METBUAT.AZ

Müsahibə

​“Dərs başlayanda qızlarla makiyajımızı tez silirdik”

28 dek 2018 14:43

"Metbuat.az-da Mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Bu dəfə müsahibimiz EkologiyavəTəbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovadır.

Metbuat.az İradə İbrahimovayla olan müsahibəni təqdim edir:

- Böyüdüyünüz ailədən, uşaqlığınızdan danışaq...

- Bakıda anadan olmuşam, uşaqlıq illərim Gəncə şəhərində keçib. Ona görə də hər iki şəhər doğmadır mənə. Ziyalı ailəsində böyümüşəm.

- Necə şagird olmusunuz?

- Dəcəl olsam da, əla oxumuşam, ictimai işlərdə fəal olmuşam

- Tələbəlik illərinizdən hansı maraqlı məqamları xatırlayırsınız?

- Yadımdadır, müəllimələrdən birinin kosmetikadan heç xoşu gəlmirdi. Biz qızlar onun dərsi başlayanda makiyajımızı tez silirdik. Maraqlı məqamlardan biri də qripdən qorxan müəllimimizin dərsinə hazır olmayanda, qrupun yarısının burnuna istiot sürtərək asqırması idi.

- Jurnalistikaya necə gəlmisiniz?

- Təsadüf deyil, məktəb illərindən jurnalistikaya marağım olub və jurnalist olan yaxın qohumumdan motivasiya almışam.

- İradə İbrahimova niyə “Ən yaxşı mətbuat katibi”dir?

- Bu suala bəlkə özünüz cavab verəsiniz? Təbii ki, müvafiq qiymətləndirmə sevindiricidir. Həm insan üçün irəli getməyə stimul verir, həm də işə həvəs daha da artır. Ən əsası, bu, ilk növbədə işlədiyim qurumla bağlıdır. Xüsusilə vurğulamaq istərdim ki, təmsil etdiyim qurumun kollektivinin böyük rolu var. Mətbuat katibi təmsil etdiyi qurumun siması olmaqla yanaşı təmsil etdiyi qurumun KİV-də, ictimaiyyət arasında nüfuzuna cavabdeh olan şəxsdir. Hesab edirəm ki, mətbuata açıq olan qurumlarda mətbuatla işin normal tənzimlənməsi mümkündür. Uğur qazanmaq üçün isə məncə işini sevməlisən, bir də lazımi yerdə olub, göstərilən etimadı doğrultmağı bacarmalısan.

- Jurnalistlərin dostu olmaq üçün nə etmək lazımdır?

-Vaxtında sorğularını cavablandırmaq, səmimi olmaq və özünü onların yerində təsəvvür etmək kifayətdir.

- Mediada sizi nə qıcıqlandırır?

- Araşdırılmadan səhv məlumatların verilməsi, qarşı tərəfin mövqeyini öyrənmədən yazılanlar. Bəzən mediada əsassız, tənqidi məlumatlar da dərc olunur. Sağlam, konstruktiv tənqid qəbul olunandır, amma qeyri-sağlam tənqid pis qarşılanır.

- 14 ildir eyni dövlət qurumunda mətbuat katibi işləyirsiniz. Bunu nəyə borclusunuz?

- Çətin sual oldu, bilmirəm, deyə bilmərəm...

- Mətbuata qapalı həmkarlarınıza münasibətiniz necədir?

- Əgər mətbuat xidməti mətbuata açıq deyilsə, onlarla işləmirsə, o zaman nəyə lazımdır? Yəni məntiqi olaraq belədir. Amma “mətbuata qapalı” fikri də nisbidir. Hər kəs hamı üçün yaxşı ola bilməz. Ümumiyyətlə isə hər bir qurumun funksiyalarına uyğun olaraq öz iş prinsipi var və bu prinsiplərə də uyğun vəzifələr müəyyənləşıb. Məsələ ondadır ki, bu vəzifələrin öhdəsindən kim necə gələ bilir.

- Jurnalistlərdən aldığınız ən yaddaqalan sual nə olub?

- Düzü xatırlamıram...

- Medianın dostu olan mətbuat katibini jurnalistin hansı sualı əsəbiləşdirə bilər?

- Hansısa xoşagəlməyən sual ola bilər, məncə əsəbləşməkdən daha çox təəssüflənərdim.

- Jurnalistlərə qarşı kobud ifadələr səsləndirən məmurlara münasibətiniz necədir?

- Sizlərin münasibəti necədirsə, mənim də elə.

- Tez-tez jurnalistlərlə birlikdə ekoturlar təşkil edirsiniz. Ümumiyyətlə, təbiət qoynunda olmağı sevirsiniz?

- Azərbaycan təbiətinin o qədər özəllikləri var ki, onları gərək əyani görəsən, o mənzərənin şahidi olasan, o havanı udasan. Ümmiyyətlə, insanlar hər gün təbiətlə təmasdadır, amma vəhşi təbiətlə təmasdan daha çox zövq almaq mümkündür ki, bunun üçün də milli parklarımızda hər cür şərait mövcddur. Bəli, imkan olan kimi, xüsusən yaz və yay aylarında təbiətdə olmağa üstünlük verirəm.

- Boş zamanınızda özünüzə vaxt ayıra bilirsiniz?

- Çalışıram.

- Sosial media ilə aranız necədir?

- İstəsək də, istəməsək də hamımız sosial medianın əsarətindəyik...

Xəyalə Məmmədova / METBUAT.AZ

“Amaliya Pənahovanı mənim kimi heç kəs yamsılamır" - Ülviyyə İsmayılovayla MÜSAHİBƏ / Fotolar

“Xəbər portalları bu gün “Copy paste” ilə məşğuldur” - Yadigar Məmmədliylə MÜSAHİBƏ / Fotolar

«Hüquq fakültəsinin “Ən nümunəvi məzun”u seçilmək qismətim imiş» - Firad Əliyevlə MÜSAHİBƏ / Fotolar

“Biz bu günə başımız daşdan-daşa dəyərək gəlmişik” - Kənan Quluzadəylə MÜSAHİBƏ / FOTOLAR

“Zavodda 4 il çilingər işləmişəm” - Vaqif Əsədovla MÜSAHİBƏ / FOTOLAR


metbuat.az.