27 Yanvar 2018 12:23
Xəbər verdiyimiz kimi, Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) ən çox şikayət olunan 10 ölkədən biridir.
Metbuat.az-ın məlumatına görə, bu haqda AİHM-nin illik hesabatında bildirilib. Qeyd olunub ki, ötən il Ermənistandan Avropa İnsan Haqları Məhkəməsinə 356 şikayət daxil olub. Ümumilikdə isə Ermənistan əhalinin sayına görə, 2017-ci ildə hər 10 min nəfərə 1,19 şikayət düşür.
Ötən il AİHM 109 iddianı Ermənistana qarşı yolverilməz hesab edib. 44 şikayət barədə hökumətə göstəriş verilib və 12 iş üzrə isə qətnamə çıxarılıb. Hazırda məhkəmədə Ermənistandan daxil olan 1819 ərizənin baxılması gözlənilir. İndiyədək Ermənistan üzrə Avropa İnsan Haqları Məhkəməsi 87 qərar çıxarıb.
Məsələ ilə Metbuat.az-a açıqlama verən millət vəkili Elman Məmmədovun sözlərinə görə, Ermənistan vətəndaşları öz hökumətindən, dövlət rəhbərlərindən ona görə şikayət edirlər ki, hüquqları pozulur: “Bu gün Ermənistana rəhbərlik edən komanda, Serj Sarkisyan başda olmaqla dövləti hüquqi, demokratik nöqteyi-nəzərdən, hüquq qanunları ilə yox, kriminal aləmin qanunları ilə idarə edirlər. Vətəndaşlar səfalət içərisində yaşayır, onların bütün hüquqları pozulur, işsizlikdir. Azərbaycana qarşı aparılan işğalçı müharibə saysız-hesabsız Ermənistan vətəndaşının ölümünə səbəb olur. Qeyri-qanuni həbslər həddindən artıq çoxdur, təqiblər çoxdur. Bütün bunların hamısı ümumi vətəndaş narazılığına gətirib çıxarır”.
Millət vəkili deyir ki, bu vətəndaşlar kimə müraciət etməlidilər, kimdən imdad diləməlidilər?: “Ermənistanın üzv olduğu Avropa Şurasından, Avropa Parlamentindən, Avropa Məhkəməsindən və s. Bu insanlar hüquqları pozulmuş, təqiblərə, təəzyiqlərə məruz qalmış, işkəncələrə məruz qalmış insanlardır. Hansının ki, imkanı var başın götürüb Ermənistandan qaçır. Ermənistanda miqrasiyanın səviyyəsi bəlkə də dünya ölkələri içərisində ən yüksək yerlərdən birindədi. Kimin də getməyə imkanı yoxdursa, bu canilərin, cinayətkarların təzyiqi, təhqiri, hüquq pozması altında qalırlar. Onlar hüquqlarının bərpa olunması, insan kimi yaşamaları üçün Avropa qurumlarına şikayət ərizələri göndərirlər. Bax, səbəb budur”.
Günay Elşadqızı / METBUAT.AZ