Bunu bəyənatda xüsusi vurğulayırlar.
Ikincisi, burada ilk növbədə güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq və eyni zamanda, xalqların öz müqəddəratını həll etmək prinsipindən söhbət gedir. Yəni bu prinsip ətrafında münaqişənin həll variantını həmsədr ölkələrin xarici işlər nazirləri bəyan edirlər. Bu da təbii ki, yeni ideya deyil. Bu, ATƏT-in Minsk Qrupunun irəli sürdüyü yeniləşmiş Madrid prinsiplərinin fəlsəfəsindən irəli gələn yanaşmadır.
Bir qədər nisbətən yeni olan odur ki, bu dəfə həmsədrlər həm Azərbaycan, həm də Ermənista xalq diplomatiyasının bərpası ilə bağlı çağırış edirlər. Yəni İcmalararası danışıqların bərpası ilə bağrı bir çağırış hiss olunur. Yenə də ötən il baş tutan Vyana və Sankt-Peterburq danışıqlarında irəli sürülən məsələlər gündəmə gətirilir. Yəni əsas mahiyyət budur. Təəssüf ki, heç vaxt Ermənistanla bağlı ünvanlı müraciətin şahidi olmuruq. Yenə də sülhə çağırış və sülhü pozan kimdir, niyə münaqişənin həllində irəliləyiş yoxdur sualına bu bəyənatda da dolğun cavab tapmaq mümkün olmadı”.
Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçirilən görüşün yekun bəyənatında üzv ölkələrdəki münaqişələrin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli məsələsi, sərhədlərin toxunulmazlığı, suverenlik məsələləri öz əksini tapıb: “Bu, bizim üçün vacib məsələdir. Amma ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağlı əsas vəzifəsi sanki atəşkəsin bərpa edilməyidi və münaqişənin həlli ilə bağlı onlardan ciddi, radikal, kəsərli addımlar görməmişik və bu gün də təəssüf ki, həmin proses davam etməkdədir. Bu acınacaqlı bir haldır, çünki ünvansız bəyənatlar, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsinin qoyulması, münaqişənin həlli inkişaflarını buxovlayan yanaşmadır. Həm də işğalçıda bir illüziya yaradır ki, işğal da edə bilər, bu siyasətini davam da etdirə bilər, buna görə heç bir cəza almayacaq. Ən qorxulu tərəfi bununla bağlıdır. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu aprel döyüşlərindən bir dərs almalıdır, çünki heç kim gözləmirdi ki, münaqişə bu formada hərbi əməliyyatlara keçə bilər, amma keçdi. ATƏT-in Minsk Qrupu növbəti belə bir gərgin situasiyada hərbi əməliyyatların, müharibənin başlamayacağına təminat verə bilərmi? Təbii ki, yox. Ona görə də hesab edirəm ki, münaqişənin həlli ilə bağlı qətiyyəli addımlar atılmalıdır”.
Günay Elşadqızı / METBUAT.AZ
“Azərbaycan regionda Özbəkistanın əsas tərəfdaşıdır” - Səfirlə müsahibə