Bakıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Bakı ofisi və Azərbaycan Diplomatiya Akademiyasının (ADA) birgə təşkilatçılığı ilə "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilir.
Metbuat.az-ın məlumatına görə, iki gün davam edəcək konfransda Avropa ölkələrindən dəvət edilmiş tanınmış elm və ictimaiyyət, xarici ölkə səfirliklər, beynəlxalq təşkilat nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən nüfuzlu din xadimləri iştirak edir.
Konfransın təşkilində məqsəd dini ayrı-seçkiliyin gücləndiyi, müasir dövrdə Azərbaycanın öz multikultural və tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyətini bir daha nümayiş etdirməkdir.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu gün dünyada ekstremist qruplar faciələr terrorlar törətməkdə davam edir. Bunların qarşısını almaq bəşəriyyətin qarşısında dayanan bir nömrəli məsələdir. Komitə sədrinin sözlərinə görə, sivilizasiyalar arasında toqquşmanın qarşısı alınmasa, bunun dünya üçün acınacaqlı nəticəsi olacaq.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Azərbaycanla yeni partnyorluq sazişi ilə bağlı danışıqlar aparılır: "Hazırda danışıqların son mərhələsindəyik. Bunun üzərində xeyli işlər görmüşük".
Onun sözlərinə görə, dini radikalizmə qarşı ilk konfransı 2016-cı ildə keçiriblər: "Bu cür konfransları keçirmək nəsə öyrətmək yox müsbət təcrübəni paylaşmaq məqsədi daşıyır. Konfranslarda müzakirə edirik ki, necə edə bilərik ki, müxtəlif mədəniyyətləri, dinləri tolerantlığa dəvət edək düzgün balansı necə tuta bilərik. Qeyd edim ki, iki günlük konfransdan sonra mayda iki həftə ənənəvi olaraq tolerantlıq və diversifikasiya tədbirləri keçirəcəyik. Bunun vasitəsilə bir- birimizdən yeni şeylər öyrənəcəyik".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, dini radikalizmin və ekstremizmin aradan qaldırılması üçün ilk növbədə onun səbəblərini araşdırmaq lazımdır. Bunu yaradan səbəbləri bilməsək məsələni həll edə bilmərik.
Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dini azadlığın qorunması və inkişafı ilə bağlı bir çox müddəalar yer alıb. Dini ekstremizmin aradan qaldırılması üçün Milli Məclisdə də dini radikalizmə qarşı qanun da qəbul edilib.
ADA-nın prorektoru Fariz İsmayılzadə bildirib ki, dinlərarası dialoqun gənclər arasında təbliği çox vacibdir: "Bunun üçün hər il səfərlər təşkil edərək tələbələrimizi məscid, kilsə, sinaqoqlara aparırıq və gənc yaşlarından onlara multikultralizmi, tolerantlığı aşılayırıq. Bundan əlavə 30-35 ölkədən müxtəlif dini etnik qruplardan olan tələbələr bizdə təhsil alırlar. Bu da Azərbaycan tələbələrinin müxtəlif dinləri öyrənməsinə şərait yaradır".
Fransanın dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal bildirib ki, dünyada elə bir ölkə yoxdur ki, dini radikalizmlə bağlı hadisələrdən sığortalansın. Dinlər bu məsələdə günahsızdır. Onun sözlərinə görə, dinlər arasındaki oxşar cəhətlər müəyyən olunmalıdır. Burda bir təsnifat aparılmalıdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı bildirib ki, ölkəmizdə dövlət və din münasibətləri inkişaf etdikcə Qafqaz Müsəlmanları İdarəsinin də fəaliyyəti genişlənib: “Ölkəmizdə olan dini konfessiyaların Azərbaycan modeli dünyada təbliğ olunur. Biz digər dini icmaların nümayəndələri ilə birgə tədbirlərdə iştirak edirik, müzakirələr aparırıq. Azərbaycanda unikal multikultural mühit var. Din və dövlət nümasibətlərində ən əsası budur ki, din dövlətdən ayrı olmalıdır, lakin dindar şəxs hansı ölkənin vətəndaşıdırsa o, dövlətdən ayrı olmamalıdır, dövlət də daima onun hüquqlarını qorumalıdır”.
Qeyd edək ki, konfrans işini aprelin 26-da "Dini icmalar sülhün carçısı kimi", "Dünyəvi dövlətlərdə dövlət-din münasibətləri, "Zorakı ekstremizmin qarşısının alınmasında maarifləndirmə tədbirləri" mövzusunda panellərlə davam etdirəcək.
Günay Elşadqızı / METBUAT.AZ