​“Dərs başlayanda qızlarla makiyajımızı tez silirdik” - İradə İbrahimovayla MÜSAHİBƏ / Fotolar

"Metbuat.az-da Mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Bu dəfə müsahibimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovadır. İradə xanım ilk geniş müsahibəsini məhz Metbuat.az saytına verib.

Metbuat.az İradə İbrahimovayla olan müsahibəni təqdim edir:

- Böyüdüyünüz ailədən, uşaqlığınızdan danışaq...

- Bakıda anadan olmuşam, uşaqlıq illərim Gəncə şəhərində keçib. Ona görə də hər iki şəhər doğmadır mənə. Ziyalı ailəsində böyümüşəm.

- Necə şagird olmusunuz?

- Dəcəl olsam da, əla oxumuşam, ictimai işlərdə fəal olmuşam

- Tələbəlik illərinizdən hansı maraqlı məqamları xatırlayırsınız?

- Yadımdadır, müəllimələrdən birinin kosmetikadan heç xoşu gəlmirdi. Biz qızlar onun dərsi başlayanda makiyajımızı tez silirdik. Maraqlı məqamlardan biri də qripdən qorxan müəllimimizin dərsinə hazır olmayanda, qrupun yarısının burnuna istiot sürtərək asqırması idi.

- Jurnalistikaya necə gəlmisiniz?

- Təsadüf deyil, məktəb illərindən jurnalistikaya marağım olub və jurnalist olan yaxın qohumumdan motivasiya almışam.

- İradə İbrahimova niyə “Ən yaxşı mətbuat katibi”dir?

- Bu suala bəlkə özünüz cavab verəsiniz? Təbii ki, müvafiq qiymətləndirmə sevindiricidir. Həm insan üçün irəli getməyə stimul verir, həm də işə həvəs daha da artır. Ən əsası, bu, ilk növbədə işlədiyim qurumla bağlıdır. Xüsusilə vurğulamaq istərdim ki, təmsil etdiyim qurumun kollektivinin böyük rolu var. Mətbuat katibi təmsil etdiyi qurumun siması olmaqla yanaşı təmsil etdiyi qurumun KİV-də, ictimaiyyət arasında nüfuzuna cavabdeh olan şəxsdir. Hesab edirəm ki, mətbuata açıq olan qurumlarda mətbuatla işin normal tənzimlənməsi mümkündür. Uğur qazanmaq üçün isə məncə işini sevməlisən, bir də lazımi yerdə olub, göstərilən etimadı doğrultmağı bacarmalısan.

- Jurnalistlərin dostu olmaq üçün nə etmək lazımdır?

- Vaxtında sorğularını cavablandırmaq, səmimi olmaq və özünü onların yerində təsəvvür etmək kifayətdir.

- Mediada sizi nə qıcıqlandırır?

- Araşdırılmadan səhv məlumatların verilməsi, qarşı tərəfin mövqeyini öyrənmədən yazılanlar. Bəzən mediada əsassız, tənqidi məlumatlar da dərc olunur. Sağlam, konstruktiv tənqid qəbul olunandır, amma qeyri-sağlam tənqid pis qarşılanır.

- 14 ildir eyni dövlət qurumunda mətbuat katibi işləyirsiniz. Bunu nəyə borclusunuz?

- Çətin sual oldu, bilmirəm, deyə bilmərəm...

- Mətbuata qapalı həmkarlarınıza münasibətiniz necədir?

- Əgər mətbuat xidməti mətbuata açıq deyilsə, onlarla işləmirsə, o zaman nəyə lazımdır? Yəni məntiqi olaraq belədir. Amma “mətbuata qapalı” fikri də nisbidir. Hər kəs hamı üçün yaxşı ola bilməz. Ümumiyyətlə isə hər bir qurumun funksiyalarına uyğun olaraq öz iş prinsipi var və bu prinsiplərə də uyğun vəzifələr müəyyənləşıb. Məsələ ondadır ki, bu vəzifələrin öhdəsindən kim necə gələ bilir.

- Jurnalistlərdən aldığınız ən yaddaqalan sual nə olub?

- Düzü xatırlamıram...

- Medianın dostu olan mətbuat katibini jurnalistin hansı sualı əsəbiləşdirə bilər?

- Hansısa xoşagəlməyən sual ola bilər, məncə əsəbləşməkdən daha çox təəssüflənərdim.

- Jurnalistlərə qarşı kobud ifadələr səsləndirən məmurlara münasibətiniz necədir?

- Sizlərin münasibəti necədirsə, mənim də elə.

- Tez-tez jurnalistlərlə birlikdə ekoturlar təşkil edirsiniz. Ümumiyyətlə, təbiət qoynunda olmağı sevirsiniz?

- Azərbaycan təbiətinin o qədər özəllikləri var ki, onları gərək əyani görəsən, o mənzərənin şahidi olasan, o havanı udasan. Ümmiyyətlə, insanlar hər gün təbiətlə təmasdadır, amma vəhşi təbiətlə təmasdan daha çox zövq almaq mümkündür ki, bunun üçün də milli parklarımızda hər cür şərait mövcddur. Bəli, imkan olan kimi, xüsusən yaz və yay aylarında təbiətdə olmağa üstünlük verirəm.

- Boş zamanınızda özünüzə vaxt ayıra bilirsiniz?

- Çalışıram.

- Sosial media ilə aranız necədir?

- İstəsək də, istəməsək də hamımız sosial medianın əsarətindəyik...

- Sizin üçün ailə vacibdir, yoxsa iş?

- İkisi də. Müasir dövrdə qadınların ailəni də, işi də idarə etməsi üçün zənnimcə, istənilən şərait və potensial var.

- Hobbiniz nədir?

- Xüsusi bir hobbim yoxdur. Amma hesab edirəm ki, insana rahatlıq gətirən, zövq verən bir işlə məşğul olmaq elə hobbidir.

- Ən yaxşı bişirdiyiniz yemək hansıdır?

- Döşəmə plov. Öz reseptim var. Dadanlar bilir... Dadlı xörəklər bişirmək də yaradıcı işdir...

- Jurnalistikadan başqa özünüzü hansı sahədə görürsünüz?

- Yəqin ki, iş adamı olardım.

- Yeni nazirin təyinatından sonra nazirliyin hansı strukturlarında dəyişikliklər oldu?

- Dəyişiklik, yenilənmə zamanın tələbinə uyğun həyata keçirilən davamlı bir prosesdir və buna uyğun olaraq hazırda nazirlikdə də optimallaşdırma, iş effektivliyinin artırılması istiqamətində müxtəlif tədbirlər görülür. Vaxtı gəldikcə, yekun nəticələr əldə olunduqca məlumatlar veriləcək.

- Nazirlikdə hansı uğurlu layihələrə imza atmısınız?

- Nazirliyin fəaliyyətinin işıqlandırılmasında kollektivimizlə birlikdə dayanıqlı keyfiyyət və kəmiyyətə nail ola bilmişiksə, məncə elə ən yaxşı uğur budur. Amma görülən işlər görülmüşdür və dünən üçündür. Bu gün və bundan sonra da eynilə dayanıqlı əsaslar üzərində nazirliyin kollektivinin, həyata keçirdiyi layihələri uğurla yerinə yetirmək əsas məqsəddir. Bu gün Nazirlik tərəfindən əhalini narahat edən həlli vacib ekoloji problemlərin aradan qaldırılması üçün təbliğat kampaniyası aparılır və əməli işlər görülür. Havanın çirkləndirilməsinin qarşısının alınması, plastik tullantıların idarə olunaraq çeşidlənməsi və plastik məmulatlardan tədricən imtina edilməsi, yaşıllıqların artırılması və mühafizəsi, təbii resurslardan, o cümlədən sudan səmərəli və qənaətlə istifadə, balıq ehtiyatlarının artırılaraq əhalinin qida zənçirində yer alması və mühafizəsi kimi prioritetlər müəyyənləşdirilib. Yeri gəlmişkən, nazirliyimizin qarşısında duran bu məsələlərin həllində kömək göstərən, bu hədəflər çərçivəsində həyata keçirilən vacib sosial aksiyaları dəstəkləyən bütün media və ictimaiyyət nümayəndələrinə, bizimlə əməkdaşlıq edən vətəndaşlara nazirliyin rəhbərliyi və kollektivi adından minnətdarlığımızı bildirirəm. Əminik ki, bu, həlli vacib ekoloji problemlərin aradan qaldırılması yolunda əhalinin göstərdiyi dəstək və qarşılıqlı əməkdaşlıq davam edəcək, bundan sonra da birlikdə daha uğurlu layihələrə imza atılacaq.

- Sonda oxucularımıza nə demək istərdiniz?

- İlk dəfə geniş müsahibəmi sizə, məhz Metbuat.az saytına verirəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından başda Metbuat.az saytı olmaqla media nümayəndələrini qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətiylə təbrik edirik.

Xəyalə Məmmədova / METBUAT.AZ

“Amaliya Pənahovanı mənim kimi heç kəs yamsılamır" - Ülviyyə İsmayılovayla MÜSAHİBƏ / Fotolar

“Xəbər portalları bu gün “Copy paste” ilə məşğuldur” - Yadigar Məmmədliylə MÜSAHİBƏ / Fotolar

«Hüquq fakültəsinin “Ən nümunəvi məzun”u seçilmək qismətim imiş» - Firad Əliyevlə MÜSAHİBƏ / Fotolar

“Biz bu günə başımız daşdan-daşa dəyərək gəlmişik” - Kənan Quluzadəylə MÜSAHİBƏ / FOTOLAR

“Zavodda 4 il çilingər işləmişəm” - Vaqif Əsədovla MÜSAHİBƏ / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı