METBUAT.AZ

Ölkə

Hiss olunan zəlzələlər olacaq, bu ərazilər aktivdir -

29 İyun 2024 12:10

"Bu il ərzində mütəmadi olaraq, Azərbaycanda hiss olunan zəlzələlər olacaq. Bunlar istisna deyil. Hiss olunan zəlzələ deyəndə, 5-5.5 maqnitudalı zəlzələlər nəzərdə tutulur. Bu, davamlı olacaq".

Bunu Metbuat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. O bildirib ki, Talış regionunda tez-tez zəlzələlər baş verir:

"Bu zəlzələlər İran ərazisində baş verən təkanlardan sonra əmələ gəlib. Bu il bizim zonamız aktivdir. Aktivləşmə nəticəsində zəlzələlər əmələ gəlir. Hal-hazırda həmin zonalarda böyük həcmli zəlzələlərin olması nəzəri baxımdan mümkün deyil. Amma 1 ay ərzində kiçik maqnitudalı zəlzələlər baş verəcək. Zəlzələlərin baş verdiyi ərazi qırılmaların qovşağında qeydə alınıb. Təbii ki, fiziki qanunlara əsasən, hərəkət hərəkətə səbəb olur. Qonşu olan ocaqlar aktivləşə bilər. Hətta Kür çökəkliyi kiçik maqnitudalı zona kimi səciyyələnir, amma orada da zəlzələnin baş verəcəyi istisna deyil".

Seysmoloq vurğulayıb ki, Azərbaycanın əsasən seysmoaktiv zonaları Şamaxı, Şəki, Oğuz, Qəbələ, Şabran, Kiçik Qafqazın şimal yamacı, Gəncə, Şəmkir, Qarabağdır. Laçın, İstisu da seysmoaktiv ərazilardir.

Qeyd edək ki, 28 iyun 2024-cü il tarixində, yerli vaxtla 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində 5 maqnitudalı zəlzələ olub. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.