“Cəmiyyət varsa, problem də olacaq” – Seymur Orucovla MÜSAHİBƏ / FOTOLAR

Metbuat.az-da “Müsahibə saatı” layihəsində budəfəki müsahibim YAP Gənclər Birliyinin sədri və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucovdur.

Yeni Azərbaycan Partiyasının gənclik qolu olan YAP Gənclər Birliyi Azərbaycanda fəaliyyət göstərən ən böyük ictimayi-siyasi gənclər təşkilatlarından biridir. 1995-ci il 26 iyun tarixində yaradılan YAP Gənclər Birliyi Azərbaycanın ictimayi-siyasi həyatında yaxından iştirak edir və mühüm rol tutur. İlk sədri YAP İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov, daha sonra Ramil Həsənov olub. Hazırki sədr isə Seymur Orucovdur.

- Seymur bəy, Naxçıvanda anadan olmusuz. Uşaqlığınız də elə orada keçib?

- Bəli, 1984-cü il oktyabr ayının 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşam. Uşaqlığım da orada keçib, 1998-ci ilə qədər orada yaşamışıq. IX sinfə keçəndə artıq Bakıya köçmüşük. Məktəbi bitirəndən sonra İqtisad Universitetində bakalavr və magistr təhsili almışam. Daha sonra 2010-cu ildə müdafiə edib iqtisad elmləri üzrə fəlsəfə doktoru adına layiq görülmüşəm. Qeyd edim ki, ailəliyəm, 3 övladım var.

- Bir neçə il elə təhsil aldığınız İqtisad Universitetində çalışmısız

- 2002-ci ildə İqtisad Universitetində Tələbə Həmkarlar Komitəsində təlimatçı kimi fəaliyyətə başlamışam. Sonra sədr müavini olmuşam, daha sonra sədr seçilmişəm. Bir müddət orada işlədikdən sonra aktivlik göstərdiyim üçün İqtisad Universitetinin Həmkarlar İttifaqının sədri seçilmişəm və 3 il o işdə çalışmışam. Bir müddət isə həmin universitetin tərbiyə işləri üzrə prorektor səlahiyyətlərini icra eləmişəm. O vaxt 26 yaşım var idi və ən gənc prorektorlardan biri sayılırdım. 2011-ci ildən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri olduqdan sonra İqtisad Universitetindən ayrıldım. Həmin ilin aprel ayından eyni zamanda Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişəm. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüyəm. Məmur ailəsində doğulmuşam. Atam yaşadığı dövrdə dövlət işində işləyib, anam da illərdir dövlət işində işləyir. Yəni valideynləriin biznesi olmayıb, maaşla dolanan ailədə böyümüşəm.

- Bəs, necə oldu siyasətə qoşuldunuz, Yeni Azərbaycan Partiyasına gəldiniz, Gənclər Birliyinin sədri oldunuz?

- Mən məktəbdə oxuyanda da həmişə sinif nümayəndəsi olmuşam. Biz Naxçıvanda olanda ən çətin vaxtlar idi. Qış çox sərt idi, yanacaqla bağlı problemlər var idi. III-IV-V sinifdə oxuyanda da uşaqları yığıb aparırdım ki, salyarka gətirək, ev isti olsun, odun çatmırdı. Sinfimizdə bayramları mən təşkil edirdim. Atam rəhmətə gedib, amma o da həmişə siyasətə meylli olub, mənə də siyasətə meyllilik ondan keçib. Ulu öndər Heydər Əliyev həmişə bizim evdə izlənən, sevilən şəxs olub. Uşaqlıq dövrümdən başlayan aktivlik daha sonra məktəbdə də, universitetdə də özünü göstərdi. 2003-cü ildə çətin seçki dövrü idi, o vaxtlarda da bütün proseslərdə iştirak etmişəm. Təbii ki, onda daha çox arxa planda idim. Amma təşkilati işlərdə, təbliğat-təşviqatda iştirak etmişik. Hərənin bir sahəyə marağı olur, mənim də həmişə dövlət işinə, siyasətə marağım olub. Ona görə fəaliyyətə başlayandan artıq birbaşa siyasətin içində oldum, gənclər və idman idarələrində, universitetlərdə gənclərlə bağlı çıxışlar edirdim.

2005-ci ildə referendum seçkiləri keçirilirdi, onda biz YAP tərkibindəki gənclər kimi təbliğat-təşviqat qrupu olaraq regionlara gedirdik. Daha sonra elə oldu ki, məndən əvvəlki sədr Ramil Həsənov Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi seçildi. Onda mən də YAP Gənclər Birliyinin sədri olmaq üçün namizədliyi vermişdim və konfransda sədr seçildim. O vaxtdan bu günə qədər gənclər bağlı əlimizdən gələn nə varsa, edirik.

Demirəm ki, hər şey idealdır, amma komanda ilə işləməyi bacarmaq lazımdır. Bizim Gənclər Birliyinin komandası da güclüdür. Hər zaman çalışmışıq ki, gənclərə yol göstərən olaq. Həmişə çalışmışam ki, savadlı, bacarıqlı gənclər YAP Gənclər Birliyində olsunlar. Qeyd edim ki, bu gün Yap Gənclər Birliyinin bir sədr müavini hazırda Binəqədi bələdiyyəsinin sədridir, Gənclər Birliyinin əməkdaşı olan Aygün Əliyeva 5 il əvvəl, 25 yaşında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub. O da heç bir qohum-tanışlıq olmadan, sırf öz potensialı ilə partiyaya gəlmişdi, daha sonra da vəzifəyə təyin olundu. Bir əməkdaşımız Gənclər Fondunda Beynəlxalq əlaqələr sahəsinə baxır, o da öz aktivliyi ilə tanınıb, irəli gedib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisinin rəhbəri Sərraf Hüseynov bir müddət Prezident Administrasiyasında çalışıb, hazırda Azərbaycan Dillər Universitetinin prorektorudur. İki əməkdaşımız Əli Pənahov və Raqub Prezident Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsində çalışmağa başladı. Raqub pulsuz dil kursları keçirdi, elə o aktivliyinə görə də seçildi. Bir çox rayonlarda əməkdaşlarımız icra başçılarının müavinləridir. Nə qədər üzvümüz bələdiyyə üzvləridir. Dediyim kimi, hər zaman çalışmışıq ki, potensiallı insanlara yol göstərək.

Gənclər Birliyinin gücü təkcə Partiya ilə işləmək deyil, həm də güclü komandasının olmasıdır. Əsas odur ki, komandanın təkliflərini dinləyəsən, dəyərləndirəsən. Təbii ki, Partiya rəhbərliyinin də bizə çox böyük dəstəyi var. Düşünürəm ki, YAP Gənclər Birliyini kifayət qədər nüfuza gətirmişik, göstərilən etimadlar da bunu göstərir. YAP-ın ən böyük üstünlüyü budur ki, böyük komanda ilə işləyirik.

- Hazırda üzvlərinizin sayı nə qədərdir?

- YAP Gənclər Birliyinin üzvlərinin sayı 280 mini keçib. Dəqiq statistika yanvar ayında açıqlanacaq. Bizdə hər il yanvar ayında ötən ilin statistikası açıqlanır.

- YAP Gənclər Birliyi gənclərin siyasi maariflənməsində hansı işləri görür?

- Bizim Siyasət Akademiyası layihəmiz var. Ora bizim seçilmiş deputatlarımız, tanınmış siyasətçilərimiz, YAP-ın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri dəvət olunur. Burada iştirak etmək üçün xüsusilə “Facebook”dan onlayn müraciət edən gənclər seçilirlər, gəlirlər, pulsuz şəkildə iştirak edirlər. Məsələn, nəzərdə tutmuşuq ki, Bahar Muradova “Heydər Əliyev və gənclər siyasəti” barədə məruzə eləsin. Yaxud Azəbaycanın 1991-1993-cü illərdə ictimai-siyasi vəziyyəti, 1993-1998-ci illərdə ictimai-siyasi vəziyyəti, YAP-ın qurulma tarixi kimi mövzular hazırlanır və siyasətçilərimiz gəlib 1,5 saatlıq məruzə edirlər. Sonda isə həmin gənclərə iştirak etmələrilə bağlı sertifikatlar verilir. Bu cür siyasi maarifləndirmə işləri aparırıq.

