Priqojin qiyama buna görə Rostovdan başlayıb - AÇIQLAMA

“Priqojinin qiyam cəhdi ilk növbədə Rusiyadakı daxili qüvvələrin münasibətlərində olan gərginliyin açıq təzahürüdür”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Son günlərdə Priqojinin bir neçə dəfə tikanlı bəyanatlar, hədələrlə çıxış etdiyini xatırladan politoloq vurğuladı ki, bu məsələ gözlənilən olsa da, heç kəs bilmirdi ki, "Vaqner" rəhbərinin demarşı hansı formada özünü əks etdirə bilər. Hadisələrin niyə məhz Rostovda baş verdiyi sualına cavab olaraq Tofiq Abbasov bildirdi:

“Priqojin cəbhə xəttinə çox yaxın olan bu bölgənin istiqanlı, qətiyyətli camaatı arasında dayaqlarını möhkəmləndirmək və digər tərəfdən də, ona yardım lazım gələrsə, məhz yerli qüvvələrdən istifadə etmək istəyib.

Bu hadisə mərkəzi hakimiyyət, xüsusilə də, Vladimir Putin üçün çox böyük təhdiddir. Əgər müharibə şəraitində belə bir şey baş verirsə, deməli, daxildə parçalanma meylləri güclənir, mərkəzdən qaçma ənənəsi tendensiyası yer alır. Bu proses çox dərinlərə qədər gedib çıxarsa, bundan Ukrayna qüvvələri özləri üçün istifadə edə biləcəklər. Belə olan halda, Putin gərək əks gediş etsin.

Bir həqiqət var ki, Priqojin özbaşına fiqur deyildi. O, məhz rəsmi Moskvanın, yəni Kremlin razılığı ilə meydana çıxmışdı. Müharibəni xüsusi əməliyyat adı altında başladan Rusiya xaricdən gələn təhdidləri də düşünməli idi. İndiki şəraitdə gərginləşən vəziyyət qarşısında Rusiya geriləyirsə, ordu birləşmələri qarşılarına qoyulan məsələlərin həllini təmin edə bilmirlərsə, təbii ki, belə olduğu halda ya Priqojin, ya da bir başqası Rusiya Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Putinin qarşısına qoyduğu məqsədlərə çata bilmədiyi üçün etiraz səslərini qaldıracaqlar”.

Bu qiyam nəticəsində artıq Rusiya daxilində başlayan parçalanma prosesinin ölkənin strateji maraqları üçün çox təhlükəli olduğunu da deyən politolq qeyd etdi ki, hadisələr Ukraynanın və arxasında duran Qərb qüvvələrinin xeyrinə çalışacaqdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR