Bakıda “Türk ədəbiyyatı ustadları” beynəlxalq konfransı keçirilir

Bu gün Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının klassiki, alim, pedaqoq Mir Cəlal Paşayevin 115 illiyinə və görkəmli yazıçı, qazax ədəbiyyatında detektiv janrının banisi, dramaturq, ictimai xadim Kəməl Tokayevin 100 illik yubileylərinə həsr olunmuş "Türk ədəbiyyatı ustadları" mövzusunda beynəlxalq konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, o cümlədən Qazaxıstan və Azərbaycanın görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər.

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev qazaxların və azərbaycanlıların qədimdən dost xalqlar olduğunu qeyd edərək, bu hadisə münasibətilə ölkə Prezidenti Kasım-Jomart Tokayevin təbrik məktubunu oxuyub. Məktubda deyilir: “Qardaş ölkələr arasında münasibətlərin möhkəmlənməsinə təkcə mehriban qonşuluq və iqtisadi əməkdaşlıq deyil, həm də hörmətli yazıçılarımızın, görkəmli şəxsiyyətlərimizin mənəvi bağları kömək edir”.

Konfrans zamanı iştirakçılar M.C.Paşayevin və K.Tokayevin həyat və yaradıcılığına dair məruzələrlə çıxış ediblər, mədəni qarşılıqlı əlaqə vasitəsilə türk xalqlarının daha da yaxınlaşmasının vacibliyi barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində, həmçinin, K.Tokayevin Azərbaycan dilində çap olunan "Gecə açılan atəş" və M.Paşayevin qazax dilində çap olunan "Dağların ürəyi" kitablarının təntənəli təqdimat mərasimi baş tutub. Türk dünyasının bədii sözün ustaların əsərlərinin toplusunun təqdimatı ilə yanaşı, onların yaradıcılığına həsr olunmuş kitab-rəsm sərgisi də təşkil olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR