​“Cəmiyyətə, fərdə olan investisiya qazancdır” - Turanə Qasımovayla MÜSAHİBƏ / Fotolar

"Metbuat.az-da mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Bu dəfə müsahibimiz ABAD-ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Turanə Qasımovadır.

Metbuat.az Turanə Qasımovayla olan müsahibəni təqdim edir:

- İstərdik ki, oxucularımız da bizim kimi gənc mətbuat katibi Turanə Qasımovanı yaxından tanısınlar…

- 23 oktyabr 1990-cı ildə Şamaxı şəhərində dünyaya gəlmişəm. Ailəmiz 5 üzvdən ibarətdir – atam, anam və məndən böyük iki qardaşım. Evin ən kiçiyi olsam da, uşaq yaşlarımdan özümdən böyüklərlə ünsiyyət yaratmaq maraqlı olub. Hətta atamla qardaşlarımdan çox mən vaxt keçirmişəm. Dediklərinə görə, xarici görünüşüm, ümumi davranışlarım və xarakterimə görə isə bibimə oxşayıram. Onu heç vaxt görməmişəm, tez dünyadan köçüb. Allah bütün ölənlərə rəhmət eləsin…

- Şamaxı deyəndə gözünüzün önündə ilk nə canlanır?

- Şamaxı deyəndə uşaqlığım, məktəb illərim, öhdəliklərin az olduğu zamanlarım yadıma düşür. Düzdür, hərdən Şamaxıya gedirəm, amma çox qala bilmirəm. Bunun səbəbi bəlkə də dinamik həyat tərzinə öyrəşməyimlə bağlıdır. Məsələ oranı bəyənməmək deyil, sadəcə qala bilmirəm. Bakıda olanda belə evdə otura bilmirəm. İşə baş çəkir, dostlarımla görüşürəm.

- Məktəb xatirələrinizi bizimlə bölüşə bilərsiz?

- Orta məktəbimi Şamaxı şəhər Elşən Hüseynov adına 2 saylı orta məktəbdə oxumuşam. Düzü, sosial aktiv şagird olmamışam. Bəlkə də, daxilən hər zaman sosial olmuşam, lakin o sosiallığı üzə çıxaran situasiya olmayıb. Dərsə get, evə gəl, dərs oxu… Daha çox rutin və stabil həyat tərzim olub. Bu, bəlkə də mühitlə bağlı olub. Hər zaman dərslərimə fikir vermişəm. Hazırda fəaliyyət sahəm hümanitar elmlərlə bağlı olsa da, orta məktəbdə təhsil aldığım müddətdə texniki fənlərə - fizika və riyaziyyata həvəsim olub. Ən sevmədiyim fənn ingilis dili olsa da, indi məlumat mənbəsi olaraq daha çox ingilis dilinə üstünlük verirəm. Nə vaxtsa ingilis dilini sevə biləcəyimi düşünməzdim. Sosial şəbəkədə belə bir fikir oxumuşdum. “Səhv deyilən bir şey yoxdur, təcrübə deyilən bir şey var. Uğur qazana bilməmək sənin səhvin deyil, təcrübəsizliyindir. Demək bacardığımız qədər təcrübə qazanmaq üçün səhv etmək lazımdır bəzən”. Əvvəllər hanısa bir işim alınmayanda tez ruhdan düşürdüm, amma indi ruhdan düşmürəm, əksinə dayanmadan irəliləyirəm. Hamı hər zaman uğur qazanmaq məcburiyətində deyil. Sadəcə, harada və kim olursan ol, təbiət, bəşəriyyət tərəfindən nəyə layiq görülməyindən asılı olmayaraq, mənim üçün əsas olan insanlıq və ədalət prinsipidir. Özümə qarşı yox, başqa insana qarşı layiq olmadığı bir münasibəti görəndə özümdən çıxıram. Həmin insandan, mühitdən soyuyuram. Düzdür, bununla özümə yaxşılıq etmirəm, amma xarakterdir.

- Hansı universitetin məzunusunuz?

- Orta məktəbi bitirdikdən sonra 2008-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olmuşam. İxtisasım beynəlxalq münasibətlərdir. Bu fakültəni seçməyimdə məqsəd diplomatiya sahəsinə olan marağımla bağlıdır. Uşaq yaşlarımda həmişə atamla birlikdə xəbərlərə baxardım. Dünya arenasında baş verən məlumatlar mənə maraqlı olub.Universitet illərimdə də çalışmışam ki, maraq dairəm təhsil olsun.

Universitetin ikinci kursunda oxuyanda ingilis dili kursunda müəllim köməkçisi olaraq işləməyə başlamışam. Burada çalışdığım vaxt daha aktiv, ünsiyyətcil olduğumun fərqinə varmışam. Universitet illərimin bunda çox böyük rolu olub. Mühit, əhatə, dostlar, dərslər və s. Universitet illərimdən tələbələrin sosial inkişafına yönəlmiş fəaliyyətlə məşğul olmuşam. Tələbə Gənclər Təşkilatının fakültəmiz üzrə sədr müavini seçilmişəm. İlk təşəbbüslərimizdən biri üçüncü kursda oxuyanda özümüzdən aşağı kurslar üçün təşkil etdiyimiz “conversation club”lar olub (İngilis dili danışıq klubu). Daha sonra təşəbbüslərimiz artıb, respublika səviyyəsində tədbir və layihələrdə, beynəlxalq tədbirlərdə iştirak etmişik.

- İş həyatına neçə yaşınızda başlamısınız?

- Ümumi götürdükdə 3-cü kursdan başlamışam. Dərslərimlə bağlı yarım ştat işləmişəm. Hər şeyi yaşamışam, uşaqlıqdan başqa. Çünki hər zaman həyatımda dərs, iş olub. Yaşım 28 olsa da, özümü 38 yaşda olan biri kimi hiss edirəm. Bəzən isə tam əksi də olur, əhvala görə dəyişir. Ailəm həmişə mənə dəstək olub. Bu baxımdan özümü şanslı hiss edirəm. Düzdür, əksəriyyətimiz konservativ düşüncədəyik, amma hər zaman ailəm mənə dəstək olub. Onlar da görüblər ki, istər dərs, istərsə də iş həyatımın individual olaraq öhdəsindən gəlməyə çalışmışam. Onlardan çox az dəstək istədiyim üçün tək bacara biləcəyimi anlayıblar. Bu azadlığı, şəraiti yaratdıqlarına görə onlara öz minnətdarlığımı bildirirəm.

2014-cü ildən etibarən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" mərkəzinin informasiya şöbəsində çalışmağa başlamışam. Hazırda isə ABAD-ın Marketinq və İctimaiyyətlə əlaqələr və beynəlxalq məsələlərində məsul şəxsəm. Məqsədim bu etimadı keyfiyyətli formada icra etmək və faydalı olmaqdır. Təbii ki, bu məsuliyyətli yolda tək yox, hazırki komandama borcluyam. Tək mümkün deyil.

Onu da qeyd edim ki, heç vaxt özümü bəyənməmişəm. Bilmirəm, bəlkə də bu müsahibəni oxuyan şəxs əksini də deyə bilər haqqımda (gülür). Seçimlərimdə hər bir şeyi inanaraq etmişəm. Lakin özümdən razı qalıb, inkişafı dayandırmamışam. Əvvəl özümdən narazı qalmağımı bəyənmirdim, lakin sonradan bunun xarakter olduğunun fərqinə vardım. Əslində, belə bir xarakterim olduğu üçün bir tərəfdən də sevinirəm. Çünki bu mənə dayanmamaq üçün mənbədir.

- İşləyən xanımlar güclü olur. Özünüzü güclü hesab edirsiniz?