Bundan əlavə, gəncləri maraqlandıran bir çox konfranslar, tədbirlər keçiririk. Beynəlxalq münasibətlərlə bağlı ən maraqlı layihələrimizdən biri budur ki, tutaq ki, Azərbaycan-Kuba və ya Azərbaycan-Rumıniya əlaqələrilə bağlı mövzu seçirik. Sonra həmin ölkənin Azərbaycandakı səfirini dəvət edirik və ya səfir olmayanda birinci katib gəlir, gənclərlə maraqlı diskussiyalar edir. Bu layihəyə çalışırıq ki, xüsusilə beynəlxalq sahəyə marağı olan gəncləri yönəldək.

Daha sonra nitq qabiliyyətini necə inkişaf etdirmək olar və yaxud Gənclər Fonduna layihə vermək üçün format necə olmalıdır, bunları öyrədirik. Bəzən hansısa gənc layihəni düzgün hazırlamır, sonra da narazı qalır ki, “layihəm qeydiyyata alınmadı”. Amma ona izah edəndə ki, bunu belə eləməlisən, onu elə eləməlisən bunu daha yaxşı bilirlər. Əvvəllər dil kursları təşkil edirdik, daha sonra gördük bu yaxşı effekt vermir, biri gəldi, biri gəlmədi, ona görə hələ ki, müvəqqəti olaraq onu saxlamışıq.

Tanınmış insanlarla gənclərin görüşünü təşkil edirik ki, gənclər görsün onların həyat yolu necə olub. Gənc sahibkarlarımız var ki, bir çoxu böyük holdinqlərin İdarə Heyətlərinin üzvləridir. Onlarla da görüşlər təşkil edirik ki, gənclərimiz görsün ki, onlar hansı yolları keçiblər. Bəzən deyirlər kimsə çox yüksək əmək haqqı alır. Ancaq mənim tanıdığım insanlar da var ki, onlar sadə ailədən çıxıblar və o yerə çatmaq üçün çox əziyyətlərdən keçib, yuxusuz qalıb, oxuyub, çox işləyib. Adam var ki, evini satıb gedib təhsil alıb gəlib işləyib, o pilləyə çıxıb. Yəni bu cür məsələlərdə gəncləri maarifləndirmək lazımdır. Yanvar ayından isə bizim kreativ menecment sahəsilə bağlı 10 seminarlıq 1 saat 10 dəqiqə davam edən layihəmiz olacaq. Bununla bağlı artıq müəllimlə də danışmışıq.

- Gənclər Birliyiniz sosial şəbəkələrdə də aktivdir

- Bəli, biz ən çox sosial şəbəkələrdə aktivlik göstəririk. “Facebook”da YAP Gənclər Birliyinin səhifəsi var, orada maraqlı məlumatlar paylaşırıq. Bilirsiz, biz iqtidar partiyası olaraq heç vaxt deməmişik ki, hər şey idealdır. Amma bir şeyi izah etmək istəyirik ki, 1991-ci ildən 2018-ci ilə qədər 27 il ərzində nələri keçmişik, hardan-hara gəlmişik və yaxşı mənada 5 ildən sonra bizi nələr gözləyir. İnsanlar bunu görməlidilər, bilməlidilər. Zaman keçdikcə Azərbaycan daha da inkişaf edir və edəcək. Ölkəmizi nə ərəb dövlətləri, nə də digər dövlətlərlə müqayisə etmək fikrində deyiləm, sadəcə ölkəmizdəki stabilliyə baxanda görürük ki, biz haralara getmişik, onlar haralara gediblər. Təbii ki, problemlər də var, müstəqil dövlətik, yeni-yeni formalaşırıq. Bu problem mediada da, digər sahələrdə də var. Bəzi insanların fərdi maraqları gətirib problemli vəziyyətə çıxarır. Bu, cəmiyyətdir, cəmiyyət varsa, demək problem də olacaq. Dünya qarışıb bir-birinə, bu dəqiqə enerji müharibəsi gedir. Ancaq bütün bunlarla yanaşı görün ki, biz Bakı-Tbilisi-Ceyhan, TANAP-TAP kimi böyük layihələr həyata keçiririk. Biz artıq potensialı qururuq. BP ilə müqavilənin uzadılması həm siyasi, həm iqtisadi sahədə çox böyük göstəricidir. Günü-gündən möhtəşəm açılışlar həyata keçirilir. Bütün bunları görmək lazımdır. Problemlər olsa da bunun həlli istiqamətində işlər görülür.

Hər dəfə Nazirlər Kabinetinin iclasında cənab prezident bu problemləri qabardır və bir həlli yolunu tapır, qanunlarda dəyişikliklər edir. Bütün bunlara görə deyə bilərəm ki, inkişafımız idealdır və inanın ki, 3-5 il sonra tam fərqli və daha da güclü Azərbaycan olacaq. Biz nə qədər prezidentimizin yanında olsaq, daha da güclü olacağıq. Çünki dövlət başçımız bizi xarici dövlətlərə əyilməyə qoymur, bu böyük şərtdir. Heç kimin, heç bir dövlətin qarşısında bizi əzmir, öz müstəqil siyasətimizi aparırıq, sözümüzü deyirik, öz yolumuzla gedirik. Bunun əvəzi yoxdur. Bu gün Suriyada millət heç bilmir ki, söhbət nədən gedir, nə məsələdir, sadəcə qüvvələr marağı toqquşdu, idarəetmə olmadı, xalq da bir az aldandı, ona görə də bütün bunlar oldu. Liviyanın hakimiyyətini tənqid edənlər indi özləri də pis vəziyyətdə qalıblar.. İraqda hələ də hökumət tam qurula bilmir, yerli hökumət bir söz deyir, parlament bir şey deyir, birləşə bilmirlər.Vahidlik, stabillik olduqca hər şey yolunda olur. Adicə baxın ki, mediamız 5-10 il bundan əvvəl necə idi, indi necədir. Kimlər ki, fırıldaq işlə məşğul olurdu, yavaş-yavaş silinib gedirlər. Getdikcə daha da silinəcəklər, çünki başqa cür alınmaz.


- Yenidən istərdim sosial şəbəkələrin fəaliyyətinə geri dönək. Bu gün Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini necə dəyərləndirirsiz?

- Sosial şəbəkə həqiqətən çox gözəl vasitədir, insanlarla ünsiyyət qurmaq baxımından, eyni zamanda dünyanı birləşdirir. Sosial şəbəkələr qlobal səviyyədə yayılıb. Ancaq bəzən insanlar, xüsusilə də gənclər sosial şəbəkədən çox sui-istifadə edirlər. Məsələn, birinin şəxsi həyatı ilə bağlı məlumatlar paylaşılır, bunu heç bəyənmirəm. Yaxud tutaq ki, yol polisi işçisidir, bu adam 12 saat növbədə olur, bir dəqiqə papağı üzünə çəkən kimi şəklini çəkib paylaşırlar. Bu cür işlərin tam əleyhinəyəm. Bu, Qanunla və ya başqa yollarla tənzimlənməlidir. İnsanları təhqir edirlər və yaxud gizli bir şey çəkib paylaşırlar, baxırsan ki, tam mənasız bir şeydir. Təbii ki, bütün bunlarla birmənalı olaraq razı deyiləm. Bir də görürsən ki, lazım olmayan bir şeyi elə şişirdirlər ki. Gənclərin özünəqəsd söhbətləri və ya ata uşağını öldürdü, yaxud ər həyat yoldaşını öldürdü, bu cür xəbərlərin mediada verilməsinə və xüsusilə də sosial şəbəkədə yayılması məsələləri yəqin ki, gələcəkdə Qanunla tənzimlənər. Düşünürəm ki, bu demokratiya demək deyil, bu insanların şüuraltına bu cür informasiyaları yeritməkdir. Bu məsələlərdə çox diqqətli olmalıyıq.

