​“Real müharibə vəziyyətində yaşamayan o ağır dövrləri hiss edə bilməz” - Elgün Səfərovla MÜSAHİBƏ / Fotolar

"Metbuat.az-da mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Bu dəfə müsahibimiz Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Elgün Səfərovdur.

Metbuat.az Elgün Səfərovla olan müsahibəni təqdim edir:

- Oxucularımızla bərabər sizi yaxından tanımaq istərdik. Böyüdüyünüz ailədən, uşaqlıq illərinizdən danışaq…

- Ermənistanın Zəngəzur mahalında dünyaya gəlmişəm. 1 qardaşım var, Xarici İşlər Naziliyində (XİN) işləyir. Anam məktəb müəllimidir, 40 ilə yaxındır rus dili və ədəbiyyat fənni üzrə dərs deyir. Atam isə fəhləlikdən tutmuş sahibkar fəaliyyətinə qədər bir çox işlərdə çalışıb, hazırda təqaüddədir. Zəngəzurda dünyaya gəlsəm də, Bakıda böyümüşəm. Yaxşı və eyni zamanda ağır günləri də uşaqlıqda görmüşəm. Ailəmdə böyüyə hörmət, təhsilə, mədəniyyətə xüsusi yer ayrılıb. Həyatda məsuliyyətli və işgüzar olmaq valideynlərimin və ağsaqqalların nümunəsindən öyrənmişəm. Uşaqkən hər gün kitab oxuyurduq, daha çox uşaqlarla ünsiyyətdə olurduq. 90-cı illərin iqtisadi ağırlığını hiss etmişik, Ermənistandan və Dağlıq Qarabağdan deportasiya edilmiş qaçqınların və məcburi köçkünlərin problemlərinin şahidi olmuşuq. Bəli, qohumlarım Ermənistandan qaçqın düşüb, onlar əmlaklarını itirərək həyatlarını tam şəkildə dəyişməyə məcbur olublar.

Hamımız azərbaycanlıyıq, harada doğulmağımızın fərqi yoxdur. Əsas məqam ondan ibarətdir ki, bu gün Azərbaycan mədəniyyəti, adət-ənənələri, xalçaçılığı, kulinariyasının və digər dəyərlərin formalaşdığı məkanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Burada söhbət həm Qarabağ, həm də Qərbi Azərbaycandan gedir. Vaxtilə həmin ərazilərdə yaşayan əhalinin əsas hissəsini azərbaycanlılar təşkil edirdi. Lakin Ermənistanda aparılan siyasətin nəticəsində bu gün orada azərbaycanlılardan bir nəfər də qalmayıb, tarixi mənbələr dəyişdirilib. Bilirik ki, artıq orada 1600-dan çox Azərbaycan coğrafik toponimi dəyişdirilib. Onlar Azərbaycan tarixini silməyə çalışırlar, lakin tarix bunu heç vaxt bağışlamaz. Tarixi olmayan torpaq ola bilməz. Həmin torpaqlarda yaşayan əhali olub. Bəs ermənilərin 170 il əvvəlki tarixi haradadır?!

İnsan hüquqlarından söhbət gedirsə, hər bir insanın dünyada yaşamaq hüququ var. Azərbaycan əhalisinə qarşı Bakı, Şamaxı, Zəngəzurda dəfələrlə soyqırımlar həyata keçirilib. Azərbaycan xalqı bu gün həmin soyqırımlara cavab verməyə hazır olmalıdır. Cavab olaraq qarşılıqlı zorakılığın törədilməsindən yox, ərazilərin müdafiə edilməsi və torpaqların qaytarılmasından söhbət gedir. Düzdür, bununla siyasətçilər daha çox məşğul olmalıdır, amma bu proseslər mənim kimi minlərlə insana təsir edib. Ailələrin bütün əmlaklarını itirərək Azərbaycana qaçqın kimi gəlməsi, yenidən həyatın başlanması hər birimizə çox təsir göstərib…

- 1990-cı illərin çətin keçid dövrünü necə xatırlayırsınız?

- Həmin dövr qarışıqlıq idi, Ermənistanla aktiv müharibə davam edirdi, vətəndaş müharibəsi gedirdi, hökumət stabil siyasət aparmırdı, əhali problemlərlə rastlaşırdı. Xatırlayıram, uşaq idim, çörək növbələrində dayanırdım. Müasir dövr gənclərinə istiqamət verəndə həmin günləri nümunə çəkirik. Söhbət təkcə çörək növbələrindən getmir. Real müharibə vəziyyətində yaşamayan heç kim o ağır dövrləri hiss edə bilməz. 20 Yanvar faciəsi bizim gözümüzün önündə olub. Evlərimizdə əlində avtomat olan rus əsgərlərini görmüşük. Artıq sonradan ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkənin bölünməsi qarşısı alındı, stabilik yaradıldı, inkişafa doğru əsas qoyuldu. Ancaq ağır vəziyyətə baxmayaraq, Azərbaycan xalqı öz müstəqilliyini nəinki, müdafiə etdi, eyni zamanda dövlətçilik ənənələrini gücləndirdi.

Həmin illərdə ulu öndər Heydər Əliyevin ölkəyə ikinci qayıdışı əsasında stabillik təmin edildi. 90-cı illərə baxsaq, bilirsiniz ki, bu sahədə ulu öndərin qərarı ilə Ombudsman aparatı, Qadın Komitəsi, Konstitusiya Məhkəməsi yaradılıb. Ən vacib təşkilatlardan bir neçəsi 90-cı illərdə yaradılıb, ulu öndərin təşəbbüsüylə Azərbaycan 200-dən çox konvensiyaya qoşulub. Bunlar daha çox ölkədə insan hüquqlarının və azadlıqların müdafiəsi sahəsində ölkənin siyasətinin gücləndirilməsinə yönəldilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin davamçısı kimi bu siyasəti davam etdirir və daha böyük nailiyyətləri əldə etmək məqsədilə vacib siyasi addımlar atılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsas siyasəti bütün xidmətlərin vətəndaş hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilməsidir. Bu gün problemlər haqqında açıq şəkildə özümüz cəmiyyətə danışırıq, heç kim bunu inkar da edə bilməz. Problemi gizlədə bilmərik, bunu təqdim etməli, mübarizə üsullarını gücləndirməliyik. Mübarizə üsulları müharibə şəraitində yaşayan ölkə üçün digər istiqamətlər üzrə də olmalıdır. Bu gün müdafiə, iqtisadiyyat, sosial, mədəniyyat sahələrində siyasət gücləndirilir, bununla bərabər insan hüquqları və azadlıqlarının müdafiəsi istiqamətində vacib addımlar atılması davam etdirilməlidir. Bu da növbəti illərdə aparılacaq.

- Orta məktəb illəriniz necə keçib?

- Orta təhsilimi Bakıda 211 saylı orta məktəbdə almışam. Daha çox humanitar fənlərə marağım olub. Şagird kimi məsuliyyətli olmuşam. Başqa cür ola da bilməzdi, çünki anam məktəbdə rus dili və ədəbiyyat fənni üzrə müəllim idi. Cəmiyyətə qınaq məsələsi vardı, müəllim övladıydınsa, oxumalıydın, nümunəvi şagird olmalısan. O vaxt yeni müstəqillik əldə etmiş dövlətin təhsil müəssisəsində vətənpərvər dərslər, tədris üsulları, xarici ədəbiyyatla yanaşı milli ədəbiyyat də oxunulurdu. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Əliağa Vahidin əsərlərini keçirdik. Yeni mövzular üzrə Azərbaycan ədəbiyyatı məktəblərdə tədris edilirdi. Azərbaycan tarixi yeni formatda idi. Kitablarda Albaniyanın, Atropatenanın, Eldəgiz dövlətinin, Ağ və Qaraqoyunlu dövlətlərin, Səfəvilərin, Azərbaycan Demokratik Respublikasının tarixi təqdim edilirdi. Tarixi mənbələrdən məni ən çox Şah İsmayil Xətainin, Əlimərdan bəy Topşubaşovun və Fətəlixan Xoyskinin həyatı maraqlandırıb. Bununla yanaşı, biz də formalaşırdıq. 90-cı illərdə formalaşmış gənclik bu gün Azərbaycan dövlətinin inkişafına töhfəsini verir.

- Hansı universitetin məzunusunuz?

- Məktəbi bitirdikdən sonra 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsində təhsil almışam. Biz universitetə daxil olanda internet yox səviyyəsində idi, fikrimiz telefonlarda deyildi, günlərimiz kitabxanalarda keçirdi. Digər tələbələrlə birlikdə ictimai işlərin təşkilatçılığını aparırdıq. Tələbə olduğum illərdə ulu öndər Heydər Əliyevin BDU-ya səfərləri olurdu. O tələbələrlə birbaşa kontakta girir, onlarla söhbət edirdi. Onunla olan görüşlərin birində iştirak etdiyim üçün bu gün çox xoşbəxtəm. Müəllimlərimizin bizə çox böyük dəstəyi olub. Onlardan Rafik Ataşeviç, Elçin Usubov, Bəxtiyar Haciyev, Fərid Əhmədov, Gündüz Kərimov, Hicran Hüseynova, Səadət Yusifova, Mövlan Paşayevin, Turqay Hüseynovu, Məhsəti Əliyeva, İlham müəllim və digərlərin adlarını çəkə bilərəm. Kimi demədimsə üzürlü hesab etsin. Hamısına böyük hörmətim var. Çox təəssüf olsun ki, bəziləri artıq həyatı tərk ediblər.

Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr fənni üzrə müəllimim Hicran xanım Hüseynova olub. Ümumiyyətlə, Hicran xanımın müasir Azərbaycanın yüzlərlə peşəkar kadrlarının hazırlanmasında töhfəsi var. Onların arasında bu gün dövlət xadimləri, hüquqşünaslar, diplomatlar, hakimlər və digər tanınmış peşəkar kadrlar var. Tələbəlik illərdə Hicran xanıma müraciət etdiyimiz məsələ yerində həll edilirdi, həmişə tələbələr üçün açıq olub, problemləri dinləyib, dəstək olmağa çalışıb.

2005-ci ildə isə həmin fakültənin magistraturasını bitirib, elə həmin ilin dekabrında aspiranturaya daxil olmuşam. 2009-cu ildə müdafiəmi edib, 2010-cu ildə isə hüquq elmləri üzrə fəlsəfə doktoru diplomu almışam. Elmi işim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində roluna həsr edilib. Burada BMT-nin fəaliyyətindən, BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi problemi, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, BMT TŞ-nın qətnamələrin icra edilməməsi problemi, qadınların münaqişələrin həllindəki rolundan söhbət gedir. Formatlar çoxdur, elmi işimin davamı kimi daha sonra bir çox məqalə çap etdirmişəm. Elmi işlərim yalnız qadın hüquqları istiqamətində deyil, ailə, uşaq problemlərindən də bəhs edib.

İki elmi rəhbərin dəstəyi ilə həmin işi müvəffəqiyyətlə müdafiəyə çıxarda bildim. Həmin müdafiə işi üzrə elmi rəhbərlər BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev və hüquq elmləri üzrə fəlsəfə doktoru Səadət Yusifova olub. Xüsusilə də, Səadət xanım tərəfindən Fransanın, Almaniyanın və diqər dövlətlərin alimlərin elmi məqalələri elmi işimi daha da gücləndirib. Əmir müəllimin dəstəyi ilə bir neçə elmi məqalələri xaricdə çap etdirə bildim.

Bir neçə il BDU-da Humanitar hüquq, Beynəlxalq Hüquq fənləri üzrə tədris etmişəm. Bu günə qədər də Bakı Dövlət Universitetiylə əlaqələrimiz var. Onlarla birlikdə tədbir və təlimlər keçirir, kitablar çap etdiririk. Bakı Dövlət Universiteti cəmiyyətdə sözünü demiş, yerini tutan, nəinki Azərbaycanda, Cənubi Qafqazda, MDB dövlətlərdə öz roluyla fərqlənən ali təhsil ocaqlarından biridir. Lakin universitetin texniki bazasının gücləndirilməsinə bu gün ehtiyac var. Xüsusilə də, ali tədris müəssisələrində tədris edən peşəkar kadrların saxlanılması məqsədilə xüsusilə də BDU-da əmək haqları artırılmalıdır. Elmi nəşrlərin xarici dillərdə çap edilməsi və ümumiyyətlə, sayının çoxaldılması vacibdir. Nümunə üçün bir məqamı qeyd edim ki, inkişaf etmiş dövlətlərdə müəllif hər elmi məqaləyə görə gözəçarpan məbləğlə təmin edilir. Ona görə ki, bu elmi araşdırma, elmi yenilik gətirən işlərdi və bu fəaliyyətə dəstək edilməlidir.

- Ailənizdən danışaq…

- 2013-cü ildə ailə qurmuşam, bir qız və bir oğul atasıyam. Xoşbəxtəm, uşaqlarım balaca olsalar da, onlarla fəxr edirəm. Çünki uşaqların hər addımı gələcəyə yönəlib. Azərbaycanda hər bir valideynin vəzifəsi uşaqların tərbiyəsinə, təhsilinə və ünsiyyətə vaxt ayırmaqdır. Ailədə həyat yoldaşımın mənəvi dəstəyi və fikir mübadiləsi mənə yardım olur. Ailə üzvlərinin hərəsini bir-bir dinləməlisiz, hər ailə üzvünə xüsusi diqqət ayırmalısınız.

- Mediayla işləmək çətin deyil?

- Mətbuat katibi çox məsuliyyətli işdir. Həm jurnalist, həm hüquqşünas, həm də diplomat olmalısan. Xüsusilə də, bu sahədə media nümayəndələri ilə işləmək ağırdır. Bu gün qadın, uşaq hüquqlarının müdafiəsinin ailə sistemində çox böyük problemlər var. Cəmiyyət inkişaf etdikçə bu sahədə problemlər bitməyəcək, yalnız dəyişə bilər. Ümumiyyətlə, deyim ki, jurnalistlərlə dost olmaq lazımdı. Onların üstünə çox vacib və məsuliyyətli vəzifə qoyulub – məlumatı vətəndaşlara çatdırmaqdır.

