6 İyul 2024 09:37
Xəbər verdiyimiz kimi, Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib. O, 16 384 403 (53,6%) səslə seçkilərin qalibi olub.
Metbuat.az İranın yeni prezidenti ilə bağlı məlumatları təqdim edir:
Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində doğulub.
1993-cü ildə baş verən bir avtomobil qəzasında Məsud Pezeşkianın xanımı və bir övladı həlak olub. Digər iki oğlunu və qızını təkbaşına böyüdüb və heç vaxt evlənməyib. Qızı Zəhra Pezeşkian Şərif Texnologiya Universitetində kimya sahəsində magistr təhsilinə sahibdir.
Pezeşkian təhsilini Təbriz Tibb Elmləri Universitetində alıb. 1994-1999-cu illərdə isə bu universitetin rektoru olub.
Məsud Pezeşkian siyasətə 1997-ci ildə gəlib. Həmin vaxt o, səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 4 il sonra isə səhiyyə naziri olub və 2001-2005-ci illərdə nazir olub. Daha sonra 5 dəfə İran parlamentinə Təbrizi təmsil edən deputat olaraq seçilib. 2016-2020-ci illərdə parlamentin sədr müavini kimi fəaliyyət göstərib. O eyni zamanda İran-Türkiyə Dərnəyinin də üzvüdür.
Məsud Pezeşkian 26 fevral 2016-cı ildə parlamentin açıq iclasında Tanrının onu bir türk olaraq yaratdığını və heç kimin türklərin dilinə, mədəniyyətinə lağ etməyə haqqının olmadığını bildirmişdir. O deyib ki, irandakı türklərin və digər etnik qruplar məktəblərdə öz dillərində yaza və danışa bilməlidir. Pezekian İran məktəblərində Azərbaycan dilinin tədrisini dəstələyənlərdən biridir.
Məsud Pezeşkian bir türk komandası olan "Traktor"un tərəfdarıdır.