Sosial şəbəkələrin yaxşı tərəfi budur ki, hansısa tədbir olanda bu barədə məlumatlar verilir. Yaxud siz saytınızın sosial şəbəkə hesabından canlı yayımlar edirsiz, bu da maraqlıdır. Hansısa tədbir olanda, informasiya o dəqiqə yayılır. O cəhətdən çox üstünlüyü var. Amma bu sahədə də bir az maarifləndirmə işləri aparılsa, düşünürəm ki, daha yaxşı olar. Təbii ki,bu gün Azərbaycanda əhalinin 80%-dən çoxu internet istifadəçisidir. İnternet əlçatanlığı məsələsində problemimiz yoxdur. Yalnız işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarımız internetdən uzaqdadır, qalan bütün yerlər internetlə təchiz olunub. Dövlət özü də bu məsələdə maraqlıdır, ictimaiWiFi layihəsi həyata keçirilir. Bütün bunlar çox yaxşıdır. Amma mən heç razı deyiləm ki, insanların şəxsi həyatları ilə bağlı məsələlər ictimailəşsin. Təbii ki, bir yerdə bir hadisə baş veribsə, bu həmin an ictimailəşməlidir. Bir də nədənsə bir az narazı olan adamlar, çox ciddi aqressiya göstərirlər. Adi bir məsələyə fikir bildirməlidir, həmin an keçir təhqirə. Bu da yəqin ki, zaman keçdikcə qaydasına düşəcək. Belə ümumi götürəndə sosial şəbəkələrin fəaliyyətindən razıyam, çünki dediyim kimi istədiyin adamı tapırsan, istədiyin məlumatı, videonu tapa bilirsən.

Dövlətimiz və hökumətimiz heç vaxt internetin limitli olması və yaxud məhdudlaşdırılması üçün heç bir addım atmayıb və atmayacaq. Bəzi dövlətlər bunu məcburi şəkildə edirlər. Bu da dövlət başçısının dünyaya açıq insan olduğunu göstərir. Bütün Beynəlxalq Telekommunikasiya İttifaqı, dünyadakı internet forumları Azərbaycanın bu addımını çox müsbət qarşılayırlar. Böyük Britaniya və digər bir çox böyük dövlətlərə gedənlər yəqin ki, bilir, bir çox saytların girişinə qadağa qoyulub. Çində demək olar ki, “Facebook” anlayışı yoxdur. Bu təbii ki, onların daxili işidir, tənqid kimi demirəm. Orada “WhatsApp” işləmir, özlərində ona uyğun bir şey yaradıblar. “Youtube” yoxdur, buna bənzər başqa bir şey yaradıblar. Azərbaycan bu cəhətdən həqiqətən çox demokratik ölkədir. İnsanlarımız isə gərək bundan sui-istifadə etməsinlər. İnsanların şəxsi həyatları ilə bağlı məsələlərdə daha diqqətli olmaq lazımdır.


- Bəs, beynəlxalq əlaqələriniz necədir və ümumiyyətlə xarici təcrübəni burda necə tətbiq edirsiniz?

- Asiyadakı bir çox dövlətlər, iqtidar partiyaları, koalisiya qüvvələri, müxalifətdə olan və parlamentdə təmsil olunan partiyalar və s. partiyaların birliyi olan İCUP var. Orada Gənclər Birliyinin sədr müavini, YAP beynəlxalq əlaqələr üzrə sədr müavini Ramin Məmmədov təmsil olunur. Onların regionlarda keçirmiş olduğu tədbirlərin hamısında iştirak edirik, istər konfranslarda, istər seminarlarda. Digər bir məsələ Avropa Xalqlar Partiyasıdır ki, bu da Avropadakı koalisiya iqtidar partiyalarının hamısının birləşmiş olduğu böyük bir partiyadır. Xüusilə Avropadakı ən böyük siyasi birlikdir. Oranın da YEP Gənclər Birliyi ilə bizim çox yaxşı əlaqələrimiz var. Bir də orada sistemdə belə bir şey var ki, Avropada iqtidar partiyalarının dəstəkləmiş olduğu gəcnlərlə bağlı qeyri-hökumət təşkilatları var. Məsələn, Demokratik Tənqidlər Birliyi, onların içərisində ən böyükləridir. Onlarla birbaşa münasibətdəyik, Azərbaycana dəvət edirik, təcrübə mübadiləsi aparırıq.

Onların axırıncı tədbirini Bakıda təşkil etdik. Birliyin hansı ölkələrdə təmsilçiləri var idisə, hamısı Bakıda toplaşmışdı. Bu bizim böyük uğurumuzdur. Orada İtaliya, Almaniya, Fransa, İspaniya kimi bir çox böyük dövlətlərdən nümayəndələr var idi. Biz bu tədbiri Bakıda müvəffəqiyyətli keçirdik. Onların illik tədbirləri olur və bu tədbirlər 3 il əvvəldən müzakirə olunur ki, harada olacaq. Bu Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinə olan etimad idi. Eyni zamanda Rusiyadan olan “Molodoy Qvardiya” ilə də çox yaxşı münasibətlərimiz var. Onlar bizim strateji müttəfiqimizdir, qonşu dövlətdir. Oradan da demək olar ki, bir çox regionlardan nümayəndələr Bakıdakı tədbirə gəlmişdilər. Bakıdakı tədbirdə Memorandum imzaladıq və nəzərdə tutmuşuq ki, gələcəkdə onlarla əlaqələrimizi gücləndirək. Tatarıstanın iqtidar partiyasından gəlmişdilər, onlarla Memorandum imzalamışıq. Qazaxıstanın “Rotom” partiyası ilə çox gözəl münasibətlərimiz var. Bilirsiz ki, onlar Azərbaycanı sevən ölkələrdən biridir və strateji tərəfdaşımızdır.

Qardaş Türkiyədən AK Partiya bizim üçün doğmadır, bir-birimizi daima dəstəkləyirik. AKP-nin Gənclər Birliyi ilə çox yaxşı münasibətlərimiz var. Onlar bura gəlirlər, biz onların tədbirlərinə gedirik, fikir mübadiləsi aparırıq. Onlarla ən çox seçki prosesində təbliğat-təşviqat prosesinin təşkilində birlikdə bir çox işlər görmüşük. Bizim nümayəndə heyəti Türkiyəyə gedib, orada iştirak edib, regionlarda olmuşuq. Onları dəvət edirik, bələdiyyə seçkilərində də nəzərdə tutmuşuq ki, dəvət edək. Əvvəl Ukrayna ilə yaxşı münasibətlər var idi, hər halda gələcəkdə onları da dəvət edəcəyik. Demək istədiyim budur ki, bütün o platformalarda bizim beynəlxalq əlaqələrimiz inkişaf etməkdədir.

Biz xüsusilə Çinlə danışıqlar aparmışıq ki, Çinin Kommunist Partiyasının Gənclər Birliyinin nümayəndələrini Bakıya dəvət edək. Onlarla ilkin danışıqlar gedir, vaxt təyin olunsun, yəqin ki, gələn ilin əvvəllərində gələəklər. Orda partiyanın çoxlu sayda üzvü var, 90 milyon. Bu da təbiidir, çünki əhalinin sayı da 1,4 milyarddır. Onların təşkilatlarının fəaliyyəti ilə gedib tanış olduq. Bizim “ABAD”a oxşar platformada fəaliyyət göstərirlər, sosial layihələr həyata keçirirlər. Məsələn, fiziki məhdudiyyətli şəxslər nəsə toxuyurlar, əkin sahələrində çalışırlar, onların satışı ilə həmin təşkilat məşğul olur. Bu bizim üçün maraqlı təcrübə mübadiləsi oldu. Bu sahədə işlər davam edir. Gələcəkdə də çalışacağıq ki, beynəlxalq əlaqələrimizi daha da gücləndirək.

- Seymur bəy, sizin digər işiniz də var, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrisiz. Oradakı fəaliyyətiniz nədən ibarətdir?

- Orada əsas işimiz işçilərin sosial hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının, yay istirahətlərinin təşkili, xüsusilə hüquqlarının qorunması, sosial fəaliyyətlər və s.-dir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə tədbirlər planımız var və hər il Azərbaycanın işğal olunmuş rayonlarının anım günlərində nazirin əmrilə həmin bölgədən olan hər bir işçiyə maddi yardım aparıb onlarla görüşürük. Məsələn, Şuşa Poçt, Şuşa Telefonun Şuşadan olan işçilərinə işğal günü ərəfəsində maddi yardım aparırıq, görüşürük onlarla. O ailələrin hər birinə Qurban bayramında, Yeni il bayramında ərzaq və digər yardımlar aparılır. Məktəblər açılanda uşaqları məktəbə gedən varsa, geyim və digər əşyalar aparılır.

Bizim Nabranda 70 nəfərlik istirahət bazamız var, lüks şəraitdə olmasa da istirahət üçün yaxşıdır. Ora sırf rabitə işçiləri üçündür. Orada ödənişin 50%-ni biz veririk, 50%-ni isə işçilər özləri, istirahət müddəti isə 10 gündür. Bu il 470 nəfərə yaxın işçini ora göndərdik, hər şey bura daxildir, 3 dəfə yemək və s.

Bizim Kollektiv sazişimiz imzalanıb, məsələn, Aztelecom İstehsalat Birliyilə. Baş Kollektiv Saziş əsas imzalanır Baş nazirlə Konfederasiyanın sədri arasında. Biz də nazirimiz Ramin Quluzadə ilə imzalamışıq. Bir fakt deyim ki, məsələn, yollayış verilir. Yollayışın qiyməti 750 manatdır. O pulun 85%-ni Həmkarlar İttifaqları ödəyir, qalan 10-15%-ni isə Kollektiz Sazişə görə, müəssisə sərbəst vəsaitindən ödəyir. Hər hansı texniki işçi olsun, fəhləsi olsun, sürücüsü olsun gedib rahat istirahətini edə bilər. Təbii ki, biz bunu 18 minlik kollektivin hamısına edə bilmərik, amma bölgü prinsipi ilə bacardığımız qədər çalışırıq ki, bu məsələlərin hamısının həllinə köməklik edək. Yaxud bizdə sazişlər var ki, işçi məzuniyyətə getdikdə məzuniyyət pulundan əlavə 1 əməkhaqqı da əlavə vəsait alsın. Bu isə olur 12-ci yox, 13-cü əmək haqqı. İmkanı olmayan, yaxud əməliyyat olunan işçilərə maddi yardımlar olunur. Onlar bizə müraciət etdikdə Həmkarlar Komitəsinin və yaxud yerli təşkilatların vəsaiti hesabına yardım edilir. İdman yarışları keçiririk, hazırda Spartakiada yarışlarına hazırlaşırıq. 9 növ idman növü üzrə bizim Nazirliyin sahələri arasında idman yarışları keçirilir. Buradakı fəaliyyətimiz barədə qısaca bunları deyə bilərəm.

- Sonda Seymur bəy, artıq 7 ildir ki, YAP Gənclər Birliyinin sədrisiz. Bu illər ərzində olan fəaliyyətinizi özünüz necə qiymətləndirirsiz və qarşıda hansı yeniliklər gözlənilir?

- 7 ildə 2 dəfə konfrans olub və hər iki konfransda mənim namizədliyim irəli sürülübsə, deməli müəyyən qədər razılıq var. Amma Gənclər Birliyində yaş məsələsi var. Müəyyən yaşa çatdıqdan sonra artıq yerimizi daha gənc olanlara verməliyik. Digər layihələrə gəldikdə yay məktəblərini layihəsini hazırlayırıq. Əməkdaşlıq etdiyimiz Avropa dövlətlərilə beynəlxalq yay məktəbi layihəsini həyata keçirmək istəyirik. İstəyirik ki, onların gənclərini maraqlı layihəyə cəlb edək. İndi qış aylarıdır, yaza doğru istəyirik ki, fəaliyyətimizi daha da artıraq. Gənclərlə görüşlərimizi artıraq, xüsusilə sahibkarlıq fəaliyyətində stimullaşdırıcı layihələr olsun. Çünki məsələn, bir gənc istəyir ki, bir ferma açsın, Sahibkarlıq Fondundan vəsait götürsün. Qeydiyyatdan keçmək necə olmalıdır bunu öyrədirik. Ən çox diqqət etdiyimiz məsələlərdən biri də dini radikalizmlə mübarizə, erkən nikahla mübarizə kimi məsələlərdir. Maarifləndirmə işləri aparılırmalıdır. Bundan əlavə gənclərimizin toplantısı nəzərdə tutulub. Regionlarda da konfranslar, tədbirlər həyata keçirəcəyik. Hələ ki, qarşıda gözlənilən işlərimiz bunlardır.

Günay Elşadqızı / METBUAT.AZ

Foto: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı