“Kənardan ianə verən donorlar da artıq Ermənistandan bezib” – Aydın Hüseynovla MÜSAHİBƏ / FOTOLAR- VİDEO

Metbuat.az-ın budəfəki qonağı millət vəkili, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü və Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdur.

Aydın müəllimlə bir sıra siyasi, iqtisadi və beynəlxalq məsələləri müzakirə etmişik.

- Aydın müəllim, əvvəlcə istəyərdim bu il keçiriləcək prezident seçkilərindən danışaq. Hazırlıqlar necə gedir, eyni zamanda Yeni Azərbaycan Partiyası seçkilərə necə hazırlaşır?

- 2018-ci il Azərbaycanda prezident seçkiləri ilidir. Bilirsiz ki, Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin gününü elan edir, namizədlər qeydiyyata alınır və digər prosedurlar həyata keçirilir. Həmin dövrdən sonra Yeni Azərbaycan Partiyası və digər partiyalar, ictimai qurumlar təbliğata başlayırlar. Hesab edirəm ki, bu gün prezident seçkiləri ilə bağlı hər hansı partiyanın və ya şəxsin fikir söyləməsi tezdir. Ancaq Yeni Azərbaycan Partiyasının hərgünkü fəaliyyəti elə seçkilərlə bağlıdır, seçkilərə hazırlıq, seçkidən sonra onun təhlil olunması işləri gedir. Bildiyiniz kimi, YAP-ın həm rayon təşkilatları, həm şəhər təşkilatları var, mərkəzi aparatı, icra katibliyi var. Yəni fəaliyyətinin əsas önəmli hissəsi seçkilərdi, seçkilərə hazırlıqdı, seçki dövründəki müəyyən təhlillərin aparılmasıdı və s. bütün bunlar gündəlik işin tərkibidi.

Yeni Azərbaycan Partiyasının prezident seçkilərində heç bir problemi olmayacaq. Çünki YAP-ın lideri, ölkə prezidenti İlham Əliyev Azərbaycan vətəndaşları tərəfindən birmənalı olaraq dəstəklənir və xalq arasında böyük nüfuza malikdir. Bunu beynəlxalq reytinq müəyyənləşdirən qurumlar da təsdiqləyir.

- Bildiyimiz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə əlaqədar prezident İlham Əliyev bu ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etdi. Bundan əlavə, bu il həm də Azərbaycan Parlamentinin 100 illiyidir. İstəyərdim həm dövlət başçısının qərarı ilə bağlı fikrinizi öyrənək. Həm də bu il Parlamentin 100 illiyi ilə bağlı hansısa işlər görüləcəkmi?

- Bildiyiniz kimi, cənab prezidentimiz 2018-ci ili Cümhuriyyət ili elan etdi. Bu, cənab prezidentin ulu öndər Heydər Əliyevin ideyalarına və strategiyasına sədaqətinin bir nümunəsi idi ki, bu qərarı verdi. Ulu öndərimiz də o dövrdən başlayaraq Xalq Cümhuriyyətinə, Şərqin ilk demokratik respublikasına çox böyük önəm vermiş, onun liderlərinə, o dövrdə hökumətdə təmsil olunan insanlara, onların xatirəsinin əbədiləşdirilməsinə çox önəm verib. Bu gün də cənab prezident İlham Əliyev bu strategiyanı davam etdirir.

Bu il Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi Azərbaycan xalqının dövlətçilik ənənələrinin davamı deməkdir. Xalq Cümhuriyyəti doğrudan da Azərbaycanın tarixində mühüm rol oynayıb, Şərqdə ilk demokratik dövlət və parlamentli respublika olub. Həmin dövrdə bizim ordumuz yaranıb, yəni 23 ay ərzində bir dövlətə hansı önəmli addımlar lazımdırsa, o addımlar atılıb. Bu gün də bizim həmin tarixi yüksək səviyyədə qeyd etməyimiz onu göstərir ki, Azərbaycan öz dövlətçilik ənənələrinə, demokratik prinsiplərinə, öz tarixinə bu gün də sədaqət nümayiş etdirir və onu gələcək nəsillərə daha bariz şəkildə ötürür.

- Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında qeyd etdi ki, 2017-ci il dünyanın bir çox ölkələrində qarşıdurmalar, müharibələr baş versə də, Azərbaycanda sabitlik hökm sürdü. Dünyada bu qədər qarşıdurma, gərginlik olduğu halda, ölkəmizdə bu cür sabit vəziyyətin olması nəyin nəticəsidir?

- Çünki biz o xaosu, anarxiyanı, başlı-başına olmağı, hökumətsizliyi, dövlətsizliyi, 1991-92-93-cü ilin əvvəllərində yaşadıq, o qarşıdurmanın nə olduğunu gördük. Torpaqlarımızı itirdik, şəhidlər verdik, vətəndaş müharibəsi törədildi, iqtisadiyyatımız çökdü, dövlətçiliyimiz məhv olma ərəfəsinə gəldi. Ulu öndərimizin çox böyük qətiyyəti, siyasi uzaqgörənliyi, diplomatik və sərkərdə bacarığı nəticəsində, yəni Heydər Əliyev şəxsiyyətindən və təcrübəsindən irəli gələrək bütün bunların qarşısı alındı və Azərbaycan xalqı Heydər Əliyevə söykənərək, arxalanaraq, Heydər Əliyev də xalqına arxalanaraq müstəqil Azərbaycan dövlətini daha da möhkəmlətdi. Ona görə də artıq indiki nəsil o dövrü görüb və dövrə heç kim qayıtmaq istəmir. Ona görə də müstəqilliyimizi əldən vermək istəmirik və verməyəcəyik də. Ulu öndərimiz Heydər Əliyevdən sonra prezident İlham Əliyev onun ideyalarını çox sədaqətlə davam etdirdi. Azərbaycan xalqının maraqlarını, istəklərini Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya üzrə davam etdirir. Bu gün prezident İlham Əliyevlə də Azərbaycan xalqı arasında çox böyük qarşılıqlı inam var, hörmət var və dövlət başçısının ətrafında birləşən xalqımız doğrudan da çox böyük uğurlar əldə edib. Bu günlərdə beynəlxalq iqtisadi forum Azərbaycanı inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksləri üzrə 3-cü yerdə göstərib. Bu, inklüziv iqtisadi inkişaf, yəni mövcud resurslardan hər bir Azərbaycan vətəndaşının bərabər şəkildə bəhrələnməsi deməkdir. Səhiyyədən bərabər istifadə, insan kapitalı, məşğulluq və s. bu kimi indikatorlar üzrə təhlillər aparılır və Azərbaycan dünyada 3-cü yeri tutur. Bu, çox böyük nəticədir. Bu onu göstərir ki, doğrudan da bu gün Azərbaycanda insana, insan kapitalına, sosial təbəqəyə çox böyük dövlət qayğısı, diqqəti var. Dövlətin əsas siyasətinin önəmli istiqaməti bu sahəyə yönəlib. Mən digər beynəlxalq qurumların Azərbaycana verdiyi qiymətləri hələ sadalamıram. Ölkəmizdə aparılan çox böyük layihələr, Bakı-Tbilisi-Qars, Azəri-Günəş yataqlarının yenidən işlənməsi, Qərb, Şərq istiqamətində, Şimal, Cənub istiqamətində gələcəkdə böyük loqistik mərkəzlərin yaranması, TANAP, TAP layihəsi, bütün bunları düşünəndə biz görürük ki, doğrudan da Azərbaycan nə qədər böyük layihələrə imza atıb. Bu nəyin sayəsində olur? Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və Azərbaycan xalqına söykənməsinin nəticəsidir. Bu layihələri biz ona görə icra edə bildik ki, vəsaitimiz oldu, iqtisadiyyatımız inkişaf etdi, investisiya cəlb olundu, investisiyalar qoyuldu. Bütün bunların hamısı stabilliyi şərtləndirən əsas amillərdir.

- Aydın müəllim, 2017-ci ildə həm qeyri-neft sektorunda, həm sənayedə, həm də kənd təsərrüfatında müəyyəm artımlar əldə olundu. Bu il hansı sahələrin daha çox inkişafı nəzərdə tutulur və artım gözlənilirmi?

- Artım əlbəttə gözlənilir. Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu Azərbaycanın ümumi daxili məhsulunun 1,5% artacağını proqnozlaşdırır. Bu isə onun nəticəsidir ki, Azərbaycanda aparılan islahatlar bir elmə, metodologiyaya söykənir, iqtisadi təhlillərə, dövlət proqramlarına söykənir. 2016-cı ilin dekabrında cənab prezidentin sərəncamı ilə iqtisadiyyatın 12 sektorunu əhatə edən Strateji Yol Xəritəsi təsdiqləndi. Strateji Yol Xəritəsində hər bir sahənin inkişaf perspektivləri müəyyələşdirilir və onun monitorinqləri aparılır. Hər dəfə monitoriqlər aparılanda biz görürük ki, doğrudan da Strateji Yol Xəritəsində nəzərdə tutulan istiqamətlər üzrə ölkəmizdə çox böyük, önəmli işlər həyata keçirilir. Kənd təsərrüfatı, turizm, sənaye sahəsində, eləcə də, yaxın gələcəkdə Azərbaycan çox böyük kosmik ölkələr sırasında olacaq və ikinci süni peykimizi orbitə çıxarmaqla bağlı artıq cənab prezidentimiz də öz fikirlərini bildirib. Yəni müasir texnologiyanın, kommunikasiya texnologiyalarının yeni inkişaf mərhələsi Azərbaycanda öz inkişaf meyllərini müəyyənləşdirəcək. Dediyim kimi, qeyri-neft sektorunun bütün sahələrində çox böyük uğurlar əldə edəcəyik. Təsadüfi deyil ki, kənd təsərrüfatında 4,1% artım əldə olunub, qeyri-neft sektorunda 2,5%, qeyri-neft sənayesində 3,1% nailiyyətlərimiz mövcuddur, eləcə də bank sektorunda. Artıq manatla əmanət qoyuluşu keçən illə müqayisədə 30%-ə qədər artıb. Valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Xarici ticarət dövriyyəmiz 6,2 milyard müsbət saldo ilədir. Manatımız stabillləşib. Bütün bunların hamısı onu diqtə edir ki, gələcəkdə uğurlarımız daha çox olacaq.

- Dağlıq Qarabağla bağlı danışıqlar intensivləşib. Ötən il də bir neçə dəfə görüşlər oldu, həm dövlət başçıları səviyyəsində, həm xarici işlər nazirləri səviyyəsində. Xarici işlər nazirlərinin bir neçə gün öncə də görüşü keçirildi. 2018-ci ildə Dağlıq Qarabağla bağlı hansısa nəticə əldə eləmək olarmı, dönüş ili ola bilərmi?

- Qarabağla bağlı dönüş ili artıq var, 2016-cı il dönüş ilidir, Azərbaycan ordusu öz sözünü dedi. Azərbaycanın Ali Baş Komandanı öz qətiyyətini göstərdi. Bununla həm beynəlxalq təşkilatlar, həm də ATƏT-in Minsk qrupu ölkələri də məşğul olur. Bildiyiniz kimi, bir neçə gün öncə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Edvard Nalbandyanla görüşdü. Elmar Məmmədyarov da öz çıxışlarında qeyd etdi ki, görüşdən razı qaldı, yəni bu görüş artıq bəhrəli, səmərəli görüş olacaq. Bilirsiz, Ermənistanın artıq qaçmağa yeri yoxdur. Beynəlxalq aləmi aldatmağın artıq son yoludur. Bu gün görürlər ki, doğrudan da Ermənistan işğalçılıq siyasəti həyata keçirir, separatçılıqla məşğuldur. Ermənistanın bu separatçılıq hərəkətləri artıq Avropaya keçib. İspaniyada baş verən proseslərdə Avropanın artıq özü gördü ki, bu kimi separatizmə rəvac vermək olmaz. Yaranan separatizm görün Avropanı nə günə qoya bilər, Kataloniyadakı vəziyyəti gördük. Artıq beynəlxalq təşkilatlar, Minsk qrupunun 3 həmsədri Amerika, Fransa, Rusiya öz münasibətini bildirib. Madrid prinsipləri var, Azərbaycan bu prinsiplərdəki münaqişənin mərhələli həllinə tərəfdardır. Ancaq Ermənistan həmişə danışıqlar masası arxasına oturanda müəyyən bəhanələrlə vaxt uzadır. Vaxtı nə qədər uzatmaq olar? Birinci növbədə Azərbaycanın yaxşı mənada səbri tükənib, digər tərəfdən Azərbaycan çox böyük, müasir silahlarla təchiz olunan, güclü, qətiyyətli ordusu var. Azərbaycanın iqtisadiyyatı inkişaf edib, ölkəmizin iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatın 85%-nə bərabərdir. Bizim əhalimiz artıq, 10 milyonu keçir, əhalinin sayı da öz sözünü deyir. Yəni bütün göstəricilərdə biz Ermənistanı dəfələrlə qabaqlamışıq.

Sadəcə olaraq cənab prezidentimiz dəfələrlə qeyd edib ki, Azərbaycan müəyyən diplomatik danışıqları səbrlə gözləyir, bu yolla həll olunmasa, əlbəttə öz torpaqlarını, suverenliyini qorumaq Azərbaycanın müstəsna hüququdur. Onu göstərməyə də hər an hazırdır və göstərir də. Danışıqlara gəldikdə isə, fikir verin, 5 il, 10 il qabaq Ermənistanla danışmaq bir az çətin idi, müəyyən bir müddət Ermənistan danışıqlara oturmaqdan yayınırdı. Ancaq görürsüzmü, beynəlxalq təşkilatlar onları məcbur etdi, əslində Azərbaycan məcbur etdi, beynəlxalq təşkilatlar da öz sözünü dedi. Azərbaycan məcbur etdi ki, otursun, danışıqlar aparsın. İndi orda da prezident seçkiləridir, seçkilərlə bağlı müəyyən situasiyalar olur, Rusiyanın özündə də seçkilər olacaq. Yəni bu kimi məsələlər var. Bununla belə ən başlıcası odur ki, Azərbaycan prezidenti xalqının fikrini, istəyini, iradəsini ifadə edərək birbaşa bəyan edib ki, Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yaradılmayacaq. Nə həll olunsa, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, suveren hüquqları çərçivəsində həll olunacaq, bu birmənalıdır. Azərbaycan həmişə çalışır ki, münaqişə tez həll olunsun. Əslində münaqişə nə qədər tez həll olunsa, bu, Ermənistanın xeyrinədir. Fikir verirsinizmi, Ermənistan bütün qlobal layihələrdən kənarlaşdırılıb, Bakı-Tbilis-Qars layihəsi Ermənistan üçün ən böyük zərbədir. Digər tərəfdən TANAP, TAP layihəsi, Ermənistandan kənar keçib. İranla bildiyiniz kimi, bir neçə gün öncə Rəşt-Astara dəmir yolunun işə salınması ilə bağlı Azərbaycan dövləti 500 milyon dollar vəsait ayırdı. Yəni artıq bu dəmir yolu vasitəsilə İranla da iqtisadi münasibətlərimiz Ermənistanı tamamilə blokadaya salır. Ermənistan özü-özünü blokadaya salır, özü bu layihələrdən kənarlaşıb, özü-özünü təcrid edib. Bu təcridetmə də Ermənistanı məhvə sürükləyir, çünki iqtisadiyyatı bərbad şəkildədir. Nə qədər ianələr hesabına yaşamaq olar, kənardan ianə verən donorlar ki, var onlar da Ermənistandan bezib.

- Qeyd etdiyiniz kimi, bu il Azərbaycanla yanaşı Ermənistanda da seçkilər keçiriləcək. Əgər Ermənistanda siyasi rejim dəyişərsə, prezident dəyişərsə, danışıqlarda Dağlıq Qarabağla bağlı hər hansı dəyişikliyə səbəb ola bilərmi?

- Əgər Ermənistan müstəqil siyasət yeritsə, bu ölkədə gedən prosesləri proqnozlaşdırmaq olar ki, bu ölkənin müstəqil siyasəti var, bu məsələyə qarşı bu addımı atacaq. Ancaq Ermənistan müstəqil siyasət yeritmir, ona görə də Ermənistanda nə baş verəcəksə, bunu proqnozlaşdırmaq çətindir. Ermənistan müstəmləkədir, sərbəst ölkə deyil. Gah Avropaya meyl edir, gah Şimala, gah Şərqə, gah Qərbə. Yəni Ermənistanda stabil bir dövlət yoxdur, özünün konkret xarici siyasəti yoxdur, özünün müstəqil siyasəti olmadığına görə də, oradakı prosesləri proqnozlaşdırmaq bir az çətindir. Ona görə də gərək regiondakı bir çox ölkələr nə edəcək onu proqnozlaşdırasan.

- Bildiyimiz kimi, bəzi beynəlxalq qurumlar, təşkilatlar istər Dağlıq Qarabağ, istərsə də digər məsələlərdə bəzi hallarda Azərbaycana qarşı qərəz nümayiş etdirirlər. Prezident İlham Əliyev də bir neçə dəfə bununla bağlı sərt çıxışlar edib. Ölkəmizə qarşı qərəzin, ikili standartın səbəbi nədir, nəyə görə baş verir?

- Birinci növbədə, bilirsiz ki, erməni diasporası bütün dünyaya yayılıb. Onlar uzun illərdir durmadan Azərbaycana qarşı çalışırlar, nəyi bacarırlarsa, Azərbaycanı nüfuzdan salmaqdan ötəri, əleyhinə təbliğat aparırlar. Bəzən də elə olur ki, erməni diasporasının maliyyə qaynaqlarının təsirinə düşən müəyyən mərkəzlər olur ki, o mərkəzlər də ermənilərin sifarişini yerinə yetirir. Çox təəssüflər olsun ki, bəzən Azərbaycanın özündə də belələrini tapmaq olur. Azərbaycanda yaşayasan, bu torpağın övladı olasan, vətəndaşı olasan, ancaq dolayısı və ya birbaşa yolla ermənilərin təsirinə düşəsən. Azərbaycana qarşı atılan o iftiralara sən də səs verəsən. Bizdə təəssüf hissi doğuran odur. Azərbaycanın konkret xarici siyasəti var və dövlətimiz özünü bütün risklərdən, təsirlərdən qorumaq instinkti çox güclüdür. Həmin mərkəzlər Azərbaycana qarşı heç bir şey edə bilməz. Azərbaycan xalqı ilə prezident arasında çox böyük əlaqələr var, iqtidarla xalq arasında güclü birlik var. Bu birlik olan yerdə o cür mərkəzlərin Azərbaycanı nüfuzdan salmaq üçün hər hansı addım atmasının bizə elə bir təsiri olmayacaq.

- Azərbaycanda müxtəlif sahələrdə bir sıra islahatlar həyata keçirilir. Bu il hansısa islahatların həyata keçirilməsi gözlənilirmi?

- Azərbaycanda islahatlar mütəmadi olaraq davam edir, keçirilir. Dövlət proqramları mövcuddur. Dövlət proqramlarının icrası ilə əlaqədar olaraq iqtisadi islahatlar keçirilir, maliyyə sistemində, bank sistemində böyük islahatlar keçirilir, struktur dəyişikliyi aparılır. Əlbəttə bu islahatlar yeniləşir, yeni, müasir çağırışlara uyğun olaraq o islahatlar keçirilir. O islahatlar həyata keçirilir deyə, bizim uğurlarımız daha çox olur.

- “2014-2018-ci illər Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı”-nın icrası necə həyata keçirildi, qarşıya qoyulan məqsədlərə nail olundumu? Hansı işlər görülüb, hansı işlər qalıb?

- Bildiyiniz kimi, üç dövlət proqramı mövcuddur. Birinci proqram 2014-cü ildə qəbul olunub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramı çox mükəmməl idi və bu, cənab prezident İlham Əliyevin birbaşa müəllifliyi ilə tərtib olunan proqram idi. Bu proqramların icrasının nəticəsidir ki, bu gün Azərbaycanda çox böyük infrastruktur layihələri həyata keçirilir, bütün ölkə enerji ilə təmin olunur. Vaxt var idi Azərbaycan enerjini kənardan alırdı, amma indi özünü enerji ilə tam təmin edir, hətta xaricə də enerjini ixrac edirik. Yol infrastrukturu, böyük sosial infrastrukturlar, xəstəxanalar, 600-dən çox xəstəxana tikilib, inşa olunub, bərpa olunub, eləcə də mədəniyyət evləri, məktəblər. Azərbaycanın ən ucqar kəndlərində belə müasir tipli məktəblər, idman kompleksləri fəaliyyət göstərir. Turizmlə bağlı böyük otel şəbəkələrimiz var, turizm bazalarımız var, eləcə də kənd təsərrüfatı ilə bağlı. Yəni bütün bunlar hamısı qəbul olunan proqramların icrasının nəticəsidir. Konkret olaraq neftdən gələn gəlirlər çox düzgün şəkildə infrastrukturlara, böyük layihələrə yönəldildi və bu, dediyim kimi, Dövlət proqramlarının icrasının nəticəsidir. Dövlət proqramlarının icra olunması ilə bağlı prezident İlham Əliyev bütün regionlarda olurdu, bütün yeni layihələrin, məsələn, böyük komplekslərin təməlqoyma mərasimi olsun, yaxud da onun böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün bu işlərə həm əvvəlcədən nəzarət edilməsi, həm sonradan onun istifadəyə verilməsində iştirak edirdi. Yəni bu məntiqə gəlmək istəyirəm ki, proqram mövcuddur və eyni zamanda o proqramın icrası, gedişi daima cənab prezidentin diqqət mərkəzindədir.

- Aydın müəllim, istəyərdim beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı da sual verim. Bildiyimiz kimi, Türkiyə Afrində böyük bir əməliyyata başlayıb. Bu əməliyyatla bağlı istəyərdim fikirlərinizi öyrənək, həm xarici ölkələrin bu əməliyyata münasibəti və bu əməliyyatdan gözlənilən nəticə nədir?

- Siz fikir verirsinizmi Türkiyədə son illərdə nə qədər böyük terror hadisələri baş verdi. Son 10 ildi Türkiyə daima terror təhdidlərinin təsirindədir. Türkiyənin özü qüdrətli bir dövlətdir və o dövlət öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdən ötrü bu addımları mütləq atmalı idi. Çünki dediyim kimi, İstanbulun özündə, Ankarada, digər böyük şəhərlərdə 100-dən çox terror hadisəsi baş verib. Elə terror hadisələri var orda 50-60 nəfərdən çox adam həlak olurdu. Sadəcə olaraq bu, daimi bir qorxu idi. Türkiyə dövləti də görür ki, bunun sərhədlərində belə bir terror qruplaşması fəaliyyət göstərir. Belə olduğu halda Türkiyə nə etməlidir? Türkiyə öz vətəndaşlarını, ölkəsini terrordan qorumaq üçün bu addımı atmalıdır. Digər dövlətlər də qəbul etməlidir ki, orada o terror təşkilatları, o silahlı terrorçular varsa, Türkiyədən sonra ətraf ölkələr üçün də təhlükə mənbəyidir. Əslində Türkiyəyə sağ ol deyilməlidir ki, terrorçuları zərərsizləşdirir. Öz vətəndaşlarını terror təhdidindən xilas edirsə, elə qonşu ölkələri də terrordan qoruyur.

- Bəs, ümumilikdə Suriya münaqişəsində bu il gözlənilən nədir? Bildiyimiz kimi, ötən il münaqişə ilə bağlı həm Astana görüşü oldu, həm İran, Rusiya, Türkiyə münaqişənin azaldılması üçün razılığa gəldilər.

- Əlbəttə, əvvəlki illərdə müqayisədə vəziyyət dəyişib, İŞİD Suriyanın yarısı işğal etmişdi. Amma indi İŞİD-in Suriyadakı fəaliyyətinin heç onda biri yoxdur. Bunun özü çox müsbət bir haldır. Əlbəttə, getdikcə regionda stabilləşmə gedir və Suriya məsələsində əsas qaynar nöqtələr yox olub.

- Suriyadan son düşmüşkən, Aydın müəllim, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu yaxınlarda Fransada bir sıra görüşlər keçirdi, elə fransalı həmkarı ilə də görüşdü. Bu görüşlərdə qeyd etdi ki, Fransanın bəzi şirkətləri qondarma Dağlıq Qarabağ respublikasının bəzi şirkətləri ilə əlaqədədir. Bununla bağlı Fransa bir addım atmalıdır və qarşısını almalıdır. Suriya məsələsinə gəldikdə isə qeyd elədi ki, Suriyadan gələn ermənilər Dağlıq Qarabağa yerləşdirilir və bir də Cəbrayılda kilsə tikilir. Bunu da son olaraq bizim üçün şərh edərdiz

- Ermənistan Azərbaycanı qıcıqlandırmaqdan ötəri bu addımlarını atır. Elə ki, qaldı hər hansı şirkətlə əlaqəyə, biri var dövlətin mövqeyi, biri də var o dövlətdə fəaliyyət göstərən hər hansı bir şirkətin mövqeyi. Fransa dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu, işin ən önəmli hissəsidir. Şirkətin isə iqtisadi maraqları var. Dediyim kimi, Fransanın özündə də erməni diasporası qüvvətlidir. Orada da çoxlu ermənilər yaşayır. Həmin şirkəti gedib araşdırsaq, sahibi də erməni olacaq. Bu ermənidirsə, bizimlə bağlı erməni xislətinə məxsus addım atmalıdır. Başlıcası budur ki, bütün beynəlxalq institutlar, dövlətlər Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, tanıyır, bu belə də olmalıdır, başqa bir forması da yoxdur bunun.

O ki, qaldı ermənilərin Cəbrayılda kilsə tikməsi məsələsinə, əgər biz Cocuq Mərcanlıda Qarabağa böyük bir qayıdış ediriksə, onlar da nəsə bir iş etməlidir. Digər tərəfdən isə, Ermənistan heç əmək haqlarını verə bilmir, dövlətin özündə normal bir şərait yoxdur, erməni vətəndaşları maaşlarını ala bilmir. Onların sosial durumuna baxın, iqtisadi durumuna baxın, acınacaqlı şəkildədir. Onun imkanı olsa, gedib kilsəni yox, məktəbi tikər, xəstəxananı tikər. Bu sadəcə olaraq provakasoya xarakterli bir addımdır ki, gətirib orada kilsə tikir. Biz bu məsələləri çox da ürəyimizə salmayaq. Tiksin eybi yox, ərazi bizimdir, torpaq bizimdir, o torpaqda suveren hüquqlarımız mütləq bərpa olunacaq.


- Bəs, Suriyadan gətirilən ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi necə?

- Bu təzə deyil, ermənilər Yerevana haradan gəlib, Xankəndinə haradan gəlib, Qarabağa, Zəngəzura, Göyçəyə haradan gəlib? Ermənilər elə tarixən Suriyadan, Yaxın Şərqdən axışıb gəliblər ora. Bu faktlar da var. Sizin saytınız var, yaxşı da oxunaqlı, əhatəsi böyük olan saytdı. Saytın üstünlüyü var ki, istənilən ölkədən girib oxumaq olur. Siz gözəl olar ki, Suriyadan gələn ermənilərə hansısa şəkildə bir mesaj verəsiz ki, yerinizdən-yurdunuzdan olmayın, gec-tez, 1 ilə, 3 ilə Azərbaycan gəlib o yerlərdə öz suveren hüquqlarını bərpa edəcək və sizə orada yaşamaq çətin olacaq. Çünki başqasının torpağında yaşayırsız, ondandırsa, elə indidən torpağınızı müəyyənləşdirin, bir vasitəyə çevrilməyin. Suriyada sizin düşdüyün bəlalardan, o vəziyyətdən onlar bir alət kimi istifadə edirlər. Ona görə istifadə etmir, Dağlıq Qarabağa gətirmir ki, Suriya ermənisini çox istəyir, qayğısını çəkir, onun şəraitini yaxşılaşdırmaq istəyir. Yox, onu bir alətə çevirir. Əslində orada onun üçün ikinci bir bəla yaradır, o, mütləq oradan gedəcək. Suriya ermənisi gəlib heç vaxt nə Cəbrayılda, nə Xankəndində, nə də Qarabağın digər ərazilərində daimi yaşaya bilər. Çünki orada Azərbaycan öz suverenliyini, öz bayrağını orada ucaldacaq. Bəzən digər millətlər də gəlir. Onlara demək lazımdır ki, siz onların əlində alətə çevrilməyin, sizin vətəniniz Suriyadır, qalın elə Suriyada yaşayın. Gəlib ermənilərin sizi gah Qarabağa, gah ora-bura daşımaqla sizi daha da böyük bəlalara düçar eləyir. Övladlarınızı da yerindən-yurdundan etməyin.


Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistan o hadisədə sakitliyini itirdi, qorxu qazandı, zəifliyini gördü” – Polkovniklə müsahibə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı