“Azərbaycan regionda Özbəkistanın əsas tərəfdaşıdır” - Səfirlə müsahibə

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirləri ilə müsahibələrimizi davam etdiririk. Metbuat.az-da budəfəki müsahibimiz Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevdir.

Hüseyn Quliyev hər zaman "Unudulmaz kəşfiyyatçı" kimi xatırlanan, ümumilli lider Heydər Əliyevin ailəsində yetişən, xalq arasında böyük nüfuza sahib olan Rzaqulu Quliyevin oğludur. Neft və Kimya İnstitutunda təhsil alan H.Quliyev, institutu bitirdikdən sonra 2 il Moskvada oxuyub. Daha sonra Xarici İşlər Nazirliyinin xətti ilə müxtəlif ölkələrdə çalışıb. 41 il Moskvada yaşayan Hüseyn Quliyev 2008-ci ildə Azərbaycana geri dönüb. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci il 31 oktyabrda Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

- Hüseyn müəllim, hazırda Azərbaycan və Özbəkistan arasında siyası əlaqələr hansı vəziyyətdədir?

- Dövlətlərarası münasibətlərin əsasında əsrlərin dərinliklərindən gələn, iki ölkə xalqını birləşdirən möhkəm dostluq və qardaşlıq əlaqələri, mədəniyyətlərin, dilin, dinin və ənənələrin yaxınlığı, tarixən yaranmış mənəvi və bəşəri dəyərlərin ümumiliyi dayanır. Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yaranması ümummilli lider Heydər Əliyev və Özbəkistan prezidenti İslam Kərimovun adları ilə bağlıdır. 1995-ci ildə diplomatik əlaqələrin yaranmasından sonra ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edib. Mütəmadi olaraq yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verib. Son olaraq 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana və 2012-ci ildə Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərləri də münasibətlərimizin inkişafı yolunda böyük addım olub və mühüm razılaşmalar əldə olunub. Bu əlaqələr hazırda Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunmalıdır ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq bütün beynəlxalq təşkilatlarda dəstəkləyir və bu baxımdan Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatında dəstəkləyən, lakin BMT-də Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətlə bağlı qətnamə layihələrinə dair səsvermə zamanı bitərəf qalmağa üstünlük verən digər ölkələrdən müsbət mənada fərqlənir.

Cənubi Qafqaz regionunda böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Azərbaycan, Özbəkistanın əsas tərəfdaşıdır. Özbəkistan-Azərbaycan münasibətləri böyük perspektivə malik olduğundan, Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı uzunmüddətli sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır. Son illərdə bu münasibətlərinin inkişafı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub.

- Ölkələrimiz arasında diplomatik əlaqələr necə davam edir, hansı işlər görülür?

- Diplomatik əlaqələr yarandığı gündən etibarən, hər iki dövlət və hökumət rəsmiləri qarşılıqlı səfərlər edir, hökümətlərarası iqtisadi komissiyanın iclasları və siyasi dialoqlar həyata keçirilir. İki ölkə arasındakı əsas ikitərəfli müqavilə 26-27 may 1996-cı il tarixlərində Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”dir. İki ölkə arasında indiyədək siyasi münasibətlərdə heç bir problem mövcud olmayıb. Bu münasibətlər 23-24 mart 2004-cü il tarixlərində Özbəkistan prezidenti İslam Kərimovun dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana etdiyi dövlət səfərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan tərəfi Özbəkistanın Mərkəzi Asiyada nüvə silahlarından təcrid olunan zonanın yaradılması təşəbbüsünü dəstəkləyir. İki ölkə arasında 18 iyun 1997-ci il tarixindən qüvvədə olan “Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Protokol”a əsasən əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb.

İki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirmək, diplomat olaraq bizim əsas vəzifələrimizdən biridir. Tərəfimizdən aparılan digər işlər arasında səhiyyə, informasiya texnologiyaları, neft-kimya sənayesi, nəqliyyat və turizmin daxil olduğu bu sahələrdə, eyni zamanda, iki ölkə dil yaxınlığını əsas götürərək mədəni əməkdaşlığa da xüsusi yer verilir. Diplomatik fəaliyyətimizi belə çoxyönlü və sistemli şəkildə inkişaf etdikcə, ölkələr arasındakı əməkdaşlığa daha çox töhfə verəcəyindən əminəm.

- Özbəkistanın Azərbaycana münasibəti necədir? Özbəklərin ölkəmiz haqqında məlumatı nə qədərdir?

- Mütəmadi olaraq, Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Azərbaycanın təbliğatı, iqtisadi uğurları, həyata keçirdiyi nəhəng layihələri, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair işlər görür. Nəticədə tərəfimizdən il ərzində mətbuatda 400-dən çox özbək və rus dillərində məqalələr dərc edilir. Gündəlik dərc olunan bu məqalələrlə yanaşı, səfirliyin və Mədəniyyət Mərkəzinin internet səhifələrində, sosial şəbəkələrdə, habelə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək və rus dillərində müxtəlif bölmələrin, məqalələrin yerləşdirilməsi nəticəsində Özbəkistanda böyük oxuyucu kütləsi toplanılıb, məlumatlar ictimaiyyət arasında böyük rezonans yaradıb. Yaratdığımız xüsusi komissiya mütəmadi olaraq internetdə özbək dillində Azərbaycana dair materialları monitorinq edir. Nəticələrə əsasən, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın mədəni irsinə dair xəbər saytlarında çoxsaylı məqalələr hazırlanaraq verilir, "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində ölkəmizə dair yüzlərlə bölmə yaradılaraq, ictimaiyyətə təqdim edilir.

2013-cü ildən hər il səfirlik və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi özbək mətbuatında ölkəmizə dair “İlin ən yaxşı məqalə” müsabiqəsini elan edir və ilin sonunda qalib jurnalistlər, tərcüməçilər, kitab müəllifləri mükafatlandırılır. Aparılan bu işlərin nəticəsində internetdə özbək dilində "Azərbaycan" seqmenti üzrə axtarış apararkən yüzlərlə məlumat əldə etmək mümkündür.

Son 5 ildə səfirlik və Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda Azərbaycan, onun tarixi, mədəniyyəti, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 38-dən çox kitab Daşkənddə işıq üzü görüb, sənədli filmlər hazırlanıb. 2016-cı ildə həyata keçirdiyimiz layihə ilə hazırlanan Türküstan və Cənubi Qafqazda erməni daşnaklarının həyata keçirdiyi soyqırımları özündə əks etdirən sənədli film Özbəkistanda böyük rezonans yaradıb.

Hazırda "Qarabağ üçün oxu" qlobal layihəsinin Özbəkistan üzrə həyata keçirilməsinə start verilib və 32 özbək gəncinin qoşulduğu musiqi klipinin çəkilişi tamamlanmaq üzrədir. Layihənin əsas məqsədi müxtəlif metodlarla, bir daha özbək ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə, münaqişə nəticəsində işğala məruz qalan, torpaqları zəbt edilən və öz yurd-yuvalarını tərk edən Azərbaycan xalqının iztirablarını dünya ictimaiyyətinə, o cümlədən, Mərkəzi Asiya xalqlarına çatdırmaq və xalqımızın sülhsevər obrazının möhkəmləndirməkdir.

Özbəkistanda digər ölkələrin səfirlikləri və Mədəniyyət Mərkəzləri Azərbaycan tərəfinin həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, mətbuatla işlərin qurulması, təbliğat və informasiya xarakterli çoxsaylı materialların yayılmasında, ictimaiyyətə çatdırılmasında təcrübəmizi öyrənməyə başlayıblar. Qeyd olunan istiqamətlərdə təbliğat işləri uğurla davam etdirilir.

- Bilirik ki, ölkələrimiz arasında dil, din, adət-ənənə, mədəniyyət və s. baxımından oxşarlıq var. Siz beş ildir ki, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirisiniz, iki ölkə arasındakı bu oxşarlıqlardan bizə bəhs edə bilərsiz?

- Azərbaycan və Özbəkistan digər türk xalqları kimi tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərib, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, musiqisi ilə onun parlaq səhifələrini yaratdıblar.

Özbəkistan və Azərbaycan arasında ümumi sərhədləri olmasa da, ölkələri birləşdirən bir çox məqamlar var. Bura tarix, dil, din, mədəniyyət və adət-ənənələrin yaxınlığı aiddir. Milli dəyərlərin, adət-ənənələrin, dil və mədəniyyətin, dinin oxşarlığına əsaslanan Özbəkistan-Azərbaycan münasibətləri əsrlərin dərinliyinə gedib çıxır, daim qarşılıqlı yardım və dəstək mənbəyi olub.

- Hüseyn müəllim, Özbəkistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir? Ölkəmizin haqq səsinin eşidilməsi üçün tərəfinizdən hansı işlər görülür?

- Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin siyasi və sülh yolu ilə həllini istəyir. Rəsmi olaraq ölkə rəhbərliyi hər zaman, münaqişənin həllinin əsas şərtinin Azərbaycanın ərazi bütövlüyünə əməl olunmalı olduğunu bəyan edir. 2016-cı ildə yeni seçilən Özbəkistan prezidenti Şavkat Mirziyoyev də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq yerinə yetirilməsinin tərəfdarı olduqlarını dəfələrlə qeyd edib.

- Bilirik ki, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr mövcuddur. Hazırda bu əlaqələr hansı səviyyədədir?

- Özbəkistan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir. 1997-ci ildə yaradılmış Azərbaycan və Özbəkistan arasında Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın bu günə qədər 10 iclası keçirilib. Azərbaycanı birmənalı dəstəkləyən ölkələrdən biri olaraq Özbəkistanla münasibətlərin bütün sahələrdə inkişafı hər iki dövlətin marağındadır.

Bu baxımdan, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, siyasi münasibətlərin yüksək səviyyəsinə baxmayaraq, ikitərəfli iqtisadi münasibətlərdə müəyyən bir durğunluq müşahidə olunur. Azad ticarət rejiminin tətbiq olunmasına baxmayaraq, 2015-ci ildə olub. Qeyd etmək lazımdır ki, 2016-cı ilin dekabrında Ş.Mirziyoyevin Özbəkistan prezidenti seçilməsindən sonra ölkədə ciddi iqtisadi islahatlar həyata keçirilir və digər ölkələrlə iqtisadi münasibətlərin inkişafına xüsusi diqqət yetirilməyə başlanıb. Hesab edirik ki, hazırda bu sahədə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün əlverişli inkişaf yaranıb və ticarət-iqtisadi, investisiya münasibətləri ikitərəfli əməkdaşlığın prioritet sahəsi ola bilər. Bu baxımdan, hazırda birgə fəaliyyət proqramlarının müəyyən edilməsi, iki ölkənin şirkət və müəssisələri arasında birbaşa əlaqələrin yaradılması, ticarət dövriyyəsinin həcminin artırılması son dərəcə aktualdır.

- Ölkələrarası mədəniyyət-humanitar əməkdaşlıq hazırda hansı səviyyədədir?

- Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələr ilk növbədə ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirir, bu xalqların tarixi keçmişinə əsaslanır. Məlumdur ki, bir-biri ilə qan qohumluğuna, dil və din birliyinə malik olan Azərbaycan-özbək xalqlarının ədəbi əlaqələr salnaməsi zəngin və rəngarəngdir. Yəni, dərin tarixi köklərə, xalqlarımızın adət-ənənə, dil, mədəniyyət və din yaxınlığına əsaslanır. İkitərəfli əlaqələrimiz aydın müəyyən olunan strateji prioritetlərə və istiqamətlərə malikdir. Bu da öz növbəsində qarşılıqlı etibara dayanır.

İki ölkə arasında olan humanitar sahədə olan əməkdaşlıq haqqında razılığın qüvvəyə minməsindən sonra ədəbi əlaqələrinin inkişaf etməsinə təkan verib. Mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət iki ölkədə keçirilən müxtəlif mədəniyyət və incəsənət festivallarında, forum və sərgilərdə Özbəkistan və Azərbaycan nümayəndələri fəal iştirak edir.

Səfirlik və onun nəzdindəki H.Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin tanıdılması və təbliği istiqamətində də mühüm işlər görülüb. Görkəmli Azərbaycan və özbək klassikləri - Əlişir Nəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və s. yaratdıqları əsərlər təkcə Şərq xalqlarının deyil, həm də bütün dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir. Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılıb. Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvi adınadır. Azərbaycanda isə bir qəsəbə Nəvainin adını daşıyır. Özbəkistanda yaşamış əslən azərbaycanlı olan şair Maqsud Şeyxzadənin əsərləri özbək ədəbiyyatının gözəl nümunələridir.

- Hazırda Özbəkistanda nə qədər azərbaycanlı yaşayır?

Özbəkistan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1 oktyabr 2017-ci il tarixinə ölkə əhalisinin sayı 32.511.900 nəfər olub. Rəsmi məlumata əsasən Özbəkistan ərazisində təqribən 40.000 yaxın azərbaycanlı yaşayır.

- Yaxın zamanlarda yüksək səviyyəli qarşılıqlı səfərlər gözlənirmi?

- Mütəmadi olaraq həyata keçirilən yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər iki ölkə arasındakı münasibətlərin inkişafına daha da təkan verir.

Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevi Azərbaycana dəvət edib. 2018-ci il ərzində Şavkat Mirziyoyevin Azərbaycana səfər etməsi gözlənilir, bununla bağlı tərəfimizdən müvafiq hazırlıq işləri aparılır. Səfərin tarixləri müəyyənləşdikdən sonra rəsmi olaraq mətbuata açılaqlama veriləcək. 2017-ci il ərzində Azərbaycan-Özbəkistan arasında diplomatik əlaqələrin inkişaf etdilməsini naminə 15-dən çox ikitərəfli yüksək səviyyəli səfərlər təşkil edilib.

- Son olaraq, cənab səfir illərdir Azərbaycan kənərda yaşayırsınız. Vətən üçün darıxırmısınız?

- Uzun illərdir işlə əlaqədar olaraq xarici ölkələrdə, vətəndən uzaqda yaşayıram. Lakin vətən həsrəti hissi məni heç vaxt tərk etmir. Vətən həsrəti hər gün vətənə bir gün dönmək həsrəti ilə yaşamaqdır…

Vətənpərvərlik hissi ilk baxışdan mücərrəd görünür. Lakin bu anlayış əslində konkret əməllərdə təzahür edir. Vətəni sevmək, vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa bir sənət, peşə sahibi olmağa lüzum yoxdur. Hər bir vətəndaşın müqəddəs borcu vətənə, onun inkişafına xidmət etmək, vətənin hər qarış torpağına sinəsini sipər edib onu qorumaqdır. Xüsusən indiki vaxtda, vətən torpaqlarının 20 faizinin düşmən tapdağı altında olduğu bir zamanda vətən bizdən daha böyük hünərlər gözləyir.

Günay Elşadqızı / METBUAT.AZ

“Xocalı soyqırımı Çexiya parlamentinin qərarında əksini tapıb” - SƏFİRLƏ MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı