Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

Metbuat.az-ın məlumatına görə, vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbirdə Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Alızadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qonaqlar çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu, hörmət və ehtiramla yad edildiyini vurğulayıblar. Həmçinin təşkil olunan bu cür tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, xalqımızın birlik və vəhdətinin təcəssüm etdirilməsi istiqamətində əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən Sevinc Alızadə bildirib ki, bu tədbirə müxtəlif bölgələrdən olan çoxlu sayda şəhid ailəsi qatılıb: "Aprel döyüşlərində 3 il keçsə də çalışırıq ki, bu döyüşləri hər zaman örnək olaraq cəmiyyətə nümunə göstərək. Əminliklə deyə bilərəm ki, şəhidlərimizi unudulmağa qoymayacağıq. Gələcək nəslə dayanmadan bu işi təbliğ etməyə çalışacağıq. Qəhrəmanlarımız unudulmayacaq və hər birinin xatirəsini yaşatmağa çalışacağıq. Arzu edirəm ki, bu günü işğal altındakı torpaqlarımızda qeyd edək".

Sonra aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” kampaniyası çərçivəsində hazırlanan və şəhidlərin ailə üzvlərinin xatirələrinin əks olunduğu videolar nümayiş olunub.

Daha sonra çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Aprel zəfəri ilə torpaqlarımızın işğaldan azad olunmasının ilkin mərhələsini gördük: "Bu döyüş həm də Ermənistanın necə zəif olduğunu göstərdi, bundan sonra orada böyük dəyişiklik oldu, hətta hakimiyyət dəyişdi. Azərbaycanın kiçik bir həmləsi Ermənistanı dərindən sarsıda bildi. Qarabağ məsələsində bütün sahələrdə güc, ədalət, həqiqət, beynəxalq hüquq bizim tərəfimizdədir. Tezliklə torpaqlarımız işğaldan azad ediləcək. İnanıram ki, tezliklə tək Aprel zəfərini yox, ümumilikdə Qarabağ zəfərini birgə qeyd edəcəyik".

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov bildirib ki, Aprel zəfəri yaxın hərb tariximizin parlaq qələbələrindən biri kimi tarixə düşdü: "2016-ci ilin apreli xalqımızın heç vaxt torpaqlarımızın işğalda olması ilə barışmayacağını bir daha göstərdi. Aprel döyüşləri ölkəmizin gücünü, Silahlı Qüvvələrimizin peşəkarlığını göstərən hərb tariximizin şanlı qələbəsi idi. Bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini göstərdi. Bu onu göstərdi ki, Azərbaycan 1990-cı illərin əvvəlindəki ölkə deyil".

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, aprel döyüşləri gənclərimizin vətənpərvərlik hissinin daha da artmasında müstəsna rol oynayıb: "Şəhidlərimizlə bağlı videonun hazırlanmasında yüzlərlə gənc şəhidlərimizin ailələrini ziyarət edib. 3 il əvvəl xalqımız bu hadisələri böyük həssaslıqla izlədi. Biz təcavüzə məruz qalan dövlətik və yeganə məqsədimiz işğal altındakı torpaqlarımızın işğaldan azad edilməsidir".

Tədbir tanınmış incəsənət xadimlərinin ifasında "Vətən bizə əmanətdir" bədii kompozisiyası ilə davam etdirilib.

Sonda şəhid ailələrinin üzvlərinə "Azərmarka" MMC tərəfindən şəhidlərimizin adına hazırlanmış markalar təqdim olunub.

Günay Elşadqızı / METBUAT.AZ