- Bu sualı 4-5 il öncə versəydiniz, cavab olaraq “bilmirəm” deyərdim. İş mühitində, gündəlik həyatda insanlarla ünsiyyətdə daha təcrübəliyəm. Özümü başa düşdüyüm qədər qarşımdakı insanları da başa düşürəm. Bu, təcrübədən, yaşdan irəli gələn bir şeydir. Düşünürəm ki, özümü tam güclü hiss etmirəm, amma güclü olmağa çalışıram. Fikrimcə, güclü olmaq seçimdir. İnsan olmaq istədiyini bəzən özü seçə bilər. Hər şeyi təbiətin üstünə atmaq lazım deyil, dəyişə bilərsən. İnsan məsuliyyətsiz yaranıbsa belə, zamanla məsuliyyəti özündə formalaşdıra bilər. Düşünürəm ki, az çətinlik görmüş insan, az inkişaf etmiş insandır. Mənim üçün güclü insan məsuliyyətli, ədalətli, sözünü tutan, həmçinin azad insandır. Azad deyəndə, başqasından köməyi az istəyən insanı nəzərdə tuturam. İnsan yaxınlarından tez-tez kömək istəyirsə, deməli özünə belə yetərli deyil. Mən isə köməklik göstərməkdən zövq alıram, nəinki kömək istəməkdən.

- İşləməyən, evdar xanımlar çox vaxt işləyən xanımlara qibtəylə baxırlar. Həmin xanımlara nə məsləhət görərdiniz?

- Mənim anam da evdar xanımdır, lakin mənə heç vaxt qibtə etmir. Çünki iş həyatının çətinliyini görür. Xanım üçün iş həyatı çox məsuliyyətli məsələdir. Xanım işləyirsə, bir çox şeyi gözə almalıdır. Vaxtını düzgün istifadə edə bilən, az vaxt çərçivəsində belə ailəsinə vaxt ayıra bilən qadınlar işinin arxasıyla gedə bilər. Mənə görə, xanım fiziki olaraq zərif, mənəvi olaraq güclüdür. Qadın faktoru ümumiyyətlə mənim üçün çox güclüdür. ABAD-da zövq aldığım tərəflərdən biri də qadınların işlə təmin olunmasıdır. Hazırda 300-dən çox ABAD-çımız fəaliyyət göstərir. Onlardan əl işləriylə məşğul olan 200-dən çox abadçımızın əksəriyyəti bu gün xanımlardır. Xanımların sahibkarlıq sahəsinə, biznes mühitinə qoşulmaq marağı var. Onlar inkişaf etmək istəyirlər. Zamanla cəmiyyətimizin də düşüncəsi dəyişir. Əvvəllər bir çox şeylərə konservativ yanaşma vardı, indi elə deyil. ABAD-ın zövq aldığım digər tərəflərindən biri də xanımlara dəstək olmağımızdır. Xanımlar evdə otura-otura işləyə bilirlər. Cəmiyyətə müxtəlif seqmentdə olan insanlar lazımdır. İstərdik ki, onlar iqtisadi cərəyana qoşulsunlar. Hamı çalışırsa, bu, işsizlik az deməkdir. Hamımız ayrı-ayrılıqda maddi imkanı olmayan insanlara pul verə bilmirik. Ya imkanımız olmur, ya istəmirik, ya da hamını görə bilmirik. Bu gün kiməsə investisiya qoya biliriksə, həmin insan sabah bizim dostumuz ola bilər. Cəmiyyətə necə münasibət göstəririksə, o da bizə qayıdır, bumeranq kimi. Cəmiyyətə, fərdə olan investisiya qazancdır.

- İşləyən xanımların mətbəxlə arası olmur. Sizdə necədir?

- Mətbəxlə aram həm yemək, həm də bişirmək baxımından çox yaxşıdır. Çalışıram ki, hər ikisini eyni səviyyədə idarə də bilim. Lazım olursa, ev işi görürəm, yemək bişirirəm. İstədikdən sonra hamısını çatdırmaq olur. Düzdür, çatdıra bilməyən xanımlar da var. Onları qınamıram, çünki hərdən mənim də başıma gəlir. Çatdıra bilmirəmsə, teleyimlə barışıb, hazır yemək alıram.

- Film, yoxsa serial?

- Film. Seriala baxmıram, çünki nə həvəsim var, nə də ki vaxtım. Çalışıram ki, gündəmdə olan, maraqlı filmləri izləyim. Dedektiv və komediya janrlarını daha çox bəyənirəm, romantik filmləri sevmirəm.

- Bildiyimiz qədərilə, nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT layihəsinin rəhbərisiniz. Bu layihə çərçivəsində hansı işlər görmüsünüz?

- Bu vaxta kimi azdan-çoxdan bir çox sosial layihələrə imza atmışıq. Həmişə dediyim kimi, bu işdə komanda çox önəmlidir. Mənim üçün “mən” deyən bir anlayış yoxdur, “biz” var. Azərbaycan İKT sahəsinin təşviqiylə bağlı yaradılmış xanım digital qrupu var. Bu, “Femmes digitales” klubu adlanır. Bu klub Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən xanımlar tərəfindən təsis olunub. İKT qadın klubu çərçivəsində bölgələrimizdə yaşayan 8 və 9-cu sinif qızlarına İKT təlimlər keçirik. Təlimlər nəticəsində rayonlarımızda texniki fənlərə maraq olduğunu görürük. Maraqlı diskussiyalarımız olur. Bir gün qatıldığım xeyriyyə tədbirinin birində xanımlar arasında nitq və eşitmə məhdudiyyətli xanımlar gördüm. Valideynlərindən onların nəyə maraqlarının olduğunu soruşdum. Onlar şikayət edərək bütün gün telefonla məşğul olduqlarını dedilər. Bu, mənə ideya verdi. Niyə də İKT təlimlərinə onlar da qoşulmasın? Bununla bağlı Gənclər Fondunun yeni açılacaq qrandına müraciət etdim. Layihə qəbul olundu və start verdik. Dostlarım, iş yoldaşımlarımın bu layihənin həyata keçirilməsində mənə köməyi böyük oldu. Burada tərcüməçi (işarət dili) vasitəsilə 20 nəfər nitq və eşitmə məhdudiyyətli qızlara 12 təlim keçirildi. Hər təlim fərqli istiqamətdə təşkil olundu. Çalışdıq ki, təlimlər çox çəkməsin, çünki onlar tez yorulurdular. Məqsədimiz onların İKT sahəsi ilə tanış olması idi. Nəticədə isə onları bu sahədə fəaliyyət göstərən şirkət və qurumlarla əlaqələndirmək idi. Onların hər biri müxtəlif aidiyyəti şirkətlər tərəfindən təcrübəçi olaraq götürüldü. Bu layihə həmin qızlar üçün böyük motivasiya oldu. Onlar ilk dəfə dərsə gələndə çox qapalı idilər, amma sonradan daha pozitiv və kommunikativ oldular. Hətta bəzilərinə iş təklifi də olundu. Gözlədiyimdən daha çox marağa səbəb oldu. Layihənin adı “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimi” idi. Biz sertifakatları onlara təqdim edəndə, sadəcə İKT təlimi iştirakçısı olduqlarını yazdıq. Fiziki məhdudiyyətlərinin olduğunu onlara hiss etdirmək istəmədik. Təəssüf olsun ki, hazırda layihəni davam etdirmək üçün vaxtım yoxdur, lakin gələcəkdə davam etdirməyi düşünürəm.

- Bir az da ABAD ailəsindən danışaq…

- ABAD, əslində çox gəncdir. 2 yaşı var, hətta körpədir. 23 sentyabr 2016-cı tarixində Cənab Prezidentin Fərmanıyla yaradılıb. 2 il olmasına baxmayaraq, bacardığından da çox çalışıb. Gördüyünüz, bəyəndiyiniz işlərin arxasında böyük bir kollektiv dayanıb. Onların ümumi sayı 100-ə yaxındır. Bura regional mərkəzlərimizdəki əməkdaşlarımız da daxildir. Hamı çalışır ki, ABAD-a dəstək olsun. ABAD-ın çalışdığım şöbəsində 9 nəfər işçiyik. Bizim işimiz ABAD-çıların işlərinin tanıtımı, onların məhsullarının brendləşdirilməsi və beynəlxalq müstəviyə çıxarılmasıdır. Məhsulların qablaşdırılması, əmtəə görünüşü bizə məxsusdur. Çox gənc olmalarına baxmayaraq, kifayət qədər peşakar komandamız var.

“ASAN xidmət” bu gün bir çox ölkələrin diqqət mərkəzindədir. Bu, ən çox da BMT-nin dövlət xidmətləri sahəsində 2015-ci ildə aldığı mükafatla əlaqəlidir. BMT-yə üzv olan dövlətlər bu gün “ASAN xidmət”in təcrübəsindən bəhrələnir, bu modeli öz ölkələrində tədbiq etməyə çalışırlar. “ASAN xidmət” modeliylə tanış olmaq istəyən ölkələr bu gün ABAD-la da tanış olurlar. Hətta bir çox ölkə ABAD modelinin tədbiqində maraqlıdırlar.

