METBUAT.AZ

Müsahibə

​“Əsəblərimizi sınağa çəkən mətbuat katibləri olub”

16 yan 2019 15:18

"Metbuat.az-da Mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Bu dəfə müsahibimiz Araz, Spar və Favorit marketlər şəbəkəsinin PR mütəxəssisi Billurə Əmirovadır.

Metbuat.az Billurə Əmirovayla olan müsahibəni təqdim edir:

- Billurə xanımı oxucularımızla birlikdə yaxından tanımaq istərdik...

- 1979-cu il, sentyabrın 30-da Azərbaycanın dilbər guşələrindən biri olan Qax rayonunun Zəyəm kəndində dünyaya gəmişəm, kənd qızıyam. Orta təhsilimi kəndimizdəki məktəbdə bitirmişəm. Sadə, Sovet mühitinə xas, ziyalı ailəsində böyümüşəm. Çox qəribə uşaqlıq dövrüm olub. SSRİ dağılanda 5-ci sinifdə oxuyurdum. Ard-arda baş verən 20 Yanvar, Xocalı faciəsi həyatımıza çox təsir edirdi. Allı-güllü uşaqlıq dövrü yaşamamışıq. Ona görə, bizim dövrün uşaqlarına müharibə uşaqları deyilir. Ailəmizin maddi vəziyyəti yaxşı olub, yəni heç nəyə ehtiyacımız olmayıb, bəlkə də valideynlərimiz bizə ehtiyac içərisində olduqları zamanları hiss etdirməyiblər. Mənə elə gəlir ki, normal şərtlərdə yaşamışıq. Sadəcə tərbiyədən irəli gələrək yoxluğu hiss etməmişik.

1990-ci illərin keçid dönəmlərində çörək, qənd növbələrini xatırlayıram. Uşaq olmağıma baxmayaraq, baş verən hadisələri hər gün izləyir, onu ayırdığım dəftərdə qeyd edirdim. Ondan çox gözəl ssenari yazmaq olardı. 1990-1995-ci illərdə baş verən bütün hadisələri tarixiylə birlikdə həmin dəftərdə əks olunmuşdu. Milli Məclisin iclasları, kəndimizdəki 20 Yanvar həyəcanı... Qonşularımız radioda baş verənləri dinləmək üçün bizə yığışırdılar. Radioda Bəxtiyar Vahabzadənin səsi hələ də qulağımdadır. Amma təəssüf olsun ki, həmin qeyd dəftərini itirdim. Uşaq gözüylə Azərbaycanın həmin tarixi mühitini görmək fərqli idi, ən asası da arxiv. Gələcəkdə bu məlumatların lazım ola biləciyini düşünürdüm. Təəssüf...

İki bacım və br qardaşım var. Böyük bacım Türkiyədə yaşayır, digər bacım və mən Bakıda, qardaşım isə valideynlərimlə birlikdə Qaxda yaşayır. Anam vaxtilə tibb bacısı işləyib, atamsa uzun illər müəllim peşəsinə şərəflə xidmət edib. Hazırda ikisi də təqaüddədirlər.

- Qax deyəndə yaddaşınızda nələr canlanır?

- Saflıq, səmimiyyət, təmizlik, yaşıllıq, gözəllik, füsunkar təbiət. Əvvəllər bunun fərqində deyildim. Doğulduğum yerə valeh olmamışam, həmişə oradan çıxmaq istəmişəm. Bəlkə də, hər uşaq doğulduğu yerə qarşı bu cür yanaşır. Amma indi deyirəm ki, kaş orada müəyyən vəsait qazanıb, yaşaya biləydim. Şəhərdəki temp, stress həyatımızı, sağlamlığımızı əlimizdən alır. Hər dəfə rayona gedəndə nələri itirdiyimin fərqində oluram. Oradakı insanların səmiyyəti, saflığı şəhərdə yoxdur. Kəndlə şəhəri burada müqayisə etmək fikrim yoxdur. Amma kənddəki saflığı meqapolisdə tapmaq mümkünsüzdür. Kənddə böyümüş insan şəhərdə yaşayan zaman bunun fərqinə varır və yarıboş qalır.

- Məktəb illərinizlə bağlı xatirələrinizdən danışa bilərsiniz?

- Qax rayonunun Əmran Cabbarov adına Zəyəm kənd orta məktəbini bitirmişəm. Bizim məktəbimiz rayonun təhsil keyfiyyətinə görə öncül məktəbləri sırasında idi. Qax rayonu savadlı, təhsilli insanlarıyla tanınan bölgədir. Bu bölgənin insanı təhsilə, oxumağa maraqlıdır. Bizim rayonda övladı təhsil almayan ailələrə birtəhər baxırlar, elə ailələrə qarşı ictimai qınaq var. Ziyalı ailəsində böyüdüyüm üçün gecə-gündüz oxuyurduq. Atam çox gözəl , müdrik və ziyalı insandır. Fikirləşirəm ki, o, Bakıda yaşasaydı, ən azından hansısa universitetin rektoru olardı. Onun savadı, məntiqi, mənəviyyatı, əxlaqı, yüksək pedaqoji bilikləri buna imkan verərdi. Hər zaman buna təəssüflənmişəm. Kənd və ya rayon mühiti insanın karyerasında geniş yolların açılmasına şərait yaratmır. O zamanlar valideynlərimin Bakıya köçməsini çox istəyirdim. Amma torpağa sadiq insanlardı. Heç cür bunu qəbul etmədilər. Biz də o mühitin və tərbiyənin içində böyümüşük. Həm kəndin verdiyi saflıq, həm ailədən gələn ziyalılıq... Müəllim sözünün məsuliyyəti və vicdan yükü var. Yəni, müəllim yalan danışmaz, haram yeməz, kənardan pul qazana bilməz. Oxumalı idik, başqa yolumuz yox idi. Həqiqətən də, yaxşı oxumuşuq. O zamanlar bizim məktəbdə pis oxuyanlar az idi. Ali məktəbə qəbul olunanların sayı çox olardı.

Ümumiyyətlə, keçmişlə yaşayan insan deyiləm. Keçmişdə baş verən hadisələr anında beynimdən silinir. Çox qəribədir, amma bunu bilərəkdən etmirəm. Məsələn, 11 illik məktəb dövrümlə bağlı yaddaşımda xatirə çox azdır. Bunu daha çox sabahı yaşamaq istəyimlə əlaqələndirirəm. Uşaq yaşlarımdan belə olub. Tez məktəbi bitirsəydim, tez universiteti bitirsəydim, tez işə qəbul olsaydım, amma heç vaxt tez ərə getmək fikrim olmayıb (gülür). Ona görə, məktəb xatirələri deyəndə nəyisə xatırlamıram. Atam dərs hissə müdiri olsa da, dərsdən bütün qaçma əməliyyatlarını mən təşkil edir, sonra evdə, məktəbdə bunun cəzasını görürdüm. Buna baxmayaraq, əlaçı idim, olimpiadalarda yer tuturdum, müəllimlərimin mənə xüsusi sevgisi vardı. Bizim Bəsti adlı çox savadlı, akademik biliklərə malik dil-ədəbiyyat müəlliməmiz vardı. Güclü riyaziyyat, fizika müəllimlərimiz vardı. Kənd məktəbini bitirən uşaqlar rus dilini çox gözəl danışa bilirdi. Təkcə atam yox, digər rus dili müəllimlərimiz də çox savadlı idilər.

- Hansı universitetin məzunusunuz?

- Məktəb vaxtı ya diplomat,ya da siyasətçi olmaq istəyirdim. Bəlkə də, bu, uşaqlıq dövründə baş verən hadisələrlə bağlı idi. Özümü dərk edəndən sonra anladım ki, özümü xəbər jurnalisti kimi görmək istəyirəm. Ünsiyyətə açıq sahələri həmişə sevmişəm. İnsanlarla söhbət etmək mənə zövq verib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin Teatr tənqidçiliyi ixtsasını qazandım. Bu fakültəni yazanda evdə heç kimə deməmişdim. Onlar tarix, ya da filologiyaya düşəcəyimi fikirləşirdilər. Bilmirəm səhv etdim, yoxsa düz, amma çox gözəl ixtisas oxudum. Teatrşünaslıq insanın zehninə təsir edən eqzotik bir ixtisasdır. Oranı bitirdiyimə görə heç də peşman deyiləm. Çox da gözəl müəllimlərim olub. Magistratura təhsilimi də həmin ixtisas üzrə qırmızı diplomla bitimişəm. Amma daha sonra böyük bir televiziya yolu keçdim və jurnalistikanın sirrlərinə yiyələndim.


- Hansı işlərdə çalışmısınız?

- Müəllimlərim universiteti bitirəndən sonra ali məktəbdə qalıb, dərs deməyimi istəyirdilər. Amma dərs demək mənə sıxıcı gəlirdi. Fikirləşirdim ki, 50 yaşdan sonra dərs deyə bilərəm. Lakin televiziya həmişə məni cəlb edib. Magistraturada oxuduğum illərdə “Bizim əsr” qəzetiylə əməkdaşlıq elədim. Lider TV açılandan sonra ora dəvət etdilər. Telekanalda “Teatral” verilişiylə başladım. Orada Vaqif Əlixanlı, Fuad Vəlixanov, Rafiq Səməndər kimi insanlardan çox şey öyrəndim. Demək olar ki, televiziyanın əlifbasını Lider TV-də mənimsədim. Burada 3 il həm müəllif, həm də aparıcı kimi çalışdım. Liderdə çalışa-çalışa ANS-ə getmək, orada Mirşahin Ağayev məktəbini keçməyi düşünürdüm.

2004-cü ildə ANS televiziyasında işə başladım. Ora getməyim heç də asan olmadı. Bu günə qədər həyatımda yaşadığım bütün işlərimə öz gücümlə nail olmuşam. Kiminsə tapşırığı, tövsiyyəsi avantajını heç vaxt yaşamamışam. Mirşahin müəllimlə görüşmək üçün 6 ay ANS-ə getdim, sonda görüşdük, bəyəndi və dəvət etdi. ANS-də kariyeram çox uğurlu alındı. ANS çox böyük məktəb idi. Düzdür, hazırda ANS yoxdur, amma bunu etiraf etməliyik ki, ANS müasir Azərbaycan televiziya jurnalistikası üçün çox böyük məktəb olub. ANS məktəbini görmüş jurnalistlər sözün yaxşı mənasında fərqlənirlər.

ANS-dən sonra 2007-ci ildə Xəzər TV-yə getdim. Xəzərin yaranmasında əməyi olan insanlardan biriyəm desəm, məncə səhv etmiş olmaram. Televiziya çox böyük sevinc, həyəcanla yayıma girdi. 9 il orada çalışdım. Xəzər TV kariyeramda çox gözəl dövr idi, amma daha sonralaroradan ayrılmalı oldum.

Xəzər TV-dən sonra ARB Şəki kanalında baş direktorun müavini vəzifəsində çalışdım. İşini bilən, peşəkar televiziyaçı Rəşad Məmmədovun müavini idim. O da çox fərqli səhifə idi. İşimə görə qızımla birlikdə Şəkiyə köçdük. Ailəmiz üçün bir az çətin dövr oldu. Çünki oğlum atasıyla birlikdə Bakıda qalırdı, mən də qızımla bərabər Şəkidə. Bu prosesə cəmi bir il tab gətirə bildim.

Sonra Gün.az televiziyasında bir müddət layihə rəhbəri kimi çalışdım, daha sonra bir müddət Həyat Fonduyla əməkdaşlıq etdim. Nəticə etibarilə, hazırda buradayam. Araz, Spar və Favorit supermarketlər şəbəsinin PR meneceriyəm.

- Ailənizdən danışaq bir az da...

- 2007-ci il avqustun 18-də ailə həyatı qurdum. 2 övladım var, oğlumun adı Hüseyn, qızımın adı Naləndir.

- İşləyən xanım üçün ev və iş birlikdə çətin olmur?

- Karyeramın ən pik nöqtəsində belə ailəmi seçən insanam. Ailə mənim üçün dəyərdir. Düzdür, karyera əlavə avantaj, prestijdir, o, sənin ictimai nüfuzun və gəlir mənbəyindir. Ailə isə mənim ruhum, iç dünyam, emosional sferamdır. Ev mənim ən rahat olduğum məkandır. İçlə çölü müqayisə edəndə, içim mənim üçün həmişə birinci pillədədir. Ailə də o ruhun, iç dünyanın maddi varlığıdır. Heç bir məvacib, heç bir uğurlu karyera mənim üçün ailəni əvəz edə bilməz.

- Jurnalist fəaliyyətiniz dövründə mətbuat katibləriylə münasibətləriniz necə olub?

- “İç xəbərdə” çalışan dövrdə mətbuat katiblərini bezdirirdim. Sıx əməkdaşlıq etdiyimiz mətbuat katibləri də vardı. Xüsusi olaraq, Tanrıverdi Mustrafayevin adın çəkə bilərəm. O, həmin vaxt Bakı Elektrik Şəbəkəsinin mətbuat katibiydi, indi isə Azərişıq ASC-nin. Tanrıverdi müəllim mediaya çox açıq insandır. Günün hansı saatında zəng etsən, telefona cavab verir. O, mənim üçün nümunəvi idi. Daha sonra o vaxt “Azəriqaz”-da Kamandar Eyvazov vardı. O da mediaya açıq idi. Həmçinin, nazirliklərdən də zənglərimizi operativ cavablandıranlar vardı. Lakin ümumiyyətlə telefona cavab verməyənlər də olurdu. Buna görə onları çox qınayırdıq. Ad çəkmək istəməzdim, çünki tam xatırlaya bilmirəm, nədəsə yanlışlığa yol verə bilərəm. Əsəblərimizi sınağa çəkən mətbuat katibləri var idi.

- İşləyən xanımların mətbəxlə arası olmur. Sizdə vəziyyət necədir?

- Bu, mənim həyatımın disbalans tərəfidir. Həyat yoldaşım qurmandır. Ləziz təamlardan dadmağı da, hazırlamağı da sevir. Mən isə yemək yemə prosesini elə də sevmirəm, mənimlə bir masada əyləşənlərin iştahasını yalnız küsdürə bilərəm. Buna baxmayaraq, bişirdiyim yeməyin bəyənilməsi mənə xüsusi zövq verir. Düzdür, həmişə tərifləmirlər (gülür). Mətbəxdə olmaq mənə görə stress atmaqdır. Hər gün desəm yalan olar, amma həftə sonları ailəm üçün dadlı təamlar hazırlamağa çalışıram.Deyilənlərə görə əlimin duzu var. Övladlarım mənim hazırladığım tortlardan başqa tort yemirlər. Bu, məni çox sevindirir.

- Bu qaçaqaçda özünüzə vaxt ayıra bilirsiniz?

- Özümə vaxt ayırmaq mənim üçün həyat tərzidir. Baxımlı olmağı sevirəm. Hanısa bir xanım gözəl olmaya bilər, amma hər bir xanımın mütləq bir cazibəsi olur. O cazibəni tapmaq lazımdır. Məndə bir az da brend xəstəliyi var. Üz baxımı, makiyaj vasitələrinin keyfiyyəti, aksesuarlar mənim üçün çox önəmlidir.

- Film, yoxsa serial?

- Yaxşı seriallar var. “Black Mirror” serialı onlardan biridir. Kaş seriallara baxmağa vaxtım olaydı. Vaxtım olsa, məmnuniyyətlə baxardım. Seriala baxan xanımları heç vaxt aşağılamıram. Bu insan evdar xanımdırsa, niyə də baxmasın? Lakin böyük ekranda fim izləmək mənə böyük zövq verir. Uşaqlara görəçox vaxt ailəlikcə animasiya filmlərinə baxmağa gedirik. Bu, bizim həftəsonları sevimli məşğuliyyətimizə çevrilib. Amma həyat yoldaşımla ikimiz birlikdə çoxdandır filmə getmirik. Müsahibəni oxudusa, ümid edirəm ki, nəzərə alar. (gülür).

- Sosial şəbəkədə aktivsiniz?

- Sosial şəbəkədə aktivəm, amma gündəlik olaraq statuslar paylaşmıram. Çünki vaxtım yoxdur. Sosial şəbəkələr çox gözəl patformadır. O, xəbər oxumağı sadələşdirib. İnformasiyanı bir mənbədən almaq üçün sosial şəbəkə çox əlverişlidir. Lakin məni narahat edən insanın hisslərini sosial şəbəkədən bəyan etməsidir. Səhər oyanan zaman kiminsə yazdığı pessimist status mənə təsir edir. Onu qəbul edə bilmirəm. İnsanlar sosial şəbəkələrdə bir-birindən acıq çıxır, söz atır, naz edir, bəy tərifi, gəlingördü… Bura ümumi bir şəbəkə olduğuna görə, ciddi məsələ müzakirə eləmək lazımdır. Amma əksinə, insanlar burada hisslərini ifadə edirlər, burada sevirlər və boşanırlar.

- Araz, Spar və Favorit mareketlər şəbəkəsinin PR menecerisiniz. Hazırda işləriniz necə gedir?

- Bura karyera həyatımda böyük dönüş yaratdı. Televiziya yaradıcı, rahat hansısa məhdudiyyəti olmayan mühitdir. Bura isə FMCG, biznes təşkilatıdır. Əvvəllki sərbəstlik yoxdur. Saat 9:00-dan 18:00-a qədər işdə olmalısan. Günün planlamasını edib, ona uyğun işlərini qurmalısan. İlk başlarda çətinlik yaşadım. Saç düzümü, makiyaj, geyim, hətta səs tonuma kimi fikir verməliydim. PR işində çalışırsansa, bu işə birinci özündən başlamlısan. Şirkəti təmsil edən adam birinci özünü normal təmsil eləməyi bacarmalıdır, daha sonra şirkəti. Zamanla insan dərinliyinə vardıqca, nə qədər maraqlı, dinamik, fərqli olduğunu görür. Burada bütün günü ünsiyyətdəsən. Ruhuma, xarakterimə yaxın işdir. Özümü xoşbəxst hiss edirəm, amma şirkətin nə qədər məmnun olduğunu zaman göstərəcək (gülür).

- Bir az da supermarketlər şəbəkəsinin fəaliyyətindən danışaq...

- Biz bu gün ölkədə sayılıb- seçilən, iri supermarketlər şəbəkəsiyik. Bizim üçün müştəri məmnuniyyətihər şeydən önəmlidir. Bunu qazanmaq üçün şərtlər var. İlk növbədə yerləşdiyin məkanın əlverişliyi, xidmət, qiymət, keyfiyyət və.s. kimiamillər müştəri məmnuniyyətinə səbəb olur. Biz insanlara xidmət göstəririk və işimizi yüksək səviyyədə icra etməyə çalışırıq. Müştəridən hər hansısa şikayət daxil olarsa, dərhal reaksiya göstərilir, operativ şəkildə araşdırılır, həll olunur. Müştərinin hansı əhvalda mağazaya daxil olmasından asılı olmayaraq, mütləq məmnun şəkildə oranı tərk etməlidir. Bu, bizim prinsipimizdir.

- Hədəfləriniz nələrdir?

- “Araz” supermarketlər şəbəkəsi hazırda Bakı və paytaxt ətrafı kənd və qəsəbələr, Sumqayıt, Xırdalan, Masazır, Saray və respublikanın bir sıra şəhər və rayonları da daxi olmaqla 100-dən artıq filialı ilə müştərilərin xidmətindədir. Bu il mağazalarımızın sayı bir qədər də artacaq. “Siz harada, Araz orada” sloqanı ilə hədəfimiz insanların dogma marketinə çevrilmək, həmçininbütövlükdə Azərbaycanı əhatə etməkdir.

- Hansı sosial layihələrin icrası düşünülür?

- Bu il böyük dəyişikliklər olacaq. “Araz” supermarketlər şəbəkəsi çox gözəl sosial layihələrə imza atacaq. “Araz” supermarketlər şəbəkəsi təkcə satış nöqtəsi deyil, o, müştərilərə daha yaxın və doğmadır. Bizim sloqanimiz var: “Siz harada, Araz orada”.

- İşləyən güclü xanım kimi evdar xanımlara nə məsləhət gösrərsiz?

- Evdar xanımlar gözümdə xüsusi bir sosial qrup deyil. Evdar xanım olmaq xanımın missiyasıdır. İşə ehtiyacın yoxdursa, xanım elə evinin xanımı olmalıdır.

- Sonda oxucularımıza nə demək istərdiniz?

- İnanıram ki, oxucularınız arasında “Araz” supermarketlər şəbəkəsinin müştəriləri var. Bu gün məhlənizdə, küçənizdə, iş yerinizin yanında, təhsil aldığınız müəssisənin ətrafında mütləq Araz supermarket görə bilərsiniz. Biz, böyük məmnuniyyətlə, sizə xidmət göstərir və bu işdən zövq alırıq. Onlara demək istəyirik ki, bizə etibar edə bilərlər. Qoy 2019 –cu il hər bir vətəndaşımıza düşərli-uğurlu il olsun! Ölkəmizdə əminamanlıq, ailələrdə sevinc və bərəkət olsun!

Xəyalə Məmmədova

Fotolar: Müzəffər İsmayilov

“Tərimiz kağıza axmasın deyə alnımıza dəsmal bağlayardıq” - Elnur Kələntərovla MÜSAHİBƏ / FOTOLAR

“Dərs başlayanda qızlarla makiyajımızı tez silirdik” - İradə İbrahimovayla MÜSAHİBƏ / Fotolar

“Amaliya Pənahovanı mənim kimi heç kəs yamsılamır" - Ülviyyə İsmayılovayla MÜSAHİBƏ / Fotolar

“Xəbər portalları bu gün “Copy paste” ilə məşğuldur” - Yadigar Məmmədliylə MÜSAHİBƏ / Fotolar

«Hüquq fakültəsinin “Ən nümunəvi məzun”u seçilmək qismətim imiş» - Firad Əliyevlə MÜSAHİBƏ / Fotolar

“Biz bu günə başımız daşdan-daşa dəyərək gəlmişik” - Kənan Quluzadəylə MÜSAHİBƏ / FOTOLAR

“Zavodda 4 il çilingər işləmişəm” - Vaqif Əsədovla MÜSAHİBƏ / FOTOLAR


metbuat.az.