“Jurnalist sorğusuna diqqətlə yanaşmaq, operativ reaksiya vermək lazımdır” - Qulu Xəlilovla MÜSAHİBƏ / Fotolar

"Metbuat.az-da mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Bu dəfə müsahibimiz Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilovdur.

Metbuat.az Qulu Xəlilovla olan müsahibəni təqdim edir:

- Neçənci ildə, harada dünyaya gəlmisiniz?

- Bakıda doğulmuşam, 42 yaşım var. Adi sovet ailəsində böyümüşəm. Atam zavod direktoru olub, anam mühəndis-kimyaçıdır. Onlar vaxtilə birlikdə işləyiblər, sonra isə ailə həyatı qurublar. Bir bacım var, coğrafiya müəllimidir.

- Orta təhsil illərinizdən danışaq. Hansı məktəbdə oxumusunuz?

- 1983-cü ildə Nizami rayon 18 nömrəli məktəbdə birinci sinfə getmişəm. Təhsilimi yeddinci sinifdən sonra 61 nömrəli tam orta məktəbdə davam etdirmişəm. Məktəbi qızıl medalla bitirmişəm. Həmin illərdə məktəbin “Şən və hazırcavablar” klubunda iştirak etmişəm, komanda kapitanı olmuşam. Ümumiyyətlə, aktiv uşaq olmuşam.

- Hansısa istedadınız var?

- Sözün açığı, xüsusi bir istedadım olmayıb, adi bir uşaq olmuşam, oxumuşam, universitetə daxil olmuşam. Musiqini çox sevirəm, xüsusilə də muğamı. Təəssüf ki, “sluq” yoxdur.

- İdmanla aranız necədir?

- İdmanla indi yox, əvvəllər - məktəb illərindən univiversiteti bitirənə kimi, təxminən 15 il məşğul olmuşam. Boks idman növü üzrə Bakı və Azərbyacan birinciliyində iştirak etmişəm, amma bu barədə heç vaxt danışmamışam. Sonra bel və ayağımdan zədə aldığıma görə idmandan uzaqlaşmaq məcburiyyətində qaldım. Amma səhərlər piyada gəzirəm. Məni tanıyanlar yaxşı bilirlər, hər gün 7-yə qalmış evdən çıxır, iş başlayana kimi 2 saat piyada gəzirəm. Günorta nahar vaxtında, həmçinin işdən çıxanda piyada yeriyirəm.

- Tələbəlik illəriniz necə keçib?

- 1993-cü ildə İqtisadiyyat Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olmuşam, 1997-ci ildə bitirmişəm. İkinci təhsilimi Dövlət İdarəçilik Akademiyasında almışam. ABŞ və Misirdə təcrübədən keçmişəm. Tələbəlik dövrüm çox maraqlı keçib. Bizim qrupda 17 uşaq təhsil alırdı, onlardan cəmi 4-ü oğlan idi. Məktəbi qızıl medalla bitirsəm də, etiraf edim ki, universiteti çox da yaxşı oxumamışam. Bizim qrup çox mehriban idi. Dərsdən sonra tez-tez paytaxtı gəzməyə gedirdik. Buna rəğmən, dərslərimizi də oxuyurduq. Universitet illərində yaranmış bəzi dostluqlarımız bu gün də davam edir. Hətta onların bəziləriylə ailəvi dostuq.

Maraqlı bir məqamı qeyd etmək istəyirəm. Universiteti rus dilində oxuduğumuz üçün Azərbaycan dilində dövlət imtahanı verməli idik. Yadımdadır, Azərbaycan dili müəllimimiz (adını qeyd etməyəcəm) məni həmin imtahan kəsdi, lakin yahudi bir xanım isə keçirdi. Bu, məni qəzəbləndirdi. Müəllimimə yaxınlaşıb, etirazımı bildirdim və cavab verməyimə rəğmən məni imtahandan kəsmə səbəbini soruşdum. Dedi ki, babam Qulu Xəlilov universitet vaxtı onu çox incidib. Halbuki onun dediyi dilçi Qulu Xəlilov mənim babam deyildi. Babam riyaziyyatçı-alim olub, universitetdə dərs dəyib. Nə qədər çalışsam da, müəllimi inandıra bilmədim. Daha sonra yenidən imtahan verdim və keçdim…

- Mətbuata gəlişiniz necə olub? Ümumiyyətlə, hansı işlərdə çalışmısınız?

- Bağçanı, məktəbi, universiteti rus dilində bitirdiyim üçün işə başlayana kimi Azərbaycan dilini bilməmişəm. O vaxt işə düzələndə Komitə Dövlət Əmlak Nazirliyi idi. Orada indiki İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyevlə birlikdə işləyirdik, bir otaqda otururduq. O, Azərbaycan dilini tədricən mənə öyrətdi. İndi iş yerlərimiz ayrılsa da, dostluq münasibətimiz var.

Dövlət işinə qədər mətbuatda fəaliyyətim olub. İlk iş yerim universitet vaxtlarından başlayır. Tələbəlik illərimdə Neft daşlarında tərcüməçi işləmişəm. Universiteti bitirdikdən sonra Emin Eminbəyliylə tanış oldum və onun “7 gün” adlı qəzetində çalışmağa başladım. 1997-1999-cu illərdə burada işləmişəm. Daha sonra yeni açılan “İmplus” qəzetində əvvəl məsul katib, sonra redaktor vəzifələrində çalışmışam. Bir çox tanınmış jurnalistlərlə işləmişəm.

Daha sonra iş şəraitiylə bağlı dövlət işinə keçdim. 2000-ci ilin yanvar ayının 3-dən bu günə kimi əmək idarəçiliyi sahəsində yaradılan dövlət qurumlarında işləyirəm. Burada mətbuatla bağlı müxtəlif vəzifələrdə olmuşam. Son 15 ilə yaxındır İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri vəzifəsində çalışıram.

- Mətbuat katiblərinin boş vaxtı olmur deyirlər. Sizdə də elədir?

- Tamamilə doğrudur. Çünki 19:00-20:00-a kimi işdə oluruq. Evə gələndən sonra da median izləyirik. Qurumla bağlı mediada yayımlanan xəbəri rəhbərliyə ilk olaraq mətbuat katibi çatdırmalıdır. Təbii, bəzən istisnalar da olur. Tədbirdə ola bilirik, məişət problemləri yarana bilir. Bütün hallarda, mətbuatı izləmək lazımdır. Ondan geri qaldısa, deməli mətbuat katibi deyilsən.

- Adətən mətbuat sahəsi yeniliyi sevir. Jurnalistlər bir işdə uzun müddət qalmırlar. 19 ildir eyni binada, eyni dövlət qurumunda çalışırsınız. Bunun səbəbi nədir?

- İlk dövrlər çalışmaq çətin idi, amma sonradan bu sahəyə vuruldum. Düzdür, bu sahəyə adi bir işlə başlamışam. Məsləhətçi, aparıcı məsləhətçi, şöbə müdiri vəzifələrində olmuşam. Özümü başqa işdə təsəvvür edə bilirəm, işim mənə çox maraqlı gəlir. Bizim şöbədə ictimaiyyətlə əlaqələrdən yanaşı, protokollarla da məşğul oluruq. İşlər o qədər maraqlıdır ki, insan bəzən düşünür ki, elə bu işlər üçün doğulub. Ümumiyyətlə, mətbuat katibi vəzifəsi onu icra edənlərə sanki damğa kimi vurulur. Həmin şəxs hansı vəzifədə çalışmasından asılı olmayaraq, yaddaşlarda elə qalır. Bəlkə də üz-üzə öyrəşir deyə elədir.

- 10 il əvvəlki mətbuat xidmətiylə indiki mətbuat xidməti vəzifələrinin arasındakı fərqlər nələrdir?

- 10 il əvvələ nəzər salsaq, o vaxt indiki qədər informasiya bolluğu yox idi, nazirliklər mediaya bu qədər açıq deyildi. Hansısa bir nazirlik əməkdaşı mediaya açıqlama verə bilərdi, indi hər şey mətbuat katiblərinin üzərində cəmləşib. O vaxt bu qədər KİV fəaliyyət göstərmirdi, günlərlə sorğu gəlmirdi, indi telefonlar dayanmır. 10-15 il öncə qəzetlər çıxırdı, internet resursları demək olar ki yox idi, televiziyaların sayı da az idi. Mətbuat katibinin işi indi daha gərgindir, nəinki 10-15 il öncə.

- Mətbuata qapalı mətbuat katiblərinə münasibətiniz necədir?

- Bir neçə səbəbi ola bilər. Birincisi, qurum özü mediaya qapalı ola bilər. İkincisi, qurumun tələbləri mediaya açıq olmaya bilər. Heç bir mətbuat katibinin xətrinə dəymək istəmirəm, amma ola bilər ki, mətbuat katibinin özü tənbəl, qapalı biri olsun. Ümumiyyətlə, mətbuat katibi ünsiyyətcil, gülərüz olmalıdır, ünsiyyətə daha tez getməlidir, amma hara qədər getməyi də bilməlidir. Bizim işimiz bir növ belə olmalıdır – hər şeydən danışmalısan, amma heç nə deməməlisən. Təbii ki, jurnalistin sualına cavab vermək hər bir mətbuat katibinin borcudur. İndiki sürətli texnologiya zamanında bütün jurnalistlər uzun-uzadı yazı-pozu işlərinə gedən deyillər. Onlar daha dəqiq, qısa və sensassiya yaradan informasiya istəyirlər. Ona görə də mətbuat katibi hər an öz qurumunun fəaliyyətində yenilik axtarmalıdır. Mətbuat katibinin ən öndə duran vəzifəsi ondan ibarətdir ki, qurumun bütün işlərini incəliyinə kimi bilsin. Mətbuat katibliyi heç də asan vəzifə deyil. Cərrahlar kimi, bizim işimizdə səhv olanda dərhal bilinir. Bütün media qurumlarında həmin xəbər yayımlanır. Onun geriyə yolu olmur. Mətbuat katibi maksimum dərəcədə öz informasiyasına təkzib verməməyə çalışmalı, eyni zamanda jurnalistlə dost olmalıdır. El dilində desəm, jurnalistin xətrini çox istəmək, nazıyla oynamaq lazımdır. Lakin onlardan xahişim budur ki, bir məlumatı yazanda, mütləq araşdırsınlar.

- 1990-cı illərin çətin dövrlərini necə xatırlayırsınız?

- Uşaqlıq dövrlərimə təsadüf edir. Həmin illər Azərbaycanda iqtisadi durum çətin idi, bütün müəsisələr fəaliyyətini dayandıdığı üçün atam da işləmirdi. Lakin işçilərinə məvacib verməyə çalışırdı. Deyirdi ki, müəsisəni saxlamaq istəyirsənsə, birinci oradakı işçini qorumalısan, daha sonra rəhbərliyi düşünməlisən, yoxsa işçi qaçar. Nəticə etibarıyla, rəhbərlik işçidən asılıdır. Ona görə də, onu daim razı salmalıdır.

20 Yanvar faciəsini xatırlayıram. Onda məktəbdə oxuyurdum, anamla birlikdə şəhidləri dəfn etməyə getmişdik. Metronun “Neftçilər” stansiyasının yaxınlığında qalırdıq. Tankların görüntüsü hələ də gözümün önündədir. Rus əsgərlərinin bir hissəsini məktəbimizdə yerləşdirmişdilər. Onlar bizim idman zalımızda qalırdılar. Dərsarası yeməli nəsə alıb, onlara verirdik.

- 1990-cı illərin Bakısıyla indiki Bakı arasında fərqlər sizcə nələrdir?

- Münasibət ikitərəflidir. Haradasa təəssüflənirəm, amma inkişafın qabağını almaq olmaz. Hər zamanın öz tələbi var. Özüm də bakılıyam. Təəssüflənsəm də, hazırki Bakı inkişaf etmiş Bakıdır, onun gözəlliyi də zamana uyğundur. İndiki Bakıda gedən tikintilər bizə lazım olan gözəllikdir. Əks halda Bakı bu qədər inkişaf etməzdi, bu qədər turist cəlb etməzdi. Bakı artıq meqapolisdir. İstənilən halda, ölkə inkişaf edirsə, onun paytaxtı da inkişaf etməlidir, bunun qarşısını ala bilmərik. Lakin Bakı inkişaf etdikcə tarixiliyini də qorumalıdır. Anam bakılı olduğu üçün uşaqlığım Bakı kəndlərində keçib. Ona görə, burayla bağlı çox gözəl xatirələrim var.

- İndi də keçək komitənin fəaliyyətinə…

- Əmlak Məsələləri üzrə Dövlət Komitəsi əvvəllər Əmlak Nazirliyi olub. Sonra müxtəlif dövrlərdə adı dəyişilib. Əvvəllər nazirlik dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, investisiyaların cəlb olunmasıyla məşğul olub. 2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, 2015-ci ildə isə Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilib. Hazırda Komitə bir sıra sahələrdə fəaliyyət göstərir. Bura dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi, dövlət reyestr sahəsində xidmətlərin göstərilməsi, daşınmaz əmlakın qeydiyyatı, texniki sənədlərin hazırlanması, ilkin, təkrar qeydiyyatı, torpaqların istifadəsinə nəzarət, təyinatlarının dəyişdirilməsiylə bağlı müəyyən tədbirlərin görülməsi, torpaqların keyfiyyət dərəcəsinin öyrənilməsi, uçotunun aparılması, ünvan reyestriylə bağlı məsələlər və s. Hazırda Komitənin çoxşaxəli fəaliyyəti var, biz də həmin fəaliyyəti uğurla həyata keçiririk.

- Vətəndaşlar Komitəyə daha çox hansı sahəylə bağlı müraciət edirlər?

- Komitə olaraq işimiz həm də vətəndaşların müaricətlərini qəbul etməkdir. Vətəndaşların ən çox müraciət etdikləri sahə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və çıxarışların verilməsiylə bağlıdır. Ondan sonrakı pilləni özəlləşmə sahəsi tutur. Özəlləşməylə bağlı daha çox iş adamları və investorlar müraciət edirlər.

- Çıxarış almaq istəyən vətəndaşlar Komitəyə necə müraciət edə bilərlər?

- Çıxarış almaq kifayət qədər sadədir. Bəzi vətəndaşlar çıxarış ala bilmədikləri üçün bizdən inciyirlər. Vətəndaşın sənədləri qanunun tələblərinə cavab verirsə, ona çıxarış almaqda heç nə mane ola bilməz. Çıxarışların verilməsiylə bağlı son illər sosial kompaniyalarımız olur, evlərdə, həyətlərdə çıxarışları təqdim edirik. Bilirsiniz ki, vətəndaşlara daha müasir xidmət göstərmək üçün bu il Əmlak Xidmətlər Məkanı istifadəyə verildi. Çıxarışların əldə edilməsi, özəlləşdirməylə bağlı vətəndaşlarımız Əmlak Xidmətlər Məkanına müraciət edə bilərlər. Vətəndaşın əmlakıyla bağlı ilkin hüquqverici sənədi varsa, dərhal çıxarış ala bilirlər. Heç bir vətəndaşa imtina vermirik. Lakin bəzi hallarda vətəndaşın sənədlərində problem yaşanarsa, ona çıxarış verə bilmirik. Biz, əmlakı tanıyıb, çıxarış verən son qurumuq. Buna görə, bəzi hallarda vətəndaşlar bizdən inciyə bilərlər, amma təbii ki, bu, doğru deyil. Vətəndaşın ilkin hüquqverici sənədində problem varsa, birinci onu duzəltdirməli, daha sonra bizə müraciət etməlidir. Qeyri-qanuni sənədlər üzərində sənədləşmələr apara bilmərik. Vətəndaşlara xahişimiz ondan ibarətdir ki, ilkin sənədlərini qaydaya qoyduqdan sonra bizə müraciət etsinlər. Sənədlər qaydasında deyilsə, Komitənin ərazilər üzrə hüquqi-yardım xidmətləri var. Bu xidmətlər tam təmənnasızdır. İstənilən vətəndaşlar ora müraciət edə, hüquqi-yardım ala bilər.

- Çıxarışı olmayan mənzillər bu gün digərlərinə nisbətdə ucuz qiymətə satılır. Vətəndaşlar ucuz olduğu üçün həmin mənzilləri almağa üstünlük verirlər. Onlara nə məsləhət görərdiniz?

- İstənilən əmlakın çıxarışı olmalıdır. Bu halda, gələcəkdə həmin əmlak üzərində hansısa iqtisadi, hüquqi əməliyyat apara, girov qoya, yaxud sata bilirsiniz. Çıxarış olmadan bunların heç birini etmək mümkün deyil. Ona görə də, dövlət tərəfindən qeydiyyata alınmış əmlaklar daha dəyərli olur. Çıxarışı olmayan evlərlə bağlı iki məqam olur. Bəzən vətəndaş tənbəllik edir, lazım olmur deyə çıxarış almaq istəmir. Bəzən də sənədlər qaydasında olmur. Vətəndaş kənd təsərrüfatı təyinatlı torpaqda tikinti işləri aparır, sonra da oradakı əmlaka çıxarış almaq istəyir. Bu, qeyri-qanunidir. Əmlak almaq istəyən şəxslər həmin əmlakın qanuni olub, olmadığını müəyyənləşdirmək üçün bizim hüquqi ekspertlərə yaxınlaşıb, sənədlər haqqında ətraflı məlumat ala bilərlər.

- Yaşayış binalarının mansard hissələrinə çox vaxt çıxarış verilmir. Səbəbi nədir və hansı halda çıxarış almaq mümkün olur?

- Bina inşa olunan zaman layihədə mansardda yaşayış nəzərdə tutulursa, bu zaman onlara çıxarış veririk. Lakin sonradan əlavə olunursa, buradakı mənzillərə çıxarış verilmir. Bəzən layihədə 12 mərtəbəli bina nəzərdə tutulur, lakin 13-cü mərtəbədəki mansard da mənzil kimi satılır. Komitə qeyri-qanuni sənədə görə çıxarış verə bilməz.

- Komitə bu il hansı yenilikləri planlaşdırır?

- Əmlak Məsələləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq çalışır ki, vətəndaşlara göstərilən xidmətlərdə onların yanında olsun, zamanın nəbzinə uyğun innovativ layihələr tədbiq etsin. Hər il qarşıda duran prioriteti elan edirik. 2019-cu il üçünsə qarşıdakı prioritetlərdən biri dövlət əmlakını qorumaqdır. Təbii ki, bu, hamımızın borcudur. Hər birimiz dövlər əmlakını qorumalı, onun səmərəli istifadəsiylə məşğul olmalıyıq. Dövlətin əmlakını dağıtmaq, tələf etmək olmaz.

Bizim digər fəaliyyətimiz dövlət mülkünün özəlləşdirilməsidir. Bu səbəblə, digər prioritet istiqamətimiz özəlləşdirilmədə yeni yanaşmalar, şəffaflıq, iqtisadi səmərə olmalıdır. Təbii ki, hazırda iri dövlət müəssisələri, eyni zamanda kiçik müəssisələr özəlləşdirilir. Burada başlıca məqsəd investora lazımı şəraitin yaradılmasıdır. Burada kifayət qədər elektron xidmətlər təklif etmişik. Ən böyük yeniliklərdən biri də məsafəsiz özəlləşmə prinsipidir. Artıq vətəndaş olduğu yerdə, hərrac məkanına gəlmədən dövlət əmlakını saniyələr ərzində özəlləşdirə bilir. Burada iqtisadi səmərə ondan ibarətdir ki, gələcəkdə dövlət əmlakı özəlləşdirildikdən sonra işlər biznesə çevrilsin, iş yerləri açılsın, təsərrüfatlar meydana gəlsin, məhsullar istehsal olunsun, xidmətlər göstərilsin və yeniliklər tədbiq olunsun.

Digər bir prioritet isə Əmlak Xidmətləri Məkanıyla bağlıdır. Bildiyiniz kimi bu il Əmlak Xidmətləri Məkanını açdıq. Bu xidmət məkanı Komitənin göstərdiyi xidmətləri beynəlxalq standartlar səviyyəsində insanlara göstərir. Hazırda bu xidmət yalnız Bakı üçün nəzərdə tutulub. Məqsədimiz gələcəkdə rayonlarımız da həmin xidmət mərkəzlərini açmaqdır.

Bilirsiniz ki, əmlakın qeydiyyatı məsələsiylə bağlı vətəndaşla daha çox biz ünsiyyətdə oluruq. Ona görə də, növbəti hədəfimiz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərdə vətəndaş məmnunluğunu maksimum şəkildə təmin etməkdir. Bu səbəblə, elektron çıxarışa keçid olunmalıdır. Ötən ildən bildiyiniz kimi, çıxarışı kağız üzərindən yox, elektron qaydada da əldə etmək mümkündür. Bunun üçün elektron hökumət portalında vətəndaşın şəxsi kabineti yaradılır, ora elektron çıxarış yerləşdirilir. Harasa müraciət etdikdə, çıxarışı kağız üzərində aparmağa ehtiyac qalmır. Onun yararsız hala düşməsi, itirilməsi və saxtalaşdırılması kimi hallar yaranmır. O çıxarış sizin telefonunuzda, şəxsi kabinetinizdə olur.

2016-2017-ci ildən başlayaraq, Azərbaycanda əmlak və torpaq idarəçiliyi sahəsində iri layihələrdən biri həyata keçirilir. Bu, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanmasıdır. Bu uçot sistemi torpaqların coğrafi mövqeyi, yerləşməsi, sərhədləri, sahələri, kəmiyyət və keyfiyyət göstəriciləri, həndəsi ölçüləri, onların iqtisadi qiymətləndirilməsi, münbitliyi kimi məlumatları özündə ehtiva edən informasiya sistemidir. Bu uçot sistemi nəticəsində hər bir bələdiyyə, özəl mülkiyyətçi və dövlət qurumları artıq onların istifadəsini və onlara məxsus olan torpaqlar barədə müfəssəl məlumatlara malik olurlar. Azərbaycam artıq 30 rayonda bu işlər yükunlaşıb. 24 rayonda bu baza praktiki istifadəyə verilib. Ötən ildən etibarən, artıq vətəndaşlarımız da uçot işinin nəticələrindən yararlanmağa başlayıblar. Ötən il ilk pilot layihə olaraq Salyan rayonunun Xələc kəndində torpaq mülkiyyətçisinə bildirişlər payıladıq. Onlar torpaqlarının sahəsini bildilər. Artıq kiminsə torpağının zəbt edilməsi halları aradan qaldırılıb. Hər bir kəndli öz torpağının sərhəddini bilir.

Digər tərəfdən bilirsiniz ki, komitənin növbəti funksiylarından biri də torpaqlardan istifadəyə nəzarətdir. Digər saələrdə olduğu kimi, burada da müasir kommunikasiya texnoogiyaları imkanlarından geniş istifadə edirik.

Xəyalə Məmmədova

Fotolar: Müzəffər İsmayılov

“Real müharibə vəziyyətində yaşamayan o ağır dövrləri hiss edə bilməz” - Elgün Səfərovla MÜSAHİBƏ / Fotolar

“Cəmiyyətə, fərdə olan investisiya qazancdır” - Turanə Qasımovayla MÜSAHİBƏ / Fotolar

“Əsəblərimizi sınağa çəkən mətbuat katibləri olub” - Billurə Əmirovayla MÜSAHİBƏ / Fotolar

“Tərimiz kağıza axmasın deyə alnımıza dəsmal bağlayardıq” - Elnur Kələntərovla MÜSAHİBƏ / FOTOLAR

“Dərs başlayanda qızlarla makiyajımızı tez silirdik” - İradə İbrahimovayla MÜSAHİBƏ / Fotolar

“Amaliya Pənahovanı mənim kimi heç kəs yamsılamır" - Ülviyyə İsmayılovayla MÜSAHİBƏ / Fotolar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı