8 Dekabr 2017 13:08
Qarşıdan 2018-ci il və müvafiq olaraq prezident seçkisi ili gəlir. Seçkidə kimlərin iştirak edəcəyi hələ müəyyən olunmasa da, Yeni Azərbaycan Partiyasının da öz namizədi ilə iştirakı gözlənilir.
Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, YAP-ın yubiley tədbirindəki çıxışı zamanı bildirib ki, son 25 il ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz, bundan sonra da fəal çalışmalıyıq”.
Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında YAP-ın gələnilki seçkilərdəki iştirakı barədə məlumat verib:
“Yeni Azərbaycan Partiyası öz namizədi ilə həmin seçkilərdə iştirak edəcək. Partiyamız gələnilki seçkilərdə də qalib gəlmək əzmindədir. İlk növbədə Partiyamızın cəmiyyətdə böyük potensialı, seçicilər arasında yüksək reytinqi bunu deməyə əsas verir. İrəli sürəcəyimiz namizədin növbəti 7 il ərzində Azərbaycanın inkişaf məsələlərinin, beynəlxalq mühitdə nüfuzunun artmasını yüksək səviyyədə həll edəcəyinə inanırıq. Bu gün YAP-ın bütün Azərbaycan coğrafiyası üzrə möhkəm ərazi təşkilatları, cəmiyyətin bütün təbəqələrində çoxsaylı tərəfdarları var.
Cəmiyyətin ziyalıları, nüfuzlu insanları Yeni Azərbaycan Partiyasının üzvüdülər, seçkilərdə səs verirlər. Seçkilərdə həm özünü doğrultmuş seçki texnologiyalarından, eyni zamanda da, yeni seçki texnologiyalarından istifadə etmək əzmindəyik. Namizədimiz qalib gəldikdə isə Konstitusiya hüququna uyğun olaraq, Azərbaycanın mənafeyinin müdafiə edilməsi, sosial rifahın yüksəldilməsi, beynəlxalq mühitdə nüfuzumuzun yüksəldilməsi, müstəqilliyimizin qorunub-saxlanması, möhkəmləndirilməsi və s. görəcəyimiz işlər bundan ibarət olacaq”.
Millət vəkili Metbuat.az-a dövlət başçısının sərəncamı ilə vergilər naziri Fazil Məmmədovun və təhsil naziri Mikayıl Cabbarovun işdən çıxarılması, Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsini də şərh edib: “İki nazirin çıxarılması, birinin isə yenidən təyinat alması adi kadr dəyişikliyidir. Cənab prezident bu iki nazirlik qarşısında yeni vəzifələr görür, orada işin daha da gücləndirilməsi istiqamətində addımların atılmasını daha vacib sayır. Yəni bu baxımdan, yeni vergilər nazirinin təyinatı və yeni təhsil nazirinin nə zamansa təyin edilməsi əlbəttə ki, Azərbaycanda bu sahədə aparılan işlərin daha da yaxşılaşdırılması istəyindən irəli gələn məsələdir. Daha əvvəl təhsil naziri olan Mikayıl Cabbarov, Vergilər Nazirliyində işi daha da canlandıracaq və nəticələr əldə ediləcək”.
Günay Elşadqızı / METBUAT.AZ
“Xəzəryanı dövlətlərin ortaq məxrəcə gəlməsi mümkün olub” - Elman Nəsirov