ABAD-ın pərdə arxasında kollektiv işi dayanır və bu kollektiv öz işini çox sevir. İşdə vaxtın necə keçdiyini bilmirik, hətta bazar günləri də hərdən işə gəlirik. Çox sevindirici haldır ki, hamı işə ürəklə yanaşır. Ümumiyyətlə, işə yanaşma ürəklə olmalıdır. Əgər bir işə ürəklə yanaşılmırsa, o işin effektivliyi olmur. Ona görə, hər kəsə bacardığı işi və güvən hissini vermək lazımdır.

- ABAD-a necə müraciət etmək olar?

- Bunun üçün www.abad.gov.az saytına daxil olub, sağ tərəfdə yerləşən “Abadçı ol” düyməsini klikləyərək müvafiq məlumatı qeydiyatdan keçirmək lazımdır. Məlumat reysterə daxil olub, aidiyyatı komanda tərəfindən yoxlanılır. Təqdim olunan məhsula tələbin olacağı, həmçinin rəqabətə davam gətirəcəyi təsdiqlənərsə, məhsul qəbul olunur. Qoşulduqdan sonra həmin şəxsə məhsula görə vergi ödəməyi üçün VÖEN yaradılır. Dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə fəaliyyət göstərən ABAD-çılar vergidən azaddırlar, lakin qidada isə onlar vergi ödəyicisi sayılırlar. Aylıq məbləğ də maaş xarakterli onların kartına oturur. Bu internet resursundan istifadə edən şəxslər üçündür. İkinci metod isə internet resurslarından istifadə edə bilməyənlər üçündür. Onlar üçün müvafiq komandalar regionlara gedir, həmin şəxsləri seçirlər. Eyni zamanda da bu məqsəd üçün ABAD-ın regional mərkəzləri fəaliyyət göstərir. Hazırda Respublika üzrə 5 regional mərkəzimiz var. Çalışırıq ki, internet resurslarımızdan maksimum şəkildə istifadə edək. Rəsmi saytla yanaşı ictimaiyyətə daha da əlçatan olmaq üçün sosial şəbəkələr olan Feysbuk, İnstaqram, Tvitter səhifələrimiz, Yutub və Telegram kanallarımız bu gün aktiv şəkildə fəaliyyət göstərir.

- Sonda oxucularımıza nə demək istərsiniz?

- Özündə potensial ABAD-çı ruhunu hiss edən hər bir şəxs ABAD sıralarına qoşula bilər. Bunun üçün də “108-4” nömrəmizlə əlaqə saxlayıb, ABAD-la bağlı sual və təkliflərini irəli sürə bilərlər. Eyni zamanda da, istehlakçı olaraq abadçılarımızın məhsullarından əldə edərək kiçik və orta sahibkarlığa dəstək etmiş olarsınız.

Xəyalə Məmmədova / METBUAT.AZ

Fotolar: Müzəffər İsmayılov

“Əsəblərimizi sınağa çəkən mətbuat katibləri olub” - Billurə Əmirovayla MÜSAHİBƏ / Fotolar

“Tərimiz kağıza axmasın deyə alnımıza dəsmal bağlayardıq” - Elnur Kələntərovla MÜSAHİBƏ / FOTOLAR

“Dərs başlayanda qızlarla makiyajımızı tez silirdik” - İradə İbrahimovayla MÜSAHİBƏ / Fotolar

“Amaliya Pənahovanı mənim kimi heç kəs yamsılamır" - Ülviyyə İsmayılovayla MÜSAHİBƏ / Fotolar

“Xəbər portalları bu gün “Copy paste” ilə məşğuldur” - Yadigar Məmmədliylə MÜSAHİBƏ / Fotolar

«Hüquq fakültəsinin “Ən nümunəvi məzun”u seçilmək qismətim imiş» - Firad Əliyevlə MÜSAHİBƏ / Fotolar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI