METBUAT.AZ

Siyasət

Gərginlik son həddə çatdı -

31 İyul 2024 11:47

"İsrail bu gün heç kimlə hesablaşmaq istəmir, ən sərt addımlardan da çəkinmir. İlk növbədə bu vəziyyət düşündürücüdür ki, İsrail öz gücünə arxayın olduğu üçün bu cür mövqe sərgiləyir, yoxsa onun arxasında dayanan qüvvələr var".

Bunu Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. Onun sözlərinə görə, İsrail Qərb dövlətlərinin maraqlarına uyğun olaraq hərəkət edir:

"Eyni zamanda öz maraqlarını həyata keçirməyə çalışır. İsrailin maraqları imkan daxilində ərazilərinin genişləndirilməsidir. Qərblə İsrail arasında qarşılıqlı maraq üzərində ittifaq qurulub. Bu, həm də Qərbin əsas rəqiblərindən biri Rusiyaya qarşı yönəlib. Bir müddətdən sonra İsraildən başqa məqsədlər üçün də istifadə edə bilərlər. Çünki, bu gün dünyada qütbləşmə gedir. Bu qütbləşmə Qərb dövlətlərinin xeyrinə deyil. Ona görə də, müəyyən güc mərkəzlərini sıradan çıxarmaq üçün istənilən vasitədən, o cümlədən İsraildən istifadə edirlər".

Müharibənin baş vermə ehtimalından danışan Akif Nağı bildirib ki, açıq müharibəyə İsrailin gücü yoxdur:

"Türkiyə və İran da açıq müharibəyə girmək istəmirlər. Amma bu cür vaxtaşırı terror aktları ilə bu müharibə davam edir. Bu şəkildə də davam edəcək".

Qeyd edək ki, HƏMAS rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahının raketlə vurulması nəticəsində həyatını itirib.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.