“Xocalı soyqırımı Çexiya parlamentinin qərarında əksini tapıb” - SƏFİRLƏ MÜSAHİBƏ

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirləri ilə müsahibələrimizi davam etdiririk. Metbuat.az-da budəfəki müsahibimiz Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevdir.

22 may 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev Fərid Rauf oğlu Şəfiyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməsi barədə sərəncam imzalayıb və o, Azərbaycanın Kanadadakı səfiri təyin edilib. Daha sonra, dövlət başçısının 9 iyul 2014-cü il sərəncamı ilə Fərid Şəfiyev Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb və Çexiyaya səfir təyin edilib.

- Fərid müəllim, əvvəlcə istəyərdim Azərbaycanla Çexiya arasında hazırki münasibətlər haqqında məlumat verəsiz. Ölkələrarası münasibət hazırda hansı səviyyədədir, hansı işlər görülür, əməkdaşlıq necədir?

- Çex Respublikası (1992-ci il 31 dekabr tarixinədək Çexoslovakiya Respublikası) Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il 8 yanvar tarixində tanıyıb. Ölkələr arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 29-da qurulub. 2018-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edəcəyik. Azərbaycan müstəqillik qazandıqdan sonra Çexiya Respublikası ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu ölkənin Avropa siyasi arenasında özünəməxsus imkanlarını nəzərə alaraq münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə xüsusi diqqət yönəldilib. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ötən illər Azərbaycan-Çexiya əlaqələri daha da inkişaf edib, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad güclənib.

Çexiya Prezidenti Miloş Zemanın 2015-ci ilin sentyabr ayında Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bir daha təsdiqləndi. Səfər zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında bəyannamədə əlaqələrimizin müxtəlif aspektləri öz əksini tapır. Eyni zamanda, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərilir ki, münaqişə BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı, ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında öz həllini tapmalıdır.

Qeyd edim ki, Avropanın enerji təhlükəsizliyi məsələsində Çexiya Azərbaycanın oynayacağı rolu müsbət qiymətləndirərək, energetika sahəsində əməkdaşlığa xüsusi önəm verir. Çexiyanın enerji ehtiyaclarının ödənilməsində Azərbaycan nefti təxmini 40 faiz təşkil edir. Çexiyanın Moravia Steel şirkəti Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycanda olan hissəsinin bərpasında iştirak edib. Ənənəvi olaraq keçirilən Azərbaycan-Çexiya Biznes Forumları əməkdaşlıq üçün yeni imkanlar açır.

- İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələrinin Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa Qrupunun sədrisiz. Bir neçə gün əvvəl də mühüm tədbiriniz baş tutub. Bu sahədə gördüyünüz işlər haqqında bizə məlumat verərdiz

- 2017-ci il ərzində İslam Əməkdaşlığı Təşkilatının Praqa Qrupunun (İƏTPQ) sədri qismində fəaliyyətimizi uğurla davam etdiririk. Cari il ərzində İƏTPQ-nin təşkilatçılığı və Çexiya tərəfi ilə əməkdaşlığı çərçivəsində iki mühüm konfrans təşkil edilib. 24 may 2017-ci il tarixində İƏTPQ və Çexiyanın əsas ali təhsil müəssisəsi Karl Universitetinin birgə təşkilatçılığı ilə “Çexiya və müsəlman ölkələri arasında münasibətlər” mövzusunda konfrans keçirilib. Konfransda Çexiyanın dövlət qurumları, parlamentin üzvləri, ictimaiyyətin nümayəndələri, Karl Universitetinin professor və tələbələri iştirak edib. Konfransda Karl Universitetinin rektoru Tomaş Zima, Çexiya xarici işlər nazirinin müavini Martin Tlapa və mən çıxış etdik. Əsas natiq qismində İslam üzrə məhşur ingilis alimi xanım Karen Armstrong, Çexiya müdafiə nazirinin müavini Yakub Landovski və Karl Universitetinin professorları çıxış ediblər. Mən, Konfransın əhəmiyyəti haqqında məlumat verdim və tədbirin təşkil edilməsində əsas məqsədin Çexiya və müsəlman ölkələri arasında münasibətlərin müxtəlif aspektlərini müzakirə etməkdən ibarət olduğunu diqqətə çatdırdım. Xüsusilə dünyada artmaqda olan ksenofobiya, islamafobiya, dözümsüzlük halları müstəvisində konfransın düzgün vaxtda təşkil edildiyini və problemli məsələlərin ayırıcı xətlər əsasında deyil, birgə anlaşma vasitəsilə həll edilməsinin əhəmiyyətini qeyd etdim.

7 noyabr 2017-ci il tarixində Çexiya Xarici İşlər Nazirliyi, Praqa Beynəlxalq Əlaqələr İnstitutu və İƏTPQ-nin birgə əməkdaşlığı sayəsində “Media və mədəniyyətlərarası dialoq” mövzusunda Çexiya XİN-də konfrans keçirilib. Konfransın açılışında mən, Çexiya xarici işlər naziri Lubomir Zaoralek, Praqa Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Petr Kratochvil çıxış etdik. Açılış nitqlərindən sonra konfransın panelində mühazirəçi qismində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib. İƏTPQ-nin sədri qismində çıxışım zamanı konfransın əhəmiyyəti haqqında söhbət açdım və medianın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rola diqqət çəkdim. Dünyada artmaqda olan ksenofobiya və dözümsüzlük halları müstəvisində problemli məsələlərin dialoq və birgə anlaşma vasitəsilə həll edilməsinin vacibliyini qeyd etdim.

- Çexiya ilə Azərbaycan arasında oxşarlıqlar mövcuddur, hər iki dövlət oxşar taleləri yaşayıb. Tarixə nəzər salsaq, görərik ki, həm Azərbaycan, həm də Çexiya hər zaman hədəfdə olan dövlətlər olub. Bunlarla bağlı bizə məlumat verməyinizi istərdik.

- Həqiqətən də istər Azərbaycan və çex xalqları, istərsə də dövlətlərimizin tarixində bir çox ortaq paralellər tapmaq mümkündür. Müasir Azərbaycan və Çexiya dövlətçiliyinin respublika formasında bərpa olunması Rusiya və Avstriya-Macarıstan imperiyalarının süqutundan sonra - 1918-ci ilə təsadüf edir. Təəssüflər olsun ki, Azərbaycan cəmi iki il sonra Sovet işğalı nəticəsində müstəqilliyini itirib, Çexoslovakiya isə 1945-ci ildən sonra SSRİ-nin nüfuz dairəsinə girərək, sosialist Varşava blokunun üzvünə çevrilib. 1968-ci ildə Sovet qoşunlarının Praqa baharı adı ilə tarixə düşən, sosializmdən uzaqlaşma meyllərinin qarşısını hərbi müdaxilə yolu ilə alması 1990-cı ilin yanvarında Bakıda təkrarlanıb. Sonradan Şərqi Avropada baş qaldıran demokratikləşmə və çoxpartiyalı sistemə keçid, Çexoslovakiyada da müşahidə olunub və 1990-cı ildə ölkədə ilk çoxpartiyalı seçkilər keçirilib. Bir il sonra – 1991-ci ildə isə Azərbaycan dövlət müstəqilliyini bərpa edib, qısa müddət ərzində - 1992-ci ilin yanvarın 8-də Çexoslovakiya tərəfindən tanınıb. 1992-ci ilin sonunda isə Çexiya və Slovakiya ayrılaraq müstəqil dövlətlərə çevriliblər. Bir il sonra - 1993-cü ilin yanvarın 29-da ölkələrimiz arasında diplomatik münasibətlər qurulub. Hazırda Praqada Azərbaycan, Bakıda isə Çexiya səfirlikləri fəaliyyət göstərir, iki ölkə arasında qarşılıqlı anlaşma və əməkdaşlıq mövcuddur, müxətlif sahələrdə birgə əməkdaşlıq layihələri həyata keçirilir.

- Hazırda Çexiyada Azərbaycana münasibət necədir? Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, münaqişənin həlli ilə bağlı düşüncələri nədir?

- Çexiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və yuxarıda qeyd etdiyim kimi, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə danışıqlar çərçivəsində və ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında həllini dəstəkləyir. Bu mövqe daim Çexiyanın yüksək səviyyəli rəsmiləri tərəfindən bəyan edilir.

- Çexiya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar 2013-cü ildə qərar qəbul edib. Qərarda Xocalıda törədilmiş kütləvi qırğın bəşəriyyətə qarşı cinayət kimi səciyyələndirilib və pislənilib

- Səfirliyin fəaliyyət göstərdiyi müddət ərzində Ermənistanın təcavüzünün nəticələri haqqında Çexiya tərəfi mütəmadi olaraq yeni məlumatlarla təmin edilibr. Ölkə rəhbərliyinin və XİN-in tapşırığının yerinə yetirilməsi məqsədilə səfirliyin apardığı intensiv iş nəticəsində 2013-cü ilin fevral ayının 7-də Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımının tanınması haqqında yekdilliklə qərar qəbul edib. Xocalı soyqırımı ilə əlaqədar hətta Azərbaycanın ənənəvi tərəfdaşları tərəfindən çox az hallarda və ehtiyatlı şəkildə istifadə olunan soyqırım termini Aİ üzv ölkələrində və ümumiyyətlə Avropa məkanında ilk dəfə olaraq, Çexiya parlamentinin qəbul etdiyi qərarda öz əksini tapıb. Təbii ki, Ermənistan tərəfi və lobbisi Azərbaycana qarşı fəaliyyət aparmağa cəhdlər göstərib, lakin tutarlı bir müvəffəqiyyətə nail olmayıb.

- Ölkəmizin daha yaxşı tanıdılması üçün səfirliyimiz Çexiyada hansı işləri görür?

- Ölkəmizin Çexiyada tanıdılması üçün səfirlik tərəfindən kompleks tədbirlər həyata keçirilir. Belə ki, il ərzində Praqa şəhərində müxtəlif mədəni tədbirlər həyata keçirilib, təbliğat yönümlü işlər görülüb. Misal kimi, 20 aprel 2017-ci il tarixində Praqanın məhşur Lucerna kinoteatrında Elçin Musaoğlunun rejissoru olduğu "Nabat" filminin nümayişi, may ayında Ümummilli liderimiz Heydər Əliyevin şərəfinə Praqada keçirilmiş beynəlxalq şahmat turniri və Karlovı-Varı şəhərində keçirilmiş qolf turnirini qeyd etmək olar.

Həmçinin, 20 yanvar faciəsinin ildönümü münasibətilə Praqada media nümayəndələri, Çexiyada akreditə olunmuş diplomatik korpus və Çexiya rəsmi qurumlarının və ictimaiyyətinin təmsilçiləri üçün dəyirmi masa formasında təşkil etdiyim tədbir, 27 fevral tarixində Xocalıya Ədalət kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti təşkilatı ilə birgə Praqanın məhşur Lucerna kinoteatrında Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş "Sonsuz dəhliz" filminin nümayişini qeyd etmək olar. Səfirliyin keçirdiyi bütün tədbirlər ilə rəsmi internet səhifəmiz (http://prague.mfa.gov.az) və rəsmi sosial şəbəkələrimiz (https://www.facebook.com/azembassycz; https://twitter.com/AzEmbPrague ) vasitəsilə tanış olmaq olar.

- Bilirik ki, hər il bir çox azərbaycanlı tələbə Çexiyada təhsil almağa gedir. Səfirlikdə tələbələrlə bağlı hansı işlər görülür, əlaqələr varmı, hansısa işlərə, ölkəmizin tanıdılmağı ilə bağlı tədbirlərə cəlb olunurlarmı?

- Bildiyiniz kimi, Çexiya dünyada həm də qədim universitet ənənələrinə malik olan ölkə kimi tanınır. Məsələn, Praqadakı məşhur Karl Universitetinin əsası 1348-ci ildə qoyulub. Sevindirici haldır ki, son illərdə Azərbaycandan gələn bir çox gəncimiz Çexiyanın Karl, Masarik, Ostrava universitetləri kimi nüfuzlu ali məktəblərində təhsil alır. Tələbə və gənclər Azərbaycan icmasının Çexiyadakı əsas özəyi hesab olunur. Bu müstəvidə, Azərbaycan Tələbə Şəbəkəsinin (Azerbaijan Student Network) Çexiyada fəaliyyət göstərən bölməsi və Çexiya-Azərbaycan İctimai Birliyi (Česko-Ázerbájdžánský Spolek, ČAS) təşkilatları xüsusilə qeyd olunmalıdır. Səfirlik həmin təşkilatlarla sıx əməkdaşlıq edir, xalqımız üçün əlamətdar tarixlər bərabər qeyd olunur, birlikdə ölkəmizin təbliği, eləcə də, Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması üçün müxtəlif siyasi və mədəni tədbirlər təşkil olunur.

- Çexiya mətbəxi ilə milli mətbəximiz, adət-ənənələrimiz arasında çox fərqlər varmı? Ölkəmizin milli mətbəxi, adət-ənənələri orada təbliğ olunurmu?

- Ölkəmizin milli mətbəxi, adət-ənənələri Çexiyada səfirlik və Azərbaycan icması tərəfindən təbliğ edilir. Belə ki, Praqada ənənəvi olaraq keçirilən beynəlxalq “Qida və mədəniyyət” festivalı və Milad festivallarında Azərbaycan mətbəxi və mədəniyyəti nümunələri Çexiya ictimaiyyətinə əyani surətdə təqdim edilir. 26 noyabr 2017-ci il tarixində növbəti beynəlxalq Milad festivalı təşkil edilib və səfirliyimiz tərəfindən quraşdırılan Azərbaycan stendində ölkəmizin adət-ənənələrinə dair suvenir və kitabçalar, milli mətbəximizin ləziz təamları və ümumən Azərbaycan haqqında məlumat festival iştirakçılarına təqdim edilib.

- Son olaraq, jurnalistlərlə, media ilə münasibətiniz necədir?

- Yerli mətbuat nümayəndələri və jurnalistlərlə münasibətlər daim səfirliyin diqqət mərkəzindədir. Bununla belə, təəssüflər olsun ki, bəzi yerli KİV nümayəndələri ölkəmizə qarşı bəzən neqativ xarakterli kampaniya aparmağa cəhdlər göstərirlər. Bu kampaniyanın aparılmasında Çexyadakı Ermənistan lobbisi bilavasitə iştirak edir. Bütün bunlara baxmayaraq, Azərbaycan səfirliyi öz dostları və əlaqələrindən istifadə edərək, bu cəhdləri ifşa edir və ölkəmizin mövqeyinə dair məlumatları daim yerli KİV-də dərc etdirir.

Günay Elşadqızı / METBUAT.AZ

“İki ölkə arasında əlaqələr dostluq və qardaşlıq mərhələsindədir" - Səfirlə MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI