"Metbuat.az-da Mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.
Bu dəfə müsahibimiz Azərbaycan Turizm Assosiasiyasının (AzTA) Mətbuat xidmətinin rəhbəri Ülviyyə İsmayılovadır.
Metbuat.az Ülviyyə İsmayılovayla olan müsahibəni təqdim edir:
- Ülviyyə İsmayılovanı bir də yaxından tanımaq istərdik. Uşaqlığınızdan, böyüdüyünüz ailədən danışaq...
- Bakıda dünyaya gəlmişəm. Ailədə 3 uşağıq, məndən böyük bir qardaş və bacım var. Anam farmakoloq olub, atam isə ayaqqabı fabrikində işləyib. Çox pis, dəcəl uşaq olmuşam, qətiyyən sözə baxmamışam, istədiyimi etmişəm. Evin kiçiyi olduğuma görə mənə çox güzəştə gediblər. Bacı və qardaşım məndən çox əziyyət çəkiblər. Uşaqlarımın mənim kimi olmasını istəməzdim.
Xətai rayon 138 nömrəli məktəbi bitirmişəm. Əslində, ən böyük arzum aktrisa olmaq olub, lakin ailəm razılaşmayıb. Az da olsa özümü bu sahəyə yaxın etmək üçün Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturalogiya fakültəsinə daxil olmuşam.
- Jurnalistikaya sevginiz necə yaranıb?
- Bacım Aygün İsmayılova jurnalistdir. Jurnalistikaya ilk sevgimi bacım yaradıb. Ən böyük ideal mənim üçün Çingiz Mustafayevdir. O, rəhmətə gedəndən sonra düşündüm ki, jurnalist olmalıyam. Çox çətin vaxtlar idi. Bütün ailələrdə olduğu kimi bizdə də itkilər vardı. Bunların hamısı üst-üstə düşdüyünə görə, jurnalist olmağa qərar verdim. Ancaq bacımın rolu danılmazdı. Bacım olmasaydı, bu arzular qalardı. O, jurnalist olduğu üçün bu yola tez keçməyimə kömək etdi. Onda iş prosesini görərək, jurnalistikanın çətinliklərini sevməyə başladım. Ümumiyyətlə, heç vaxt asan işə qaçmamışam. Hətta qarşımda seçim olaraq asan və çətin iş olanda, ikincini seçmişəm. Bu, həm şəxsi məsələdə, həm işimdə belə olub. Asan mənə maraqlı deyil, çünki həyatı problemləriylə, o problemləri həll edərək sevirəm. Uşaqlarıma da bunu öyrədirəm.
- Məktəbdə də dəcəl olmusunuz?
- Çox pis olmuşam, sözə baxmamışam, dərs oxumamışam. Demək olar ki, hər həftə anamı məktəbə çağırırdılar. Bu günə qədər əlaqə yaratdığım müəllimlərim var. Onlar deyir ki, çox dəcəl olmuşam, dərslərdən qaçmışam. Hətta məktəbin ön qapısından çıxa bilmədiyim vaxtlarda ikinci mərtəbədəki tualetdən qaçmışam. Məktəbdə heç vaxt qızlarla yola getməmişəm, həmişə oğlanlarla dost olmuşam. İndi də elədir, oğlan dostlarım həddindən artıq çoxdur. Bəlkə də, bu, hər şeyin çətinliyini seçdiyimə görədir. Oğlanlar daha möhkəm olurlar. Məktəbdə çox pis şagird olmuşam. Yuxarı siniflərdə sakitləşmişəm demək olmaz, ümumiyyətlə yaxşı uşaq olmamışam.
- İstəmədiyiniz ixtisas üzrə ali təhsil aldığınızı qeyd etdiniz. Həmin illərlə bağlı xatirələrinizdə nələr qalıb?
- Məktəbi bitirəndən sonra universitetə daxil oldum, baxmayaraq ki, istədiyim sahəni oxumurdum. Bir işin qulpundan yapışdımsa, onu axıra kimi aparıram. Bunu etməyimdə ətrafdakı dostlarımın mənə çox köməyi olub. İnsanlarla ünsiyyətdə olmağı, onlara dəstək olmağı çox sevirəm. Ətrafımda çoxlu sayda dostumun olmağı, bəlkə də ona görədir. Çox şükür, başağrılı dostluq, qohumluq münasibətlərim olmayıb.
İncəsənət Universitetinin Kulturalogiya fakültəsində oxumağıma baxmayaraq, yamsılamağı çox sevirdim. Amaliya Pənahovanı mənim kimi heç kəs yamsılamayıb. Xatırlayıram, dərs vaxtı yoldaşlarla bir yerə toplaşıb, aktyor və aktrisaları yamsılayardıq. Universitet illərim çox da maraqlı olmayıb. Ona görə ki, qiyabi oxuyurdum. O illərdə bir çox jurnal və qəzetlərlə əməkdaşlıq edir, onlara yazılar göndərirdim. Həm öyrənir, həm də işləyirdim. İlk maaşımı universitet vaxtı almışdım. Tam miqdarını xatırlamıram, amma o pulla anama köynək almışdım. Çox xoşbəxt idim, çünki pul qazandığıma görə özümü tam müstəqil hesab edirdim. Pulu çox sevirəm, qazanmağı da, xərcləməyi də, amma düzgün. Həyat mənim üçün zövqdür.
- Çox pozitiv xarakteriniz var. Bunun səbəbi nədir?
- Həmin pozitivlik yaşamağa olan sevgimdən irəli gəlir. Həyatda çətinliklərim çox olub. Heç universitetə də birinci il qəbul olmamışam, ailədə maddi çətinliyimiz də olub. Həyatımda elə ağır hadisələr yaşamışam ki, mənim yerimdə başqası olsaydı, bəlkə də həyatdan ümüdini üzərdi. Amma bundan sonra həyata daha çox bağlanmışam və çalışmışam ki, o hadisə ikinci dəfə baş verməsin.
- Ülviyyə xanım evdə necə anadır?
- Övladlarımı da sevgiylə böyüdürəm. Qəddar ana deyiləm. İstəyirəm ki, onlar da sevgi içərisində böyüyüb, həyatı sevsinlər. Həyatı sevmədən yaşamaq olmaz. Bəlkə də, hansısa valideyn övladı 2 qiyməti alan zaman onu danlayır, amma mən heç vaxt belə etmirəm. Övladıma deyirəm ki, yaxşı etmisən, deməli sən buna layiqsən. İkinci dəfə elə etməlisən ki, o qiymət yavaş-yavaş yüksəlsin. Elə də olur.
- Hansı işlərdə çalışmısınız?
- İlk iş yerim “Stil” jurnalı olub. Orada 2 ay şou müxbiri işləmişəm. Lakin bir müddətdən sonra anladım ki, şou mənlik deyil. Çünki o cür tədbirlərdə özümü yad hiss edirdim. Şou xəbər yazmaq istəmirdim. Orada Səbinə və İradə Yaqubovanın çox köməyi dəyib. Sonra jurnal və qəzetlərə kiçik-kiçik yazılar verməyə başladım. İlk iş yerimi ANS sayıram. Çünki ANS-də əsl mətbuatı öyrəndim. 2006-cı ildə orada işə başladım, təxminən 2 ilə yaxın işlədim. Xəbərçi proqramında prodüser olaraq çalışdım. Əsl jurnalistika məktəbini, münasibətləri, peşəkarlığı, mərdliyi, qorxmamağı, düz söz deməyi, dostları bir-birindən ayırmağı, çətinlikləri öyrəndim.
ANS-dən sonra APA-ya gəldim. Burada 2 ay işlədim. Məndə problem dil məsələsi idi. O vaxt Azərbaycan dilini indiki kimi bilmirdim, əsas rusca yazırdım.
APA-dan sonra Trend İnformasiya Agentliyinə gəldim. Burada 7 il iqtisadiyyat şöbəsində çalışdım. ANS haqqında necə danışdımsa, Trend haqqında da elə danışa bilərəm. Orada çox gözəl günlərim olub, yaxşı dostlar qazanmışam, çox şey öyrənmişəm. Bacım da o vaxt Trend-in siyasi şöbəsində işləyirdi. Mənə Trend-in iqtisadiyyat şöbəsində iş olduğunu deyəndə, getmək istəməmişdim. Çünki iqtisadiyyat yazmamışdım, rəqəmlərdən çox qorxurdum, hətta numerafobiyamın olduğunu düşünürdüm. Bacımın təkidiylə Trend-ə gəldim. Sağ olsun Vaqif Şərifov, iqtisadi yazılar yazmağı ondan öyrəndim. 7 il Trend fəaliyyətimdən sonra ABC.az-a gəldim. Hələ də orda işləyirəm. Nə vaxtsa, Trend-dən çıxacağıma inanmazdım. Çünki orada oturuşmuşdum, çox böyük bazam vardı. Həmin vaxt ikinci övladım dünyaya gəlmişdi, işlərim çox idi.
Hazırda isə Azərbaycan Turizm Assosiasiyasında (AzTA) işləyirəm. Burada jurnalistikanın o biri tərəfini - mətbuat xidmətinin çətinliyini gördüm.
- Jurnalist fəliyyətiniz dövründə problem yaşadığınız mətbuat katibləri olubmu?
- Ən sevmədiyim mətbuat katibi Nəqliyyat Nazirliyinin o vaxtkı mətbuat xidmətinin rəhbəri Namiq olub. Adamla konkret olaraq bir-birimizi sevmirdik. Ondan başqa bütün mətbuat katiblərini sevmişəm.
- Jurnalistikada nələri sevmirsiniz?
- Tədbirə getdimsə, mütləq sual verməliyəm. Həmin gün sual vermirəmsə, işimi iş saymıram. Bir də jurnalistikada ən nifrət etdiyim şey hamının eyni məlumatı yazmasıdır. Hamı eyni xəbəri yazırsa, hansı jurnalistikadan danışırıq? Çox heyif jurnalistikamızdan, maraqsız olub, həmçinin tədbirlərimiz də. Əvvəllər hər gün 3,4 tədbirə gedirdim, indi tədbirə getmək mənə maraqlı deyil. Çünki hər şey eyniləşib, hətta çıxışlar da. Məmur verilən suala “yox” dediyi üçün ondan əl çəkirsənsə, onda sən əsl jurnalist deyilsən. Amma jurnalistlərdə də var, tənbəlləşiblər. Onlar maaş almaq üçün ayın axırını gözləyirlər. Jurnalistika maraqlı, yaradıcılığı tələb edən işdir. AzTA o qədər maraqlı bir yerdir ki, bura ünvanlanacaq maraqlı suallar çoxdur, amma jurnalistlər vermirlər.
- Həmkarlarınız tərəfindən bu qədər sevilməyinizin səbəbi sizcə nədir?
- Sevgi. Hər şeyi sevirəm - ağacları, qarı, insanları... Hətta məni istəməyənləri daha çox sevirəm. Hamı məni qəbul edə bilməz, hamı eyni deyil. Bəlkə, kiminsə xoşuna gəlirəm, kiminsə yox. Bunu çox normal qəbul edirəm, belə də olmalıdır. Gözəlliyi sevirəm. Adi konfet kağızında belə gözəllik tapıram. Gözəl xasiyyətli insanların vurğunuyam. Həyata ikinci dəfə gəlməyəcəm ki? Məni sevməsələr də olar, əsas mən sevim. Azərbaycanımızı çox sevirəm. Bakıda tanımadığım bir yerdə yıxılmaqdan qorxmuram. Bilirəm ki, ayağa qaldırıb, lazım olsa, evimə aparacaqlar. Ona görə, Azərbaycanla bağlı yazdığım paylaşımları mütləq öz dilimizdə yazıram.
- Sosial şəbəkədə aktivsiniz. Sizi burada nələr qıcıqlandırır?
- Sosial şəbəkədə həyatda olmadığı kimi görünmək istəyənlər qıcıqlandırır. Yalanı sevmirəm, sosial şəbəkədə isə çoxdur. Sosial şəbəkədə heç vat problemimi bölüşmürəm. Daxilən heç vaxt məni tanımayacaqlar. İçimdəki o məni heç vaxt, heç kim tanımayacaq.
- Ev və işi birlikdə idarə etmək olurmu?
- Olur. Çox dəqiq insanam. Məsələn, səhər duranda yarım saat uşaqlara yemək hazırlamağıma, yarım saat hazırlaşıb, işə getməyimə vaxt ayırıram. Günün hansı saatında hansı işlə məşğul olacağımı bilirəm. Ona görə vaxt çatdırıram, hətta əlavə işlər də görürəm. Dostlarıma, qohumlarıma, işdən sonra gəzintimə də vaxt ayırıram. Axşamlar Bulvarda gəzməyi sevirəm. Hamısını çatdırıram, hətta əlavə 2,3 işim də olsa, yenə çatdıraram.
- Boş vaxtlarınızda nə edirsiniz?
- Kinoya getməyi çox xoşlayıram. Əvvəllər çoxlu kitab oxuyurdum, indi səbrim çatmır. Təxminən 5 aydır kitab oxumuram. Dənizi çox sevirəm, ona görə dəniz kənarında gəzmək ən böyük istirahətdir.
- İşləyən xanımların adətən mətbəxlə arası olmur. Sizin necə?
- Deməzdim ki çox yaxşı, amma pis də bişirmirəm. Sevgiylə, tələsməyəndə çox yaxşı bişirirəm. Tələsəndə isə belə də (gülür)... Hər halda evdə şikayət etmirlər, əsas odur.
- Seriala baxırsız?
- Qətiyyən. Ev və işimlə bağlı o qədər qayğılarım var ki, mənə başqalarının problemləri lazım deyil. Bir serialı filmlərə baxmağı sevirəm. Bu cür deyib-gülməyimə baxmayın, kinoya baxan zaman ağlamağı çox sevirəm. Hərdən insan özündən belə yorulur. Belə olan zaman gecə yarısı tək film qoyub, çoxlu ağlayıram. İnsanlar arasında bunu heç vaxt etmirəm. Məni ağladığım yerdə heç kim görməyib, görməyəcək də. Niyə kimsə mənim zəifliyimi görsün? İnsanlara problemimi yükləməyi sevmirəm. Bilirəm ki, heç kim problemimi həll etməyəcək. Ona görə, elə həmişə güclü görünürəm.
- Jurnalistlərin yaralı yerlərindən biri də mətbuata qapalı olan mətbuat katibləridir. Həmin mətbuat katiblərinə münasibətiniz necədir?
- Deməli, onlara belə tapşırıq veriblər. İndi əksinə, mətbuat katibləri mediaya daha açıqdırlar. İndiki mətbuat katiblərinin çoxu jurnalistdir deyə, məncə daha rahatdır.
- AzTA-nın fəaliyyətindən danışaq...
- Azərbaycan Turizm Assosiasiyası öz fəaliyyəti dövründə bir çox lahiyələr həyata keçirib, ilklərə imza atıb. İctimai qurum olmağımıza baxmayaraq həm ölkə daxilində, həm ölkə xaricində prioritet şərtlərlə özəl və dövlət qurumları ilə yüksək əməkdaşlıq münasibətlərinin formalaşmasına nail olmuşuq. Bütün həyata keçirdiyimiz lahiyələri və işbirliklərinin məqsədi Azərbaycanın turizm potensialını səmərəli təbliği, ölkəyə turizm axının artmasına nail olmaqdan ibarətdir.
İndiyə kimi bu lahiyələr çərçivəsində bir çox işlər görülüb və görüləcək, müxtəlif ölkələrdə AzTA-nın nümayəndəlikləri fəaliyyət göstərir və indiyə kimi ən uğurlu iş birliyimiz BƏƏ-ndə fəaliyyət göstərən nümayəndəliyimizdir. 2011-ci ildən Dubayda fəaliyyət göstərən nümayəndəliyimizin təbliğat proqramı nəticəsində Azərbaycana müxtəliv ərəb ölkələrindən gələn turistlərin sayı dəfələrlə artıb və artmaqda davam edir.
Bundan başqa, ilin əvvəlindən Hindistanda nümayəndəliyimiz fəaliyyətə başlayıb və artıq bu ölkədən Azərbaycanın turizm potensialı ilə maraqlanan turistlərin sayının eləcə də, artıq Azərbaycana gələn turistlərin sayında artımlar müşahidə olunur. Hindistan həm də Azərbaycan turistləri üçün maraqlı ölkədir. 2019-cu ildə AzTA-nın əsas fəaliyyəti Hindistan istiqamətinin inkişaf etdirilməsindən ibarət olacaq. Hər hansi istiqamətin inkişaf etdirilməsinin qarantı kimi ölkələr arasında birbaşa uçuşların həyata keçirilməsidir. Buna görə AzTA artıq, üzvü olan Azərbaycan Havalı Yolları QSC ilə bu sahədə danışıqları aparmağa başlayıb və müsbət nəticələr gözlənilir. AzTA ümid edir ki, Hindistan istiqamətində həyata keçirilən lahiyələrin nəticəsi ərəb ölkələri istiqamətində həyata keçirilənlərin nəticəsini təkrarlayacaq və bununla da ölkəyə turist axınının artımı təmin olunacaq.
Hindistan istiqamətinin maraqlı tərəfləri həmçinin kino industriyasının bu ölkədə ciddi inkişafıdır. AzTA artıq bir neçə filmin Bakıda çəkilməsinə imkan yaradıb və gələcəkdə də bu fəaliyyəti davam edəcək, çünki bu üsul turizm təbliğatının ən effektiv vasitəsi sayılır.
AzTA ictimai qurum olaraq hər bir ölkə vətəndaşının turizmin inkişafında aktiv fəaliyyət göstərməyə çağırır və ən xırda layihələrin həyata keçirilməsinə dəstək olmağa hazırdır. Əsas məqsədimiz ölkədə sahibkarlığın, eləcə də iqtisadiyyatın inkişafına dəstək olmaqdan ibarətdir.
Azərbaycan Turizm Assosiasiyasının hər bir işçisi professional şəkildə turizmlə məşğuldur. Orada turizmlə bağlı çox şey öyrənmişəm. Assosiasiya Azərbaycanın turizm potensialını çox güclü şəkildə təbliğ edir, böyük işlər görür. AzTA-nın rəisi Nahif Bağırov mediaya çox açıq şəxsdir. İstənilən vaxt jurnalistlərin suallarını cavablandırır.
- Hazırda ölkədə 2 mindən çox turizm şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin təbii ki, hamısı yüksək səviyyədə fəaliyyət göstərmir, bəzi hallarda imic korlayırlar. Həmin şirkətlərlə bağlı hansısa tədbir görülməsi palanlaşdırılırmı?
- AzTA dövlət qurumu olmadığından, birbaşa buna müdaxilə etmək ixtiyarı yoxdur. AzTA bunu təklif formasında Mədəniyyət və Turizm Nazirliyinə demişdi. Lisenziyanın ləğvində məqsəd sahibkarlığın asanlaşdırılması idi, lakin bazarda xaos yaratdı. Hətta bu gün bazarda birdəfəlik şirkətlər var. Onlar imici korlayırlar.
- Sonda oxucularımıza nə demək istərdiniz?
- İstərdim ki, hamı mənim kimi olsun, sevsin, heç kim dalaşmasın. Qoy, hamıda hər şey sevgi dolu, gözəl olsun.
Xəyalə Məmmədova
Fotolar: Müzəffər İsmayılov
“Xəbər portalları bu gün “Copy paste” ilə məşğuldur” - Yadigar Məmmədliylə MÜSAHİBƏ / Fotolar
«Hüquq fakültəsinin “Ən nümunəvi məzun”u seçilmək qismətim imiş» - Firad Əliyevlə MÜSAHİBƏ / Fotolar
“Biz bu günə başımız daşdan-daşa dəyərək gəlmişik” - Kənan Quluzadəylə MÜSAHİBƏ / FOTOLAR
“Zavodda 4 il çilingər işləmişəm” - Vaqif Əsədovla MÜSAHİBƏ / FOTOLAR