Ancaq kolleqalarla işləyəndə 4 prinsipə əsaslanıram:

1. Transparent və şəffaf iş görülməlidir – mətbuata açıq olmaq lazımdı, bütün sorğular qeydiyyata alınmalıdır, cavablandırılmalıdır;

2. İkitərəfli operativ fəaliyyət – mümkün gədər sorğulara tez cavab verilməlidir. Ancaq bəzi media nümayəndələrindən biz müraciət edəndə həmin operativliyi görmürük;

3. Məsuliyyətin və İnamın yaradılması;

4. Hörmətlə yanaşma.

Jurnalistlərimiz Azərbaycanı nəinki yerli, hətta xarici mediada, rus, ingilis dillərində təmsil etməlidir. Çünki beynəlxalq səviyyədə Azərbaycan haqqında gedən məlumatlar yalnız xarici yox, həm də ölkənin jurnalistləri tərəfindən hazırlanmalıdır. Azərbaycanda bu gün çox peşəkar jurnalistlərimiz var. Bu da normaldır, çünki Azərbaycan jurnalistika məktəbi çox zəngindir. Bu gün beynəlxalq səviyyədə Azərbaycan jurnalistika məktəbinin formalaşması davam etdirilməlidir. Təəssüf ki, 1990-cı illərdən bu günə qədərki 5-10 il ərzində bu sahədə boşluq yarandı. 80-ci illərdə bu sahədə təhsil almış şəxslər 90-ci illərdə ölkəmizi müdafiə edirdilər. Onlar beynəlxalq jurnalistika məktəblərində dərs keçirdilər. Bu gün formalaşan yeni nəsil jurnalistlər insan hüquqları prizmasını yeni formatda mediaya təqdim etməlidirlər. İnternet resursları təkmilləşdikcə jurnalistlərin müraciət formaları dəyişib. Bu gün sosial şəbəkələr bu sahədə çox böyük effekt daşıyır. Jurnalistlərin bloqlar yaratması, sosial şəbəkələrdə aktiv olmağı vacibdi. Sərhədlər silinib. Məlumat müharibəsinin internet resurslarda aparılması məqsədilə ölkəni təmsil edən jurnalistlər lazımdı. Eyni zamanda, qadın və uşaq hüquqlarının, ailə siyasətinin, problemlərin obyektiv və jurnalist etikasına uyğun işıqlandırılması vacibdi. Bəzi hallarda bir neçə media nümayəndəsi jurnalist etikasını pozaraq, insan hüquqlarını pozaraq zorakılığa məruz qalmış və ya zorakılıq törədən vətəndaşın adını, soyadını, şəxsi məlumatlarını, hətta yaşadığı ünvanını qeyd edirlər. Bu isə yolverilməzdi. Biz media nümayəndələri üçün təlimləri keçiririk. Ancaq bu iş mütəmadi aparılmalıdır.

Amma Komitənin fəaliyyətindən danışsaq, hər şeyi açıq şəkildə təqdim edə bilmirik. Nəyi təqdim edə bilmirik? 13 il ərzində 10 minlərlə ailələrə köməklik edilib, yüzlərlə uşaq nikahlarının qarşısı alınıb, hüquqi, sosial vəpsixoloji yardım edilib, minlərlə boşanmaq istəyən şəxslərə psixoloqların dəstəyi ilə ailəni qorumağa nail olmuşuq. Komitənin region mərkəzləri vasitəsilə məişət zorakılığı, psixoloji və digər problemləri olan ailələrə və ümumiyyətlə vətəndaşlara yerində yardım edilir. Bu işi siz hər gün TV-də görmərsiz, ancaq aparılan iş ölkədə ailələrin rifahı, məişət zorakılığının qarşısının alınması, uşaq hüquqlarının müdafiəsinə yönəlib.

Çox vaxt məlumatı yalnız ümumi formatda təqdim edə bilirik. Ailə üzvlərinin hüquqlarının qorunması, şəxsi həyatın toxunulmazlığını və konfidensiallıq prinsipini nəzərə alaraq onları mətbuata təqdim etmirik. Çünki reklam üçün çalışmırıq, ümumiyyətlə məqsədimiz bu deyil.

Dövlət Komitəsinin və şəxsən mənim də məqsədim odur ki, insan hüquqlarının müdafiəsi təmin edilsin. Xüsusilə də, məişət zorakılığının qarşısı alınsın, uşaqların hüquqları təmin edilsin, Azərbaycan ailə dəyərləri yaşadılsın. Bunun çərçivəsində vacib işlər görülüb, 100 mindən çox ailələrə yardım edilib. Bu gün onlardan minnətdarlıq məktubları alırıq. Lakin yenə də fəaliyyət davam etdirilməlidir. Bunlar bir günün işi deyil, getdikcə təkmilləşdirilməlidir. Çünki cəmiyyətdə ailələrin sayı artır. Bu gün sosial şəbəkələrdə media nümayəndələri də bu məsələyə diqqətlə yanaşmalıdırlar. Bizim də vəzifəmiz jurnalistlərlə daha sıx əlaqə qurmaq və çalışmaqdan ibarətdir. Burada da ikitərəfli həm məsuliyyətli, həm də hörmətlə yanaşma olmalıdır.

- Hansı işlərdə çalışmısınız?

- Ümumiyyətlə, könüllü qismində hüquqşünas kimi bir neçə hüquqi şirkətdə, QHT-də fəaliyyət göstərmişəm. Xarici İşlər Nazirliyində təcrübə keçmişəm. Rəsmi iş stajım 2004-cü ildə Bakı Dövlət Universitetindən başlayır. Bakı Dövlət Universitetində Humanitar hüquq, Ailə hüququ, Beynəlxalq hüquq fənlərini tədris etmişəm. 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsində Hüquqi təminat sektorunda baş məsləhətçi qismində çalışmağa başlamışam. Daha sonra ailə siyasəti, qadın və uşaq hüquqları, gender bərabərliyi təmin olunması, məişət zorakılığının qarşısının alınması, övladlığa götürmə üzrə akkreditasiya qaydaları haqqında milli qanunvericilik aktlarının hazırlanmasında və təkmilləşdirilmsində birbaşa iştirak etmişəm.

2007-ci ildən başlayaraq 2019-ci ilin əvvəlinə qədər Avropa Şurasının Gender Bərabərliyi Komissiyasının Azərbaycan Hökuməti adından üzvü olmuşam. Komissiya vasitəsilə Avropa Şurasının qətnamələrinin hazırlanmasında iştirak etmişəm. Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyasının hazırlanmasında iştirak etmişəm. Həmçinin, BMT-nin qətnamələrinin hazırlanmasında, xüsusilə də qadın hüquqlarının müdafiəsində iştirak etmişəm. Uşaq hüquqları (CRC) və qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması haqqında konvensiyalara (CEDAW) dair birbaşa hökumət tərəfindən beynəlxalq hesabatların hazırlanması və təqdim edilməsi prosesində 4 dəfə iştirak etmişəm.

Həmçinin, 2014-cü ildə Ailə hüququ fənnini Gömrük Akademiyasında tədris etmişəm. 2014-2015-ci illərdə ADA universitetində Avropa İttifaqı layihəsinə təlimçi kimi cəlb edilmişəm (Avropa Hüququ, Avropa İttifaqının tarixi). Tədris sahəsində fəaliyyətim çoxdur. Kitablarım dərc olunub, onlar daha çox qadın hüquqlarının müdafiəsində istiqamətləndirilib. 50-dən çox elmi məqaləm Azərbaycanda və eyni zamanda Ukrayna, Rusiya Federasiyasında və diqər dövlətlərdə çap olunub. BMT-nin, Avropa İttifaqı və Avropa Şurasıyla birlikdə araşdırmalarım çap edilib. Bu, daha çox təhsil və tədris istiqamətlərində olub.

Xüsusilə də, mənim təlimçi kimi təcrübəmi də bölüşmək istərdim. BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, xarici dövlətlərin və ümumiyyətlə ölkədə keçirilən layihələrdə təlimçi kimi iştirak etmişəm. Təlimlər xüsusilə, insan hüquqlarını, qadın və uşaq hüquqlarını, beynəlxalq təşkilatların fəaliyyəti, liderlik, beynəlxalq məhkəmələrin fəaliyyəti və s. mövzuları əhatə edirdi. Ali təhsil ocaqda dərs demək və ya təlimçi kimi layihələrdə iştirak etmək peşə biliklərinin təkmilləşdirilməsinə, auditoriya ilə iş və digər nüanslar məni həmişə maraqlandırıb.

Eyni zamanda, 2018-ci ilin iyun ayından BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitənin üzvü seçilmişəm (2019-2022-ci illər üzrə, CEDAW). Azərbaycan Respublikasının tarixində birinci dəfə 143 ölkənin səsi ilə seçilən BMT-nin seçki orqanında ölkəmizi üzv kimi təmsil edirəm. Dünyada həmin komissiyanın tərkibində 23 üzv var, onlardan biri mənəm. Həmin seçimlərdə Azərbaycan hökumətinin, Xarici İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi nəticəsində uğur qazanmışam. Bu, böyük nailiyyətdir, həm də məsuliyyətdi. Burada təkcə Elgün Səfərovdan söhbət gedə bilməz. Burada həm Azərbaycanın xarici siyasətinin, həm Xarici İşlər Nazirliyinin, həm də Dövlət Komitəsinin fəaliyyətdən söhbət gedir. Beynəlxalq səviyyədə ölkəsini təmsil edən şəxslər özlərini iki dəfə məsuliyyətli hiss etməlidir. Ona görə ki, onlar təkcə özlərini yox, bütöv Azərbaycan xalqını təmsil edirlər.

- Komitəyə müraciətlərin sayında ötən illərlə müqayisədə artım varmı?

- Müraciətlərin faizi əvvəlki illərlə eynidir, yalnız struktur dərəcələri fərqlidir. Son 3-4 il ərzində məhkəmə qərarlarının icrasında problem yaşanır. Problemlər sırasında ilk yerləri boşanan ailələrdə aliment və əmlak bölgüsü məsələsi tutur. Sonrakı yerlərdə sağlamlıq və sosial müavinət məsələsi gəlir. Məqsəd bu sahədə siyasətin daha da gücləndirilməsindən, yeni addımların atılmasından ibarətdir. Ona görə Komitə tərəfindən bu gün ailə strategiyasının layihəsi, gender bərabərliyi və məişət zorakılığının qarşısının alınması haqqında milli fəaliyyət planlarının, uşaq strategiyasının layihələri hazırlanıb. Növbəti illərdə bu sənədlərin qəbul edilməsini gözləyirik.

- Komitənin qarşıdakı məqsədi nələrdir?

- Ümumi məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyduğu məqsəddir ki, bu da vətəndaşların ehtiyaclarının təmin edilməsidir, hüquqlarının müdafiə edilməsidir. Xüsusilə də, vətəndaşların konstitusion hüquqların təmin edilməsindən söhbət gedir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təhsildən yayınma, uşaqlara, qadınlara qarşı zorakılıq faktlarının azaldılması, ailə siyasətinin daha da gücləndirilməsi istiqamətini nəzərdə tutub. Steorotiplərlə mübarizə, məişət zorakılığı, narkotikdən istifadənin qarşısının alınması, əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Problemlərin qarşısının tam alınmasından söhbət gedə bilməz, ən azından sayının azaldılması mümkündür. Azərbaycan əhalisinin bu məsələdə yanaşması dəyişməlidir. Bu səbəblə, steorotiplərlə mübarizəni gücləndirməliyik. Cəmiyyətdə zorakılığa münasibət dəyişməlidir, qınaq formalaşmalıdır. Baş verən hallar sosial şəbəkələrdə paylaşılmamalıdır. Dövlət Komitəsi 2019-cu il maarifləndirmə kampaniyaları çərçivəsində “Ailə Akademiyası”, “Güc birlikdədir”, “Uşaq nikahlarına yox de”, “Ailəliklə Kitabxanaya” və digər layihələri davam etdirəcək. Bu səpkidə beynəlxalq əməkdaşlıq genişləndiriləcək. Eyni zamanda, Ailə kinofestivalının, Ailə bayramının keçirilməsi planlaşdırılır. Maarifləndirmə sahəsində, yeni bukletlərin paylanılması, sosial roliklərin çəkilməsi, internet vasitəsilə yayılması nəzərdə tutulur. İnsan alveri, narkotiklə mübarizə, məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirləri planlaşdırılır. Mətbuata açıqlığımız, jurnalistlərlə əlaqələr, beynəlxalq konfrans və təlimlər bu il də davam etdiriləcək. Uşaq nikahları ilə mübarizə, qadınlar üçün liderlik təlimləri, qadın sahibkarlığının inkişaf etdirilməsi istiqamətində Komitənin fəaliyyəti gücləndiriləcək. Yəni qəbul ediləcək sənədlərin icrasında bütün dövlət qurumları birləşəcək.

Eyni zamanda, hökumət tərəfindən keçirilən layihələr daha çox innovasiyaların, yeni texnologiyaların və “start-up” layihələrin cəlb edilməsinə istiqamətləndirilib. Keçən il Komitə Kapital Bank və E-Box şirkəti ilə birlikdə kidsafe.az proqram təminatını yaradıb. Proqram təminatından artıq 11.000-dən çox ailə istifadə edir. Proqram təminatı tam ödənişsiz və azərbaycan dilində istifadə edilir. Proqram təminatının məqsədi uşaqların zərərli və mənfi məlumatdan müdafiə edilməsidir, uşaqların və ailələrin kibertəhlükəsizliyinin yaradılmasıdır. Bu, bir yenilikdir və belə layihələrə Dövlət Komitəsi dəstək olacaq.

- Digər ölkələrlə müqayisədə ölkəmizdə sosial videorolikləri daha az görürük. Səbəb nədir?

- Yalnız Dövlət Komitəsi tərəfindən sosial videoroliklər hər il onlarla çəkilir. Mediayla bu istiqamətdə əməkdaşlığımızı inkişaf etdirəcəyik. Nümunə üçün qeyd edim ki, 16 noyabr-10 dekabr tarixləri qadınlara qarşı zorakılıq ayı hesab edilir. Onun çərçivəsində həmin roliklər televiziyalarda əks etdirilir. Lakin həmin müddət bitəndən sonra bəzi media kanallarda roliklər dayandırılır. Artıq yüzlərlə sosial roliklər hazırlanıb, bunların hamısı Dövlət Komitəsinin “Youtube” kanalında, saytında yerləşdirilib. Həmin rolikləri media qurumları götürüb, istifadə edə bilərlər. Ümid edirik ki, mətbuat qurumları Komitəyə dəstək üçün yox, Azərbaycan Xalqını maarifləndirmək üçün bu videoları paylaşacaqlar. Bu gün həmin rolikləri mütəmadi olaraq göstərən bəzi kanallara, həmçinin sosial bannerləri yerləşdiyinə görə Metropolitenə minnətdarıq. Bu məsələdə nəinki dövlət qurumları, həmçinin QHT-lər də işini gücləndirməlidir.

- Uşaq nikahlarının sayında son illər azalma varmı?

- 2012-ci illə müqayisədə uşaq nikahlarının sayı ölkəmizdə 10 dəfə azalıb. Əvvəllər uşaq nikahı daha çox cənub zonasında rast gəlinirdisə, bu gün Gədəbəy, Şəki və Bakı kəndləri birinci yerdədir.Burada problem maarifləndirmə və təhsillə bağlıdır. Təəssüf ki, bu gün bəzi valideynlər qız övladlarını 9-cu sinifdən çıxarıb, nikaha göndərirlər. Belə faktlar olub, Komitəyə verilən məlumat əsasında qarşısını ala bilmişik. Lakin bəzi hallarda o siqnallar bizə çatmaya bilər. Belə olanda isə nəticə ilə mübarizə aparırıq. Mübarizə deyəndə, psixoloji və hüquqi yardım edilir, ailə mütəmadi olaraq dəstək alır. 2012-ci ildə qəbul edilmiş mexanizmə əsasən, Cinayət Məcəlləsinə əsasən (176-1 maddə) məcburi nikahla bağlı 4 min manat cərimə, 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası tədbiq olunur. Bu maddə qəbul edildikdən sonra uşaq nikah hallarının yaşandığı ərazilərdə faktların sayı 10 dəfə aşağı düşüb. 10 il əvvəl bu layihələri başlayan zaman cənub bölgəsində daha çox problemlər vardı. Layihənin sonunda ali təhsil ocaqlarını bitirən qızları əmək yarmarkalarına cəlb etdik. Birinci addımda əks təsir gördük. Lakin 1-2 aydan sonra işləyən qızlar ailə büdcəsinə 300-500 manat xeyir verdikdən sonra ailələr bu işdə maraqlı oldular. Beləliklə, həmin problemin həllini gördük. Bu gün Cənub bölgəsində kiçik və orta qadın sahibkarların sayında ciddi artım var. Hazırda bu istiqamətdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə Azərbaycanın Şimal-Qərb regionlarında işlər aparılır. Həmin layihə artıq 7 ildi davam edir.

Komitə BMT və Avropa İttifaqı ilə birlikdə 2011-ci ildən bugünlərə gədər “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsini keçirir. Hədəf cənub rayonlar, Aran, şimal-qərb zonası götürülüb. Layihə xüsusilə qadınların kiçik və orta sahibkarlıqda sayının çoxaldılmasına yönəlib. Qadınların sahibkar olaraq fəaliyyəti həm ailənin, həm də cəmiyyətin inkişafıdır. Bu gün Azərbaycanda sahibkar qadınların sayının 4 faizdən 30 faizə qalxması çox böyük təsirdir. Məqsədimiz odur ki, bu işlər böyük templə getsin.Hazırda 174 mindən çox qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldu, bu isə 174 min ailənin sosial təminatından, vergi ödənişlərin dövlət büdcəsinə çoxalmasından və ümmumiyyətlə sosial rifah siyasətinin düzgün istiqamətdə aparıldığını təsdiq edir.

- Son illər sosial şəbəkələrdə qadına qarşı zorakılıq hallarını əks etdirən görüntülərlə tez-tez qarşılaşırıq. Bu cür halların qarşısının alınması üçün hansı işlər nəzərdə tutulur?

- Bu işi aparmaq üçün milli qanunvericilik təkmilləşdirilməlidir, gender bərabərliyi və məişət zorakılığı məsələləri informasiya haqqında milli qanunvericilik aktlarında əks etdirilməlidir, mediada etik davranış qaydalarının hazırlanması və peşəkarlığın artırılması vacibdi. Komitə artıq Avropa Şurası ilə birgə mediada gender bərabərliyi layihəsini keçirdir. Bu ilin yanvar ayında beynəlxalq ekspertlərin iştirakı ilə “Mediada gender bərabərliyi” mövzusunda təlim keçirilmişdi. Bu sahədə marifləndirmə işi gücləndirilməlidir. Lakin uzunmüddətli olmalı, maarifləndirmə işləri 2-3 təlimdən ibarət olmamalıdır. Ali təhsil ocaqlarında zorakılığın və gender bərabərliyinin işıqlandırılması haqqında xüsusi dərslər keçirilməlidi, dərs vəsaitləri hazırlanmalıdı.

Bununla yanaşı, qanunvericilikdə də dəyişikliklər edilməlidir. Burada məhdudiyyətlərin qoyulmasından söhbət getmir, sadəcə insan hüquqları, gender bərabərliyi, qadın və uşaq hüquqlarının müdafiəsi nəzərə alınmalıdır. Qadın zorakılığının əks etdirilməsində jurnalist etikası, qanun pozulması diqqətə alınmalıdır. Hətta təklif edərdik ki, zorakılığa məruz qalmış, yaxud da onu törədən şəxsin görüntülərini, koordinatlarını, şəxsi məlumatlarını mediada yayan jurnalistlər inzibati məsuliyyətə cəlb olunmalıdır. Vətəndaş hüquqları heç bir halda pozulmamalıdır. Hətta vətəndaş razılıq verib, qol çəksə belə, insan hüquqları prizmasında pozuntu var. Milli qanunvericilikdə həmin maddələr əks etdirilməyə bilər, beynəlxalq konvensiyon normalarda bu məsələ tənzimlənir (şəxsi həyyatın toxunulmazlığı prinsipi). Zorakılıq baş veribsə, peşəkar jurnalist bunu araşdırma formasında işləməlidir. Psixoloq, hüquqşünas, dövlət qurumunun, yaxud da QHT-nin rəyini bildirməli, lakin məqaləsində zorakılığa çağırış etməməlidir. Təəssüf olsun, bizim bəzi jurnalistlərimiz o cür hadisələri mediada işıqlandırırlar. Onlar reytinq xətrinə etdiklərini bildirirlər, lakin bu, qanun pozuntusudur. Ona görə, media bu məsələdə daha diqqətli olmalıdır. Əsas olan faktı çatdırmaq deyil, həm də onun çıxış yolunu göstərməkdir. Belə hadisələr digər ölkələrdə də baş verir. Əsas olan çıxış yolu və nəticəsinin tapılmasıdır.

- Sonda oxucularımıza nə demək istərdiniz?

- Gənclərə müraciətimiz olacaq. İşə daha məsuliyyətlə yanaşsınlar, daha böyük hədəflər təyin etsinlər. Unutmasınlar ki, uğursuzluğun belə arxasında həmişə böyük bir uğur dayanır. Ona görə, mübarizə aparsınlar. İkinci məsələ ailə quran gənclərlə bağlıdır. Onlar şəxsi maraqlarından daha çox ailə maraqlarını önə keçirsinlər. Ailə münasibətləri doğru qurulmalıdır.

Bu gün gənclərin hanısa bir xarici dili bilməsi cəmiyyəti təmsil etməyə bəs eləmir. Cəmiyyət dəyişilir. Gənclərimiz texnologiyanı, yeniliyi bilməli, həmçinin “start-up”lara can atmalıdırlar. Bu gün dünyada gənclər yeni ideyaların, texnoloji ixtiraların müəllifidir. Bizim gənclər də buna həvəsli olsunlar.

Həmçinin, Metbuat.az saytına uğurlar arzu edirəm. Gələcəkdə nəinki Azərbaycanda, regionda, beynəlxalq səviyyədə öz sözünüzü deyib, ölkəmizi təmsil edəsiniz, uğurlar…

Xəyalə Məmmədova

Fotolar: Müzəffər İsmayılov

“Cəmiyyətə, fərdə olan investisiya qazancdır” - Turanə Qasımovayla MÜSAHİBƏ / Fotolar

“Əsəblərimizi sınağa çəkən mətbuat katibləri olub” - Billurə Əmirovayla MÜSAHİBƏ / Fotolar

“Tərimiz kağıza axmasın deyə alnımıza dəsmal bağlayardıq” - Elnur Kələntərovla MÜSAHİBƏ / FOTOLAR

“Dərs başlayanda qızlarla makiyajımızı tez silirdik” - İradə İbrahimovayla MÜSAHİBƏ / Fotolar

“Amaliya Pənahovanı mənim kimi heç kəs yamsılamır" - Ülviyyə İsmayılovayla MÜSAHİBƏ / Fotolar

“Xəbər portalları bu gün “Copy paste” ilə məşğuldur” - Yadigar Məmmədliylə MÜSAHİBƏ / Fotolar

«Hüquq fakültəsinin “Ən nümunəvi məzun”u seçilmək qismətim imiş» - Firad Əliyevlə MÜSAHİBƏ / Fotolar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI